18 minute read

Gübrələmə

3. Budaqcıqlar və mahmızlar karandaş ölçüsündə olmalıdır. Üzüm bağında diametri 2.5 sm və ya daha böyük olan budaqcıqları müşahidə etmək olar, lakin belə budaqcıqlar məhsuldar olmur. 4. Karandaşdan nazik ölçüdə olan budaqcıqları saxlamaq lazım deyil. Belə budaqcıqlar zəif olub lazımi səviyyədə bar vermir. 5. Əgər bir mahmızda ikidən artıq zoğ olarsa və onlardan biri daha mövqedə, digəri sə daha yaxşı keyfiyyət malik olarsa, həmin keyfiyyətli zoğu seçib təkrar olaraq mövqeləndirmək lazımdır. 6. İkiillik budaqcıqlar bar verən hissə hesab edilir və yeni zoğlar növbəti ildə məhsul verir. Tənəyin qalınlığı artdıqca daha yaşlı meynələrdən kağıza bənzər qabıq tökülür. Qurumuş və ya işlənmiş meynələri kəsmək lazımdır. 7. Tənəyin əsas gövdələrini müəyyən etmək və onun ətrafındakı bic zoğları budamaq lazımdır. Bic zoğlar əsas meynənin kök sistemindən çıxan zoğlardır. Tənəyin ətrafında qida maddələri uğrunda rəqabətə girən digər bitkilər olmadıqda bağın məhsuldarlığı artır. 8. Dolaşmış meynələri açaraq saxlamaq istədiyiniz tənəkləri müəyyən edin.

Saxlanmalı və ya budanmalı olan tənəklərin sayını müəyyən etmək üçün müvafiq qayda mövcud deyil. Üzüm bağında keyfiyyətli budaqcıq əmələ gətirən istənilən gövdəni saxlamaq lazımdır. Zəif gövdələr kəsilməli və əvəzlənməlidir. 9. Zəif budaqcıqları (meynələri) budama lazımdır ki, sağlam hissələr mühüm qida maddələrini lazımi səviyyədə qəbul edə bilsin. İkinci ildə tənəyin hər bir budaqcığında 7-10 tumurcuq və bir-iki təzə zoğ saxlamaq lazımdır. Zoğlarda 30-40 tumurcuq saxlanmalıdır, çünki meyvə məhz bu zoğlarda əmələ gəlir. Tumurcuğun həddən artıq sayda olması meyvənin yetişmə dərəcəsinə təsir edir, yarpaq örtüyünün qalınlaşmasına və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. 10.İkiillik meynələri şpalerə və ya çəpərə bağlamaq lazımdır. Yaz aylarında bu meynələrdən cavan zoğlar çıxır və növbəti il üçün məhsuldar budaqcığa çevrilir.

Advertisement

Yeni cücərtilər müşahidə edildikdə şpaleri quraşdırmaq və cavan meynələrə forma vermək lazımdır.

Gübrələnmə

Yeni üzüm bağında şpaler quraşdırmazdan qabaq torpaq sahəsini hazırlamaq lazımdır. Bunun üçün torpaqdan nümunə götürün və laboratoriyada analiz etdirin. Torpaq nümunəsi düzgün qaydada götürülməlidir, əks halda laboratoriyanın nəticələri səhv çıxa bilər. Nümunə aşağıdakı qaydada götürülür:

Torpaq Nümunəsinin Götürülməsi Qaydaları

Çoxillik bitkilərin, məs. üzümün və meyvə ağaclarının əkinindən qabaq torpağın analiz olunması qidalılıq dəyərini optimal səviyyədə saxlayan əla vasitədir.

Torpağın analizi, xüsusən kalium və kalsium tərkibinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir, çünki bu maddələr torpaq mühitində çox yavaş hərəkət edir və əkindən sonra səthə verildikdə faydası çox olmur və hətta kök sistemini yandıra bilir. Götürülmüş torpaq nümunələrinin daşınması üçün xüsusi paketlərdən istifadə edilir.

1) Hər hektar üzrə ən az bir dənə ayrı mürəkkəb nümunə götürmək lazımdır. Bunun üçün plastik vedrədən istifadə edin və müxtəlif torpaq növünə yaxud maillik dərəcəsinə malik olan hər bir sahədə ziqzaq şəklində gəzərək nümunə götürün.

2) Hər torpaq növündən ayrıca olaraq bir ədəd mürəkkəb nümunə götürün. Torpaq növləri arasında tekstura, rəng, süzmə qabiliyyəti və maililik dərəcəsi baxımından müxtəlif fərqlər ortaya çıxır.

3) Hər bir mürəkkəb nümunənin götürülməsi üçün zonddan, burğu alətindən, beldən və ya kəmçədən istifadə edin. Bunun üçün nəzərdə tutduğunuz sahənin ən az 10-15 yerindən nümunə götürün. Üzüm bağı üçün nəzərdə tutulmuş sahədə torpağın 20 smə kimi və 20-30 sm dərinlikdən müxtəlif nümunələr götürmək lazımdır. Hər bir dərinlik səviyyəsindən götürülmüş özək nümunələrini ayrıca olaraq təmiz plastik vedrəyə töküb qarışdırın. Qarışdırılmış nümunənin yarısını analizə göndərin.

4) Hər bir nümunəyə adınızı, nümunənin nömrəsini və götürüldüyü dərinliyi yazın. Bu nömrələri həmişə qeyd edin.

5) Nümunələr torpaq analizi laboratoriyasına nəm halda göndərilməlidir. Nümunələri qurutmaq olmaz.

6) Nümunələr laboratoriyaya mümkün qədər tez çatdırılmalıdır. Əgər nümunə götürüldükdən sonra 2 gün ərzində laboratoriyaya çatdırılmazsa, onu soyuducuda saxlamaq lazımdır.

7) Nümunənin götürüldüyü sahə ilə bağlı qeydlər aparmaq lazımdır. Bu məlumat vərəqəsi nümunə ilə birlikdə təqdim olunur və sizə qaytarılmır. 8) Üzüm sahəsi üçün tövsiyə olunmuş silsilə analizə pH, N, P, K, üzvi maddə Zn, Mg və Fe aid edilməlidir.

Azərbaycanda əksər torpaq sahələrinin pH səviyyəsi 7.5-8.5 arasına dəyişir. pH səviyyəsi mövcud gübrələrin mənimsənilməsinə müxtəlif cür təsir edir və həmin təsir səviyyələri aşağıdakı cədvəldə öz əksini tapıb. Torpağın pH səviyyəsi yüksək olduqda maqnezium və dəmir kimi mikroqida maddələrinin mənimsənilməsi çətinləşir. Ümumiyyətlə, şərablıq üzüm sortları üçün ideal pH diapazonu 6.5-7.0 arasında dəyişir. pH səviyyəsi bundan yüksək olduqda məhsuldarlıq aşağı düşür. Suvarma bölməsində damla suvarma sistemi üçün ən çox yararlı olan gübrə növlərindən bəhs ediləcək.

pH Səviyyəsinin Qida Maddələrinin Mənimsənilməsinə Təsiri

Süfrə Üzümü Bağlarında Mineral Maddələrlə Qidalanmanın İdarə Olunması Giriş

Üzüm bağlarında mineral qida maddələrinin mövsüm ərzində necə mənimsənildiyini başa düşməklə müvafiq gübrələrin tətbiq vaxtını müəyyən etmək olar. Üzüm bitkisinin mövsüm ərzində qida maddələrinə olan tələbatını və mineral qida maddələrinin bölgüsünü müəyyən etmək üçün son otuz il ərzində bir sıra elmi-tədqiqatlar aparılıb. Azot (N): Azot üzüm bağlarında böyük miqdarda tələb olunan mineral elementdir. Bu element bütün bitki toxumalarının protein tərkibində mühüm yer tutur və xlorofil molekulunun struktur komponenti rolunu oynayır.

Azot çatışmazlığı müşahidə olunan tənəklərdə vegetativ inkişaf yubanır və yarpaqların rəngi dəyişərək öz tündlüyünü itirir (yaşımtıl rəngə çalır). Əksinə, azot gübrəsi həddən artıq verildikdə bitkinin yarpaq örtüyü qalınlaşır, çətir hissə sıxlaşır, bitkinin idarə olunması çətinləşir və digər problemlər (məs. tumurcuğun məhsuldarlığının aşağı düşməsi, qırmızı üzüm gilələrinin öz rəngini dəyişməsi, daşınma zamanı gilələrin qopması, salxımın çürüməsi və salxım saplağının nekrozu və s.) yaranır. Digər qida maddələri kimi azot gübrəsinin də tətbiq vaxtı tələbatın yüksək olduğu və bitkinin qida maddələrini daha sürətlə mənimsədiyi dövrə təsadüf edir. Azot gübrəsi əsasən vegetativ inkişafın daha sürətlə getdiyi dövrdə, yəni yaz aylarında (tumurcuqlama mərhələsindən gilələrin erkən inkişafı dövrünə kimi) lazım olur. Məhz bu dövrdə azota olan illik tələbatın 50 faizi mənimsənilir. Tumurcuğun açıldığı mərhələdə kök sisteminin inkişafı və mineral qida maddələrinin əmnimsənilməsi nisbətən məhdud olur, ona görə də azota olan tələbat kök sistemində və digər oduncaqlı hissələrdə (gövdə, ikinci dərəcəli gövdə və budaqcıqlar) mövcud olan ehtiyat hesabına ödənilir. Tumurcuğun açıldığı mərhələdən meyvə tutumu mərhələsinə kimi davam edən dövrdə bitkinin daimi struktur hissələrində təkrar olaraq yığılan azot maddəsi pöhrələrin, yarpaqların və salxımların bu maddəyə olan tələbatının 40 faizini ödəyir. Yaz aylarında azota olan tələbat mühüm əhəmiyyət kəsb edir və bitki bu ehtiyatlardan çox asılı olur, ona görə də mövsümün ən erkən çağında torpağın azota olan tələbatı minimal səviyyədə olur. Tənəklər azotu asanca mənimsəyə bildikdə və denitrifikasiya (azot gübrəsinin nəm torpaqda qaza çevrilərək itməsi) yaxud yuyulma nəticəsində yarana biləcək itkilər minimum səviyyədə olduqda bu gübrədən istifadə etmək olar. Üzüm bitkisi çiçəkləmə və yetişmə mərhələləri arasında azotu daha sürətlə mənimsəyir və məhz bu dövrdə azot ehtiyatı bərpa olur. Ona görə də bu gübrəni mövsümün sonunda, yəni şaxtadan donma riski olmadıqda və tələbat və mənimsəmə yüksək səviyyədə olduqda vermək lazımdır. Azot gübrəsinin verilməsi üçün ən münasib vaxt meyvə tutumu (çiçəkləmədən sonrakı mərhələ) mərhələsidir. Bu mərhələdə salxımın (müəyyən dərəcədə zoğların və yarpaqların) inkişafı üçün lazım olan azot daha sürətlə mənimsənilir və tələbat ödənilir. Mövcud azot ehtiyatı tənəyin daimi struktur hissələrinə paylanır və yazın əvvəllərində mənimsənilir. Azot gübrəsinin verilməsi üçün tövsiyə olunan digər münasib vaxt isə məhsul yığımından sonra dövrdür. Bu dövrdə bitki azotu qəbul edir və növbəti mövsüm üçün özündə ehtiyat saxlayır. “Thompson Seedless” üzüm sortu üzərində aparılmış elmiaraşdırmalarda tənəyin mənimsəmə və paylanma səviyyəsi izotop nişanlı azotla qiymətləndirilib. Araşdırmaların nəticəsinə əsasən iyulda və ya sentyabrın sonunda (məhsul yığımından sonrakı dövrdə) verilmiş azot gübrəsi yaz aylarında və çiçəkləmə mərhələsində bitkinin toxumalarında (gövdədə, ikinci dərəcəli gövdədə və digər oduncaqlı hissələrdə) və yarpaq toxumasında ən yüksək konsentrasiyaya malik olur.

Bundan başqa, bitkinin bu dövrdə mənimsədiyi azot növbəti mövsümün əvvəlində mövcud olan azot ehtiyatının təxminən 60 faizini təşkil edir. Üzüm bağını məhsul yığımından sonra dövrdə gübrələyərkən tənəyin çətiri (yarpaq örtüyü) kifayət qədər sağlam və fəal olmalıdır ki, bitki qida maddələrini lazımi səviyyədə mənimsəyə bilsin. Azərbaycanda qış ayları sərt keçdikdə bu gübrəni oktyabrdan əvvəl vermək lazımdır. Qeyd etmək lazımdır ki, məhsul yığımından sonrakı dövr bəzi gecyetişən sortlar, məs. Crimson Seedless və Autumn King üçün çox qısa ola bilər, yəni belə sortlar həmin müddət ərzində azot gübrəsini effektiv şəkildə mənimsəməyə də bilər. Üzüm bitkisinin azota olan tələbatı digər kənd təsərrüfatı məhsulları ilə müqayisədə aşağıdır. Azot gübrəsinə olan tələbatı müəyyən edərkən idarəetmə qaydalarını da nəzərə almaq lazımdır. Süfrə üzümü bağlarında azotun verilməsində məqsəd meyvənin keyfiyyətini və bağın məhsuldarlığını artırmaqdır.

Azot Çatışmazlığı

Kalium (K): Kalium üzüm bitkisinin boy atmasında və məhsuldarlığında mühüm rol oynayır, eyni zamanda müxtəlif bitki funksiyalarının yerinə yetirilməsində vacib amil hesab edilir. Bu kimyəvi element tənəyin bütün hissələrinə yayılır, karbohidratların daşınmasında və ümumi boyatma əmsalının yüksəlməsində iştirak edir. Kalium maddəsi yarpaq ağızcığının açılmasında və bağlanmasında (bu ağızcıqlar hava və su axınına nəzarət edir) mühüm mexanizm rolunu da oynayır. Kalium üzvi turşuları neytrallaşdırır, meyvə şirəsinin turşululuq və pH səviyyəsini tənzimləyir. Kaliumun üzüm giləsində yerinə yetirdiyi dəqiq funksiyalar barədə çox az məlumat əldə olunub, lakin bu bitkinin inkişafında bu maddənin mühüm rol oynaması danılmazdır. Ümumiyyətlə, kalium çatışmazlığı üzüm bağlarında geniş yayılmayıb və əsasən gübrəsiz qumsal torpaqlarda yaxud torpağın üst münbit qatının götürüldüyü düzlənmiş sahələrdə müşahidə olunur.

Zəif drenlənmiş, kipləşmiş, suyun təsiri nəticəsində stressə məruz qalmış, disklə malalanmış torpaq sahələrində, eləcə də torpaq zərərvericilərinin, məs. nematodların və fillokseranın zədələdiyi zəif kök sisteminə malik olan tənəklərdə kalium çatışmazlığı yaranır. Kalium çatışmazlığı olan tənəklərdə yarpaqların haşiyəsi saralır və yayın ortalarında yarpaqların yanması və qıvrılması müşahidə olunur.

Kalium çatışmazlığı kəskin xarakter daşıdıqda zoğun inkişafı əhəmiyyətli dərəcədə yubanır, yarpaqlar erkən tökülür (xüsusilə, məhsuldarlığın yüksək olduğu müddətdə), üzüm salxımları kiçilir və azalır, gilələr isə rəngini itirir.

Yaz aylarında bitkidə boy atan yeni cücərtilərin kaliuma olan tələbatı tumurcuğun açıldığı mərhələdən çiçəkləmə mərhələsinə kimi daha yüksək olur. Üzüm gilələrinin formalaşdığı və yetişdiyi dövrdə kaliuma olan tələbat mühüm əhəmiyyət kəsb edir. Meyvə məhz bu dövrdə mövcud kalium üçün ən güclü ehtiyat mənbəyinə çevrilir. Bu dövrdə bitkinin kök sistemi də kaliumu sürətlə mənimsəyir, yəni bitkinin kökləri inkişaf edən salxımda toplanmış kaliumun 50 faizini (yaxud daha az) mənimsəyir. Bu tələbatın yerdə qalan hissəsi isə, yəni bitkinin daimi struktur hissələrində, məs. gövdədə yaxud qışlamış tənəklərdə mövcud olan kalium ehtiyatı meyvənin inkişafına sərf olunur.

Getdikcə formalaşan meyvə kalium üçün ən güclü ehtiyat mənbəyidir, ona görə də kalım gübrəsi yazın əvvəllərindən başlayaraq (tumurcuq açdıqdan bir neə həftə sonra) meyvənin yetişməyə başladığı mərhələyə kimi verilməlidir. Kalium gübrəsi damla suvarma sistemi ilə verildikdə müsbət təsir göstərir və bu sistemlə verilən kaliumun tətbiq norması şırımla suvarılan üzüm bağlarında cərgələrə səpilən kaliumla müqayisədə daha aşağı olur.

Azərbaycanın əksər təsərrüfatlarında torpağın lilli və gilli olması kaliumun hərəkət etməsinə mane olur. Damla suvarma sistemində faydalı iş əmsalının daha yüksək olur, çünki bitki köklərinin sıx olduğu və molekulların torpaq hissəcikləri arasında rahat hərəkət edə bilmədiyi torpaq mühitində kalium daha tez udulur və mənimsənilir. Bundan başqa, alaq bitkilərinə qarşı mübarizə aparmaq üçün cərgələrin arasını disklə malalamağa da ehtiyac qalmır. Təcrübə onu göstərir ki, damla suvarma sistemi ilə bir dəfə verilmiş kaliumun təsiri tənək cərgələrinin arasında dəfələrlə səpilmiş kaliumun təsirinə bərabərdir. Bununla belə, kaliumun damla suvarma sistemi ilə bir dəfəyə deyil, hissə-hissə hər həftə verilməsi praktiki cəhətdən daha geniş yayılıb. Effektiv gübrələmə planına əsasən meyvənin yetişməsi mərhələsinə kimi 10-15 həftə ərzində hektar üzrə 2.5-3.5 kq kaliumun verilməsi tövsiyə edilir.

Süfrə Üzümündə Kalium Çatışmazlığı

Maqnezium (Mg): Üzüm bağlarında maqnezium iki əsas rol oynayır. Birincisi, maqnezium xlorofil molekulunun mühüm komponenti olub fotosintez prosesində vacib rol oynayır. İkincisi, maqnezium bitkinin boy atması üçün tələb olunan enzimləri aktivləşdirir. Maqnezium xlorofilin tərkib hissəsi olduğu üçün onun çatışmazlığı yarpaqda ağ-krem rəngli xlorozun müşahidə olunması ilə nəticələnir, bu simptomlar qabarıq nəzərə çarpır və yarpağın kənar hissələri solaraq birinci və ikinci dərəcəli damarlara sirayət edir. Xlorozun qoyduğu üzlər şam ağacına bənzəyir və onun ətrafındakı damarlar yaşıl olaraq qalır. Maqnezium hərəkətli elementdir, yəni yaşlı toxumalardan cavan toxumalara (çatışmazlığın müşahidə olunduğu) doğru hərəkət edir. Ona görə də adətən yayın ortalarında və ya sonunda çatışmazlıq əlamətləri daha yaşlı kök yarpaqlarda nəzərə çarpır. Yüngül maqnezium çatışmazlığı isə yayın ortalarında və ya sonunda bir neçə yarpaqda müşahidə olunur və adətən nəzərə alınmır. Belə çatışmazlıq tənəkdə və ya məhsuldarlıqda heç bir problem yaratmır, çünki kök yarpaqlar yay aylarına kölgə altında qalaraq fotosintez prosesində zəif iştirak edir. Bununla belə, əgər yarpaq örtüyünün (çətirin) 10-20 və ya daha artıq faizi təsirə məruz qalarsa, daha çox maqneziuma ehtiyac yaranır, yəni funksional yarpaqlarda 20% azalma müşahidə olunarsa, fotosintetik qabiliyyət zəifləyir və karbohidratın yaranmasında, meyvənin yetişməsində və bütöv tənəyin boy atmasında problem yaranır. Maqnezium torpaqda yuyularaq itə bilir və əksər hallarda torpaq profilinin üst qatında deyil, kök sisteminin fəal olduğu və qida maddələrinin mənimsənildiyi üst münbit qatda müşahidə olunur. Ona görə də kökləri dayaz olan cavan tənəklər və nisbətən gücünü itirmiş torpaq sahələrində yetişdirilən meynələr maqnezium çatışmazlığına qarşı daha çox həssas olur. Qeyd etmək lazımdır ki, kəskin maqnezium çatışmazlığı torpağın kation mübadiləsi zonalarında digər qida maddələrinin göstərdiyi qarşılıqlı təsiri nəticəsində də yarana bilər.

Maqnezium çatışmazlığı karbamid-ammonium tərkibli gübrələrin təkrar istifadəsi nəticəsində yaranmış turşu mühitində (pH ≤ 5.5) daha çox müşahidə olunur. Azərbaycan təsərrüfatlarında torpağın pH səviyyəsi yüksək olduğu üçün belə hallar tez-tez baş vermir. Bundan başqa, Ca, K və Mg maddələri torpağın mübadilə zonasında qarşılıqlı təsirə girir və bitkiyə nüfuz etmək üçün rəqabətə girir. Maqnezium üzüm bağlarında tumurcuqlama mərhələsində mənimsənilir. Tumurcuqlama mərhələsindən çiçəkləmə mərhələsinə kimi mövcud olan maqnezium ehtiyatı (əsasən kök sistemində) cavan tənəklərin boy atması üçün tələb olunan maqneziumun 18 faizini təmin edir. Yarpaqlar və zoğlar isə mövzum ərzində maqneziuma olan ümumi tələbatın böyük hissəsini ödəyir. Ümumiyyətlə, maqnezium maddəsi məhsul yığımından sonra təxminən 4 həftə ərzində tənəyin daimi struktur hissələrinə doğru hərəkət edərək ən yüksək miqdarda udulur. Maqnezium maddəsi tumurcuqlama mərhələsindən başlayaraq tənəyin bütün orqanlarında (gövdədə, kökdə, zoğda, yarpaqda və budaqda) tədricən daha çox udulmağa başlayır və yarpaqların töküldüyü mərhələdə bu maddənin toplanması prosesi dayanır. Tumurcuqlama mərhələsindən başlayaraq maqnezium daha sabit şəkildə udulur və toplanılır, ona görə də zərurət yarandıqda bu maddəni yaz aylarında istənilən vaxt damla suvarma sistemi vasitəsilə vermək olar.

Süfrə Üzümündə Maqnezium Çatışmazlığı

Sink (Zn): Sink üzüm bağlarında tez-tez çatışmayan qida maddələrindən biri olub bitki hormonunun sintezində iştirak edir. İndolil-sirkə turşusu (IAA) kök sisteminin inkişafını, fotosintez və tozlanma prosesini sürətləndirir. Üzüm bağlarında sink çatışmazlığı əsasən qumsal və əhəngli (yüksək pH səviyyəsinə malik olan) torpaq sahələrində müşahidə olunur. Qeyd etmək lazımdır ki, pH səviyyəsinin yüksək olması sinkin udulmasını çətinləşdirir. Sink çatışmazlığı kəskinlik dərəcəsindən asılı olaraq meyvəyə və yarpaq örtüyünə təsir edə bilər.

Meyvədə müşahidə olunan simptomlara meyvə tutumu prosesinin zəifləməsi və üzüm gilələrinin lazımi səviyyədə formalaşmaması aid edilə bilər. Kəskin çatışmazlıq halları yarpaq örtüyündə də müşahidə olunur və bu zaman zoğlar inkişafdan dayanır, buğumarası və əksər yan zoğlar qısalır və yarpaqlar kiçilir. Əsas zoğlardakı yarpaqlar da inkişafdan dayanır. Sink çatışmazlığı əksər hallarda çiçəkləmə mərhələsindən qabaq yarpaqdan çiləmə vasitəsilə aradan qaldırılır və bu zaman gilələrin formalaşması və meyvə tutumu prosesi sürətlənir. Aparılmış elmi-tədqiqatlar onu göstərir ki, sinkin səpilməsi üçün ən uyğun vaxt çiçəkləmə mərhələsindən tam çiçəkləmə mərhələsinə keçid dövründən iki həftə öncəki mərhələdir. Bu baxt sinkin meyvə tutumuna, gilənin ölçüsünə, salxımın çəkisinə və saplağa göstərdiyi təsirləriin optimal tətbiq vaxtıdır. Payız aylarında səpilən dərmanlar növbəti yaz aylarında sink çatışmazlığı simptomlarının azaldılmasına effektiv təsir göstərmir.

Süfrə Üzümündə Sink Çatışmazlığı

Fosfor (P):Süfrə üzümü bağlarında forsfora tələbat nadir hallarda yaranır. Fosforun uyğun tətbiq norması yığılmış üzümün bir tonu üzrə hektara 1.5 kiloqramdır. Fosforu Azərbaycandakı əksər gübrə formullarına uyğun olaraq tənəkdən 40-60 sm aralı zolaq formasında (eni 1-1.5 m olmaqla) vermək lazımdır. Fosfor torpaqda hərəkət etmir və torpağın səthinə yaxın hissədə qalır. Ona görə də bitkinin səth kökləri onu asanlıqla mənimsəyir. Fosforu məhsul yığımından sonra vermək lazımdır. Fosfor maddəsi torpaqda gec hərəkət edir və həll olur, ona görə də payızda verilmiş fosfor növbəti mövsümə kimi hazır olmur. Fosfor maddəsi bütün bitkilərin ümumi sağlamlığı və gücü baxımından da mühüm əhəmiyyət kəsb edir və bitkinin hüceyrə növlərində vacib rol oynayır. Süfrə üzümü tənəyində fosfor çatışmazlığı nadir hallarda müşahidə olunur.

Üzüm Sortlarının və Calaqaltılarının Mineral Maddələrlə Qidalanma Baxımından Göstərdiyi Təsirlər

Sortun və calaqaltının seçilməsi qida maddələrinin mənimsənilməsinə güclü təsir göstərə bilir, məs. süfrə üzümünün müxtəlif sortlarında azotun səviyyəsini təyin etmək üçün aparılmış toxuma analizinin nəticələrinə əsasən eyni ərazidə yetişdirilmiş sağlam “Flame Seedless” sortunda NO3-N səviyyəsi nisbətən aşağı (100-200 ppm), “Thompson Seedless” sortunda isə əhəmiyyətli dərəcədə (1,000-1,200 ppm) yüksəkdir. Bundan başqa, məlumdur ki, nematodların təsirinə qarşı müqavimətli olan daha möhkəm calaqaltıya calaq olunmuş tənəklərin kök sisteminin azot və kaliuma olan tələbatı calaq olunmamış tənəklərlə müqayisədə daha yüksəkdir. Beləliklə, süfrə üzümünün qida maddələrinə olan tələbatını müəyyən edərkən aşağıdakı amilləri nəzərə almaq lazımdır: torpağın növü və kimyəvi quruluşu, sortun və calaqaltının xüsusiyyətləri, tənəyin möhkəmliyi və çətirin idarə edilməsi üçün tətbiq olunan strategiyalar, torpaq zərərvericiləri, verilmiş gübrələr və qidalandırıcı istehsal vasitələri(sintetik gübrələr istisna olmaqla) barədə məlumatlar. Qida maddələrinə olan tələbatın və onların mənimsənilmə dərəcəsinin yüksək olduğu dövrdə tətbiq norması təyin edilməli və gübrənin torpaqla yuyulmasının qarşısı alınmalıdır.

Dəmir (Fe): Azərbaycanın üzüm bağlarında torpağın pH səviyyəsi yüksəkdir, ona görə də dəmir və digər mikro-elementlər əksər hallarda çatışmır. Dəmir elementi fotosintez prosesində mühüm rol oynayır və dəmir çatışmazlığını aradan qaldırmağın ən yaxşı yolu bu məhlulu yarpaqdan verməkdir.

Cərgəarası Hissələrin Təmizlənməsi

Üzümdə Dəmir Çatışmazlığı

Azərbaycanın üzüm bağlarında cərgəarası alaq bitkilərinin qarşı mübarizə aparmaq üçün torpağın disklə malalanması ənənəsi kök salıb. Bu səhv yanaşmanı dəyişmək lazımdır, çünki bu zaman şumlanılmış dərinlikdə kip torpaq təbəqəsi əmələ gəlir və bitkinin kökləri daha dərinə nüfuz edərək quyu və qida maddələrini qəbul edə bilmir. Bundan başqa, mala avadanlığı bitkinin köklərini zədələyir və qida maddələrini lazımi kök sistemi vasitəsilə qəbul edə bilməyən tənəklərin məhsuldarlığı aşağı düşür.

Elmi dünyanın təcrübəsinə əsasən cərgələrin arası traktora qoşulmuş otbiçən avadanlıqla təmizlənir və tənəyin ətrafına herbisidi səpilir yaxud mulça qoyulur. Qeyd etmək lazımdır ki, herbisid üzüm bitkisinin yarpaqlarına dəyməməlidir.

Yaz və Yay Aylarında Tətbiq Olunan Qulluq Qaydaları

Üzüm bitkisi yaz və yay aylarında üç ümumi mərhələdə inkişaf edir: 1. Formalaşan salxımlar – Keçən ilə aid olan pöhrənin dibində əmələ gəlmiş tənəyin üzərində üzüm salxımının formalaşması nəzərdə tutulur. Ona görə də üzüm tənəyi günəş işığını mümkün qədər çox qəbul etməlidir. Mikroskopik ölçüdə olan salxımların formalaşması üçün günəş işığına ehtiyac vardır. 2. Gözlə görülə bilən salxımlar – Uzunluğu təxminən 10 sm olan pöhrənin üzərində formalaşan salxımlardır. Çiçəkləmə - Bu mərhələdə tozlanma prosesi gedir və bitki stressə həddən artıq məruz qalır, ona görə də bitkinin lazımi səviyyədə suvarılması və GÜBRƏLƏNMƏMƏSİ məsləhət görülür. Əgər tənək bu mərhələdə gübrələnərsə, üzüm gilələrinin formalaşması dayanacaq və yarpaq örtüyü qalınlaşacaq. Gübrələməni çiçəkləmə mərhələsindən ən az iki həftə qabaq saxlamaq lazımdır. Azərbaycanın üzümçülük təsərrüfatlarında mövcud olan ən böyük problemlərdən biri də salxımların həddən artıq çox və sıx olmasıdır. Bu zaman üzüm gilələri bir-birinə yapışaraq kiçilir, hava yaxşı dövran edə bilmir, nəmişlik artır və nəticədə müxtəlif xəstəliklər yaranır. Bu problemi aradan qaldırmaq üçün qabaqcıl üzümçülük təsərrüfatlarında 20 ildən artıqdır ki, gibberellik turşusundan (GA3) istifadə edilir. Bu məhsul Azərbaycanın daxili bazarında “Biogibb” adı altında satılır. Gibberellik turşusu 3 səbəbdən istifadə edilir: Birincisi, üzüm salxımında daha çox çiçək əmələ gəlir və hər bir sortun fərqli xüsusiyyətləri vardır. Ona görə də, bu məhsuldan 2-3 mövsüm istifadə etmək və birinci ildə yalnız ən az miqdarda səpmək lazımdır. Bu məqsədlə hektar üzrə 100 yaxud 2400 litr suya 8 yaxud 24 qram ana maddə əlavə etmək və çiçək kasacığının 40%-i töküldükdə səpmək lazımdır. Suyun pH səviyyəsi 6.5-7.0 həddində olmalıdır. Mayenin bütün tənəyə nüfuz etməsi vacibdir, ona görə də lazımi pH səviyyəsini təmin edən yayıcı-yapışdırıcı maddələrdən istifadə edilməlidir. Turşu mayenin temperaturu 300C dərəcədən aşağı olduqda çiləmə aparın və onun yavaş-yavaş qurumasına şərait yaradın. Mayenin adətən bir dəfə səpilməsi kifayət edir. GA3 maddəsinin miqdar həddi fərqli olur, çünki üzüm sortları ona qarşı fərqli reaksiya göstərir və lazımi miqdarın təyin edilməsi üçün ilk növbədə bağda təcrübə aparmaq lazımdır. İkincisi, əgər salxımlar həddən artıq çoxdursa və gilələr sıxdırsa, turşu mayeni ikinci mövsümdə tənəyə iki dəfə səpmək və birinci tətbiq mərhələsində üzüm gilələrinin kifayət qədər aralı olması üçün salxım saplağının uzadılması nəzərdə tutulmalıdır. Bu üçün salxımın 10-15 sm uzanana kimi gözləyin və eyni qarışığı (1920 litr suya qataraq) təkrar olaraq səpin. Üzüm salxımları bundan sonra uzanacaq, gilələr böyüyəcək və müəyyən xəstəliklər aradan qalxacaq.

Üçüncüsü, tumsuz üzüm sortlarının gilələri daha kiçik olur, ona görə də hektar üzrə 100 yaxud 2,400 litr suya 8 yaxud 30 qram GA3 əlavə etmək, eyni yayıcı-yapışdırıcı maddədən istifadə etmək və bütün üzüm gilələrinin ölçüsü 4-6 mm olduqda mayeni səpmək lazımdır. Bu məqsədlə mayeni ikinci dəfə də səpmək olar, lakin bundan qabaq məhsulun istehsalçısı ilə əlaqə saxlayaraq lazımi təlimatları əldə etmək lazımdır. Əvvəlki mərhələlərdə şpaler məftilinə bağlanmış üzüm pöhrələri mütəmadi olaraq yoxlanılmalı, yeni zoğlar məftilə dolanmalı və gövdədən çıxmış bic zoğlar qoparılmalıdır. Qeyd etmək lazımdır ki, bic zoğlar tənəyin enerjisini və qida maddələrini “oğurlayır”. Yarpaqların qoparılması da tələb olunur, lakin əksər fermerlər bu yanaşmanı qəbul etmirlər, çünki bitkinin boy atması üçün lazım olan fotosintez prosesi məhz yarpaq örtüyündə baş verir. Bununla belə, bitkinin daha çox günəş işığı qəbul etməsinə şərait yaratmaq lazımdır və bu məqsədlə aşağıdakı yarpaqlar qoparılmalıdır: 1.Üzüm salxımına toxunan yarpaqlar. Belə yarpaqlar məhsulun rəngini dəyişərək onun dəyərini aşağı salır. 2.Tənəyin karkasına toxunan yarpaqlar. Belə yarpaqları qopardıqda bitki daha çox miqdarda günəş işığı qəbul edir, üzüm gilələri lazımi səviyyədə yetişir və müəyyən xəstəliklərin qarşısı alınır. Üzüm bağında həddən artıq yarpaqların qoparılmaması üçün cərgəarası hissənin 2530%-nə birbaşa günəş işığı düşməlidir. Əgər üzüm gilələrinin seyrəldilməsi üçün GA3 maddəsindən istifadə edilməyibsə, bağı gəzərək lazımi səviyyədə formalaşmamış kiçik gilələri əllə qoparmaq lazımdır. Qeyd etmək lazımdır ki, havanın tənək daxilində daha çox dövr etməsi müəyyən xəstəliklərin qarşısını alır, məhsulun keyfiyyətini və dəyərini artırır. Yay aylarında bic zoğların qoparılması çox tövsiyə edilir. Çünki zoğlar bu aylarda asanlıqla qoparıla bilir və tənəyin çətiri daha çox hava və günəş işığı qəbul edir.

Tənəyin Qurşaqlanması

Bəzi hallarda üzüm giləsinin daha böyük olması, rəngin tündləşməsi, yetişmə prosesinin sürətləndirilməsi və şəkərin daha tez əmələ gəlməsi üçün gilə tutumu mərhələsində tənəyin ikiqat qurşaqlanmasına üstünlük verilir. Bütöv qurşaqlamanın ani təsiri nəticəsində yarpaqlarda əmələ gələn qida materialı floemadan keçərək hərəkət edə bilmir, qurşaqlanmış hissədən yuxarıda yerləşən yarpaq karbohidratlarının (şəkərin və nişastanın) və bitki hormonlarının miqdarı gövdə və kök sisteminin hesabına artır. Qurşaqlama üsulunu adətən daha kiçik giləli üzüm sortunda sınaqdan keçirmək lazımdır.

This article is from: