Mezzo

Page 12

Arif Məlikov ilə üz-üzə 18 dekabr Xəzər universiteti tarixində əlamətdar gün kimi qeydə alındı. Xəzər universitetinin təşəbbüsü ilə SSRİ xalq artisti, bəstəkar Arif Məlikovla görüş həyata keçirildi. Tədbir Xəzər universitetinin təsisçisi və rektoru, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlının çıxışı ilə başlandı. O, Azərbaycanın elm, təhsil və mədəniyyətində müstəsna rol oynamış görkəmli simalar haqda qısa məlumat ilə başlanan çıxışında əvəzolunmaz insan, dünyaşöhrətli bəstəkar Arif Məlikovun əməyini yüksək qiymətləndirərək, onun ölkəmizin mədəni həyatına bəxş etdiyi töhfələrdən danışdı. Hamlet İsaxanlı çıxışını yekunlaşdırdıqdan sonra səhnəyə bəstəkar Arif Məlikov dəvət olundu. Arif Məlikov tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirərək çıxışına başladı. Bəstəkar əsasən “Sənətkar və cəmiyyətin sənətkara münasibəti“ haqda çıxış edərək, tanınmış simaların tələbə və gənclərlə daha yaxından tanış olması, onlarla səmimi ünsiyyətin qurulmasının tərəfdarı olduğunu bildirərək, bu cür tədbirlərin bütün universitetlərdə təşkil olunmasının lazım olduğunu vurğuladı. Çıxış yekunlaşdırıldıqdan sonra Xəzər universitetinin rəhbərliyi tərəfindən görkəmli bəstəkara universitetin “fəxri doktor” diplomu təqdim olundu. Görüş Arif Məlikovun əsərlərindən ibarət konsert proqramı ilə davam etdi. Hazırladı: Nuray Əliyeva

Tələbələr Üzeyir bəyin ev muzeyində Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 8 dekabr 2012-ci il tarixində təşkilatın fəalları dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ev-muzeyinin qonağı oldular. Tələbələri Üzeyir Hacıbəylinin ev-muzeyi ilə, muzeydəki eksponatlarla Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov özü şəxsən tanış etdi. Üzeyir bəyin əşyaları, əl yazmaları gənclərin xüsusi marağına səbəb oldu. Qeyd edək ki, 8 dekabr həm də bəstəkar Sərdar Fərəcovun ad günü olduğu üçün əlamətdar bir gündür. Bu münasibətlə də 23 nömrəli musiqi məktəbinin 5-ci sinif şagirdi Əliyev Elyar Sərdar Fərəcovun ifasında onun “Ana yurdum-Azərbaycan” mahnısını ifa edərək BMA-nın gənc tələbələrini bəstəkarın musiqisi ilə tanış etmiş oldu, Sərdar Fərəcova isə kiçik bir “musiqili hədiyyə” töhfəsi verdi. O da həmçinin, fortepianoda əsərlərindən birini-“vals”ını ifa edərək tələbələrə xoş ovqat bəxş etdi. Sonda çıxış edən Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının sədri Vüqar Hümbətov Sərdar Fərəcovu tələbələr adından təbrik edərək bu görüşlərin daha böyük formatda keçiriləcəyinə söz verdi. Tədbirin sonunda tələbələr Sərdar Fərəcovla xatirə şəkilləri çəkdirdilər. Hazırladı:Humay Fərəcova

12


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.