Mezzo

Page 1

№ 02 DEKABR 2012

Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının jurnalı

MEZZO

Photo by ROA


2


Fərhad Bədəlbəyli Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, pianoçu, Azərbaycanın xalq artisti, Beynəlxalq müsabiqələr, eləcə də Azərbaycanın Dövlət mükafatı laureatı, professor və sadəcə səmimi insan Fərhad Bədəlbəyli. Fərhad Şəmsi oğlu Bədəlbəyli 27 dekabr 1947-ci ildə, Bakıda görkəmli rejissor, Azərbaycanın xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olmuşdur. 1965-1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfində), 1969-1971-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B.Davidoviçin sinfində) oxumuşdur. Fərhad Bədəlbəylinin adı B.Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Vyana da Mota adına (Portuqaliya, 1968, I mükafat) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşır. Görkəmli pianoçumuz həmçinin bəstəkar kimi də özünü sınamışdır. Belə ki, İ.S.Bax, Ş.Quno, F.Şubert, K.Sen-Sans, Kaççini, İ.Brams və bir çox dünya şöhrətli bəstəkarlarla yanaşı, “Ave Maria” mövzusuna F. Bədəlbəyli də müraciət etmişdir. İki solist, xor və orkestr üçün yazılmış bu əsərin ilk ifaçıları Azərbaycan və SSRİ xalq artistləri Fidan və Xuraman Qasımovalar olmuşlar. Eyni zamanda Fərhad müəllim 1967-ci ildə Yalçın Əfəndiyevin rejissorluğu ilə çəkilmiş “Azadlıq məşəli” filminə də musiqi bəstələmişdir. O, həmçinin orkestr və fortepiano üçün “Dəniz”, solistlər, xor və orkestr üçün F.Qocanın sözlərinə “Anamız Azərbaycan” əsərlərinin müəllifidir. Bu gün F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçunun qastrol səfərləri – Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və başqa ölkələri əhatə edir. Musiqi təşkilatçılığı işi, maarifçilik – F. Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir. 1986-1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olmuşdur. F. Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987-1996-cı illərdə o, buranın rəhbəri olmuşdur) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (halhazırda o, 1989-cu ildən etibarən bu cəmiyyətin sədridir) yaradılmışdır. 1995-ci ildən o, “Azərbaycan Mədəniyyətinin Dostları” fondunun üzvüdür. Qeyd edək ki, Dekabr ayının 27-si Fərhad Bədəlbəylinin 65 yaşı tamam olur. Biz tələbələri daim yeni-yeni nailiyyətlərə ruhlandıran, hər an öz qayğısını üzərimizdən əsirgəməyən sevimli rektorumuzu bu münasibətlə səmimi qəlbdən təbrik edir, can sağlığı və daha da böyük müvəffəqiyyətlər arzu edirik!

3


JURNALIMIZ HAQQINDA RƏYLƏR

Nəzmiyyə Abbaszadə İfaçılıq fakültəsinin dekanı, əməkdar incəsənət xadimi, professor Mən çox şadam ki, bizim Bakı Musiqi Akademiyasında belə bir jurnal ərsəyə gəlib. Bu işdə əməyi keçən tələbələrə uğurlar arzu edirəm. Ümumiyyətlə Bakı Musiqi Akademiyasının kollektivini-müəllim və tələbə heyətini əldə edilən uğur münasibəti ilə ürəkdən təbrik edirəm. “Mezzo” jurnalı tələbə həyatında böyük yenilikdi. Əminəm ki, gənclərimiz bu jurnalın gələcək saylarında da aktiv iştirak edəcəklər. İstərdim ki, Bakı Musiqi Akademiyasının tələbələrinin əldə etdiyi nailiyyətləri beynəlxalq müsabiqə və layihələrdə iştirakları və qazandığı uğurlar jurnalda daima öz yerini tapsın. Öz növbəmdə Fərhad müəllimə minnətdarlığımı bildirirəm ki, tələbələrin bu təşəbbüsünü dəstəkləyir.

Şəhla Həsənova Magistr şöbəsinin dekanı, sənətşünaslıq namizədi, əməkdar incəsənət xadimi, professor Sevinirəm ki, bizim gənclər təşkilatı belə ağıllı, səmərəli, intellekt tələb edən işlərlə məşğul olur. Bu bir tərəfdən bizim Bakı Musiqi Akademiyamızın professor – müəllim heyəti, tələbələri üçün öz fikirlərini, arzularını, istəklərini ifadə etmək imkanı verir, digər tərəfdən tələbələrin özü üçün də çox yaxşı təcrübədir. Bilirsiniz ki, indi bütün ixtisaslardan olan mütəxəssislər çalışırlar ki, müəyyən qədər jurnalistika ilə məşğul olsunlar. İctimai rəyin öyrənilməsi, ümumiləşdirilməsi, mətbuat vasitələrində çatdırılması indi çox aktual bir işdir. Mən bu işdə əməyi olan hər kəsə - rəhbərlikdən tutmuş ən sadə siravi işçilərə qədər hamınıza təşəkkür edirəm və uğurlar arzulayıram. İndi siz yaxşı bir istiqamət götürmüsünüz, düzgün bir yol seçmisiniz. Şou-biznesin hücumlarından azad olaraq çox düşünülmüş, ağıllı şəkildə klassik sənəti təbliğ etmək, sənətlə bağlı fikirləri açıqlamaq, ictimai rəyi öyrənib təqdim etmək tədqirə layiq işdir. Bu jurnal bizim ümumi işimizin güzgüsüdür. Təbrik edirəm, uğurlar arzulayıram!

Nərminə Quliyeva Əməkdar müəllim, Pedaqogika üzrə fəlsəfə doktoru, fortepiano fakültəsinin dekanı, professor İlk öncə jurnalın redaksiya heyətini bu uğur münasibətilə təbrik edirəm və uğurlarınızın davamlı olmasını arzulayıram. Mən inanıramki, bu jurnal tələbələrimizə stimul olacaq. Jurnalda təkcə musiqişünasların yox eyni zamanda digər ixtisaslarda təhsil alan tələbələrimizin də məqalələrini görəcəyimizə ümid edirəm. Burada akademiyamızın bütün uğurlarının, tələbələrimizin nailiyyətlərinin öz əksini tapacağına əminəm. Bu çox yaxşı və vacib təşəbbüsdü. Bildiyimiz kimi, akademiyamızın rektoru Fərhad Bədəlbəyli daim tələbələrin yanındadı. Bu işin ərsəyə gəlməsində tələbələrimizi dəstəklədiyi üçün başda Fərhad Bədəlbəyli olmaqla əməyi keçən hər bir kəsə xüsusi təşəkkürümü bildirirəm.

4


Gülzar Mahmudova Tarix-nəzəriyyə fakültəsinin dekanı, sənətşünaslıq doktoru, professor “Mezzo” Tələbə Gənclər Təşkilatı jurnalının yaranması Bakı Musiqi Akademiyası üçün önəmli və əlamətdar bir hadisədir. Zənnimcə, jurnalın əsas vəzifələrindən biri, təkcə Akademiyanın musiqi həyatındakı maraqlı tədbirlərin, konsertlərin, müsabiqələrin, yaradıcı görüşlərin işıqlandırılması deyil, eyni zamanda, oxucuların dünyagörüşünün genişləndirilməsi, onların daxili aləminin, mənəvi dünyasının musiqi sənəti vasitəsi ilə zənginləşdirilməsindən ibarət olmalıdır. Bu jurnal tələbə-musiqişünaslara öz istedadlarını üzə çıxarmaq, yaradıcı tədbirləri obyektiv qiymətləndirmək imkanı yaradır. Hələ Qara Qarayev qeyd etmişdir ki, musiqi mədəniyyətinin bütün nailiyyətləri məhz gənclərə ötürüləcək, Azərbaycan musiqi incəsənətinin gələcək müqəddəratının məsuliyyəti onların çiyninə düşəcək. Lakin, bu qədər çətin, qlobal məsələlərin həllinə bizim gənclərimizi hazırlamaq lazımdır. Fikirmcə, bu prosesdə vacib rolu “Mezzo” jurnalı öz üzərinə götürməlidir. Bizim ilk tələbə jurnalının təşəbbüskarlarına və yaradıcılarına səmimi qəlbdən uğurlar diləyirəm.

Qayıb Hüseynov Xarici tələbələrlə iş üzrə dekan Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi bütün tədbirlərdə məqsəd, tələbələrin maraqları, inkişafı, uğurları, problemləri və onların həlli yollarının birgə araşdırılmasıdır. Zənnimcə təşkilat “Mezzo” jurnalı vasitəsilə bu işlərin öhdəsindən gələcək. Jurnalın ərsəyə gəlməsində iştirak edən bütün yaradıcı heyəti təbrik edirəm. Onlara bu məsuliyyətli işdə səbr, uğurlar diləyirəm. Bununla paralel olaraq təklifim jurnalın növbəti saylarında xarici tələbələrin də aktiv iştirak etməsidir. Uğurlarınız bol olsun!

Leyla Məmmədova Elmi katib ,sənətşünaslıq namizədi,professor

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tələbə jurnalının ərsəyə gəlməsi tarixi bir hadisədir. Sizi ürəkdən təbrik edib, gələcəkdə böyük nailiyətlərə çatmağı arzulayıram. Ümidvaram ki, tez bir zamanda jurnal geniş auditoriyanın marağına səbəb olacaq və hamımız onun yeni nəşrlərini səbrsizliklə gözləyəcəyik. Ən əsası odur ki, bu jurnal tələbələrin tribunasına çevriləcək. Onun səhifələrində siz yazı qabiliyyətinizi, musiqi tənqidi istiqamətində ilk addımlarınızı ata biləcəksiniz. Eyni zamanda, tələbələrimizin iştirakı ilə keçirilən konsertlər, müsabiqələr və.s tədbirlər geniş şəkildə işıqlandırılacaq. Bu sizin üçün böyük yaradıcılıq məktəbi olacaq. Nəşr işi böyük məsuliyyətdir. Sizə bu çətin və ağır zəhmət tələb edən işinizdə uğurlar diləyirəm.

Aqil Qafulov Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent, əməkdar müəllim

Ümumiyyətlə Bakı Musiqi Akademiyasının tarixində tələbələrin jurnal nəşr etməsi böyük bir hadisədir. Çünki Akademiyamızda çoxlu sayda tədbirlər keçirilir və bu tədbirlərin mətbuat orqanlarında işıqlandırılması çox vacib bir məsələdir. Onu da qeyd etmək lazımdır ki, məhz tələbələrin bu jurnalı ərsəyə gətirməsi çox maraqlıdır. Çünki Musiqi Akademiyasında keçirilən tədbirlərin, müsabiqələrin əks olunması mənə belə gəlir ki, hamı üçün çox maraqlıdır. Ümidvaram ki, bu jurnal Bakı Musiqi Akademiyasının həm müəllim, həm tələbə heyəti tərəfindən rəğbətlə qarşılanacaqdır.

5


“MEZZO” jurnalının təqdimatı

İLKLƏR

Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının fəaliyyəti dövründə ilk dəfə olaraq, təşkilatın “MEZZO” tələbə jurnalı işıq üzü gördü. Elə bu səbəbdən akademiyanın Qara Qarayev adına konfrans zalında jurnalın təqdimat mərasimi keçirildi. Əvvəlcə təşkilatın sədri, eyni zamanda jurnalın təsisçisi və baş redaktoru Vüqar Hümbətov jurnalın tələbə həyatındakı xüsusi önəmindən danışdı. Daha sonra, prorektor Gülnaz Abdullazadə jurnalın hazırlanmasında tələbələrin xüsusi rolunu qeyd etdi. Akademiyanın rektoru Fərhad Bədəlbəyli isə akademiyada belə tələbələrin olduğundan qürurlandığını bildirdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Qeyd edək ki, jurnalın ilk buraxılışında, təşkilatın keçirdiyi müxtəlif tədbirlər, akademiya tələbələrinin uğurları və digər mövzularda məqalələr öz yerini alıb. Tədbirdə Bakı Musiqi Akademiyasının prorektorları, dekanlar, professor-müəllim heyəti və TGT-nin fəalları iştirak ediblər.

“Tələbə Yaradıcılıq sərgisi” Musiqi incəsənətin xüsusi bir sahəsidir. Elə incəsənət sahəsinin insanları da, xüsusi keyfiyyətlərə malik insanlardır. Bununla bərabər, bütün bu sahələr bir-biri ilə qarşılıqlı vəhdətdədirlər. Bunları nəzərə alaraq, musiqiçi tələbələrin digər incəsənət sahəsi olan rəssamlıqdakı bacarıqlarını sərgiləmək üçün, 5 dekabr 2012-ci il tarixində Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə akademiya tələbələrinin ”Tələbə Yaradıcılıq sərgisi” keçirildi. Sərgidə, tələbələrin dekorativ-tətbiqi sənət, rəngkarlıq, qrafika işləri sərgiləndi. Gün boyu sərgilənən əsərlər, akademiyanın professor müəllim heyəti, həmçinin tələbələr tərəfindən xüsusi rəğbətlə qarşılandı.

6


MÜKAFATLANDIRMA

“Sərbəst yazı işləri” müsabiqəsi

Bildiyimiz kimi, Bakı Musiqi Akademiyası HİK və TGT tərəfindən ənənəvi olaraq sərbəst yazı işləri üzrə müsabiqə keçirilir. Daha öncə, “Bakı Musiqi Akademiyasının 90 illiyi”, 28 may “Respublika günü” münasibətilə “Vətənpərvərlik”mövzusunda “Sərbəst yazı işləri” müsabiqəsi keçirilmişdir. Bu il də təşkilatımız öz ənənəsinə sadiq qalaraq “Nizami 870”, “ Niyazi 100”, “ Fikrət Əmirov 90” mövzularında “Sərbəst yazı işləri” üzrə musabiqə elan etdi. Müsabiqəyə, 25-dən çox məqalə daxil oldu. Bu məqalələr professor-müəllimlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirildi. 5 dekabr 2012-ci il tarixində akademiyanın Qara Qarayev adına konfrans zalında, Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr arasında “Sərbəst yazı işləri” üzrə elan olunmuş müsabiqənin mükafatlandırma mərasimi keçirildi. Əvvəlcə Tarix-Nəzəriyyə kafedrasının professoru, münsiflər heyətinin üzvü Ülviyyə İmanova yazı işləri barədə öz dəyərli fikirlərini tədbir iştirakçıları ilə bölüşdü. Beləki, yarışın nəticəsi olaraq I yeri Cəlilova Günay, II yeri Qasımlı Gültəkin, Məmmədli Fərdin, III yeri isə Məmmədzadə Fəriqə, Əliyeva Nuray və Baxşıyeva Nərmin qazandılar. Daha sonra Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli mükafatları sahiblərinə təqdim etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

“Dama” yarışı “Sərbəst yazı işləri”-nin mükafatlandırılma mərasimi ilə bərabər, eyni zamanda “Dama” yarışının mükafatlandırma mərasimi də keçirildi. Xatırladaq ki, təşkilatımızın və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 23 noyabr 2012-ci il tarixində tələbələrin asudə vaxtının səmərəli təşkili həmçinin pis vərdişlərdən uzaq olmaq məqsədilə, tələbələr arasında “Dama“ yarışı keçirilmişdi. Yarışın nəticəsi olaraq I yeri Səba Qafarlı, II yeri Aynur Hümbətova, III yeri isə Ramin Quliyev və Fərdin Məmmədli qazanmışdılar. Mükafatların təqdimat mərasimində, HİK-in sədri Aqil Qafulov yarış haqqında danışdı və belə yarışların mütəmadi olaraq keçiriləcəyini bildirdi. Qeyd edək ki, TGT, Həmkarlar İttifaqı Komitəsi ilə birlikdə, artıq bir neçə idman yarışları həyata keçirib. Bunlara misal olaraq futzal, voleybol, basketbol, at çapmaq və digər idman növlərinin adlarını çəkmək olar. Mükafatları akademiyanın rektoru Fərhad Bədəlbəyli təqdim etdi.

7


ÜMUMİLLİ LİDER, DAHİ ŞƏXSİYYƏT Digər əsrlər kimi, XX əsr də Azərbaycan xalqına çox böyük tarixi şəxsiyyətlər bəxş etmişdir. Bu şəxsiyyətlərdən biri də, ümummilli liderimiz, görkəmli dövlət, siyasət, elm və mədəniyyət xadimi Heydər Əlirza oğlu Əliyevdir. XX əsrin II yarısında hakimiyyətə gələn, 34 il ardıcıl olaraq dövlət sükanı arxasında məharətlə dayanan, Azərbaycanın tərəqqisi və inkişafı üçün böyük tarixi əhəmiyyətə malik işlər görən bu böyük insan Azərbaycan xalqının sevimli rəhbəri imicini qazanmaqla yanaşı, dünya şöhrətli bir şəxsiyyət səviyyəsinə qalxmış, dünyanın görkəmli siyasətçilərinin etiraf etdiyi kimi, Şərqin ulduzuna çevrilmişdir. Heydər Əliyev çox maraqlı, mürəkkəb, zəngin, keşməkeşli bir ömür yolu keçmiş, həyatın bütün çətinliklərindən qalib çıxmış, öz zəhməti, zəkası, fitri qabiliyyəti ilə ən yüksək zirvəyə yüksəlmişdir. Bu uca zirvənin yolları daşlı-kəsəkli olsa da, polad iradəsi, dönməz xarakteri, şəxsiyyət bütövlüyü bu zirvəni fəth etməkdə ona kömək etmişdir. Bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri Heydər Əliyev çox zəngin irs qoyub getmişdir. Xalqımızın mənəvi sərvəti olan bu zəngin irsi araşdırdıqca respublikamızın son 50 illik həyatında bu nəhəng şəxsiyyətin öz xalqına qırılmaz tellərlə bağlı olduğu, onu ürəkdən sevdiyi, Azərbaycanın inkişafı və tərəqqisi naminə böyük işlər gördüyü, bütün varlığını, həyatını Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə həsr etdiyi göz önünə gəlir. Hər il olduğu kimi bu il də 12 dekabr 2012-ci il tarixində Bakı Musiqi Akademiyasında “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı anım tədbiri keçirildi. Tədbir Ümumilli lider Heydər Əliyevi bir dəqiqəlik sükutla yad etməklə başladı. Daha sonra Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Oqtay Abasquliyev, Beynəlxalq əlaqələr və Tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova çıxış etdilər. Çıxışların ardınca Yeganə xanımın Heydər Əliyevə həsr etdiyi “İthaf” klipi nümayiş olundu. Daha sonra akademiyanın “Dillər və Ədəbiyyat” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Tərlan Quliyev dahi şəxsiyyət Heydər Əliyev haqqında xatirələrini bölüşdü. Tədbir Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında, Ümumilli liderə həsr edilmiş konsert proqramı ilə davam etdi. Tədbirdə prorektorlar,dekanlar, professor - müəllim və tələbə heyəti iştirak etdi.

8


MSTİSLAV ROSTROPOVİÇ ADINA BEYNƏLXALQ MUSİQİ FESTİVALI Musiqi tarixində müstəsna rolu olan, öz ifası ilə hər kəsin zövqünü oxşayan, musiqisevərlərin qəlbinə yol tapan bir sıra sənətkarlar vardır. Belə simalardan biri də dünya şöhrətli musiqiçi - violonçel ifaçısı, dirijor Mstislav Rostropoviçdir. Dünyanın ən möhtəşəm konsert salonlarında öz mükəmməl ifası ilə dinləyiciləri heyran qoyan Rostropoviçin adı musiqi tarixində xüsusi yer tutur. Məlumdur ki, müxtəlif ölkələrdə M.Rostropoviçə həsr olunmuş Beynəlxalq festivallar təşkil edilir. Xatırladaq ki, 2007-ci ildən etibarən M.Rostropoviçin adı ilə bağlı olaraq Beynəlxalq Musiqi Festivalı məhz onun dünyaya göz açdığı Bakı şəhərində də keçirilir və tədbirdə iştirak etmək üçün bir çox ölkələrdən görkəmli ifaçılar, dirijorlar, orkestrlər dəvət olunur. Nəhayət, bu il də səbirsizliklə gözlədiyimiz VI Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçirildi. Bu böyük musiqi bayramında ənənəvi olaraq, şəhərimizin ən böyük konsert salonlarında dünyanın əksər ölkələrindən, o cümlədən ABŞ, İtaliya, İngiltərə, Bolqarıstan, Rusiyadan gəlmiş məşhur musiqiçilər çıxış etdilər. Festivalın proqramı zəngin və əhatəli idi. Qeyd edək ki, festival çərçivəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, eyni zamanda, Maggio Musicale Fiorentino simfonik orkestri, Litva kamera orkestri, English Chamber Orchestra kimi dünyanın ən aparıcı orkestrlərinin ifaları xüsusi maraq doğurdu. İfa olunan əsərlər Rauf Abdullayev, Fuad İbrahimov, Canluka Marçiano, Zubin Meta, Sergey Krılov (dirijor və violin ifaçısı) kimi dünya şöhrətli dirijorların təfsirində təqdim edildi. Əlbəttə, Elvin Qəniyev (violin, Azərbaycan), Enriko Dindo (violonçel, İtaliya), Maksim Vengerov (violin, Rusiya), Stefani Qounli (violin, İngiltərə), Plamena Manqova (fortepiano, Bolqarıstan), Mixail Qayduk (truba, Rusiya) kimi musiqiçilərin ifasını da xüsusilə qeyd etməliyik. Eyni zamanda, Françesko Demuro (tenor, İtaliya), Stüart Nil (tenor, ABŞ), Badri Maysuradze (tenor, Rusiya) vokal ifaçılarının ifasını da vurğulamalıyıq. Təqdim olunan əsərlər bu musiqiçilərin ifasında daha orijinal və daha parlaq səslənirdi. Festival çərçivəsində dünya musiqisinin ən unikal nümunələri - İ.S.Bax, V.A.Motsart, L.Bethoven, R.Şuman, Y.Sibelius, M.Ravel, P.Çaykovski və digər bəstəkarların müxtəlif alətlər və orkestr üçün konsertləri səsləndi. Eyni zamanda L.Bethoven, P.Çaykovski, Y.Haydn, A.Dvorjak, N.Rimski-Korsakov, Q.Qarayev və başqalarının simfoniya və müxtəlif janrlı simfonik əsərləri ifa olundu. Eləcə də C.Verdi, J.Bize, C.Puççini, R.Leonkavallo və digər bəstəkarların operalarından nömrələr səsləndirildi. Festivalın keçirildiyi günlərdə şəhərimizdə sanki bayram əhval-ruhiyyəsi hiss olunurdu. Belə ki, ifa olunan dünya musiqisinin ən gözəl nümunələri, orkestrlərin və ifaçıların mükəmməl ifası, zənnimizcə, uzun müddət yaddaşlardan silinməyəcək. Hazırladı:Fərdin Məmmədli

9


Zemfira Qafarova

YUBİLYARLAR

Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru , professor Azərbaycan musiqi elminin görkəmli nümayəndələri arasında Zemfira Həsən qızı Qafarovanın öz dəsti-xətti, öz yeri var. Böyük Vətən müharibəsinin ağrılı-acılı günlərində dünyaya göz açan həyatın həm xoş, şirin həm də sərt günlərini böyük sevgi, maraq və mətinliklə, mərdliklə qarşılayan Zemfira xanım ən əvvəl gözəl insani keyfiyyətlərə malik parlaq bir insandır. O, 1984-cü ildə müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edərək sənətşünaslıq namizədi dərəcəsinə layiq görülür. Zemfira Qafarova bir çox monoqrafiyaların, kitabların, elmi məqalələrin, metodik tövsiyələrin müəllifidir. Musiqişünas Zemfira Qafarovanın istedadlı qələmi bir sıra bəstəkarlarımızın həyat yaradıcılıqlarını, əsərlərinin üslub xüsusiyyətlərini işıqlandırmışdır. Onun ”Ramiz Mustafayev”, ”Tofiq Bakıxanov”, ”Şəfiqə Axundova”, ”Hacı Xanməmmədov”, ”Əli Haqverdiyev” və başqa kitabları böyük oxucu auditoriyası qazanmışdır. Zemfira Qafarova Üzeyir Hacıbəylinin zirvə əsəri olan ”Koroğlu”nu təhlil edərək, dəyərli nəticələr əldə etmişdir. Belə ki, Zemfira xanım “Koroğlu”nun avtoqrafı” (1972), “Ü. Haсıbəylinin opera estetikası” (1975), “Ü. Haсıbəylinin “Koroğlu” operasının uvertürası” (1973) və s. yazmışdır. Bununla bərabər o, “Ü. Haсıbəylinin “Koroğlu” operası” (1994) monoqrafiyasının da müəllifidir. Zemfira xanımı jurnalımız adından təbrik edir, ona uzun ömür, can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.

Elnarə Dadaşova

Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru , professor 30 ildən artıq bəstəkar və pedaqoq kimi fəaliyyət göstərən, öz sənətinin hədsiz vurğunu olan Elnarə Dadaşova bəstəkarlığın sirlərini dahi bəstəkarımız Qara Qarayevdən öyrənib. Bəstəkar milli prinsiplərə, folklora dayaqlanan müasir musiqi dilində müxtəlif janrlarda 100-dən artıq əsər yazmışdır. Bəstəkarın yaradıcılığının parlaq səhifəsini onun fortepiano üçün yazılmış “24 Prelüd” silsiləsi, Azərbaycan muğam ladlarında iki dəftərdə “21 fuqa”, “Sayalı” baleti, orqan üçün “Variasiya”, “Fantaziya”, “Postlüdiya” və s. əsərləri təşkil etmişdir. BMA və AMK-da pedaqoji fəaliyyətini davam etdirən E.Dadaşova, həmçinin bir çox dərs vəsaitinin, xor topluları və tədris proqramlarının müəllifidir. Bəstəkarın əsərləri ABŞ, Kanada, Fransa, İtaliya, Almaniya kimi ölkələrin konsert salonlarında səsləndirilmiş, daim maraqla qarşılanmışdır. Bu il Elnarə xanımın yaradıcılığında bir çox əhəmiyyətli hadisələrlə yadda qaldı. Bəstəkarın Azərbaycan Bəstəkarlar İttifaqında ilk müəllif konserti keçirildi. Daha sonra bəstəkarın 34 il bundan əvvəl yazdığı , anasının adını verdiyi “Sayalı” baleti bu yaxınlarda ilk dəfə olaraq M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında səhnəyə qoyuldu. Bəstəkarı bir daha təbrik edir, ona can sağlığı, uzun ömür, yaradıcılıq uğurları diləyirik.

10


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında konsert Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təklifi ilə 7 dekabr , DİA-da Bakı Musiqi Akademiyası konsert proqramı ilə çıxış etdi. Konsertin 70-ci illərdə Azərbaycanın siyasi rəhbəri, görkəmli dövlət xadimi Heydər Əliyevin göstərişi ilə partiya və hökumət işçilərinin klassik musiqiyə cəlb edilməsi, maraq oyadılması məqsədilə Filarmoniyada hər həftənin cümə günləri dünya və Azərbaycan musiqi mədəniyyətinin, klassik, müasir bəstəkarlarının əsərlərinin ifa edilməsi ənənəsinin bərpası idi. Buna “Cümə günləri” deyirdilər. Belə bir layihənin yaradılması əsasında Bakı Musiqi Akademiyasının “Detaşe” skripkaçılar ansamblı, BMA məzunu, opera və balet teatrının solisti Afaq Abbasova, beynəlxalq müsabiqələr laureatı Müşfiq Əliyev, İtaliya, Santa Çeçiliya adına opera studiyasının tələbəsi Azər Rza görkəmli bəstəkarlarımız Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov və s. əsərlərindən ibarət uğurlu, yaddaqalan konsert proqramı ilə çıxış etdilər. Bu konsertin məqsədi də Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasətin yenidən bərpası, onun yolunun davamıdır. Beləliklə, artıq tez-tez bu kimi silsilə xarakterli konsertlər keçiriləcək.

Xəzər universitetində konsert 13 dekabr 2012-ci il tarixində Xəzər universitetində dahi musiqiçilər Fikrət Əmirovun 90 və Niyazinin 100 illiyinə həsr olunmuş Bakı Musiqi Akademiyasının tələbələrinin silsilə konsertlərindən daha biri keçirildi. Konsertdə BMA-nın Gənclər Kamera Orkestri çıxış edirdi. İlk öncə BMA-nın prorektoru, Xalq artisti, professor Yeganə Axundova orkestrin uğurlarından danışdı. O, öz çıxışında bildirdi ki, gənclərdən ibarət bu orkestr artıq 2 ildir ki yaranıb və bir çox nailiyyətlər əldə edib, festivallarda, xarici səfərlərdə çıxış edib. Daha sonra Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı bu orkestrin yaranmasının mədəniyyətimiz üçün əhəmiyyətindən danışdı və gənclərə uğurlar arzuladı. Sonra isə Əməkdar müəllim , Bakı Musiqi Akademiyasının professoru Tofiq Aslanovun rəhbərliyi ilə Gənclər Kamera Orkestri çıxışa başladı. Konsertdə Ü.Hacıbəyli, F.Əmirov, Q.Qarayev, Niyazi, T.Quliyev, A.Əlizadə, A.Dadaşov, F.Çilea, Coplingin əsərləri səsləndi. Solistlər Afaq Abbasova və Azər Rza da ifalarını böyük məharətlə dinləyicilərinə təqdim etdilər. Xüsusilə də Niyazi yaradıcılığından “Ləzginka” dirijorsuz ifasına görə çox böyük maraqla qarşılandı. Konsert uğurla başa çatdı. Biz də öz növbəmizdə akademiyamızın Gənclər Kamera Orkestrini təbrik edir və daim səhnələrdə olmağını arzulayırıq.

11


Arif Məlikov ilə üz-üzə 18 dekabr Xəzər universiteti tarixində əlamətdar gün kimi qeydə alındı. Xəzər universitetinin təşəbbüsü ilə SSRİ xalq artisti, bəstəkar Arif Məlikovla görüş həyata keçirildi. Tədbir Xəzər universitetinin təsisçisi və rektoru, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlının çıxışı ilə başlandı. O, Azərbaycanın elm, təhsil və mədəniyyətində müstəsna rol oynamış görkəmli simalar haqda qısa məlumat ilə başlanan çıxışında əvəzolunmaz insan, dünyaşöhrətli bəstəkar Arif Məlikovun əməyini yüksək qiymətləndirərək, onun ölkəmizin mədəni həyatına bəxş etdiyi töhfələrdən danışdı. Hamlet İsaxanlı çıxışını yekunlaşdırdıqdan sonra səhnəyə bəstəkar Arif Məlikov dəvət olundu. Arif Məlikov tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirərək çıxışına başladı. Bəstəkar əsasən “Sənətkar və cəmiyyətin sənətkara münasibəti“ haqda çıxış edərək, tanınmış simaların tələbə və gənclərlə daha yaxından tanış olması, onlarla səmimi ünsiyyətin qurulmasının tərəfdarı olduğunu bildirərək, bu cür tədbirlərin bütün universitetlərdə təşkil olunmasının lazım olduğunu vurğuladı. Çıxış yekunlaşdırıldıqdan sonra Xəzər universitetinin rəhbərliyi tərəfindən görkəmli bəstəkara universitetin “fəxri doktor” diplomu təqdim olundu. Görüş Arif Məlikovun əsərlərindən ibarət konsert proqramı ilə davam etdi. Hazırladı: Nuray Əliyeva

Tələbələr Üzeyir bəyin ev muzeyində Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 8 dekabr 2012-ci il tarixində təşkilatın fəalları dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ev-muzeyinin qonağı oldular. Tələbələri Üzeyir Hacıbəylinin ev-muzeyi ilə, muzeydəki eksponatlarla Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov özü şəxsən tanış etdi. Üzeyir bəyin əşyaları, əl yazmaları gənclərin xüsusi marağına səbəb oldu. Qeyd edək ki, 8 dekabr həm də bəstəkar Sərdar Fərəcovun ad günü olduğu üçün əlamətdar bir gündür. Bu münasibətlə də 23 nömrəli musiqi məktəbinin 5-ci sinif şagirdi Əliyev Elyar Sərdar Fərəcovun ifasında onun “Ana yurdum-Azərbaycan” mahnısını ifa edərək BMA-nın gənc tələbələrini bəstəkarın musiqisi ilə tanış etmiş oldu, Sərdar Fərəcova isə kiçik bir “musiqili hədiyyə” töhfəsi verdi. O da həmçinin, fortepianoda əsərlərindən birini-“vals”ını ifa edərək tələbələrə xoş ovqat bəxş etdi. Sonda çıxış edən Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının sədri Vüqar Hümbətov Sərdar Fərəcovu tələbələr adından təbrik edərək bu görüşlərin daha böyük formatda keçiriləcəyinə söz verdi. Tədbirin sonunda tələbələr Sərdar Fərəcovla xatirə şəkilləri çəkdirdilər. Hazırladı:Humay Fərəcova

12


MARAQLI FAKTLAR Volfqanq Amadey Motsart 4 yaşında ikən ilk klavir konsertini, 8 yaşında ilk simfoniyasını, 12 yaşında isə ilk operası olan “Bastiyen və Bastiyena”nı yazmışdır. Bu səbəbdən, Baloniya akademiyasının üzvlüyünə 26 yaşdan az olanların qəbulu yolverilməz olsa belə, Motsart istisna şəxs oldu. Belə ki, gənc bəstəkar artıq 14 yaşında ikən Baloniyanın akademiki təyin olunmuşdu. Bu münasibətlə atası onu təbrik edərkən, Motsart ona belə bir sualla müraciət edir : “əziz ata, əgər mən artıq akademikəmsə, yarım saatlıq gəzməyə çıxa bilərəmmi?”

Maraqlı faktdır ki, Lyudviq Van Bethoven hər dəfə musiqi əsəri yazmağa başlamazdan əvvəl başını bir vedrə soyuq suyla isladardı. Bəstəkarın fikrincə, bu beynin fəaliyyətinin stimullaşdırılmasına kömək edirmiş.

Frederik Şopen kiçik yaşlarında olarkən fortepiano arxasına keçəndə bütün şamları söndürərək tamamilə qaranlıq bir şəraitdə ifa edirdi.

Ferens List Bayreyd musiqi cəmiyyətində konsertlə çıxış edərkən özünün yüksək templi, olduqca mürəkkəb bir əsərini ona xas olan virtuozluqla ifa edib, həmişəki kimi tamaşaçıları heyrətə gətirir. Çıxışdan sonra qürurla baş əyərək növbəti sözləri deyir: Avropada bu əsəri yalnız 2 pianoçu mən və Hans fon Bülov ifa edə bilər! Həmin axşamda iştirak edən gənc Jorj Bize royal arxasına keçərək indicə eşitdiyi əsəri yüksək bacarıqla notsuz-filansız ifa edir. Heyrətlənmiş List utanaraq – Bravo!- deyə səslənir və əlini uzadaraq deyir - Təbriklər, Bize! Siz Avropada 3-cü oldunuz!

İohannes Bramsın ən sevdiyi məşğuliyyətlərdən biri öz ayaqqabılarını təmizləmək idi. Bəstəkar qeyd edirdi ki, ən gözəl melodiyalar məhz həmin zamanda onun beyninə gəlir. Rixard Vaqner yeni musiqi əsərinin bəstələnməsi zamanı ətrafdakı bütün oturacaq və masaların üstünə müxtəlif rəngli ipək parçalar düzürmüş. Bəstəkar vaxtaşırı onları əlində oynatmağı vərdiş etmişdi.

Lyudviq van Bethovenin son sözləri – “ Alqışlar, dostlar! Komediya sona çatdı!” 13


Nizami Gəncəvi – Qara Qarayev “Leyli və Məcnun” Azərbaycan xalqının böyük şairi, dünya ədəbiyyatının nəhəng simalarından biri olan Nizami Gəncəvinin (1141-1209) yaradıcılığı öz məzmunu, ictimai-fəlsəfi ideaları, bədii keyfiyyətləri, formasının kamilliyi ilə Azərbaycan və dünya ədəbiyyatında yeni parlaq səhifə açmışdır. Nizaminin “Xəmsə”si ilə şərq və qərb xalqları poeziyasında lirik-romantik və psixoloji-epik ədəbi məktəbin əsası qoyuldu, poeziyanın inkişafında yeni mərhələ açdı. Nizami “Leyli və Məcnun” poemasını 1188-ci ildə Şirvanşah hökmdarı I Axsitanın sifarişi ilə yazmışdır. “Leyli və Məcnun”un mövzusu ərəb mənbələrindən alınmışdır və Nizami çox güman ki, bu mənbələrlə tanış idi. Azərbaycanda da “Leyli və Məcnun” əhvalatı bir dastan kimi dildən-dilə gəzirdi. Görkəmli dirijor,bəstəkar,Azərbaycan xalq musiqisinin parlaq bilicisi,Əfrasiyab Bədəlbəylinin yazdığına görə Azərbaycan klassik musiqisində “Şur” dəstgahında şöbələrin biri “Leyli və Məcnun”adlanırdı. Xalq arasında geniş yayılmış variantlarından istifadə etmiş Nizami dağınıq, bəzən ziddiyətli şifahi nümunələrindən kamil, bitkin sənət əsəri, ölməz məhəbbət dastanı yaratmışdır. Şərqin əvəzolunmaz şairi Nizaminin “Xəmsə”si Azərbaycan bəstəkarlarının maraq və daima diqqət mərkəzində olub. Belə ki, Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, “Yeddi gözəl” baleti, Niyazinin “Xosrov və Şirin” operası, Soltan Hacıbəyovun “İskəndər və çoban” uşaq operası, Müdhət Əhmədovun “Bəhram Gur”, Qalib Məmmədovun “Nüşabə və İsgəndər” simfonik poemaları Nizami dünyasının bir-birindən cazibəli obrazlarının ifadəsidir. Nizaminin anadan olmasının 800 illiyi münasibəti ilə Qara Qarayevin yazdığı “Leyli və Məcnun” simfonik poeması (1947) Azərbaycan simfonik musiqisinin ən mühüm nailiyyətlərindən biridir. Əsər tez bir zamanda beynəlxalq miqyasda şöhrət qazanmışdır. 1948-ci ildə “Leyli və Məcnun” simfonik poeması Dövlət mükafatına layiq görülmüşdür. “Leyli və Məcnun” simfonik poeması Qarayevin Nizami irsinə müraciət etdiyi yeganə əsəri deyil. Nizami obrazları əsasında bəstəkar “Yeddi gözəl” baletini, akapella xoru üçün “Payız” əsərini bəstələmişdir. Bundan başqa o, Nizaminin şeirlərindən üçünü səs və simfonik orkestr üçün lirik təsnif kimi işləmişdi. Bu təsniflər – “Leyli”, “Şirin” və “Sarənc” təsnifi məşhur xanəndə Cabbar Qaryağdı oğlunun repertuarına daxil idi. Q.Qarayev Nizami poemasının məzmununu ümumiləşdirilmiş musiqi obrazları vasitəsilə çatdırır. Əsas diqqəti onun ümumbəşəri motivləri, psixoloji və fəlsəfi mahiyyəti üzərində cəmləşdirən bəstəkar qədim poema əsasında müasir üslublu musiqi əsəri yaratmışdı. “Leyli və Məcnun” – faciəvi məhəbbət dastanı olsa da, Nizami və Qara Qarayev məhəbbətin ölümə, nifrətə üstün gəlməsini tərənnüm edirlər. Poemanın qəhrəmanları, bir-birindən güclə ayrılmış Leyli və Məcnun feodalizm qaydaları şəraitində məhv olurlar, lakin onların əbədi və gözəl məhəbbəti şər qüvvələrinə qalib gəlir, yüksəklərə qalxır: “Eşq heç itə bilməz izsiz,soraqsız ; Sevgi, eşq dediyin daim yaşardırHələ ki, insan var, eşq də vardır”. Hazırladı: Cəlilova Günay 14


“İLİN ƏN FƏAL GƏNCİ”

20 dekabr 2012-ci il tarixində Excelsior hoteldə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə cari ilin yekunlarına dair təsis etdiyi “Yaxşıların Yaxşısı-2012” mükafatının təqdim olunması mərasimi keçirildi. Mərasimin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbirdə Nazir müavinləri, Millət vəkilləri, Federasiyalar, Rayon Gənclər və İdman İdarələri, Bakı şəhərində fəaliyyət göstərən aparıcı idman klubları və cəmiyyətlərinin rəhbərləri və idmançıları, veteran idmançılar, Tələbə Gənclər Təşkilatlarının fəalları və digər qonaqlar iştirak edirdi. Əvvəlcə Gənclər və İdman Nazirinin müavinləri İntiqam Babayev və İsmayıl İsmayılov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov öz çıxışlarını etdilər. Daha sonra 2012-ci ildə müxtəlif sahələrdə fərqlənmiş bir qrup fəal gənc, idmançı, qeyrihökümət təşkilatları, tələbə gənclər təşkilatları, kütləvi informasiya vasitələrinin nümayəndələri mükafatlandırıldı. Mükafatlandırma mərasimində, Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Vüqar Hümbətov “İLİN ƏN FƏAL GƏNCİ” mükafatına layiq görüldü.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 2012-ci ilin yekunları ilə əlaqədar Bakı Musiqi Akademiyasının bir qrup tələbəsini Tələbə Gənclər Təşkilatında aktiv fəaliyyətinə görə diplomla təltif edib. Diplomları gənclərə Bakı Musiqi Akademiyasının prorektoru, xalq artisti Yeganə Axundova təqdim edib.

15


REDAKSİYA HEYƏTİ

tov Hümbə Vüqar aş redaktor, b i və kurs Təsisç gistr II ijor, ma xor dir

Jalə Musiq Miriyeva işünas , IV ku rs

L Mus alə Se y iqiş üna idova s, IV ku

rs

Aynu Xor dir r Hümbəto va ijor, m agistr I kurs

də uradza Leyla M gistr I kurs a m r, ijo Xor dir

tafa ə Mus Həmid r, IV kurs ijo Xor dir Güne Musiq l Nəsirova işünas , IV ku rs Ofelya

İbrahim ova Dizayn er

31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” münasibətilə akademiya kollektivini səmimi qəlbdən təbrik edirik. Sizə və doğmalarınıza sağlam can, bol ruzi-bərəkət və ölkəmizin çiçəklənməsi yolunda gördüyünüz bütün işlərdə uğurlar arzulayırıq.


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.