Mezzo

Page 1

№ 08 İYUN 2013

Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının jurnalı

Cövd t Hacıyev-96 e

MEZZO


MEZ�O

2

BAş REDAKTORDAN

6 il tələbəsi olduğum akademiyanı bitirmək həm kədərli həm də sevincli hisslərdir. İstər tələbə, istərsədə Tələbə Gənclər Təşkilatı mənim həyatımda silinməz izlər buraxıb. Yeni biliklər, sevimli müəllimlər, layiqli dostlar qazanmışam. Akademiyamız bizim üzərimizə böyük məsuliyyət qoyur. Çünki bu akademiyanın professor – müəllim heyətinin sırasında Üzeyir Hacıbəyli, Qara Qarayev kimi dühalar dərs demişdir. Bu mühitdə yüzlərlə musiqiçilər təhsil alıb formalaşmışdır. Tələbə Gənclər Təşkilatının isə akademiya həyatında xüsusi yeri var. Tələbə Gənclər Təşkilatı ilə həyata keçirdiyimiz tədbirlərdə dünyanın bir çox ölkələrində Türkiyədə, Gürcüstanda, Dağıstanda, Qazaxıstanda, Koreyada, Macarıstanda, Rusiyada, Səudiyyə Ərəbistanı Krallığında və bir çox ölkələrdə akademiyamızı layiqincə təmsil etmişik. Bir çox xeyriyyə aksiyaları, idman yarışları, konsertlər, festivallar, sərgilər, təqdimatlar həyata keçirərək tələbəliyin ən gözəl günlərini yaşamışıq. Onlarla yerli və beynəlxalq mükafatlara “İlin Tələbə Gənclər Təşkilatı”, “İlin gənci”, “Ən fəal ali təhsil müəssisəsi” və digər mükafatlara layiq görülmüşük. Akademiyamızın digər təhsil müəssisələrindən fərqi burada bir ailə mühitin formalaşmasıdır. Bu ailənin başçısı, çox sevimli rektorumuz Fərhad müəllim başda olmaqla prorektorlarımız Oqtay müəllimə,Gülnaz xanıma, Yeganə xanıma, Tahir müəllimə, dekanlarımız Gülzar xanıma, Şəhla xanıma, Nərminə xanıma, Nəzmiyyə xanıma, Qayıb müəllimə, kafedra müdirim Gülbacı xanıma, ixtisas müəllimim Cavanşir müəllimə təşəkkürümü bildirirəm. Elə bu kürsüdən gələcəyimizə işıq tutan professor – müəllim heyətimizin, dekanlarımızın, akademiyamızın bütün işçi heyətinin qarşısında baş əyirəm. Mən fəxr edirəm ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunuyam! Bakı Musiqi Akademiyasının Xor-dirijoru magistr II kurs, TGT sədri Vüqar Hümbətov


Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası, ( Bakı- Azərbaycan)-İstanbul Texniki Universiteti-Türk Musiqisi Dövlət Konservatoriyası ( İstanbul-Türkiyə) və Qafqaz Universiteti (Bakı-Azərbaycan) arasında qarşılıqlı mədəniyyət və incəsənət müqavilələri imzalandı. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, İstanbul Texniki Universiteti - Türk Musiqisi Dövlət Konservatoriyası və Qafqaz Universiteti arasında, mədəniyyət və incəsənət sahəsində qarşılıqlı münasibətləri gücləndirmək, hər iki ölkənin milli musiqisinin eyni kökdən gəlməsi və iki təhsil ocağının eyni sahədə təhsil verməsi səbəbiylə, bu təhsil ocaqları arasında bir sıra şərtlər asasında qarşılıqlı müqavilə imzalanmışdır. Bu müqavilələrin şərtlərinə görə, qarşılıqlı müqavilə imzalanmış hər iki təhsil ocağı ortaq elmi araşdırma işləri həyata keçirməli, qarşılıqlı təhsil, qəbul olunan mövzular əsasında ortaq jurnal, Türk musiqisini tanıdıcı, eyni zamanda digər ölkələrdə Türk musiqisinin təbliği məqsədilə bir sıra konsert, konfrans, seminar və simpoziumlar təşkil etmək, qarşılıqlı magistratura və doktorantura işləri təşkil etmək, hər iki ölkədə ortaq konsertlər təşkil etmək və ortaq olaraq qəbul olunan mövzularda 1 aydan 3 aya qədər qarşılıqlı təhsil, araşdırma, seminar və s. üçün lazımi şəraiti yaratmaqdan ibarətdir. Bu müqavilə 5 il müddətində qüvvədə olacaqdır.

MEZ�O

3


MEZ�O

4

Cövdət Hacıyev

XX əsr Azərbaycan bəstəkarlıq məktəbinin korifeylərindən biri Cövdət Hacıyev musiqidə öz təkrarolunmaz üslubunu yaratmış sənətkarlardandır. Təbii ki, görkəmli bəstəkarın yetişməsində onun müəllimləri olmuş iki dahi insanın-Üzeyir Hacıbəyli və Dmitri Şostakoviçin rolu əvəzsizdir. Bu dahilərin hər birindən C.Hacıyev ən qiymətli ənənələri əxz edib, bəstəkarlığın müxtəlif sirlərinə yiyələnmişdir. Bəstəkarın özünün dediyi kimi xalq ruhunu kamil, klassik formalarda canlandıran Üzeyir musiqisi onun üçün həmişə nümunə olmuşdur. Cövdət Hacıyevi Azərbaycan musiqinidə simfonizmin yaradıcılarından biri hesab etmək olar desək, heç də yanılmarıq. 8 simfoniyanın müəllifi olan bəstəkar bu janrın ən gözəl nümunələrini yaratmışdır. Cövdət Hacıyev Qərb, Avropa mühitinə düşməsinə baxmayaraq, aldığı savadı, biliyi, yiyələndiyi texnikanı milliliyin, xəlqiliyin təcəssümünə yönəldir. Özünün də dediyi kimi-“Mən özümün gələcək fəaliyyətimə üç əsas tələbi irəli sürürəm - xəlqilik, millilik və sənətkarlıq”. Cövdət Hacıyevin yaradıcılığında 1945-ci ildə Q.Qarayevlə birgə yazdığı “Vətən” operası ağır müharibə illərində tamaşaya qoyulmuş və “Koroğlu” operasının ənənələrini özünəməxsus tərzdə təcəssüm etdirən bu əsər bəstəkarın yaradıcılığında bu janrın yeganə nümunəsidir. Cövdət Hacıyevin yaradıcılığının yetkinlik dövrü Azərbaycan musiqi mədəniyyətinin çiçəklənmə dövrünə - 50-ci illərə təsadüf edir. Bu illərdo iki şah əsərini - “Sülh uğrunda” simfonik poemasını və IV simfoniyasını yazır. Milləti, torpağı ilə qırılmaz tellərlə bağlı olan bəstəkar Azərbaycanın təhlükəli, çətin anlarında da öz vətəndaşlıq mövqeyini son illər yaratdığı iki böyük əsərində - “Zirvələrə” adlanan VI və Kamera orkestri üçün “Şəhidlər” simfoniyalarında parlaq təcəssüm etdirmişdir. Bəstəkarın “ Onu zaman seçir “ adlı sonuncu-VIII simfoniyası isə Heydər Əliyevə həsr olunmuşdur. C.Hacıyevin musiqi ictimai xadim kimi fəaliyyəti də son dərəcə önəmli olmuşdur. O, uzun illər Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışmışdır. Həmçinin o, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olmuşdur, 40 ildən çox işlədiyi Konservatoriyanın bəstəkarlıq kafedrasında Azərbaycan musiqisini ən tələbkar auditoriya qarşısında layiqincə təmsil edən bəstəkarlar tərbiyə etmiş, yüksək keyfiyyətli musiqiçi kadrları hazırlamışdır. Görkəmli bəstəkar, pedaqoq, ictimai xadim kimi Azərbaycan musiqisinə əvəzsiz töhfələr verən Cövdət Hacıyev yaradıcılığı bu gün də qiymətləndirilir, sevilir və dinlənir. Azərbaycan xalqı öz ölməz sənətkarlarını heç vaxt unutmur!


İran xalq musiqisi konserti 31 may 2013- cü il tarixində Bakı Musiqi Akademiyasında İran xalq musiqisindən və muğamlarından ibarət konsert proqramı keçirildi. Tədbirdən öncə qonaqları qəbul edən akademiyanın rektoru, professor, xalq artisti Fərhad Bədəlbəyli qonaqları salamlayaraq onlara uğurlar arzu etdi. Qeyd etmək lazımdır ki, konsert akademiyanın elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə tərəfindən təşkil olunmuşdur. Konsert “Delşode” qrupunun ifasında İranın seçmə musiqi nömrələri-xalq mahnıları, qədim muğamlar və təsnifləri ilə davam etdi. Eyni zamanda səslənən iki Azərbaycan xalq mahnısı “Sarı gəlin” və “Laçın” tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Sonda xatirə şəkilləri çəkildi.

MEZ�O

5


MEZ�O

6

TƏLƏBƏ KAMERA ORKESTRİNİN UĞURLARI

Son illərdə Azərbaycanda keçirilən mədəniyyət hadisələrinin daha da artmasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kamera Orkestrinin də müəyyən rolu vardır. Belə ki, 2 ildən artıqdır ki, fəaliyyət göstərən orkestrin tərkibinə gənc Beynəlxalq Müsabiqə laureatları və istedadlı ifaçılar daxildir. Orkestrin ilk bədii rəhbəri və baş dirijoru BMA-nın Kamera ansamblı kafedrasının professoru, əməkdar müəllim Tofiq Aslanov olmuşdur. Repertuarlarında fərqliliyə üstünlük verən Kamera Orkestri SSRİ xalq artistləri Fərhad Bədəlbəyli, Fidan Qasımova, Azərbaycan Respublikasının xalq artistləri Xuraman Qasımova, Sərvər Qəniyev, Yeganə Axundova, Murad Adıgözəlov, Murad Hüseynov və digərləri ilə çıxış edərək Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının əsərlərini daim səsləndirirlər. Orkestrin proqramına həmçinin vokalçılarla bərabər paylaşılan əsərlər də daxildir. Ümumiyyətlə proqram seçimi baxımından orkestrin daim zövqlü seçimini xüsusi vurğulamaq lazımdır. Seçimində həm Azərbaycan, həm xarici bəstəkarlara istinad edən orkestr həm az ifa olunan, həm tanınmış, həm də ilk dəfə anlayışını üzərinə götürməkdə iddialıdır. Gənclər Kamera orkestri gənc istedadlı dirijorlarımızla da ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda da konsert proqramları ilə çıxış etmişdir. Belə ki, 2011-ci ildə Tofiq Aslanovun dirijorluğu ilə orkestr Türkiyənin Ordu, Fatsa, Pərşəmbə şəhərlərində, 2012-ci ildə isə BƏƏ-nin Abu-Dabi şəhərində, IV Qəbələ Beynəlxalq musiqi festivalında, tanınmış gənc dirijor Eyyub Quliyevin rəhbərliyi ilə III Üzeyir Hacıbəyli adına Beynəlxalq musiqi festivalında (qeyd etmək istərdim ki bu festivalda ilk dəfə olaraq Qara Qarayevin III simfoniyası ifa olunmuşdur), 2013 – cü ildə isə gənc istedad Fuad İbrahimovun dirijorluğu ilə ASAIF forumu çərçivəsində İtaliyanın paytaxtı Romada “Auditorium conciliazione Roma” səhnəsində və Azərbaycan mədəniyyəti günləri çərçivəsində Fransanın Bordo şəhərində “Theatre Femina” səhnəsində Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert proqramı ilə ölkəmizi yüksək səviyyədə təmsil etmişdir. Fəaliyyət göstərdiyi müddət ərzində orkestrin uğurlu çıxışları diqqətsiz qalmamışdır. 2012 – ci ildəki uğurlu fəaliyyətinə görə 2 fevral – Azərbaycan gənclər günü münasibəti ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif olunmuşdur. Daha sonra isə Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş Fransa səfərini xüsusi qeyd etmək istərdim. Məhz 26 aprel 2013 tarixində “Femina” teatrında baş tutan möhtəşəm konsert səfərindən qayıtdıqdan sonra orkestr “Humay” milli mükafatına layiq görüldü. 7 may 2013 tarixində möhtəşəm təqdim etmə mərasimi keçirildi və “Azərbaycan musiqi mədəniyyətini geniş təbliğinə görə” nominasiyası üzrə verilən mükafat Gənclər Kamera Orkestrinin direktoru, xalq artisti Yeganə Axundovaya təqdim olundu. Üzeyir bəyin əsasını qoyduğu möhkəm dayaqlar üzərində bu gün maraqlı, müasir quruluşlu bina tikilir. Bu proses bir qədər gec getsə də, yolun sonunda istəyə çatma nöqtəsi var. Bunun üçün müasir gəncliyə peşəkarlıq dayaq olmalıdır. Yeni uğurlu çıxışlara imza atmaq məqsədi ilə...


1 İyun “Uşaqların Beynəlxalq müdafiəsi günü”dür


MEZ�O

8

Gənclərimiz Səudiyyə Ərəbistanı Krallığına səfər edib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığı Gənclərə qayğı üzrə baş idarəsinin iki ölkə arasındakı razılaşmasına əsasən Azərbaycan nümayəndə heyətinin 01-10 iyun 2013cü il tarixində Səudiyyə Ərəbistanı Krallığına səfəri gerçəkləşdi. (bundan öncə Səudiyyə Ərəbistanı Krallığı gənclərinin Azərbaycana səfəri baş tutmuşdu) İlk öncə Məkkə şəhərindən başlayan səfərdə Kəbə, Mina, Müzdələfə, Arafa, Zəm-Zəm su zavodu ziyarət olundu. Daha sonra Mədinə şəhərinə yola düşən nümayəndə heyətimiz burada Məhəmməd Peyğəmbərin məzarını ziyarət etdikdən sonra Müqəddəs Qurani-Kərim kitabının çap olunduğu Kral Fəhd adına mətbəə, Mədinə şəhərinin gənclərə qayğı üzrə baş idarəsi, xurma zavodu ilə yaxından tanış oldular. Səfərin davamı Riyad şəhərində baş tutdu. Burada İmam Məhəmməd Bin Səud adına universitet ilə tanış olan gənclər,

rəhbərlik həmçinin orada təhsil alan Azərbaycanlı tələbələr ilə görüşdə oldular. Daha sonra Gənclərin inkişafı üzrə şahzadə Əl-Anud mərkəzi, Məclisi Şura, Gənclərə qayğı üzrə baş idarə, Hökm və Musmak qəsri ziyarət olundu. Səfər çərçivəsində iki ölkə arasında möhkəm dostluq əlaqələri, ortaq layihələr, gələcək planlar müzakirə olundu. Səfərin sonunda Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət təşkil olundu. Bununla da nümayəndə heyətimizin Səudiyyə Ərəbistanı Krallığına 10 günlük səfəri sona çatdı. Nümayəndə heyətinin tərkibində Gənclər və İdman Nazirliyinin əməkdaşları Fərid Qurbanzadə, Emin Hacıyev, ATGTİ-nin sədr müavinləri Vüqar Hümbətov, Şahsuvar Hacızadə, FHN TGT sədri Daşqın Babayev həmçinin ATGTİ fəalları Şəmsi Gülverdi, Elvin Hüseynzadə, Elçin Abıyev, Ramil Rəhimov, İsmayıl Məmmədov təmsil olunurdu.



MEZ�O

10

Dövlətin gələcəyi gənclərin sağlam düşüncəsindən bəhrələnir... Heydər Əliyev

Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdiril-məsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm vermişdir. Heydər Əliyev nitqlərinin birində bu barədə demişdir: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” qanunlar, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan təxris olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı da bu qəbildəndir. Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi gənclərə ölkə Prezidenti tərəfindən böyük önəm veilməsinin növbəti sübutudur. Gənclər də dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Çünki Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar. Vüqar Hümbətov


MEZ�O

11

MƏZUNUMUZUN UĞURLARI

Türkər Qasımzadə 2004-2008 ci illərdə Bakı Musiqi Akademiyasında bəstəkarlıq fakültəsində təhsil almışdır. 2009-2011-ci illərdə Manhattan School of Music-də magistr dərəcəsi almışdır. 2011-ci ildən indiyə kimi University of Cincinnati-də təhsilini bəstəkarlıq üzrə doktorluq dərəcəsində davam etdirməkdədir. Türkər Qasımzadə təhsil aldığı illərdə təkcə Azərbaycanda deyil, eyni zamanda dünyanın bir çox ölkələrində müsabiqələr iştirakçısı olmuşdur. Rusiyada keçirilən gənc bəstəkarların V Beynəlxalq “Büllur Kamerton” müsabiqəsinin laueratı, NewYorkda keçirilən bəstəkarlıq üzrə “Jordan Berk Memorial Prize” musabiqəsinin qalibi, Avstraliyanın Melburn şəhərində İtalyan İnstitutu tərəfindən keçirilən “Fəzada Davamlılığın Nadir Formaları” beynəlxalq müsabiqəsinin qalibi, Amerikanın Boston şəhərində keçirilən ALEA III beynəlxalq müsabiqəsinin finalisti, Moskvada keçirilən bəstəkarların P.I.Yurgenson adına VII beynəlxalq müsabiqəsinin laureatı seçilib. Almaniyanın Dresden şəhərində keçirilən beynəlxalq “Tonlagen” festivalının, Litvanın Druskininkai şəhərində keçirilən “Druskomanija” festivalının, İsveçrənin Zurix şəhərində keçirilən “Culturescapes” festivalının, Özbəkistanın Daşkənt şəhərində keçirilən “Omnibus Labarotorium” festivalının iştirakçısı olmuşdur. Bundan başqa ölkəmizdə keçirilən “IV Beynəlxalq Qara Qarayev Festivalı” nın, “Zamanla üz-üzə” festivalında və III Beynəlxalq Qəbələ festivalında da iştirak edib. Yaradıcılığını uğurla davam etdirən Türkər Qasımzadənin əsərləri hal-hazırda dünyanın bir çox ölkələrində ifa olunmaqdadır. Biz də Türkərə gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzu edirik.


MEZ�O

12

Bakı Musiqi Akademiyası Məzun-2013

Dahi Üzeyir bəyin adını daşıyan Bakı Musiqi Akademiyası bu il də öz məzunlarına əlvida dedi. Artıq 3 ildir ki, adət halını almış “Məzum Günü “ tədbiri bu il də təşkil olundu. Bu tədbirin özəlliyi onun həm sevincli, həm də kədərli notlara köklənməsidir. Məzunlara diplomlarının Bakı Musiqi Akademiyasının rektoru, SSRİ ve Azərbaycan xalq artisti, professor, dünya şöhrətli pianoçu Fərhad Bədəlbəyli tərəfindən şəxsən təqdim olunması ən böyük sevinc və fəxrdir. Bu il Bakı Musiqi Akademiyası müxtəlif ixtisaslar üzrə 112 məzunu ilə sağollaşdı. Bunlardan 39 məzun Akademiyanı fərqlənmə diplomu ilə bitirdi. Tədbiri giriş sözü Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli açdı. O, qeyd etdi ki, Akademiyamız öz fərqliliyi ilə digər təhsil ocaqlarından seçilir. Çünki bu bina dahi Üzeyir bəyin ocağıdır. Ona görə də burada təhsil alan hər bir tələbə onun layiqli davamçısı olmaq üçün bu məsuliyyəti hiss etməlidir. Daha sonra Azərbaycan Respublikasının xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova məzunları və qonaqları Akademiyanın tarixi haqqında məlumatlandırdı. Bakı Musiqi Akademiyasının məzunu, Tələbə Gənclər Təşkilatının sədri Vüqar Hümbətov isə məzunların adından çıxış edərək məhz Bakı Musiqi Akademiyasının tələbəsi olduğu üçün fəxr etdiyini bildirdi. Təhsil müddətində müəllimlərin tələbələr isti münasibətindən, qayğısından danışdı. Məzunların kiçik konsert proqramından sonra diplomların təqdim edilmə mərasimi baş tutdu. Bakı Musiqi Akademiyasında təhsil alan, məzun olan hər bir tələbə özünü digər təhsil müəssisələrinin tələbələrindən öz mədəni səviyyəsinə görə bir addım öndə tutmalıdır. Üzeyir bəyin ocağının layiqli məzunu olmaq hər bir tələbə üçün fəxr və iftixardır.



MEZ�O

14

Qəbələdə arxeoloji düşərgə keçirilib

Gənclər və İdman Nazirliyi, Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Qəbələ rayonunda arxeoloji düşərgə yaradılıb. Düşərgənin təşkilində əsas məqsəd - gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara Azərbaycan tarixi haqqında əyani olaraq geniş məlumat verməkdir. Düşərgədə 15-ə yaxın ali təhsil müəssisəsindən 80 nəfər gənc iştirak edib. Eyni zamanda , Bakı Musiqi Akademiyasından Günel Nəsirova layihədə uğurla iştirak edərək, maraqlı təəsüratlarla qayıdıb. Tələbələr arxeoloji qazıntılarda yaxından iştirak edib, qazıntı sahələrinin seçilməsi, qazıntıların planlaşdırılması, arxeoloji materialların sənədləşdirilməsi kimi işlərdə təcrübə toplayıblar. Qədim Qəbələ şəhərinin Səlbir sahəsində aparılan qazıntılar nəticəsində , orada X-XI əsrlərə aid ictimai bina qalıqları, məişət tikililəri, qəbirlər aşkar edilib. Bir həftə davam edən düşərgənin sonunda iştirakçılara Gənclər və İdman Nazirliyinin sertifikatları verilib.


Gənclərimiz daha bir beynəlxalq festivaldan diplom və hədiyyələrlə geri döndülər

25-28 iyun , 2013-cü il tarixlərində İnquşetiya Respublikası, Rusiya Gənclər Birliyi və Rusiya Federasiyasının Elm və Təhsil nazirliyi, eləcə də Azərbaycanın Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Nazran şəhərində keçirilən “Tələbə Baharı Qafqazda” Beynəlxalq festivalında Azərbaycan gəncliyi daha bir uğuruna imza atdı. Festivalın ilk günündə iştirakçı ölkələrin təqdimatı keçirildi. Təqdimatda Azərbaycan mətbəxinin ən gözəl nümunələri, şirniyyat və meyvələri eləcə də müxtəlif əl işləri, Azərbaycan xalçası, milli suvenirləri nümayiş olundu. Milli rəqs və musiqilərimizin təqdimatından sonra digər iştirakçı ölkələrə nümayəndə heyətimiz adından hədiyyələr təqdim olundu. Növbəti gün baş tutan festivalda Azərbaycan milli rəqsləri, dünya və milli musiqilərimiz ifa olundu. İnquşetiyanın və Rusiyanın dövlət və hökumət nümayəndələrinin də iştirak etdiyi konsert 15 ölkədə canlı yayımlanırdı. İfalar zamanı fonda Azərbaycanın tarixi yerləri və mədəniyyət abidələri isə proqrama xüsusi rəng qatdı. Festivalda gənclərimizin çıxışı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı. Sonda təşkilatçılar tərəfindən nümayəndə heyətimizə “Tələbə Baharı” festivalının laureat diplomları və hədiyyələri təqdim olundu. Konsertdən sonra İnquşetiya Respublikasının başçısı cənab Yunus-bek Yevkurov Azərbaycan nümayəndə heyətini qəbul edərək azərbaycanlı tələbələrin çıxışlarını xüsusi ilə vurğuladı. Görüşdə ölkələrin qarşılıqlı dostluq münasibətlərinin inkişafı, gələcəkdə gənclər sektorunda irəli sürüləcək təşəbbüslər müzakirə olundu. Azərbaycan nümayəndə heyətinin tərkibində ölkəmizi Gənclər və İdman Nazirliyinin əməkdaşı Günay Rəhimova, ATGTİ-nin sədr müavini Vüqar Hümbətov, İrəli İctimai birliyinin baş katibi Nərmin Məmmədova, “ İrəli” İB NTK sədri Xəqani Fərəcov, gənc jurnalist Almaz Axundova o cümlədən ifaçılar Elvin Əliyev, Leyla Muradzadə, Vaqif Nağıyev və Nigar Hüseynova, rəqqaslar Çinarə Məmmədova, Araz Süleymanov təmsil edirdi.


Gənclikdə qazanılmış uğurlar

Qürur duyaraq, çəkinmədən söyləmək olar ki, Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatı son illərdə özünün çiçəklənmə dövrünü yaşamışdır. Tələbələrin asudə vaxtlarının səmərəli istifadəsi və məşğulluğu, həm intellektual, həm maarifçilik, həm mənəvi, həm də əyləncə baxımından təmin edilmişdir. Ahıllar və körpələr evinə ziyarətlər, hərbi hissələrdə konsert proqramları, ölkəmizin ən müxtəlif guşələrinə ekskursiyalar, xarici səfərlər, o cümlədən idman yarışlarının təşkili təşkilatın daimi iş planına çevrilib. Bu tədbirlərin hamısını bir məqalədə işıqlandırmaq mümkün olmasa da belə, onların müəyyən bir qismini siz oxucuların nəzərinə çatdırmaq istərdik. Qeyd etmək lazımdır ki, keçirilən tədbirlərdə tələbələrin istək və tələbatları nəzərə alınır. Bu baxımdan təşkilatımız bir çox muzeylərə- “Xalça”, Üzeyir Hacıbəyli, Niyazi, Vaqif Mustafazadənin ev-muzeyləri, eləcə də Azərbaycan Tarix Muzeyinə ekskursiyalar təşkil etmişdir. Bunlar təkcə şəhərdaxili deyil, hətta ölkədaxili keçirilir. Belə ki, müxtəlif heyətlə 2 dəfə Şəki, Qəbələ şəhərlərinə, 2 dəfə Qobustan, Qala Tarixi Qoruqlarına, Quba məzarlığına, Yanardağa, Mərdəkan Dendrari parkına təşkil olunmuş ekskursiyalar tələbələrin xüsusi marağına səbəb olmuşdur. Təşkilatın artıq ənənəvi və sayca ən çox keçirilən tədbirləri siyahısında başlıca yeri xeyriyyə aksiyaları tutur. Kimsəsiz ata-ana himayəsindən məhrum olmuş körpələr evləri, Qocalar evi, əlil və ruhi xəstə uşaqlar üçün təşkil olunmuş bu tədbirlərin sayı 20-yə çatır. Bu da tələbələrimizin yüksək humanistliyindən xəbər verir. Təşkilatımız tələbələrə öz qələmlərini sınamaq imkanı da yaradıb. Belə ki, son illər ərzində ən müxtəlif mövzularda Akademiyadaxili və Universitetlərarası “ Yazı işi” müsabiqələri keçirilir. Qaliblər rektor tərəfindən diplom, fəxri fərman və hədiyyələrlə təltif olunur. “Sağlam bədəndə sağlam ruh olar” fikrinə istinad olaraq, tələbələrimiz ən müxtəlif idman yarışlarının keçirilməsi haqda təkliflər irəli sürür. Bunları nəzərə alaraq təşkilat, futzal, atçılıq, volleybol, basketbol, şahmat, dama kimi idman yarışları keçirmişdir. TGT-nin daha bir maraqlı layihəsi məhz təlimlərlə bağlıdır. İndiyədək bir çox sahələr üzrə - məsələn, ekoloji, psixoloji, QİÇS, media, liderlik, həmçinin başqa təlimlər keçirilmişdir. Sözsüz ki, tələbələrin sonrakı davranış və fəaliyyətində onların əhəmiyyətli təsiri olub. Tanınmış şəxsiyyətlərlə görüşlər də tələbələrin


xüsusi maraqla gözlədiyi tədbirlərdəndir. Bu baxımdan Azərbaycanın görkəmli xalq şairi Nəriman Həsənzadə və Ağacan Abıyevlə təşkil edilmiş görüşlər bir çox istiqamətlərdə inkişafa zəmin yaradır. Sirr deyil ki, təşkilatımız zəngin konsert fəaliyyəti ilə də tanınır. Son illərdə bir çox bölgələrimizdə Xaçmaz, Şirvan, Zaqatala, Lənkəran, Yevlax, Gəncə, Qazax, Şəkidə tələbələrimiz maraqlı konsert proqramı ilə çıxış etmişlər. Anoloji konsertlər Xəzər Universiteti, Əmək və sosial münasibətlər Akademiyası, Slavyan universiteti, Xarici dillər universiteti, Bakı Dövlət Universiteti və digər təhsil ocaqlarında da keçirilmişdir. Tələbələrimiz öz musiqi tövhələrini hətta hərbi hissələrə də aparıb. TGT həyatında ən yaddaqalan məqamlardan biri də təbii ki, xarici səfərlərlə bağlıdır. Tələbələrimiz indiyədək tələbə mübadiləsi , Beynəlxalq festivallarda iştirak, eləcə də yarışma və musiqi proqramları məqsədi ilə Türkiyənin İstanbul, Bursa, Çanakkale şəhərlərində, həmçinin Gürcüstan, Braziliya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı Krallığı, Macarıstan, İnquşetiya, Dağıstan, Kabardina Balkar Respublikası (Nalçik) və dünyanın bir çox başqa ölkələrində ölkəmizi layiqincə təmsil etmişlər. Milli qəhrəman və Qan yaddaşını unutmayan tələbələrimiz mütəmadi olaraq anım tədbirləri də keçirir. Xocalı, 31 mart Azərbaycanlıların soyqırımı günü, 20 Yanvar faciəsi, Mübariz İbrahimov və digər bu yönümlü anım gecələri təşkil edilir. Gərgin iş rejiminə baxmayaraq TGT ailəsi əylənməyə də vaxt tapır. Odur ki, dəfələrlə keçirilən Novruz, Yeni il, yay və qış tətillərini tələbələrimiz səbrsizliklə gözləyir. Hər zaman “ilk”lərə imza atmağa çalışan təşkilatımız son 2 ildə bir-birindən maraqlı layihələr həyata keçirmişdir. Buna misal olaraq Tələbə Yaradıcılıq Sərgiləri, Üzeyir Hacıbəyli adına Tələbə Teatr festivalı və nəhayət gördüyünüz “MEZZO” jurnalının dərc olunmasını göstərə bilərik. Təbii ki, bütün bu zəngin fəaliyyət diqqətdən kənarda qala bilməzdi. Bu illər ərzində Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatı “Yaxşıların Yaxşısı”, “İlin ən fəal TGT-si” və digər dəyərli mükafatlara layiq görülüb. Qeyd etmək lazımdır ki, bu uğurların ərsəyə gəlməsində TGT sədri Vüqar Hümbətov hərəkətverici bir qüvvə olmuşdur. Yaradılan şərait və göstərilən dəstəyə görə isə BMA rektorluğu, TGT idarə heyəti, professor-müəllim kollektivi, Həmkarlar İttifaqı və TGT ailəsi ilə əməkdaşlıq edən bütün təşkilatlara böyük minnətdarlıq düşür.


MEZ�O

18

Sakit! İmtahan gedir!

Heç kəs üçün sirr deyil ki, hər bir tələbənin intizarla gözlədiyi, eyni zamanda həyatının ən həyəcanlı və məsuliyyətli anları imtahanlarla bağlıdır. İl boyu müəllim və tələbənin çəkdiyi qarşılıqlı əziyyətin nəticəsi cəmi bir neçə dəqiqə ərzində göstərilərək, qiymətləndirilir. Lakin başqa universitetlərdən fərqli olaraq bizim Akademiyamızın imtahanları təkcə rəsmi, mexaniki bir proses deyil, həm də tələbənin öz istedad və bacarığını nümayiş etdirməsi üçün bir fürsət, sağlam rəqabətli bir müsabiqədir. İxtisas imtahanlarının ab-havası xüsusən bayram əhval-ruhiyyəsinə köklənir. Bu da təbii ki, BMA-nın bütün professor-müəllim heyətinin əməyinin nəticəsidir. Simlilər, nəfəs və zərb alətləri, solo oxuma, fortepiano, xor və simfonik orkestr dirijorluğu və başqa ixtisaslar üzrə keçirilən imtahanların qapısı hər kəsə açıqdır. Odur ki, fotolar vasitəsi ilə siz oxuculara ən maraqlı kadrları nümayiş etdirmək istərdik.


TGT bizim evimizdir! Ölkəmizdə kifayət qədər tələbə gənclər təşkilatı var. Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatı üzvlərinin sayının az olmasına baxmayaraq daima öz fərqli ideyaları, yaradıcı gəncləri, “ilk”ləri və fərqliliyi ilə yaddaşlarda qalıb. Bu təşkilata gələn tələbə, buradan müsbət enerji, xoş əhval-ruhiyyə, daimi dostluqlar və təcrübə qazanaraq ayrılıb. Dövlətə, onun rəmzlərinə, ölkəmizin tarixinə, mədəniyyətinə sahib çıxmağın vacibliyini öyrədib. Bir çox uğurlar qazanan təşkilatımız akademiya rektorluğundan, professor və müəllimlərimizdən güc alıblar. Daima gənclərimizə dəstək olan Gənclər və İdman nazirliyi, ATGTİ və digər dövlət və ya QHT-lər, enerjili, fərqli düşüncəyə sahib, yaradıcı gəncliyə dəstək nümayiş elətdirib. Var olsun Azərbaycan Gəncliyi! Var olsun ölkəmizin birliyi və bərabərliyi, çiçəklənlənməsi yolunda əlindən gələni əsirgəməyən hər bir gəncimiz! Xor dirijoru, magistr II kurs, BMA TGT-nin sədri: Vüqar Hümbətov

BMA TGT ikinci ailəm. Yaddaşımda silinməz izlər qoyan, əsl dostluqlar qazandıran, iş təcrübəsi, geniş əhatə, fərqli və gözəl günlərlə dolu bir həyat yaşadan sevimli təşkilatımız. Bu ailənin üzvü olduğumçün özümü çox xoşbəxt və şanslı sayıram. Musiqişünas IV kurs, BMA TGT-nin sədr müavini: Jalə Miriyeva

TGT mənim üçün isti bir ailə ortamı olub. Öz evim kimi hər gün ora baş çəkməsəydim, “ailə başçımız”, Vüqarla nəyisə müzakirə etməsək nəsə çatmırdı ele bil. TGT mənə kollektivdə işləmək, müxtəlif tip insanlarla ünsiyyətdə olmaq, vaxtını dəyərləndirmək kimi labud keyfiyyətləri aşılayıb. TGT bir məktəb, təcrübə, səmimi ortam, unudulmaz xatirələr qaynağı, tələbəlik illərimin ən dəyərli , əvəzolunmaz simasıdır! Musiqişünas IV kurs, BMA TGT-nin sədr müavini: Günel Nəsirova

TGT mənə tələbəlik həyatının nə olduğunu öyrədən və gəncliyimi daha maraqlı, macəralarla dolu, xoş xatirələr yaşadan bir qüvvədir. Xor dirijoru magistr I kurs, BMA TGT-nin idarə heyətinin üzvü: Leyla Muradzadə

Akademiyaya daxil olanda ilk olaraq TGT otağını düşünürsənsə deməli bu məkan müəyyən bir dövr bizim həyatımıza öz təsirini göstərib. Bütün tələbələrə bizim təşkilat dövrünü arzulayıram. Bəstəkar IV kurs, BMA TGT-nin Layihələr departamentinin sədri: Etibar Əsədli

Səmimi kollektiv, gözəl insanlar, mehriban münasibət, iş təcrübəsi, xeyirxahlıq, doğmalıq, dostluq, ən əsası birlik bizim TGT ailəsi deməkdir. Mən bu təşkilata hazırki sədr Vüqarla bir gündə gəlmişəm. Vüqar ilk öncə sədr müavini daha sonra isə sədr vəzifəsində çalışıb. Onu deyə bilərəmki bütün sadaladıqlarım keyfiyyətlərin əldə olunması məhz Vüqar və TGT ailəsinin nəaliyyətləridir. Məndə bu ailənin üzvü olduğumçün özümü çox şanslı hesab edirəm. Musiqişünas, magistr II kurs, BMA TGT-nin idarə heyətinin üzvü: Günel İsayeva

TGT iki il mənim evim olub. Bu evdə hər şeydən əvvəl əsl dostluğun nece bir anlayış olduğuna şahid olmuşam, buna görə TGT-yə təşəkkürümü bildirirəm . Fortepiano IV kurs, BMA TGT-nin fəal üzvü: Aysel Qənbərli

MEZ�O

19


Redaksiya heyəti

Jalə Miriyeva Musiqişünas, IV kurs

Lalə Seyidova Musiqişünas, IV kurs

Leyla Muradzadə Xor dirijoru, magistr I kurs

Günel Nəsirova Musiqişünas, IV kurs

Aynur Hümbətova Xor dirijoru, magistr I kurs

Elmira Süleymanova Fortepiano, magistr I kurs

Həmidə Mustafa Xor dirijoru, IV kurs

№ 01 NOYABR 2012 1

Ofelya Firidunqızı Dizayner

№ 03 YANVAR 2013

Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının jurnalı

Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının jurnalı

№ 02 DEKABR 2012

Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının jurnalı

MEZZO

MEZZO MEZZO Photo by ROA

№ 07 MAY 2013

Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının jurnalı

e

MEZZO Bizimlə əlaqə: Tel: (+994 12) 493 07 42 Facebook: Bakı Musiqi Akademiyası Twitter: twitter.com/BMATGT e-mail: bma.tgt@hotmail.com Elektron jurnalımız: www.issuu.com/bmatgt

Q mb r Hüseynli-97 e

Caz-mugamı n banisi Vaqif Mustafazad

№ 06 APREL 2013

Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının jurnalı

e

№ 05 MART 2013

Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının jurnalı

MEZZO

MEZZO


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.