Mezzo № 16

Page 5

ÜZEYİR HACIBƏYLİ - IX BEYNƏLXALQ MUSİQİ FESTİVALI Xalqımız sentyabrın 18-ni, dahi Üzeyir Hacıbəylinin doğum gününü musiqi bayramı kimi qeyd edir. Bu gözəl bayram 2017-ci il sentyabrın 18-dən 26-dək Bakıda, bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş IX Beynəlxalq musiqi festivalı keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına əsasən hər il sentyabrın 18-də ənənəvi “Üzeyir Musiqi Günü” keçirilir. Bununla əlaqədar olaraq ənənəvi şəkildə bir çox tədbirlər, konsertlər, sərgilər və digər mədəni tədbirlər təşkil olunur. 2009-cu ildən başlayaraq Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalı keçirilir. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən IX beynəlxalq musiqi festivalında Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Gürcüstan, Almaniya, Bolqarıstan və İranın tanınmış musiqiçiləri və bir çox kollektivləri iştirak etmişlər. Beynəlxalq musiqi festivalının açılış mərasimi sentyabrın 18-i Azərbaycan Dövlət Filarmoniyasında baş tutmuşdur. Həmin gecənin konsert proqramı olduqca rəngarəng və maraq doğuran idi. Konsertdə Xalq artisti F.Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edirdi. Rəngarəngli konsert proqramı dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı. Festivalın ənənəsinə uyğun olaraq konsert Ü.Hacıbəylinin “Koroğlu” operasından məşhur uvertüranın səslənməsi ilə açıq elan edilib. Daha sonra R.Vaqnerin “Tanheyzer” operasından marş, P.İ.Çaykovskinin violin və orkestr üçün konserti, (op. 35, D dur) solist qismində Almaniyadan dəvət olunmuş violin ifaçısı A.Semenenko tərəfindən ifa olundu. Konsertin II hissəsində İ.Stravinski “Simurq quşu” baletindən suita və C.Hacıyevin “Sülh uğrunda” simfonik poeması ifa olundu. Bununla yanaşı həmin gün Ü.Hacıbəylinin ev muzeyində dahi bəstəkara həsr olunmuş tədbir keçirilmişdir. Festival günlərində 30-a yaxın konsert və tədbirlər təşkil olunmuşdu. Təqdirəlayiq odur ki, festival çərçivəsində baş tutan tədbirlər yalnız Bakı şəhərini əhatə etməmiş, eyni zamanda Sumqayıt və Ağcabədidə də keçirilmişdir. Xüsusi olaraq qeyd olunmalıdır ki, Ü.Hacıbəyliyə həsr olunmuş festivalda çox gözəl kollektivlər və solistlər təmsil olunurdu. Onların çıxışı isə təkrarolunmaz təəssürat yaratmışdır. Eyni zamanda festival çərçivəsində konsert-konfrans və ustad dərsləri təşkil olunmuşdur. Musiqi festivalına sentyabrın 26-da yekun vurulmuşdur. Bağlanış mərasimində Yeni Münhen Filarmonik Orkestrinin ifası ilə S.Raxmaninov, M.İ.Qlinka və N.A.Rimski-Korsakovun əsərləri səsləndirilmişdir. Əməkdar artist Fuad İbrahimovun idarə etdiyi orkestrin solisti Xalq artisti Murad Adıgözəlzadə olmuşdur. Konsert proqramı dahi Ü.Hacıbəylinin “Koroğlu” operasının əzəmətli uvertürası ilə sona çatmışdır. Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi, Musiqişünas AYGÜN QƏHRƏMANOVA

3


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.