MEZZO №26

Page 1

Qarabağ Azərbaycandır!

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi Publisistik İnformasiya jurnalı

OKTYABR - NOYABR - DEKABR 2020/№26



BAŞ REDAKTORDAN Dəyərli oxucular! Jurnalımızın 2020-ci il üçün son buraxılışı ölkəmiz üçün əlamətdar bir dövrə təsadüf etdi. Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Əliyevin uzun illər ərzində qətiyyətli və möhkəm iradəli siyasəti, Müzəffər Ordumuzun gücü və Xalqımızın həmrəyliyi ölkəmizin 44 günlük Vətən müharibəsində qələbəsini və Azərbaycanımızın ərazi bütövlüyünün bərpa olunmasını təmin etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi tarixi Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi, Azərbaycanın zəfəri, Ermənistanın isə kapitulyasiyası ilə başa çatdı! Qarabağ Zəfəri ilk növbədə iqtisadi inkişaf, dövlət və ordu quruculuğu sahəsində illərdir Azərbaycanın apardığı siyasətin uğurunu ortaya qoydu. Başqa sözlə, bu zəfər Heydər Əliyev strategiyasının və İlham Əliyev siyasətinin zəfəri idi. Azərbaycan 2020-ci il tarixinə nadir uğurlu ölkə kimi daxil olaraq öz gücünü bütün dünyaya bir daha sübut etdi. Bu zəfər Azərbaycanımızın və eləcə də bütün regionun iqtisadi inkişafına ciddi təsir göstərməklə ölkəmizdə tamamilə yeni inkişaf amillərini formalaşdırdı. İnanırıq ki, xalqımızın Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməsi post-müharibə dövründə iqtisadi və sosial islahatlara dəstəyi və etimadı daha da yüksəldəcək, islahatların səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaqdır. Qarabağ bölgəmiz qədim tarixə malik olan bir ərazidir. Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə zəngindir. Qarabağın bədii təfəkkür və yaradıcılığına bölgənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Vətən müharibəsi haqqında çox məqalələr, elmi işlər, kitablar yazılacaq, filmlər və tamaşalar səhnələşdiriləcəkdir. Ancaq onu mütləq şəkildə qeyd etməliyik ki, bu tarixi qələbəni bizə yaşadan Uca Allaha, Müzəffər Ali Baş Komandana, qüdrətli Azərbaycan ordusuna ömrümüzün sonunadək minnətdarıq. Vətən müharibəsində əziz canından keçən hər bir Şəhid bacı və qardaşımızın ruhu qarşısında, onları böyüdüb boya-başa çatdıran valideynlərin və geridə qoyduqları ailələri, körpə balaları qarşısında baş əyirik. Yaralı qazilərimizə tezliklə şəfa diləyir, vətənimizin birliyi və bərabərliyi yolunda hər bir vətəndaşımıza uğur arzulayırıq. Sənətşünsalıq üzrə fəlsəfə doktoru VÜQAR HÜMBƏTOV


AZƏRBAYCAN DÖVLƏT SİMFONİK ORKESTRİNİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ VİDEOGÖRÜŞ TƏŞKİL EDİLİB 24 noyabr 2020-ci il tarixində Diasporla İş üzrə Dövlət Komitəsi və "Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin 100 illik yubileyinə həsr olunmuş videogörüş keçirilib. Tədbirə moderatorluq edən "Azİz"-in Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman qeyd edib ki, Azərbaycan dünya mədəniyyətinin incilərindən sayılan musiqisi, görkəmli bəstəkarları ilə tanınır və təsadüfi deyil ki, Şərqdə ilk opera Azərbaycanda yazılıb. Y.Salman Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəri, Xalq artisti Rauf Abdullayevin təbrik məktubunu oxuyub: "Mən sizin hər birinizə bu təşəbbüsünüz üçün təşəkkür edirəm. İnanıram ki, çox yaxın zamanlarda Bakı Filarmoniyasında yubiley konsertləri keçiriləcək və biz sizinlə virtual yox canlı görüşmək imkanı əldə edəcəyik", - deyə R.Abdullayev qeyd edib. Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, tanınmış dirijor, Xalq artisti Ramiz Məlikaslanov, dirijor Mustafa Mehmandarov, pianoçu Nərgiz Əliyarova, Mixail Aqarunov və başqaları çıxış ediblər. Çıxış edənlər 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın qələbəsi ilə başa çatması münasibətilə iştirakçıları təbrik edib və tədbirin təşkili üçün təşəkkürlərini ifadə ediblər. Azərbaycanın simfonik orkestrinin tarixi, musiqi mədəniyyətinin inkişaf yolu və ölkəmizin dünya musiqi mədəniyyətinə bəxş etdiyi töhfələr barədə danışıblar. Mənbə: diaspor.gov.az

BAKI MUSİQİ AKADEMİYASINDA “QARABAĞIN GÖRKƏMLİ XADİMLƏRİ” MÖVZUSUNDA ONLİNE KONFRANS KEÇİRİLİB 3 dekabr 2020-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsinin “Musiqişünaslıq” ixtisası üzrə II və IV kurs tələbələrinin, 17-18 dekabr 2020-ci il tarixində isə I və III kurs tələbələrinin iştirakı ilə “Qarabağ Azəbaycandır! Qarabağın görkəmli xadimləri” mövzusunda online konfrans keçirildi. Konfransda müxtəlif mövzularda məruzələr səsləndirildi. Mir Möhsün Nəvvab, Seyid Şuşinski, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Məşədi Cəmil Əmirov, Mirzə Sadıq, Qurban Pirimov, Məcid Behbudov, Sadıqcan, Əfrasiyab Bədəlbəyli, BülBül, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Vaqif Sadıqov kimi görkəmli sənətkarların yaradıcılıq irsi tələbələr tərəfindən hazırlanmış müxtəlif məruzələrlə təqdim olundu. Həmçinin vaxtilə Qarabağ uğrunda şəhid olan Milli Qəhrəman Roman Yusifov haqqında Saniyə Cəbrayılovanın çıxışı, Milli Qəhrəman Təbriz Xəlil Rza oğlu Xəlilbəyli haqqnda çıxış və Ləman Qulamovanın vətənpərvər ruhda səsləndirdiyi məruzəsi maraqla qarşılandı. Konfransda ümumilikdə 49 tələbə iştirak etmiş, təqdim olunan mövzular üzərində ciddi müzakirə və müəllimprofessor heyətinin tələbələrə verdiyi suallar konfransın inkişaflı olmasına zəmin yaratmışdır. Konfransda “Tarix-Nəzəriyyə” fakültəsinin dekanı, sənətşünaslıq doktoru, professor G.Mahmudova, Əməkdar müəllim, “Musiqi tarixi” kafedrasının müdiri, professor Ü.İmanova, “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın professoru K.Nəsirova tələbələri qələbə sevinci münasibəti ilə təbrik etdi, sonda isə, bir çox mövzuda gənc nəsil olaraq, tələbələrin Qarabağ tarixini dərindən mənimsəmələrini, torpaqdan gələn gücü hiss etmələrini və hər bir tələbənin vətənpərvər ruhunu bəyənərək, təqdirəlayiq qiymətləndirdi.

Bakı Musiqi Akademiyasının Mətbuat Xidməti 2


“MÜASİR DÖVRDƏ İNFORMASİYA MÜHARİBƏSİ PROBLEMLƏRİ VƏ ONUN TƏSİRİ” ADLI VEBİNAR KEÇİRİLİB Azərbaycan 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu məğlub edərək şanlı tarix yazdı. Ermənistan Respublikası tərəfindən 30 ilə yaxın müddətdə davam edən işğalçılıq siyasəti Azərbaycan Respublikasının Ali Baş Komandanı və Müzəffər Azərbaycan Ordusunun qətiyyəti ilə dəf olundu. Lakin düşmən tərəf informasiya müharibəsini hələ də davam etdirməkdədir. Bununla əlaqədar olaraq, ölkəmiz haqqında düzgün informasiyanı dünyaya çatdırmaq, gənc nəslin düşmənə qarşı məlum informasiya müharibəsindəki aktivliyini düzgün istiqamətləndirmək məqsədilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşkilatçılığı ilə akademiyanın tələbələri üçün 23 dekabr 2020-ci il tarixində Zoom proqramı vasitəsilə “Müasir dövrdə informasiya müharibəsi problemləri və onun təsiri” adlı onlayn vebinar keçirildi. İlk öncə vebinarın icraçısı, Azərbaycan Respublikasının Xalq artisti, BMA-nın prorektoru, professor Y.Axundova giriş sözü ilə çıxış edərək, Azərbaycan və SSRİ Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəylinin salamlarını və bu mövzunun onun üçün önəmini vurğulayaraq, xoş arzularını vebinar iştirakçılarına çatdırdı. Y.Axundova da öz növbəsində məsələyə münasibətini bildirərək, çıxış edənləri təqdim etdi. Sonra vebinarda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu "Müasir dövrdə media manipulyasiya və informasiya müharibəsi", "Media məkanımıza müdaxilədə başlıca hədəflər" mövzuları ilə ətraflı çıxış edərək, informasiya müharibəsində gənclərin sosial şəbəkələrdə aktiv olmaları haqqında tövsiyələrini irəli sürdü. O, eyni zamanda 44 günlük Vətən müharibəsi zamanı KİV-lərin fəaliyyətindən, beynəlxalq mediadan, Ali Baş Komandanın Beynəlxalq media nümayəndələrinə verdiyi uğurlu müsahibələri və xalqa müraciətləri zamanı qətiyyətli, əhəmiyyətli çıxışlarından misal gətirərək, apardığımız informasiya müharibəsinin də bu zəfər çalınmış savaşda önəmini vurğuladı. Ardınca Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat informasiya və analitik təhlil şöbəsinin müdir müavini, Təbliğat və analitik təhlil sektorunun müdiri Leyla Həmzəyeva Vətən müharibəsi zamanı diasporanın xarici ölkələrlə qurulan əlaqələri, görülən işlərin hesabatı ilə çıxış etdi və ona ünvanlanan sualları cavablandırdı. Azərbaycan Respublikasının Xarici işlər Nazirliyi nəzdində fəaliyyət göstərən "Diplomatiya könüllüləri" qrupunun rəhbəri Nigar Eyvazzadə mövzu ətrafında geniş söhbət açaraq, bu sahədə informasiya müharibəsində gənclərin və könüllülərin aktiv iştirakı metodları haqqında vebinar iştirakçılarını məlumatlandırdı. Vebinarda BMA-nın professor-müəllim heyəti Əməkdar incəsənət xadimi, BMA-nın Elmi işlər üzrə prorektoru, professor G.Abdullazadə, Əməkdar incəsənət xadimi, professor Z.Dadaşzadə, Xalq artisti, professor Y.Adıgözəlov, professor M.Hacıyeva, dosent K.Ələsgərli, dosent X.Həsənzadə, BMA-nın Elmi laboratoriyasının müdiri, dosent N.İsmayılzadə öz təcrübələrini bölüşərək bu qlobal məsələyə dair fikirlərini söylədilər. Eləcə də bu mövzuda çıxış edən qonaqlara suallar ünvanlayıb, müasir dövrdə çox böyük önəm daşıyan informasiya müharibəsi problemləri və onun həlli ilə bağlı birgə fəaliyyət üçün maraqlı təkliflər irəli sürərək, gələcəkdə bu istiqamətdə birgə qarşılıqlı layihə həyata keçirməyin zəruriliyini qeyd etdilər. Tələbə heyəti də öz növbəsində aktiv iştirak edərək, əldə etdikləri məlumatlardan məmnun qaldıqlarını, belə vebinar və layihələrin davamlı olmasını arzuladıqlarını bildirdilər. Qeyd edək ki, “Müasir dövrdə informasiya müharibəsi problemləri və onun təsiri” vebinarının moderatoru Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi, bəstəkar Röya Hüseynova idi. BMA-nın İnformasiya və Texnologiyalar üzrə mütəxəssisi RÖYA HÜSEYNOVA

3


VASİF ADIGÖZƏLOV 85 Natəvan operası Qarabağ salnaməsinin bir səhifəsi kimi Qarabağın qələbəsi və Şuşanın işğaldan azad olması Görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun 85 illiyinə böyük bir töfhə oldu. Bu zəfər günlərində siyasi və mənəvi sınaqlardan üzü açıq keçməyimizə nəzər salaraq, görmək olar ki, bu qələbəni müxtəlif sahənin öndə gedən ziyalıları, siyasi və mədəniyyət xadimləri, ümumilikdə Azərbaycan xalqı işğal olunmuş torpaqlarımız uğrunda bu və digər şəkildə arxa və ön cəbhədə mübarizə aparıb. İşğaldan azad olma arzusu ilə Vasif Adıgözəlov neçə illər boyu yaşayıb yaratmışdır və bu mövzunu yaradıcılığının mərkəzinə qoymuşdur. Bu qəlbin çağırışına səslənərək Xan qızı Natəvana həsr olunmuş operanı yaratmaq fikrinə gəlir. Vasif Adıgözəlovun "Natəvan" operasının uzun zamandır gözlənilən premyerası 2003-cü ilin dekabrın 7-də Dövlət Akademik Opera və Balet Teatrında baş tutmuş və bu, respublikanın mədəni həyatında yalnız əlamətdar bir hadisə deyildi. Təxminən iki əsrlik Qarabağ münaqişəsinin tarixini əks etdirən milli operanın uzun fasilədən sonra səhnələşdirilməsi dövlət əhəmiyyətli bir hadisəyə çevrildi. Xan qızı Natəvanın 170 illiyinə bir töhfə olmuşdur. Süjet xəttini izləyərək biz sanki XIX əsrdə baş verən Qarabağın tarixi hadisələrini bir daha bədii şəkildə göz önümüzdə canlandırırıq. Libretto müəllifi Nazim İbrahimov mətn üzərində işə hələ ötən əsrin 80-ci illərindən başlamış və 1988-ci ildə bəstəkar Vasif Adıgözəlova opera librettosunun ilk variantını təklif etmişdir. On il ərzində bu operanın yaradılması üzərində iş aparılırdı. Baş qəhrəmanın obrazı hekayə xəttinin inkişafının ümumi kontekstində, eyni zamanda bütün operanın dramatik konsepsiyasında ortaya çıxdı. Opera Azərbaycan və Özbəkistanın xalq artisti, professor Firudin Səfərov tərəfindən səhnələşdirilib. Həmyerlimiz uzun illər Daşkənd Opera və Balet Teatrında çalışmış və böyük həvəslə "Natəvan" operasının quruluşunda rejissor kimi iştirak etmək dəvətini qəbul etmişdir. Natəvan operası, öz miqyasına görə, proloq və epiloq ilə üç aktdan ibarət böyük bir əsərdir. Opera süjeti 19cu əsrdə Qarabağa qarşı işğalçılıq və düşmənçilik meylləri, Qarabağın mənəvi mədəni həyatının yüksək səviyyəsi, yüksək toplumun ermənilərin və Çar Rusiyasının siyasi incəlikləri ilə nümayişi, eləcə də xalqın sevinci və kədəri ilə göstəriciləri kimi amillərə əsaslanır. Mərkəzi birləşdirici halqa, xan qızı Natəvanın ailədə, dünyəvi dairələrdə və ədəbi həmkarlar dairəsində göstərilən həyatı, yaradıcılığı və ictimai - siyasi fəaliyyətləri idi. Azərbaycanın Xalq artisti Xuraman Qasımovanın ifasında Natəvan obrazı misilsizdir. Həm vokal, həm də səhnə baxımından, müasir operanın bütün kanonlarına cavab verən yüksək bədii bir performans modeli yaratmışdır. Yüksək, incə bir ləzzət hər şeydə - səhnə hərəkətlərində, jestlərdə, ən gözəl milli geyimlərdə, parça və rənglərin heyrətləndirici seçimində hiss olunur, bu, şübhəsiz ki, rejissor, Azərbaycanın Xalq artisti Rafiz İsmayılovun böyük ləyaqətidir. Xuraman Qasımova, bir hökmdarın və heyrətamiz bir həyat dramı yaşayan böyük bir qadının parlaq və eyni zamanda faciəli obrazını yaratmağı bacarmışdır. Bəstəkar Vasif Adıgözəlov, özü də Qarabağ əsilli, gözəl Natəvanın qələminə layiq əhəmiyyətli bir əsər yaratmaq fikrini bütün yaradıcılığından keçirir. Natəvanın misralarına "Qərənfil" bayatı-mahnısını hər kəs çox sevirdi, operanın yaranmasına atılan addımlardan biri idi. Tamaşa Avropa və milli opera sənətinin ən yaxşı ənənələrini layiqincə davam etdirir. Operada kütləvi səhnələrə, məsələn, Şuşanı bürüyən yanğın səhnəsinə, daha sonra “Cıdır Düzü”ndə xalq şənliklərinə səhnə verilir. Kütləvi səhnələrdə xalqın əhval-ruhiyyəsini göstərmək üçün xora üstünlük verir. Xalq sevinir: yenidən sülh hökm sürdü, amma nə qədər müddətə? Bu sual havada asılıdır, bu operanın bütün hissələrində ortaya çıxır. Proloqda nəhəng bir kitabın fonunda saatın salınan sarkaçı dünyanın keçici təbiətindən və insan ehtiraslarından bəhs edir. Yeri gəlmişkən, müqəddimə və epiloqda simvolikaya yer verilir. Epiloqda Natəvan ruhunun Qarabağ torpaqlarının azad edilməsinə çağırışı bir peyğəmbərlik şəklində də təsvir edilir. Natəvan operası ictimai hadisələrdə və həyat şəraitində mərkəzi yer tutan şairə obrazına yönəlmişdir. Cıdır düzündəki ilk hissədə, Natəvanın gəlişi şərəfinə bir bayram təşkil edilir. Uzun bir ayrılıqdan sonra özünü vətəndə tapır və böyük sevgi hissi ilə xalq şənliyində iştirak edir. Opera musiqisində xalq mövzularından geniş istifadə olunur, izdiham səhnələrində aşıq havaları, “Qıtqılıda” xalq rəqs melodiyaları, muğam epizodları və muğamtematik intonasiya konstruksiyaları eşidilir. Musiqi üslubuna, tematik, orkestr tarazlığına, xalq və ictimai həyatın rəqs və opera-vokal səhnələri kontekstində ciddi şəkildə sadiq qalması musiqi rəhbəri və dirijor bəstəkarın oğlu olan Yalçın Adıgözəlova böyük məsuliyyət düşürdü. İlk akt Xasay bəy Usmiyevin (Azərbaycanın Əməkdar artisti - lirik tenor Həsən Enaminin) 4


həyat yoldaşı Natəvana səsləndirdiyi həssas sevginin nümayişi ilə başlayır. Sevgi dolu bir cütlüyün "Bayatılar"a əsaslanan ecazkar bir dueti səslənir. Ancaq şənliyin ortasında məktublar gətirilir, burada Xankəndindəki iğtişaşlardan bəhs olunur və Natəvan həyəcanla səslənir: “Heç kimsəyə bir zərrə qədər torpaq verilməyəcək. Bura atalarımın torpağıdır, heç vaxt nankorlara vermərik!”. Operanın ikinci hissəsi bizi Tiflisə aparır. Gürcüstan şahzadəsinin sarayında hörmətli qonaqlar - Fransız yazıçısı Aleksandr Dümanın şərəfinə Azərbaycanın Əməkdar artisti Elxan Əhədzadənin və Rusiyanın ən yüksək zabitlərinin ifasında ziyafət verilir. Qonaqlar arasında xanın qızı Natəvan, həyat yoldaşı - Şahzadə Usmiyev də var. Qonaqlar əylənirlər, xorun müşayiəti ilə rəqs musiqisi bizi dünyəvi bal rəqsləri dünyasına aparır. Vals oynayan cütlüklər, Şaloxo rəqsini böyük bir yumor və məharətlə ifa edən Gürcüstan kinto ruhunda bir üçlüyə yer verirlər. Dövrün rus dəbinə hörmət edərək, onların ardınca qaraçı rəqsi səslənir. Rəqslər balet ustası, Azərbaycanın Xalq artisti Tamilla Şirəliyeva tərəfindən səhnələşdirilib. Fransız yazıçısı Aleksandr Dümanın şairə Natəvanla görüşü səhnəsi və qiymətli hədiyyəni - Qarabağ atını təsvir edən xanın qızı tərəfindən işlənmiş əl işini qəbul edərək ifadə etdiyi heyranlıq tamaşaçılarda böyük maraq doğurur. Buna cavab olaraq yazıçı ona fil sümüyündən hazırlanmış şahmat hədiyyə edir. Natəvanın Aleksandr Dümayla söhbətində Usmiyevin əmisi görünür, bu rolu Nizami Bağırov ifa etmişdir. Dağıstandan gəldikdə, Xasay bəyin ata evinə qayıtmasını tələb edir və bununla Natəvanla evliliyindən və Şuşadakı iqamətgahından narazılığını bildirir. Usmiyev vətəninə dönməyə qərar verir. Natavan, bu gedişin münasibətlərindəki bir ayrılığa səbəb olacağını başa düşərək lirik ariyasında kədərini ifadə edir: Bu nə kədər, bu nə qəmdi, Ömrüm günüm dərd sitəmdi. Bu hadisələrin fonunda salonun kənarında Çar Rusiyasının ən yüksək qonağı ilə rüşvət köməyi ilə Qarabağ torpaqlarını Rusiyadan bazarlıq etməyə çalışan varlı bir erməni arasında xain bir bazarlıq var. Rüşvət alındı, ancaq bu sözlərlə: “Qarabağda olduğunuz cəmi üç - beş gündür! Haradan sənin oldu? " Erməninin cavabı belədir: "Hər şeyi satmağa hazıram: Qarabağ müqabilində şərəf və vicdan ..." Üçüncü aktda Natəvan Sarayında Azərbaycanın məşhur ədəbiyyat və poeziya nümayəndələrinin dairəsində təsvir edilir. Natəvanın rəhbərlik etdiyi Məclisi-üns ədəbi dərnəyinin üzvləri göstərilir. Aktın başlanğıcı "Mənsuriyyə" üzərində qurulur, ardınca "Bayatı-Şiraz", "Şur", "Segah" muğamları əsasında şeirlər deklamasiyası oxunur və nəhayət, Natavanın çıxışı səslənir. Xuraman Qasımovanın möhtəşəm bir ifasında Natəvanın "Qərənfil" misralarına bir mahnı səslənir, burada şairə istedadının, gözəlliyinin və həyat ilhamının bütün əzəməti ilə tamaşaçıların qarşısına çıxır. Bu dramatik səslənmə sayəsində sonrakı faciəvi keçid tamaşaçıların təsəvvürünə güclü təsir göstərir. Usmiyevdən sevgi zəmanəti ilə bir məktub gəlir və Şuşaya ona qayıtmağı vəd edir. Bu anda qulluqçu Natəvana kiçik oğlu Mir Abbasın ölümü barədə məlumat verir. Güc qazanaraq bir parça bəla yazıq qadının üzərinə düşür. Çətinliklər altında, Qarabağ hökmdarı olan bir kədər içində olan bir ana kədərlənir: "Mən ölsəm yaxşı olardı, sən də, ey iki üzlü dünya!" Xuraman Qasımovanın ifasında Natəvanın ölüm səhnəsi, ifaçılıq bacarığı və aktyorluq baxımından operanın ən qiymətli səhnələrindəndir. Bu səhnənin musiqisi “Zabul” muğamından “Segah”a keçidlə, Natəvanın oğlunun ölümünü təsvir edən məşhur “Ölürəm” qəzəli üzərində yazılmışdır. Bu dərd Natəvanın vaxtsız ölümünə səbəb olur. Xanəndə qız obrazını yaradan Əməkdar artist Nəzakət Teymurova “Segah” muğamı əsasında olan ifası ilə Natəvanın ölümünü ağlayır. Epiloqda xalqın əhatəsində Natəvan türbəsi göstərilir. Knyaz Usmiyev, sevimli həyat yoldaşının itkisindən dərindən kədərlənir. Ancaq artıq gecdi, o yoxdur. Birdən insanlar arasında bir qarışıqlıq başlayır. İnsanlar narahat olan Natəvan ruhunun varlığını yalnız eşitmir, həm də hiss edirlər. Əvvəlcə səsi eşidilir, sonra Natavan obrazının özünü tamaşaçılar səhnədə görür. Şuşanı alın geri, Ahım odlar, yeri-göyü. Şuşanı alın geri, Şuşanı xilas edin. İtirilmiş torpaqlar, bu ecazkar və qeyri-adi qadının - Şuşa hökmdarının faciəli taleyi üçün ağlayan gözlərində acı yaşı olmayan bir tamaşaçı yox idi. Əlbətdə ki, tamaşaçılar sənətçilərin yüksək səviyyəli çıxışlarını ayaq üstə alqışlarla qiymətləndirdilər. Bugün bizim görkəmli bəstəkar Vasif Adıgözəlovun ruhu şaddır! Yaxın zamanda “Natəvan” operasının Şuşada səhnələşdirilməsinin şahidi olacağıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır! Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor GÜLNAZ ABDULLAZADƏ

5


MİLLİ MUSİQİ GÜNÜ MÜNASİBƏTİLƏ RESPUBLİKA KONFRANSI KEÇİRİLİB 18 sentyabr Milli Musiqi Günü münasibətilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyası tərəfindən dahi bəstəkarlar Ü.Hacıbəyli və M.Maqomayevin anadan olmasının 135 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilmişdir. "Dahi Üzeyir Hacıbəylinin ölməz irsi" adlı onlayn konfransa laboratoriyanın elmi əməkdaşları, BMA-nın mütəxəssisləri və doktorantları ilə yanaşı, Bakı Xoreoqrafiya Akademiyasının elmi-yaradıcılıq işləri üzrə prorektoru, professor Sonaxanım İbrahimova, ADPU Şamaxı filialının elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə f.d. Şasəddin Mikayılov, Naxçıvan Dövlət Universiteti (NDU) İncəsənət fakultəsinin "Musiqinin tarixi və nəzəriyyəsi" kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq üzrə elmlər doktoru, dosent İnarə Məhərrəmova və NDU-nun dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədli və b. qatılmışdılar. BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə konfransı giriş sözü ilə açaraq, iştirakçıları Milli Musiqi Günü münasibətilə təbrik etdi, tədbirin mövzusu və məqsədi haqqında məlumat verdi. Xalq artisti, professor Ramiz Quliyev də konfrans iştirakçılarına ürək sözlərini bildirdi. Sonra dahi bəstəkarın həyatyaradıcılığına həsr olunmuş video çarx təqdim olundu. BMA-nın elmi-yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin "Ü.Hacıbəylinin əsərlərində qadın hüquqları problemi", S.İbrahimovanın "Xoşbəxt evliliyin qaydaları" ("Arşın mal alan"ın motivləri üzrə BXA-nın eyni adlı tamaşası)" , N.İsmayılzadənin "Əbədi yaşayan sənətkarlar - Ü.Hacıbəyli və M.Maqomayev", Ş.Mikayilovun "Ü.Hacıbəyli yaradıcılığında milli musiqi dünyagörüşünün bəzi xüsusiyyətləri", G.Məmmədlinin "Xəlqilik Ü.Hacıbəyli yaradıcılığının əsas meyarı kimi", elmi-tədqiqat laboratoriyasının əməkdaşlarından sənətşünaslıq üzrə fəlsəfə doktorları - İmina Əliyevanın "Üzeyir Hacıbəyli və dünya musiqi mədəniyyəti" və Rauf Bəhmənlinin "Ü.Hacıbəylinin yaradıcılığında xalq rəqslərinin əhəmiyyəti", doktorantlardan Fidan Nəsirovanın "Hacıbəylilər nəslinin Azərbaycan musiqisinin inkişafında rolu" və Könül Əhmədovanın "Ü.Hacıbəylinin ədəbi və musiqi yaradıcılığında satira" adlı məruzələri təqdim olundu. Məruzələr audio-video materiallarla müşayiət olundu.

MƏKTƏB-STUDİYASININ 40 İLLİYİNƏ HƏSR OLUNMUŞ İLK BEYNƏLXALQ İNTERNET-MÜSABİQƏSİ KEÇİRİLİB Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) məktəb-studiyasının 40 illiyinə həsr olunmuş ilk beynəlxalq internet-müsabiqəsi keçirilib. BMA-nın rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə keçirilən müsabiqə üç mürəkkəb və müxtəlif istiqaməti – akademik (klassik), xalq və caz musiqisini birləşdirib. Ancaq bu müsabiqənin özünəməxsusluğu tək bu üç istiqamətin tandemində deyil, həm də musiqiçilərin yaş həddinə məhdudiyyət qoyulmamasında olub. İştirakçıları Azərbaycan, Türkiyə və Rusiyanın görkəmli sənət xadimlərindən ibarət münsiflər heyəti qiymətləndirib. Müsabiqə həm musiqi məktəbləri və konservatoriyaların tələbələri, həm də yuxarı yaş qrupunda olan püxtələşmiş mütəxəssislər arasında keçirilib. Yarışmaya dünyanın 9 ölkəsindən - Azərbaycan, ABŞ, Avstriya olan 150-dən çox müraciət daxil olub. İştirakçıların sayına görə pianoçular daha geniş tərkiblə təmsil olunub. Klavişli alətlər (fortepiano və orqan) nominasiyaları üzrə 85 iştirakçıdan 8 ifaçı birinci dərəcəli laureat adına layiq görülüb. Orkestr alətləri ixtisaslarına görə 4 violin, 1 arfa, 2 klarnet, 4 fleyta, 1 zərb alətləri, 8 vokal ifaçısı qalib gəlib. Müsabiqənin nəticələri ilə Bakı Musiqi Akademiyasının rəsmi saytında tanış olmaq mümkündür:

http://musicacademy.edu.az/kheberler/musabigeler/2404-musabiqe-30dekabr-2020.html Qeyd edək ki, akademik, milli, caz ifaçılarının Birinci Beynəlxalq müsabiqəsi layihəsinin müəllifi və münsiflər heyətinin həmsədri, BMA məktəb-studiyasının təsisçisi və direktoru, Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovdur. Bakı Musiqi Akademiyasının 6 Mətbuat Xidməti


BAKI MUSİQİ AKADEMİYASINDA “AZƏRBAYCAN MUSİQİSİNƏ QARŞI APARILAN İŞĞALÇILIQ SİYASƏTİNƏ DAİR” BEYNƏLXALQ KONFRANS-KONSERT KEÇİRİLİB 6 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Mədəni Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyi ilə birgə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyasının alim heyəti, elm və musiqi xadimləri, tanınmış musiqişünaslarının iştirakı ilə onlayn rejimdə “Azərbaycan musiqisinə qarşı aparılan işğalçılıq siyasətinə dair” mövzuda ilk beynəlxalq konfrans-konsert keçirilmişdir. Konfransı giriş sözləri ilə açıq elan edən BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə konfransın əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə elmi laboratoriyanın alimlərinin xüsusi əzmlə çalışdıqlarını və əldə etdikləri elmi – nəzəri sübutların geniş ictimaiyyətə çatdırılmasının önəmini vurğuladı. Sonra ilkin olaraq Ü.Hacıbəyli adına BMA-nın rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəylinin konfrans iştirakçılarına ünvanlanan videomüraciətini səsləndirdi. Fərhad Bədəlbəyli bildirdi ki, Azərbaycan hal-hazırda şərəfli tarixi günlərini yaşayır. Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, müzəffər ordumuzla birlikdə torpaqlarımızı erməni işğalçılarından azad edir. Olduqca önəmlidir ki, bu konfrans beynəlxalq əhəmiyyətə malikdir. Ümidvaramki, elmi laboratoriyanın təşəbbüsü ilə keçirilən bu beynəlxalq konfrans ermənilərin musiqimizə qarşı apardıqları işğalçı siyasətinə son qoyulmasında önəmli addımlardan olacaqdır. Daha sonra cıxış edən BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, f.e.d., professor Gülnaz Abdullazədə ermənilərin bizim mədəni irsimizə vurduqları ziyanın dünya ictimayətinə çatdırılmasının strateji məna daşıdığını diqqətə çatdırdı. Əqli Mülkiyyət Agentliyinin aparat rəhbəri Natiq İsayev söz alaraq təmsil etdiyi qurumun akademiyanın elmi laboratoriyası ilə sıx əməkdaşlıq etməsini və ermənilərin plagiat fəaliyyətini sübut edərək, Azərbaycan müəlliflərinin əsərlərinin və folklor nümunələrinin erməniləşdirilməsi cəhdlərinə qarşı mübarizə aparıldığını bildirdi. Dörd saata yaxın bir vaxtda keçirilən onlayn konfransda çıxış edən aparıcı elmi işçi, dosent Ariz Abduləliyev “Azərbaycan musiqisi: tarixi, ənənə və erməni vandalizmi”, böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli Azərbaycan xalq rəqsləri erməni plagiatında”, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, baş elmi işçi, professor Arif Əsədullayev “Muğamın nota köçürülməsi – erməni vandalizminə qarşı mübarizə silahı kimi”, Xalq artisti, professor Zümrüd Məmmədova “Beynəlxalq Babil festivalında erməni musiqiçilərin məğlubiyyətinə dair”, gənc bəstəkar, elmi işçi İlahə İsrafilova və başqaları öz çıxışlarında Azərbaycan musiqisinə qarşı erməni plagiatına dair yeni faktları elmi dəlillər ilə ifşa etdilər. Konfransda: Əqli Mülkiyyət Agentliyinin aparat rəhbəri Natiq İsayev, Tiflis şəhəri M.F.Axundov adına Dövlət muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Leyla Əliyeva, Türkiyədən pianoçu, dirijor və bəstəkar Turan Manafzadə, ABŞ-dan Nyu-York Azərbaycan Qlobal Musiqi təşkilatının rəhbəri, professor Nərgiz Əlyarlı, Ukraynada Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Xalq artisti Qurbanəli Abbasov, Rusiyanın Novosibirsk şəhərinin simfonik orkestrin baş dirijoru Etibar Əhmədov, Gürcüstan Azərbaycanlıları tərəfindən ilk qurulmuş teatrın qurucusu və bədii rəhbəri Anar Hümbətov, Almaniyanın Berlin şəhərindən jurnalist Emil Həsənov, Azərbaycan və Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədov, Kanadanın Toronto şəhərindən bəstəkar Araş Dimas iştirak etmişlər. Qonaqlar çıxış üçün söz alaraq bildirdilər ki, hal-hazırki dönəmdə erməni plagiatına qarşı mübarizə müstəvisində beynəlxalq konfransın keçirilməsinin mahiyyəti olduqca mühümdür. Qonaqların hər biri yaşadıqları ölkələrdə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasında fəal iştirak etdiklərini və geniş təbliğatla məşğul olduqlarını bildirdilər. Konfransda erməni təcavüzünə ən çox məruz qalan musiqi nümunələri səsləndirilmiş və sonda bütün konfrans iştirakçılarının razılığı ilə ümumi Bəyanat qəbul edilmiş və adiyyatı qurumlara göndərilməsi nəzərdə tutulmuşdur. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın böyük elmi işçisi MEHPARƏ RZAYEVA

7


ƏN BÖYÜK ABİDƏ Ötən payız böyük sənətkarımız, Azərbaycan Respublikasının Xalq artisti, iki dəfə Respublika Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli, professor Xəyyam Hadi oğlu Mirzəzadənin 85 yaşı tamam olmalı idi. Artıq iki ildir ki, biz bu günü onsuz qeyd edirik. Onun haqda danışarkən düşünürəm: o, bəstəkarlarımızın elə bir qüdrətli dəstəsinə mənsubdur ki, onlar həm musiqimiz, tariximiz qarşısında, həm də yazıb-yaratdıqları qarşısında böyük məsuliyyət daşımışlar. Xəyyam Mirzəzadə Azərbaycan bəstəkarlıq məktəbinin çiçəkləndiyi bir dövrdə yaşayıb-yaratmışdır. Bir bəstəkar kimi onun formalaşması və təşəkkülü ölkəmizin siyasi-ictimai həyatında yüksəliş dövrünə - ötən əsrin 60-70ci illərinə təsadüf edir. Bir görün onu kimlər əhatə edirdi?! Musiqisi ilə özündən sonra gələn bütün Azərbaycan bəstəkarlarının yolunu işıqlandırmış, istiqamətləndirmiş Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, Tofiq Quliyev, Rauf Hacıyev, Cahangir Cahangirov, Süleyman Ələsgərov ... Biz - onun tələbələri Xəyyam müəllimin öz müəllimlərinə, həmkarlarına, onların yaradıcılığına necə dərin hörmətlə və böyük ehtiramla yanaşdığının dəfələrlə şahidi olmuşuq. Xəyyam Mirzəzadə milli musiqi mədəniyyətimiz tarixində həm görkəmli bəstəkar, həm istedadlı müəllim, həm də musiqili-ictimai xadim kimi dərin iz buraxmışdır. Bu isə o deməkdir ki, həm fəaliyyət dairəsinin müxtəlif sahələrində, həm də musiqinin müxtəlif janr və formalarında öz sözünü demiş, bizə böyük musiqi irsi miras qoymuşdur. X.Mirzəzadə milli musiqi xəzinəmizdə həm dahi əsərləri ilə əbədiləşən Üzeyir Hacıbəyli ənənələrini, həm də klassik və müasir musiqi ənənələrini ləyaqətlə davam etdirən bəstəkar olmuşdur. İstər yaradıcılığının ilk dövrlərinə aid simli kvartetində (1956), yaxud “Oçerklər-63” simfonik poemasında (1963), istər milli simfoniya tarixində ilk dəfə Dövlət mükafatı almış “Triptix” simfoniyasında (1970), yaxud doğma torpağını və zəhmət adamlarını sevə-sevə vəsf etdiyi “Çiçəklən, Vətənim” kantatası (1972) və “Dəniz neftçiləri” (1988) orkestr süitasında, istər səs və orkestr üçün “Etiraf” vokal məcmuədə (1976), yaxud fortepiano üçün “Ağlar və qaralar” 12 prelüd silsiləsində (1984), istər müxtəlif alətlər üçün solo sonatalarında (“Pro e contra” 1981, “Genesis” 1982, arfa sonatası 1984, “Nachtmusik für Christoph Yaggin” 1996, “Metamorphose”, 1999, “Ohne” 1998), yaxud qarışıq tərkibli kamera əsərlərində (“Memory” 1989, “Konzertstück” 1994, “Concerto-grosso” 2010), istər estrada mahnıları (1968), dram tamaşaları (U.Şekspir - “Hamlet” 1998, “Makbet” 2002, C.Cabbarlı - “Aydın” 1978, B.Vahabzadə - “Atamın kitabı” 2001 və s.) və kinofilmlərə musiqidə (“Yeddi oğul istərəm” 1970, “Bakıda küləklər əsir”, “Arxada qalmış gələcək” 2006 və s.) - bu əsərlərin hər birində onun bir sənətkar kimi yaradıcı təxəyyülünün zənginliyini, stilistik cəhətdən yiyələndiyi üslub müxtəlifliyini görmək olar. Adı çəkilən əsərlər bəstəkarın adını hələ öz sağlığında ən böyük abidə kimi ucaldaraq milli musiqi mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur. Respublikamızın musiqi ictimaiyyəti Xəyyam Mirzəzadəni dərin köklərlə bağlı olduğu doğma torpağın, sevgisinin həddi-hüdudu olmayan Bakı şəhərinin, Azərbaycan xalq musiqi incilərinin dərin bilicisi kimi tanımışdır. Əlbəttə ki, onun böyüdüyü mühit, gözəl ailə tərbiyəsi, uşaqlıqdan ətrafında eşidib gördüyü xalq sənətinə məhəbbət burada böyük rol oynamışdır. Ayrı cür ola da bilməzdi. Axı o, Azərbaycan dili tarixinin yaradıcılarından olan görkəmli alim, filologiya elmləri doktoru Hadi Mirzəzadənin ailəsində dünyaya göz açaraq, tərbiyə olunmuş, XX əsrin görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayevin bəstəkarlıq sinfini bitirmişdi. Təbii ki, böyük müəllimin sinfində gözəl məktəb keçməsi, onunla sıx yaradıcı ünsiyyəti hələ gənc çağlarından bəstəkarın dünyagörüşünün zənginləşməsinə, peşəkarlığının püxtələşməsinə öz təsirini göstərmişdir. Adı qeyd olunmuş əsərlər respublikazımın aparıcı kollektivlərinin - Azərbaycan Opera və Balet teatrı, Dövlət Simfonik və Kamera Orkestrləri, Dövlət Xor kapellası və Simli kvartetinin repertuarında özünə layiqli yer tutmuşdur. Niyazi, Kamal və Rauf Abdullayevlər, R.Məlikaslanov, L.Ginzburq, Y.Svetlanov, V.Gergiyev (Rusiya), C.Kaxidze (Gürcüstan), R.Frayzitser (Almaniya), Ed Spaanyard (Hollandiya), Vladimir Runçak (Ukrayna) kimi görkəmli dirijorlar bəstəkarın simfonik partituralarını yüksək bədii 8


səviyyədə dinləyicilərə çatdırmışlar. Dünyanın bir sıra nüfuzlu müasir musiqi festivallarında (“Varşava payızı” 1958-62, “Zaqafqaziya musiqi baharı” 1975, Sovet musiqisinin Ümumittifaq festivalı 1980, “Pontino”, “Recio Emiliya”, “Spaziomusica” (İtaliya) müasir musiqi festivalları” 1981, 1983, 1986; “Feste - 89” Frankfurt Beynəlxalq musiqi festivalı, “III Uluslararası Bellapais Musik festivalı” 1999, “Московская осень” XXV beynəlxalq müasir musiqi festivalı (2003), “Gözəl sədalar” Paris musiqi festivalı, 2004) müasir Azərbaycan musiqisi X.Mirzəzadənin əsərlərinin timsalında təbliğ olunmuşdur. Müasir Azərbaycan musiqi mədəniyyətinin simasını müəyyənləşdirən bəstəkarın əsərlərinin ilk ifası respublikada keçirilmiş bir çox beynəlxalq festivalların açılışının bəzəyi olmuşdur. Belə festivallar sırasında olan 2017-ci il VII Rostropoviç beynəlxalq musiqi festivalının, müəllifin üç saylı “Diptix” simfoniyası ilə açılması Xəyyam Mirzəzadənin sənətin zirvəsində olduğunu bir daha sübut etdi. Mirzəzadə haqqında “Bir ömrün fəsilləri” (ssenari müəllifi İ.Qasımzadə, rej. T.Hüseynova, 2010) və “Maestro” rej. T.İsmayılov, 2011) filmləri çəkilmişdir. Bəstəkarın sağlığında onun özünün istəyi və razılığı ilə yaradılan bu filmlər gənc nəsil üçün olduqca tərbiyəvi, maraqlı və faydalıdır. Xəyyam Mirzəzadə uzun illər öz pedaqoji fəaliyyətini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (hazırkı Bakı Musiqi Akademiyası) ilə bağlamış, respublikanın gənc yaradıcı kadrlarının yetişdirilməsində böyük əmək və zəhmət sərf etmişdir. Görkəmli sənətkar bizə həm bəstəkarlıqdan, həm də alətşünaslıqdan dərs deyirdi. Onun orkestri duymaq qabiliyyəti, tembr boyalarının zənginliyindən istifadə etmək məharəti, çalğı alətlərini orijinal uyğunlaşdırmaq bacarığı bizim hər birimizi heyran qoyurdu, bədii yaradıcılığa, musiqini daxildən yaşamağa və hiss etməyə sövq edirdi... Böyük sənətkar Azərbaycan Dövlət Konservatoriyasının “Bəstəkarlıq” kafedrasının müdiri kimi bəstəkarların gənc nəslinə diqqətlə və həssaslıqla yanaşır, kəmali qayda ilə istiqamətləndirir, onlara böyük ümid və inam bəsləyirdi. Dərslərdə özü barədə danışmağı, yaradıcılığından nümunə çəkməyi xoşlamazdı. Tələbələrinə həmişə dünya bəstəkarlarından və onların görkəmli əsərlərindən ibrət götürməyi məsləhət bilərdi. Tələbələrində həm də böyük sənət qarşısında məsuliyyət, zəhmətsevərlik tərbiyə edirdi. Qüdrətli bəstəkar hansı sahədə fəaliyyət göstərirdisə, hansı məsul vəzifədə çalışırdısa bütün qüvvəsini, səyini dünya klassiklərinin yaradıcılığının öyrənilməsinə və milli musiqimizin təbliğinə yönəldirdi. Onun təşəbbüsü ilə ötən əsrin 60-cı illərinin sonu Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində “Gənc istedadların yaradıcı həyata dəstəyi” adlı bəstəkar və musiqişünaslar təşkilatı yaradılmışdı. Çoxcəhətli fəaliyyətində Mirzəzadənin musiqili-ictimai xadim kimi rolunu – ötən əsrin 70-ci illərinin sonunda Azərbaycan sovet bəstəkarlarının ən fəal üzvlərindən biri kimi dəfələrlə SSRİ Bəstəkarlar İttifaqının idarə heyətinin və təftiş komissiyasının üzvü kimi fəaliyyətini qeyd etmək istərdim. Bir çox illər Xəyyam Mirzəzadə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında kino, incəsənət və memarlıq sənəti üzrə ekspert komissiyasının sədri (1987) kimi çox iş görmüşdür. Tale ona şərəfli sənətkar ömrü qismət etdi. Neçə-neçə əsərlər yaratdı, neçə-neçə tələbələr yetişdirdi, ürəyində böyüdüb-bəslədiyi neçə-neçə yaradıcılıq niyyətlərini uğurla həyata keçirdi. Son zirvə əsəri olan üç saylı “Diptix” simfoniyasını dinləyərkən XXI əsr müasir Azərbaycan simfonizminin inkişafında Xəyyam Mirzəzadə musiqisinin necə böyük əhəmiyyət kəsb etdiyini, milli lad-intonasiya ilə müasir üslub modellərini ustalıqla birləşdirməsini hər birimiz bir daha yəqin etdik. Sənətkar üçün bu, ən böyük abidədir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasının dosenti, sənətşünaslıq üzrə elmlər doktoru KƏMALƏ ƏLƏSGƏRLİ

9


BAKI MUSİQİ AKADEMİYASININ BEYNƏLXALQ ƏLAQƏLƏRİ Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının da üzv olduğu Qara Dəniz Universitetləri Şəbəkəsində Azərbaycanı təmsil edən universitetlərin beynəlxalq əlaqələr üzrə prorektorları və beynəlxalq əlaqələr üzrə əlaqələndirici şəxsləri ilə Təhsil Nazirliyinin tövsiyələrinin müzakirə edilməsi məqsədi ilə 30 oktyabr 2020-ci il tarixində görüş təşkil olunub. Qeyd edək ki, Qara Dəniz Universitetləri Şəbəkəsi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının məqsəd və hədəfləri çərçivəsində region ölkələri arasında təhsil və elmi-tədqiqat sahəsində birgə təşəbbüslərin dəstəklənməsi məqsədi ilə yaradılmış qurumdur. Hazırda Şəbəkəyə müxtəlif ölkələri təmsil edən 100-dən artıq ali təhsil müəssisəsi üzvdür. Şəbəkənin İcraiyyə Komitəsi isə Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan, Bolqarıstan, Rusiya, Moldova, Serbiya, Yunanıstan kimi ölkələrin universitet rektorlarından ibarətdir. Məlumdur ki, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qara Dəniz Universitetlər Şəbəkəsinin İcraçı şurasına üzv seçilmiş, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq ali təhsil müəssisələrinin Şəbəkə çərçivəsində fəaliyyətinin əlaqələndirilməsi işi BANM-ə həvalə olunmuşdur. Ali Təhsil Müəssisələrinin (ATM) beynəlxalq əlaqələr üzrə prorektorları və beynəlxalq əlaqələr üzrə əlaqələndirici şəxsləri ilə keçirilmiş görüşdə Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova iştirak edib. Görüş zamanı şəbəkədə Azərbaycanı təmsil edən ali təhsil müəssisələrinin fəaliyyətinin koordinasiyası, həmçinin digər ölkələrdən şəbəkəyə üzv olan ATM-lərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi kimi məsələlər müzakirə edilib.

1 dekabr 2020-ci il tarixində Macarıstanın Azərbaycandakı Səfirliyi, ADA Universiteti və Macarıstanın Milli Mədəniyyət Fondunun dəstəyi ilə təşkil etdiyi “Rəqəmsal Macarıstan” onlayn konfransında Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova iştirak edib. Onlayn konfrans Macarıstanda “Elm Günü” münasibətilə keçirilib, həmçinin mədəni və elmi irsin rəqəmsallaşdırılmasına həsr edilib. Macarıstanın Müasir Memarlıq Mərkəzinin əməkdaşı Janos Klaniczay təqdimatla çıxış edərək konfrans iştirakçılarına mərkəzin fəaliyyəti, xüsusilə “Budapeşt 100” layihəsi haqqında ətraflı məlumat verib. Macarıstan Milli Muzeyinin əməkdaşı David Biro isə Milli Muzeyə virtual səyahət etmək üçün videoçarx təqdim edib və iştirakçılarla muzeyin pilot layihələri haqqında məlumatı bölüşüb. Konfransın sonunda bu kimi layihələrin Bakı Musiqi Akademiyası ilə birgə əməkdaşlıqda icra edilməsinin mümkünlüyü müzakirə edildi.

18 dekabr 2020-ci il tarixində İsveçin Stokholm İncəsənət Universitetinin müəllimi, 2020-ci ildə İsveç İnstitutu tərəfindən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) qonaq mühazirəçi kimi fəaliyyət göstərməsi üçün təqaüdə layiq görülən bəstəkar Anders Flodin tərəfindən BMAnın Tarix-nəzəriyyə fakültəsinin tələbələri üçün "Bəstəkarlıqda yeni istiqamətlər - 1" ("New directions in composition - 1") mövzusunda mühazirə keçirilib. Giriş sözü ilə çıxış edən BMA-nın prorektoru, professor Yeganə Axundova akademiyada 2020-ci ilin aprel-may aylarında baş tutmalı olan mühazirələrin Covid-19 pandemiyası səbəbindən online olaraq təşkil edilməsi haqqında məlumat verib və bütün iştirakçılara uğurlar arzulayıb. Mühazirə online olaraq Ms Teams platforması üzərindən təşkil edilib. Mühazirə A.Flodin, BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının müəllimi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva, “Bəstəkarlıq” kafedrasının müəllimi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədova, BMA-nın səs mütəxəssisi, bəstəkar Azər Əsgərov və digər iştirakçılar arasında maraqlı diskussiya ilə davam edib. Vebinar BMA-nın Beynəlxalq əlaqələr şöbəsinin layihələr üzrə koordinatoru Zülfiyyə Şəfiyevanın moderatorluğu ilə keçirilib. Növbəti aylarda BMA tələbələri üçün "Bəstəkarlıqda yeni istiqamətlər-2" ("New directions in composition-2") və “Sonologiya” (“Sonology”) mövzularında daha 2 müharizənin keçirilməsi nəzərdə tutulub. Bakı Musiqi Akademiyasının Mətbuat Xidməti 10


“PLASTİK QABLAŞDIRMA TULLANTILARININ SƏMƏRƏLİ İDARƏ OLUNMASI HAQQINDA MAARİFLƏNDİRMƏ VƏ TƏBLİĞATIN GÜCLƏNDİRİLMƏSİ” ADLI VEBİNAR KEÇİRİLİB Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 935 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı"nın icrası çərçivəsində Zoom proqramı vasitəsi 20 noyabr 2020-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) müəllim və tələbə heyəti üçün “Plastik qablaşdırma tullantılarının səmərəli idarə olunması haqqında maarifləndirmə və təbliğatın gücləndirilməsi” adlı vebinar keçirilmişdir. Giriş sözü ilə vebinarın icraçısı Azərbaycan Resublikasının Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova çıxış edərək, bu kimi tədbirlərin mahiyyəti və hazırkı vəziyyətdə ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğunu qeyd etdi. Mövzu üzrə çıxışlar zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi/Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin Direktoru, "EkoSfera" Sosial-Ekoloji Mərkəzi (QHT) Rəhbəri, Bakı Dövlət Universiteti, Ekologiya və Torpaqşünaslıq Fakültəsi, Bioekologiya kafedrasının dosenti Firuzə Sultan-zadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova və Ekoloji siyasət şöbəsinin məsləhətçisi Suqra İbrahimli “Yaşıl Şəbəkə”, “Təbiəti dəyişmə, özün dəyiş” və s. kimi əhəmiyyətli mövzularla çıxış edərək “2019-2020-ci illər üçün Tədbirlər Planı”nın icrası çərçivəsində görülmüş İşlər barəsində məlumat verdilər. Vebinarda ümumi 55 nəfər olmaqla BMA-nın Fortepiano, İfaçılıq və Tarix-nəzəriyyə fakültələrinin professor, müəllim və tələbə heyəti dinləyici qismində iştirak etdilər. Eyni zamanda BMA-nın tarix-nəzəriyyə fakültəsinin müəllimləri fəlsəfə elmləri doktoru, professor Mina Hacıyeva, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Kəmalə Ələsgərli maraqlı fikir və ideyalar irəli sürərək çıxış etdilər. BMA-nın İnformasiya və Texnologiyalar üzrə mütəxəssisi RÖYA HÜSEYNOVA

“CREATİVE SPARK” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ İNGİLİS DİLİ KLUBLARI TƏŞKİL OLUNACAQ 11 noyabr 2020-ci il tarixində British Council tərəfindən elan olunan Creative Spark proqramı çərçivəsində 2020/21-ci tədris ilində Bakı Musiqi Akademiyasında təşkil ediləcək İngilis dili klubları haqqında tələbələrlə məlumatlandırıcı onlayn görüş keçirilib. Görüşdə Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova və İngilis dilini BMA tələbələri üçün tədris edəcək müəllim, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Strateji planlaşdırma şöbəsinin müdiri, AZMİU-da Creative Spark proqramının meneceri Türkan Əliyeva iştirak ediblər. Video-görüş BMA-nın Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Zülfiyyə Şəfiyevanın moderatorluğu ilə keçirilib. Görüş zamanı English Clubs haqqında tələbələrə ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Bakı Musiqi Akademiyasında English Clubs 6 ay davam edəcək və 20 tələbəyə ödənişsiz ingilis dili tədris olunacaq. BMA-nın İnformasiya və Texnologiyalar üzrə mütəxəssisi RÖYA HÜSEYNOVA 11


ŞƏRƏFLİ ÖMRÜN ANLARI Bu il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının professoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru İmruz xanım Əfəndiyevanın 85 illik yubileyi və pedaqoji fəaliyyətinin 60 ili tamam olur. O, görkəmli ictimai xadim, teatrşünas, Türk İşçi teatrının yaradıcısı Məmmədsaleh Əfəndiyev və pediatr Müsalət xanımın ailəsində dünyaya gəlir, bu ocağın ənənələrinə sadiq qalaraq, valideynlərinin şərəfli davamçısı olur. Stalin damğasının gücünü öz üzərində duyan atası, İkinci Dünya müharibəsi illərində vəfat edir, lakin İmruz xanım onun böyük arzusunu həyata keçirir. Belə ki, 5 yaşında olarkən, M.Əfəndiyev qızına “Qırmızı Oktyabr” firmasının fortepianosunu bağışlayır və bununla da “Musiqidə keçən ömrünü”, peşə seçimini müəyyən edir. Konservatoriyada oxuduğu illərdə o, parlaq bədii hadisələrin şahidi olur, Azərbaycan musiqi sənətinin korifeyləri ilə ünsiyyət qurur. Bu gün İmruz xanım onlar haqqında “qalın” monoqrafiyalarda və ensiklopediyalarda rast gəlmədiyimiz maraqlı xatirələri ilə bölüşür. İ.Əfəndiyeva yorulmaz yaradıcılıq axtarışları ilə zəngin bir yol keçmişdir. Bu axtarışlar çoxsaylı monoqrafiyalar, elmi və publisistik məqalələr, konfrans və simpoziumlarda çıxışlarla nəticələnir. Musiqi elminə marağı İ.Əfəndiyevanı Azərbaycan Elmlər Akademiyasının aspiranturasına gətirib çıxarır. Bəstəkarlarımızın mahnı yaradıcılığını diqqətlə araşdıran alim 1982-ci ildə “Azərbaycan sovet mahnısı” mövzusunda elmi işini müvəffəqiyyətlə müdafiə edir. Onun “Sovetskaya muzıka”, “Muzıkalnaya jizn”, “Onlar uşaqlar üçün yazırlar” adlı nüfuzlu jurnal və toplularda daima məqalələri dərc olunur. 1983-cü ildə İmruz xanım Səmərqənddə keçirilən İkinci Beynəlxalq musiqi simpoziumunda “Azərbaycan muğamlarının nota salınması və nəşrlərinin tarixi” mövzusunda çıxış edir. Sonradan bu məruzə “Yaxın və Orta Şərq xalqlarının musiqi mədəniyyətinin ənənələri və müasirlik” toplusuna daxil olur. Bundan əlavə, kitabda yer alan ənənəvi musiqiyə aid nəşrlərinin biblioqrafiya və notoqrafiyasının tərtibi də ona tapşırılır. 80-ci illərdə İ.Əfəndiyeva SSRİ Bəstəkarlar İttifaqının Uşaq və Gənclərin musiqiestetik tərbiyyə komissiyasının üzvü seçilir, Moskvadakı “Məktəbdə musiqi” jurnalında uşaq musiqisinə aid çoxsaylı məqalələri dərc edilir. 1999-cu ildə alimin milli musiqi elminin ən əhəmiyyətli əsərlərindən biri olan “Vasif Adıgözəlov” adlı monoqrafiyası işıq üzü görür. Sənətkarın yaradıcılıq yolunu sistemli şəkildə araşdıran İmruz xanım, onun çoxşaxəli portretini yaradır və Azərbaycan musiqi tarixində rolunu müəyyənləşdirir. 2005-ci ildə İ.Əfəndiyeva V.Adıgözəlovun yaradıcılığına həsr olunmuş doktorluq dissertasiyasını yüksək səviyyədə müdafiə edir. Lakin alimin maraq dairəsi yalnız dissertasiya tədqiqatları ilə məhdudlaşmır. İmruz xanımın Cahangir Cahangirov, Telman Hacıyev, Sevda İbrahimova, Rəşid Behbudov, Emin Sabitoğluya həsr etdiyi işləri də böyük maraqla oxunur. İ.Əfəndiyevanın əsərləri 60-cı illərdən bəri müntəzəm olaraq nəşr olunur, musiqi elmi və pedaqogikasının dəyərli hissəsinə çevrilir. Çox vaxt müasir alimlərin əsərlərində onun 12


monoqrafiyalarına, broşuralarına və elmi məqalələrinə istinadlara rast gəlmək olur. İmruz xanımın yaradıcılıq biblioqrafiyası və fəaliyyəti onun “Musiqidə keçən ömür” kitabında öz əksini tapır. Biblioqrafik göstəricinin təxminən 30 səhifəsində alimin elmi və publisistik məqalələrinin siyahısı yer alıb. Lakin İmruz xanımın portreti pedaqoji fəaliyyəti nəzərə alınmadan natamam olar. O, 60-cı illərdən “Musiqi nəzəriyyəsi” kafedrasında laborant kimi işə başlayır və professor səviyyəsinə qədər ucalır. İ. Əfəndiyeva geniş pedaqoji maraqlara malikdir, lakin harmoniya və solfejio kimi mürəkkəb musiqi-nəzəri fənlərə xüsusi diqqət yetirir. Bu gün o, “Musiqili-nəzəri sistemlər”, “Harmoniya”, “Solfejio” kursları üzrə mühazirələr oxuyur. İmruz xanımın Azərbaycan ənənəvi musiqisi əsasında bəstələdiyi 200 sekvensiyadan ibarət toplusu, müxtəlif metodik vəsaitləri etnosolfecioyaya verilən böyük töhfədir. İ.Əfəndiyeva bakalavr, magistr və doktorantların işlərinə daim rəhbərlik edir, tələbələrinə çətinliklərin öhdəsindən gəlməyi öyrədir, ən kiçik bir müvəffəqiyyətlərinə sevinir. Təsadüfi deyil ki otuz ildən çoxdur ki, İ.Əfəndiyeva Elmi-Tələbə Cəmiyyətinə rəhbərlik edir, tələbələri konfranslarda çıxış etməyə ruhlandırır. 1968-ci ildən bəri o, Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. O respublikamızda, Rusiya, Ukrayna, Belarusiya, Estoniya, Gürcüstan və s. ölkələrdə konfranslarda məruzələrlə çıxış edir. Uzun illərdir ki, İmruz xanım həm də musiqi maarifçiliyi ilə məşğul olur, televiziya və radio verilişlərində klassik musiqinin ən yaxşı nümunələrini təbliğ edir. Ömrünün 85-ci ilində, elmi və pedaqoji fəaliyyətini qibtə ediləcək enerji ilə davam etdirən İmruz xanım, bilik və təcrübəsini tələbələrə ötürməyə çalışır. Bu tələbkar və səmimi insan Azərbaycan incəsənətində və ədəbiyyatında bədii prosesləri maraqla izləyir, həm Bəstəkarlar, həm də Yazıçılar İttifaqında tez-tez dəyirmi masa söhbətlərinin qonağı olur. 2008-ci ildə alim, pedaqoq, maarifçi İmruz xanımın şərəfli ömür yoluna yüksək qiymət verilir və o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülür. Əldə etdiyi bu nailiyyətlərlə kifayətlənməyən İmruz xanım bu gün də öz şərəfli fəaliyyətini davam edir. Ömrünün müdrik çağını yaşayan və böyük məhsuldarlıqla işləyən İmruz xanım Əfəndiyevanı 85 illik yubileyi və fəaliyyətinin 60 illiyi münasibətilə təbrik edirik, ona möhkəm can sağlığı, xoşbəxt hadisələrlə və sevincli anlarla dolu illər arzulayırıq! Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor KÖNÜL NƏSİROVA 13


GÜNƏŞ TƏBƏSSÜMLÜ USTADIMIZ: NƏZMİYYƏ XANIM ABBASZADƏ (yubiley düşüncələri) Siz doğma ocağınız – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olaraq, istər dekanlıqda, istərsə də professor-müəllim otağında və yaxud da foyedə – gülər üzlü, gənclik hərarətini daxilində qoruyan, Əməkdar İncəsənət xadimi, professor Nəzmiyyə Abbaszadəni mütləq görəcəksiniz və həmin anda dahi Nizaminin sözləri yada düşəcək: “Gənclik günü ömrə bir nümunədir!” Eyni zamanda Sizin ürəyinizdə belə bir fikir səslənəcək: gənclik gününü hər gün yaşamaq – qəlbi nurla dolu insanlara məxsusdur. Bu yaxın günlərdə “ARB” (arb) TV kanalında bizim musiqi ictimaiyyətimiz, həmçinin musiqi sevənlərimiz olduqca gözəl, cəlbedici filmlə tanış oldular. Hələ uzun illər qəlbimizdə bu film yaşayacaq! Həmin film hamımızın sevimlisi, səmimi və mehriban insan olan, Azərbaycanın ilk qadın violonçel ifaçısı – Əməkdar İncəsənət xadimi, professor Nəzmiyyə Abbaszadəyə həsr edilmişdir. Nəzmiyyə xanımın simasında sübh günəşinin cizgilərini görürsən – bu işıqlı təbəssüm Sizi canlandırır, gününüzə pozitiv enerji qatır. Artıq bu filmi akademiyada qış aylarında (səhv etmirəmsə dekabrda) izləmişik. Yaxşı yadımdadır: dərsdən sonra musiqişünas tələbələrimlə Q.Qarayev zalına qalxdıq. Açığını deyim ki, heç ayaq üstə də durmağa yer yox idi. Nəhayət hamı üçün müvafiq şərait yaratdılar. Burada bizim cavan müəllimiz – dosent Yeganə Taptıqova bir təşkilatçı kimi böyük iş görmüşdü. Filmi bir nəfəsdə izlədik. Film dinləyicilərə çox güclü təəssürat vermiş və onları valeh etmişdi. İnanın səmimiyyətimizə – heç kəs yerindən durmur və sürəkli alqışlayır ... Hamı bir səslə: “Bis, bis!”...Elə mən özüm də “bis deyərkən, ümid edirdim, bəlkə təkrar etdilər filmi? Nəzmiyyə xanımı ürəkdən təbrik etdikdən sonra, filmin yaradıcı kollektivini axtardım və rejissor və operatorla tanış oldum. Məlum oldu ki, bu qeyriadi orijinal filmin məzmununu tanınmış rejissor Yeganə Əbdulməmmədova yazıb. Açığını deyim ki, kinoşünas üçün (dramaturji baxımdan) maraqlı material təqdim olunmuşdır. Belə ki, Yeganə xanımın işi – məntiqlə düşünülmüş, peşəkarlıq və sənətkarlıq nümunəsidir. Bizim qarşımızda violonçel sənətinin ustadı olan Nəzmiyyə xanımın həyatı, yaradıcılıq yolu, onun musiqi-ictimai xadim kimi apardığı iş, habelə “səmərəli pedaqoji fəaliyyəti və s. hadisələr öz əksini tapır”. İki il bundan əvvəl “105 FM” radio dalğasında akademik Rafael Hüseynovun “Axşam görüşləri” silsiləsindən Azərbaycan dinləyiciləri Nəzmiyyə Abbaszadə haqqında maraqlı veriliş eşitdilər. Səhəri gün zəng edib Rafael müəllimi təbrik etdim. O, dedi: “Nəzmiyyə xanım olduqca təvazökar, sadə və səmimi insandır, qeyri-adi ifaçıdır, daima axtarış yollarındadır. O, “əsl sənətkardır!” İndi isə mən oxucularımıza Nəzmiyyənin zəngin ata yurdundan söhbət açım: Nəzmiyyə ziyalı və nəcib ailədə dünyaya göz açıb. Atası Müzəffər Sultanzadə – istedadlı musiqiçi idi və Azərbaycan Dövlət Türk Musiqi texnikumunu skripka aləti üzrə bitirmişdir (müəllimi tanınmış skripka ifaçısı M.İ.Paltsev). Maraqlı faktdır ki, həmin dövrdə Müzəffər Sultanzadə ilə birgə Ə.Bədəlbəyli, Ə.Həsənov, Ə.Daşdəmirov oxumuşdular (xatırladaq ki, bu şəxslər – gələcəyin xalq artistləri olmuşdur). Bu istedadlı musiqiçilər hətta kvartet təşkil edərək, burada maraqlı əsərlərlə çıxış edirdilər. Bundan əlavə, Müzəffər müəllim Ü.Hacıbəylinin rəhbərliyi ilə yaradılan simfonik orkestrda işləyirdi (orkestrin tərkibini texnikumun tələbələri təşkil edirdi). “Arşın mal alan” operettasının səslənməsində, tamaşaya qoyulmasında Müzəffər müəllimin də əməyi var. Məhz Müzəffər müəllimin sayəsində onun bütün övladları musiqiyə maraq göstərirdilər. Nəzmiyyənin anası – Səkinə xanım ixtisasca iqtisatçı idi və respublikamızın ictimai həyatında mühüm işlər görürdü. O, bir neçə dəfə deputat seçilmişdir. Səkinə xanımın arzusu var idi – qızı Nəzmiyyə pianoçu olsun. Belə ki, Nəzmiyyənin 7 yaşı tamam olan kimi Səkinə xanım onu professor Kövkəb Səfərəliyevanın yanına gətirir (o dövrdə K.Səfərəliyeva Orta İxtisas musiqi məktəbinin müdiri idi). Kövkəb xanım diqqətlə Nəzmiyyəni yoxlayır və deyir: “Nəzmiyyənin eşitmə qabiliyyəti olduqca güclüdür, yaddaşı əladır və gələcəkdə simli alətlərin birisində – violonçel alətində oxumalıdır. İnanın, o, birinci violonçel çalan qadın olacaq!” Bu sözləri eşidəndən sonra Səkinə xanım çox sevinir: “Mənim qızım qadınlar arasında birinci olacaq!” ... Nəzmiyyə xanım haqqında yazmaqdan əvvəl, onun iki kitabını diqqətlə oxudum: “Violonçel sənətinin tarixi (XVII – XIX)” – Bakı, 2003; və “Violonçel ifaçılığının metodikası” – Bakı, 2019. İlk təəssürat – sözün əsl mənasında violonçel alətinə “vuruldum”! Elmi, tarixi və nəzəri baxımdan maraqlı ümumləşdirilmələr, nəticələr, orijinal düşüncələr və bu sənətin inkişaf yolları, perspektivləri haqqında maraqlı tövsiyyələr oxudum. N.Abbaszadənin fikrincə, İ.S.Bax, İ.Brams, A.Dvorjak, F.Şopen, E.Qriq, kimi bir çox bəstəkarların violonçel üçün yazdığı əsərlər (qeyd edək ki, bu əsərlər Nəzmiyyə xanım və onun tələbələrinin daimi repertuarındadır) onun 14


üçün zirvədir. Məsələn, İ.S.Bax, alman musiqisində inkişaf üçün təkan verəbiləcək bütün nailiyyətləri özündə cəmləşdirmiş, və özündən öncəki bəstəkarların ənənələrini davam etdirmişdir. O, başqa ölkələrin, o cümlədən Fransa, İngiltərə, İtaliya bəstəkarlarının təcrübəsini də öyrənmiş və onların nailiyyətlərini ümumiləşdirərək yeni, yüksək səviyyəyə qaldırmışdır. Nəzmiyyə xanım dərs vəsaitində yazır: “Baxın melodik xətti polifoniya ilə zənginləşdirmək məharəti, beşinci süitanın dördsəsli fuqasında ən yüksək zirvəsinə çatır...”. Böyük ustadımız Sabir Əliyevin tələbəsi olan Nəzmiyyə xanım akademiyamızın Böyük Zalında tez-tez konsertlər verirdi: bu həm solo konsertlər idi. Həmçinin N.Abbaszadə Azərbaycanda qadınlardan ibarət simli kvartet yaradır: Tamilla Əliyeva (I skripka), Xavər Rəhimova (II skripka), Səidə Seyidova (viola) və Nəzmiyyə Abbaszadə (violonçel). Qısa müddət ərzində gənc ifaçılarımız maraqlı və çətin proqram düzəldirlər. Bu konsertdə qüdrətli bəstəkarların əsərləri səslənir, o cümlədən L.Bethovenin, K.Debüssinin və D.Şostakoviçin kvartetləri. O zaman Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru, böyük bəstəkarımız, Xalq artisti Cövdət Hacıyev konsertə yüksək qiymət vermiş və həmişə bu kollektivi dəstəkləmişdi. Məhz Cövdət müəllimin səyi nəticəsində kvarteti iki dəfə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına ezamiyyətə göndərirlər və burada onlar məşhur alt alətinin ustadı – L.Bethoven adına kvartetin iştirakçısı olan V.V.Borisovskidən ustad dərsləri alırlar. Həmin vaxt Azərbaycan Bəstəkarlar İttifaqının binasında bir neçə dəfə həm qadınlar kvarteti və həmçinin Sərvər Qəniyevin də yaratdığı kvartet maraqlı əsərlərlə çıxış etdilər. Azərbaycan bəstəkarlarının əsərləri bu təşkil olunmuş konsertlərdə xüsusi yer tuturdu. İfa olunmuş əsərlərin hamısı Azərbaycan Dövlət Televiziya və Radiosunun fonotekasında qorunur. 1969-cu ildə qadın kvarteti Belçikada (Liyej şəhərində) Beynəlxalq müsabiqədə iştirak etmək üçün hazırlaşırlar. Əvvəlcədən bu kvartetin çaldığı əsərlərlə Ümumittifaq miqyasda baxış keçirilməli idi. Adətən bu Moskvada təşkil olunurdu. Qızların ifalarını dinləyən yüksək səviyyəli və görkəmli mütəxəssislər ümumi qərara gəlir: istedadlı ifaçılar mütləq Moskva Konservatoriyasının aspiranturasına qəbul olmalıdırlar. Beləliklə, Nəzmiyyə xanım da Moskvada təhsil alır. Qadınlar kvarteti populyarlıq qazanır – müxtəlif şəhərlərə dəvət olunurlar. Bu qeyriadi kvartetin ifalarını mən həm Bəstəkarlar İttifaqında, həm də doğma sənət ocağımızın Böyük zalında eşitmişəm. Bundan başqa, professor S.Əliyev o zaman başçılıq etdiyi kafedrasının müəllimlərini müxtəlif konsert proqramlarına daxil edirdi. Bu səbəbdən – ifaçı Nəzmiyyə xanım haqqında xüsusi düşüncələrim var. Düzdür, o indi az səhnədə görünür, çünki tələbələrini Beynəlxalq müsabiqələrə, forumlara, konsertlərə hazırlayır. Öz qəlbini, ürəyinin istisini, biliklərini, enerji qüvvəsini – hamısını öz övladlarına, yəni tələbələrinə, yetirmələrinə verir. Artıq kafedra müdiri təyin olunan ildən (1989) N.Abbaszadə istedadlı gəncləri pedaqoji fəaliyyətə cəlb etməyə başlayır. Möhkəm peşəkarlıqla, texniki mədəniyyəti ilə səciyyələnən ifaçılıq “baza”sının əsasını möhkəmləndirir, zənginləşdirir. İndi isə dekan vəzifəsində çalışaraq, yenə layiqli mütəxəssislər axtarır, onları sınaqdan keçirəndən sonra – işə cəlb edir. Nəzmiyyə xanım öz alətinə vurğun bir şəxsiyyətdir! Və bu təbiidir ki, o bütün musiqi məktəbləri, kollecləri ilə sıx əlaqə saxlayır, yeni kadrlar haqqında düşünür. Şəxsən özü bu sənət ocaqlarına gedir və istedadlı tələbələr axtarır. Və arzularına nail olur. Onun ictimai fəaliyyətinə aid bəzi ştrixləri də əlavə etməliyəm. Dahi musiqiçi və pedaqoq M.Rostropoviçin akademiyamızda “Ustad dərsləri”nin keçirilməsində Nəzmiyyə xanımın böyük əməyi var. Ustadın ölümündən sonra, Nəzmiyyə xanım, onun qızı Olqa Rostropoviç ilə sıx əlaqə saxlayır. Festival günlərində M.Rostropoviç adına Muzeydə tələbələrinin iştirakı ilə bir neçə konsertlər təşkil etmişdir. Son illər N.Abbaszadə bir çox Azərbaycan bəstəkarların əsərlərini violonçel üçün köçürmüşdür (yəni işləmişdir). O, maraqlı metodik işlərin müəllifidir. Bütün misalların, yaradıcılıq həyatının faktları arxasında böyük varlığı ilə sənətə bağlanmış, öz dəst-xəttini yarada bilmiş hərtərəfli, geniş səviyyəli ifaçı surəti “gizlənir”. Bu surət – bizim əzizimiz Nəzmiyyə Abbaszadədir! Hər bir sənətkar ömür yolunun döngələrində ayaq saxlayıb arxaya, keçib gəldiyi enişli-yoxuşlu cığırlara nəzər salır. Nəzmiyyə xanım keçdiyi sənət yoluna baxıb fəxr edə bilər. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının professoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar İncəsənət xadimi İMRUZ ƏFƏNDİYEVA 15


YEGANƏ AXUNDOVA - 60 XX əsrdə Azərbaycan fortepiano ifaçılığının uğurlu və sürətli yüksəliş fenomeni onunla bağlıdır ki, öz zəngin mədəniyyətinə və dərin kök salmış ənənələrinə malik olmaqla yanaşı, ölkəmiz həmişə digər milli məktəblərlə mədəni dialoqa açıq olmuşdur. Avropa təhsil sisteminə keçdikdən, cəsarətli axtarışlar və eksperimentlər yoluna qədəm qoyduqdan sonra Azərbaycan musiqi mədəniyyəti bu gün özünün ən yaxşı nümayəndələrinin simasında dünya şöhrəti qazanmışdır. Milli fortepiano ifaçılığı məktəbinin yüksək səviyyəsini yaradan və qoruyub saxlayanlar sırasında Azərbaycan Respublikasının Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq və təlim-tərbiyə işləri üzrə prorektoru, “İxtisas fortepiano” kafedrasının professoru, tanınmış pianoçu, pedaqoq və bəstəkar Yeganə Axundovanı qeyd etməliyik. Yeganə Əsgər qızı Axundova 1960-cı il mayın 22-də, Azərbaycanın ən qədim və gözəl şəhərlərindən biri olan Şəkidə, ziyalı ailəsində anadan olmuşdur. Parlaq istedadlı şəxslərin həyatında olduğu kimi, kiçik Yeganənin də musiqi meyli çox erkən üzə çıxmışdı. 5 yaşından o, eşitdiyi melodiyaları fortepianoda çalmağa çalışır, gözəl pedaqoq olan V.A. Bitnerdən dərs alırdı; o, kiçik yaşlarından Yeganəyə musiqi savadı və fortepianoda çalmaq vərdişləri aşılamışdır. 1967-ci ildə gələcək pianoçu müsabiqədən kənar Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olaraq, Azərbaycanda fortepiano məktəbinin banilərindən biri, görkəmli pianoçu-pedaqoq M.R.Brennerin tələbəsi olmuş V.Seyidovanın fortepiano sinfində təhsil alır. 1978-ci ildə musiqi məktəbini bitirdikdən sonra gənc və ümidverən pianoçu Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Fortepiano fakultəsinə daxil olur. Y.Axundova konservatoriyada təhsil illərini hər zaman hərarətlə xatırlayır: “Konservatoriyada mən geniş dünyagörüşlü şəxsiyyət, gözəl pianoçu, professor Nigar xanım Usubovadan dərs almışam. O, vaxtilə dünyada məşhur olan musiqiçi Qoldenveyzerin tələbəsi olmuşdur. Şübhəsiz, yaradıcılığımda əvəzolunmaz rolu olan müəllimim mənə çalğı akademiyası və yüksək peşəkarlıq aşılamıışdır”. 1985-ci ildə Y.Axundova fortepiano ifaçılığı sənətini təkmilləşdirmək üçün P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında professor L.N.Naumovun rəhbərliyi altında tədris kursu keçir. Yeganə Axundova lap əvvəldən parlaq romantik-improvizasiya səciyyəli pianoçu kimi formalaşmışdı. Passajların feyerik qığılcımları, trellər və özünəməxsus ritmlər, oktavaların axını, registr-tembr kontrastları, lirik etiraf xarkterli mövzuların dramatik ekspressiyası, skersosayağı epizodların parıltılı-sayrışan səslənməsi – bütün bunlar pianoçunun üslubuna xas olan kamil və rəngarəng cəhətlərdir. Öz ifaçılıq karyerası boyu o, sonsuz sayda müxtəlif dövrlərin əsərlərini ifa edərək, həm klassik musiqinin, həm də müasir musiqinin gözəl interpretatoru kimi çıxış etmişdir. Onun repertuarına İ.S.Bax, V.Motsart, L.Bethoven, F.Şopen, R.Şuman, İ.Brams, F.List, E.Qriq, K.Debüssi, F.Pulenk, C.Gerşvin, M.Falya, S.Raxmaninov, S.Prokofyev, D.Şostakoviç, Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, C.Hacıyev, T.Quliyev, S.Hacıbəyov, E.Nəzirova, A.Məlikov, S.İbrahimova, M.Mirzəyev, V.Mustafazadənin əsərləri daxildir. Y.Axundova – müasir Azərbaycan fortepiano ifaçılığı sənətində ən tələbatlı artistlərdən biridir, özünün mükəmməl ustalığı və artistlik cazibədarlığı ilə o, dünyanın bir çox ölkələrində dinləyiciləri valeh etmişdir. Onun məhsuldar konsert fəaliyyəti artıq 30 ildən çoxdur ki, davam edir, ifaçılıq sənəti yaradıcılıq kamilliyinə çataraq, dünya ictimaiyyətinin rəğbətini qazanmışdır. O, fəal yaradıcı həyat sürür, dünya ölkələrinə qastrol səfərlərinə çıxır, bir çox musiqi 16


festivallarında iştirak edir (Qəbələ 2010-2019; “İpək yolu” - Kanada 2007, İspaniya 2009, Çin 2017 və s.). Pianoçu Fransada, Almaniyada, Avstriyada, Yunanıstanda, İtaliyada, Norveçdə, Polşada, Kanadada, ABŞ-da, Rusiyada, Türkiyədə, Macarıstanda, İspaniyada, Böyük Britaniyada, Mərakeşdə, Rumıniyada konsertlərlə çıxış etmişdir. Onun istedadının parlaq cəhətləri S.Raxmaninovun, F.Şopenin, L.Bethovenin, F.Listin, M.Falyanın, F.Pulenkin konsertlərinin ifası zamanı qabarıq üzə çıxır. Həmin əsərləri pianoçu beynəlxalq festivallarda Azərbaycanın orkestrləri, İstanbul opera və balet teatrının orkestri, Vyana kamera orkestri, “Duna Palota” Macarıstan orkestri, London Kral filarmonik orkestri, Niaqara festivalının kamera orkestri, İsrail simfonik orkestri, Yoxannesburq simfonik orkestrinin müşayiətilə təqdim etmişdir. O, səhnədə bir çox tanınmış dirijorlarla çıxış etmişdir, onlardan R.Abdullayev, R.Məlikaslanov, A.Əliyev, Y.Adıgözəlov (Azərbaycan), A.Heller (ABŞ), X.Şimşek, Q.Aykal (Türkiyə), N.Nakata (Yaponiya), Ş.Mins, Q.Şoxat (İsrail), Jan-Karlo de Lorenso (İtaliya). Y.Axundova müxtəlif ifaçılarla konsert səhnəsində əməkdaşlıq edərək, yerli və xarici musiqiçilərlə duetdə çıxış edir. Y.Axundovanın M.Hüseynovla fortepiano dueti konsertləri geniş ictimai rezonans doğurmuşdur, belə ki, F.Pulenkin və V.Motsartın konsertlərinin ilk ifası məhz onların yaradıcılıq fəaliyyəti ilə bağlı olmuşdur. 2007-ci ilin P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında Y.Axundova görkəmli vokalçılar Fidan və Xuraman Qasımovaları müşayiət etmiş, eyni zamanda, solo proqramla çıxış etmişdir. 2008-ci ildə o, BMAnın zalında norveç pianoçusu Siqne Bake ilə birlikdə E.Qriqin “Norveç rəqsləri”ni ifa etmişdir. 2011-ci il Filarmoniyada Q.Qarayevin xatirəsinə həsr olunmuş tədbirdə amerikalı pianoçu Nina Koqan ilə birlikdə Q.Qarayevin, E.Qriqin, D.Şostakoviçin, C.Gerşvinin əsərləri ifa olunmuşdur. 2011-ci il II Beynəlxalq Muğam Festivalı çərçivəsində Y.Axundovanın və kanadalı skripkaçı Atis Bankasın iştirakı ilə konsert keçirilmişdir. 2012-ci il Berlində alman pianoçusu Klaudiya Şellenberq ilə bigə İ.Bramsın “Macar rəqsləri” ifa olunmuşdur. İfaçılıqla yanaşı, Y.Axundovanın yaradıcılıq bioqrafiyasında həmişə BMA-da pedaqoji fəaliyyəti mühüm yer tutub. 1984-cü ildən bu günə kimi o, “İxtisas fortepiano” kafedrasının müəllimidir, bir çox illər boyu “Azərbaycan xalq çalğı alətləri” kafedrasında tarzən Ramiz Quliyevin sinfində konsertmeyster kimi fəaliyyət göstərmişdir. Y.Axundova peşəkar kimi şərəfli yüksəliş yolu keçmişdir – müəlllimlikdən (1984) dosent (2003), professor (2009), Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektor (2005) vəzifələrini tutmuşdur. 2005-ci ildən o, “Xəzər” universitetində “Azərbaycan klassik musiqisi və dünya musiqi mədəniyyəti” kursu üzrə mühazirələr aparır. 2007-ci ildən o, mütəmadi olaraq, BMA-nın Fortepiano fakultəsinin tələbələri və uşaq musiqi məktəblərinin şagirdləri üçün tədris-metodik vəsaitlər nəşr etdirir, respublika konfranslarında və beynəlxalq forumlarda çıxış edir. Öz çoxcəhətli yaradıcılıq fəaliyyətinə görə, Azərbaycan musiqi incəsənətinin inkişafı və təbliği sahəsindəki xidmətlərinə görə Y.Axundova bir sıra mükafatlarla təltif olunmuşdur. 2006cı ildə o, Azərbaycanın Əməkdar artisti, fəxri adına layiq görülmüşdür. 2007-ci ildə “Humay” milli mükafatı və akademik Y.Məmmədəliyev adına medalla təltif olunmuşdur. 2007-ci ildə Kanadada Niaqara festivalında ən yaxşı pianoçu kimi “Niaqaranın qızıl ilham pərisi” («Золотая муза Ниагары») mükafatı almışdır. 2010-cu ildə Avro-Amerika Qadın Konsorsiumu (EAWC) ona “Nailiyyətlər qadını” («Женщина достижений») beynəlxalq mükafatı ilə təltif etmişdir. 2012-ci ildə Y.Axundova Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdür. Yeganə xanımı yubileyi münasibəti ilə təbrik edir, ona yaradıcılığında ilham və uğur, möhkəm can sağlığı, sevincli duyğular və böyük şəxsi xoşbəxtlik arzulayırıq!!! Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasının dosenti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru İNNA PAZIÇEVA 17


T Ə B R İ K “Fortepiano, orqan və klavesin” kafedrasının professoru, “Əməkdar müəllim” RASİMƏ BABAYEVA 70

“Kamera ansamblı” kafedrasının dosenti ARZUXANIM ƏLİZADƏ 70

“Solo oxuma və vokal hazırlığı” kafedrasının professoru, “Xalq artisti” GÜLNAZ İSMAYILOVA 60

“Tarix-nəzəriyyə” fakültəsinin dekanı, Sənətşünaslıq doktoru, professor GÜLZAR MAHMUDOVA 50

“Simli alətlər” kafedrasının professoru, Sənətşünaslıq namizədi, “Əməkdar müəllim” HÖKÜMƏ ƏLİYEVA 50

18


E D İ R İ K ! Azərbaycan Respublikasının Təhsil Naziri, Azərbaycan Respublikasının Mədəniyyət Naziri, Azərbaycan Respublikasının Bəstəkarlar İttifaqı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundovanın 60 illik yubileyi münasibəti ilə təbrik etmişlər. Azərbaycan Respublikasının Təhsil Naziri (sabiq) Ceyhun Bayramovun 21.05.2020 ci il tarixli K-485 saylı əmrinə əsasən “Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Əsasnaməsi”nin 8.43cü və 13.5-ci bəndlərini rəhbər tutaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Axundova Yeganə Əsgər qızı uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, mədəni-kütləvi tədbirlərin təşkilində xidmətlərinə görə və 60 illik yubileyi münasibəti ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edilsin.

Azərbaycan Respublikasının Mədəniyyət Naziri (sabiq) Əbülfəs Qarayevin təbrik məktubu:

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin təbrik məktubu:

19


PROFESSOR LEYLA XANIM ABASQULİYEVANIN ƏZİZ XATİRƏSİNƏ Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, Əməkdar müəllim, “Konsertmeyster ustalığı” kafedrasının müdiri Leyla Hüseyn qızı Abasquliyevanın vəfatından bir il ötür. Leyla xanım Bakı şəhərində anadan olmuşdur. 1963-1974-cü illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə getmiş və daha sonra 1974-1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında, Əməkdar incəsənət xadimi, professor E.Nəzirovanın sinfinə daxil olmuşdur. Tələbəlik illərində bir çox müsabiqələrdə, konfranslarda iştirak etmiş və konservatoriyanı fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1977-1989-cu illərdə S.Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumunda dərs deməklə başlamış, 1989-cu ildən isə Azərbaycan Dövlət Konservatoriyası Xalq çalğı alətləri kafedrasında konsertmeyster, eləcə də konservatoriyanın nəzdində məktəb-studiyada müəllim kimi fəaliyyət göstərmişdir. Leyla Abasquliyeva 1992-ci ildən “Konsertmeyster ustalığı” kafedrasında müəllim, 1994-cü ildən baş müəllim, 2005-ci ildən dosent, 2009-cu ildən professor, 2010-cu ildən isə “Konsertmeyster ustalığı” kafedrasının müdiri vəzifəsində çalışmışdır. O, istedadlı pianoçu, konsertmeyster, geniş biliklərə malik pedaqoq idi. Leyla xanım işlərində həmişə yüksək nəticələrə nail olub. Pedaqoji fəaliyyəti dövründə çoxlu sayda istedadlı tələbələr yetişdirib. Onun sinfinin tələbələri daima imtahanlarda peşəkarlıq və ifa etdikləri əsərlərin ifa tərzini dərindən mənimsəməklə fərqlənirdilər. Leyla xanımın məzunları konsertmeyster və pedaqoji fəaliyyəti ilə Bakı, Sumqayıt, Gəncə eləcə də Rusiya, Fransa və başqa yerlərdə müxtəlif təhsil ocaqlarında fəaliyyət göstərirlər. 1999-cu ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən “Ən yaxşı konsertmeyster” adlı Ümumrespublika müsabiqəsində L.Abasquliyevanın bir tələbəsi laureat, iki tələbəsi isə diplomant adını qazanmışdır. Leyla xanım müəllimliklə yanaşı elmi fəaliyyətlə də ciddi məşğul olurdu. O, bir sıra elmi işlərin müəllifidir və burada 30-dan artıq elmi metodik iş, dərs vəsaiti, altı fənn proqramı, metodik tövsiyyələr və məqalələri qeyd oluna bilər. 2005-ci ildə L.Abasquliyeva “Azərbaycan peşəkar fortepiano mədəniyyətinin formalaşması və inkişafında əsas təmayüllər” mövzusunda namizədliyini müvəffəqiyyətlə müdafiə etmiş və 2006-cı ildə Sənətşünaslıq namizədi adına layiq görülmüşdür. L.Abasquliyeva ifaçılıq fəaliyyəti ilə də məşğul olurdu və burada Azərbaycan-Alman Cəmiyyətinin “Kapellhaus” konsert salonunda onun sinif konsertləri keçirilirdi, həmin konsertlərdə o, həm solist, həm də konsertmeyster kimi də çıxış edirdi. 23 aprel 2019-cu ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyanın böyük zalında “Konsertmeyster ustalığı” kafedrasının 40 illik yubiley konserti onun təşəbbüsü ilə keçirilmişdir. Onu da əlavə edək ki, Leyla Abasquliyeva 2008-ci ildə Azərbaycan Respublikasının “Əməkdar müəllim”i fəxri adına layiq görülüb, 2019-cu il isə “Azərbaycan Respublikası Yubiley Medalı” (1918-2018) ilə təltif olunmuşdur. Leyla xanım öz işini sevən, təmkinli, ciddi, məsuliyyətli, dəyərli bir insan idi. Onun vəfatı təhsil ocağımızın müəllim və tələbələrini çox kədərləndirdi. Hələdə mən Leyla xanımın vəfatına inana bilmirəm və onu böyük hörmətlə, gözəl xatirələrlə daima yad edirəm. Mən 2019-cu ildən “Konsertmeyster ustalığı” kafedrasında Leyla xanımın sinfində illustrator kimi çalışmışam. Əvvəllər də onu tanımağıma baxmayaraq, bu bir il ərzində Leyla xanımla daha çox ünsiyyətdə oldum. Onun səliqəsi, dərsə yanaşma tərzi, dəqiqliyi, sadəliyi daima məni heyran edirdi. O da məsuliyyətli insanları sevərdi və işinə çox bağlı insan idi. Mən şadam ki, qısa müddətdə olsa da Leyla xanımın sinfində çalışdım və o dəyərli insanla həmsöhbət oldum. Leyla xanım gözəl pedaqoq və mehriban ana idi. Leyla Hüseyn qızı Abasquliyeva 16 oktyabr 2019-cu ildə vəfat etmişdir. O, tələbələrinin və sevimli kollektivinin qəlbində daima yaşayacaqdır. Allah rəhmət eləsin!

20

BMA-nın “Konsertmeyster ustalığı” kafedrasının illustratoru GÜLLÜBƏYİM MƏMMƏDOVA


GÜLNAZ İSMAYILOVA 60 18 oktyabr 2020-ci il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Solo oxuma və opera hazırlığı” kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq artisti Gülnaz İsmayılovanın 60 illik yubileyi tamam olur. İsmayılova Gülnaz Əmir qızı 18 oktyabr 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, Bülbül adına orta ixtisas musiqi məktəbini fərqlənmə diplomu ilə bitirmiş, 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) fortepiano ixtisasını prof. N.Sultanovun sinfində, 1997-ci ildə isə “Solo oxuma” kafedrasını, Xalq artisti, professor Xuraman Qasımovanın sinfində bitirib. Gülnaz xanım çoxsaylı müsabiqə, konfrans və Beynəlxalq festivalların iştirakçısıdır. 2003-cü ildən “Türksoy” opera sənətçilərinin Beynəlxalq festivalları, 2009-cu ildən isə Qəbələ Beynəlxalq musiqi festivallarının daimi iştirakçısı olmuşdur. Gülnaz xanım daima konsert fəaliyyəti ilə məşğuldur. Azərbaycan Dövlət Filarmoniyası nəzdində Dövlət Xor Kapellası və Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə mütəmadi çıxışlar edir. O, 2017-ci ildə oktyabrın 4-də Azərbaycan Dövlət Filarmoniyasında Maestro Niyazinin əziz xatirəsinə həsr olunmuş “Həyat Musiqidir” adlı solo konsertlə çıxış etmişdir. G.İsmayılova 2001-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın solistidir və teatrda bir sıra milli və klassik opera tamaşalarında parlaq obrazlar yaratmışdır. Bu operalardan Ü.Hacıbəyli “Arşın mal alan”, F.Əmirov “Sevil”, C.Verdi “Traviata”, C.Rossini “Sevilya bərbəri”, R.Leonkovallo “Məzhəkəçilər”, J.Bize “Karmen”, F.Əlizadə “İntizar” və başqalarının adlarını qeyd edə bilərik. Onun repertuarına Azərbaycan və dünya klassik bəstəkarlarının opera və kamera musiqi nümunələri daxildir. Gülnaz xanım Azərbaycan musiqi mədəniyyətini ABŞ, Fransa, Meksika, Almaniya, İtaliya, Yunanıstan, Türkiyə, Kipr, Ukrayna, Moldova, Belarus, Litva, Macarıstan, İspaniya, İsveç, Çin və başqa ölkələrdə layiqincə təmsil etmişdir. G.İsmayılovanın dünyanın bir çox məşhur konsert salonlarında çıxışları olub (New-York “Yamaha centre”, “Carnegie Hall”, Yunanıstan “Megaron”, Rusiya “Böyük teatr” və s.). O, Azərbaycanın görkəmli dirijorları olan R.Abdullayev, F.Kərimov, A.Əliyev, C.Cəfərov, Y.Adıgözəlov, F.İbrahimov və başqaları ilə daima uğurlu çıxışlar edib və etməkdə davam edir. O, həmçinin London Kral Filarmonik Orkestri, İohannesburq, Sankt-Peterburq, Kiyev, Yerusəlim, Ranaana simfonik orkestrləri ilə əməkdaşlıq etmişdir. İfaçı, Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş bir sıra konsert və tədbirlərdə Azərbaycan musiqi mədəniyyətini uğurla təmsil etmişdir. O, bir çox yerli və beynəlxalq festivalların iştirakçısıdır. Gülnaz İsmayılova 1985-ci ildən pedaqoji fəaliyyətdədir (konsertmeyster ifaçılığı, vokal müəllimi). 1994-cü ildən isə o, vokal sənəti üzrə geniş pedaqoji fəaliyyətlə məşğuldur. Bu illər ərzində Gülnaz xanımın çoxlu sayda istedadlı tələbələri olub və onlar ölkəmizdə, xaricdə keçirilən müxtəlif müsabiqələrdə, konsertlərdə Azərbaycanı layiqincə təmsil edirlər. 17-24 dekabr 2019-cu il tarixində keçirilmiş “Azərbaycan Vokalçıları Festivalı”nda Gülnaz xanımla yanaşı onun yetirmələri yüksək səviyyədə çıxış etmişlər. Gülnaz xanım bir neçə elmi-metodik işlərin, dərs vəsaitlərinin və elmi məqalələrin müəllifidir. O, “Arif Məlikovun vokal və kamera-instrumental əsərlərinin bəzi ifaçılıq xüsusiyyətləri” dərs vəsaiti (2017), “XIX-XX əsr Fransız musiqisində vokal və kamera-instrumental əsərlərin interpretasiya xüsusiyyətləri” dərs vəsaiti (2017), “Uluslararası müzik ve dans kongresi”ndə “A.Məlikovun Nazim Hikmətin şeirlərinə bəstələdiyi əsərlər” məruzəsi ilə çıxışı (2019), “Musiqi dünyası” jurnalında “Fidan Qasımovanın yaradıcılığında “Azərbaycan bəstəkarlarının kamera-vokal əsərləri” adlı məqaləsi (2019), “Azərbaycan bəstəkarlarının opera, müzikl və musiqili komediyalarından soprano üçün seçilmiş ariyaları” ilə bağlı olan dərs vəsaiti (2019), “Musiqişünaslığın aktual problemləri” Respublika elmi konfransında “Vokal ifaçılıq sənətində opera partiyalarının hazırlanmasında ilk addımlar” adlı məruzəsi kimi uğurlu işləri qeyd olunmalıdır. Gülnaz İsmayılova 2006-cı ildən Azərbaycan Respublikasının Əməkdar artisti, 2018-ci ildən isə Azərbaycan Respublikasının Xalq artistidir. O, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında böyük hörmətə malik olan müəllimlərdəndir və vokal kafedrasında onun fəaliyyəti daima yüksək qiymətləndirilir. Mən çox şadam ki, magistratura pilləsində kamera oxuma sinfi üzrə təhsilimi məhz Gülnaz xanımın sinfində almışam. O, çox zəhmətkeş, şagird və tələbələrinə daima diqqət, qayğı göstərən, sənətdə uğurla addımlamağın yolunu öyrədən qayğıkeş müəllimdir. Mən özümü çox şanslı tələbələrdən hesab edirəm ki, onun sinfində təhsil almışam və mənim vokal ifaçısı kimi püxtələşməyimdə əziz müəllimim Gülnaz İsmayılovanın əvəzsiz rolu olub. O, zəhmətkeş, sadə, pedaqoji fəaliyyətində bütün bacarıqlarını tələbələri ilə bölüşməyi sevən, məlahətli, ürəyəyatımlı soprano səsə və gözəl qəlbə malik insandır. Ömrünüz uzun, canınız sağ olsun çox hörmətli, dəyərli Gülnaz xanım… BMA-nın “Konsertmeyster ustalığı” kafedrasının illustratoru GÜLLÜBƏYİM MƏMMƏDOVA 21


GÜLZAR MAHMUDOVANIN YUBİLEYİNƏ... Yüz il... Bəli bir əsri özündə təcəssüm edən zəngin, enişli-yoxuşlu yollardan keçən, sədası dünyaya səs salan musiqi ocağımız, Bakı Musiqi Akademiyası. Öz ağuşunda onlarla sənətkarlar yetişdirdi. Körpəliyindən - gəncliyinə, cavanlığından - ahıl dövrünə qədər onunla bərabər böyüyən neçə dahilər tanıtdı bizə bu ocaq. Hər bir musiqiçi, sənətkar üçün müqəddəs yerə çevrilib, ikinci evini xatırlatdı Bakı Musiqi Akademiyası. Bu gün haqqında danışacağımız dəyərli musiqi xadimi, ömrünün ən gənc illərindən həyatını musiqiyə, elmə bağlayan, böyük hörmət və nüfuz qazanan, musiqişünas alim, sənətşünaslıq doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin dekanı, “Musiqi Nəzəriyyəsi” kafedrasının professoru Gülzar Mahmudovanın yaradıcılıq yollarında da doğma musiqi ocağımızın danılmaz izləri var. Böyük şövqlə, əqidə və amalla öz işinə yanaşan, peşəkarlıqla illər boyu elmi, pedaqoji və maarifçilik fəaliyyəti ilə məşğul olan, geniş erudisiyaya malik, müasir dünyagörüşlü, tələbələrin və müəllim heyətinin hörmətini qazanan G.Mahmudova haqqında yazmaq tələbəsi olaraq mənə qürurlu hisslər bəxş edir. Gülzar Rafiq qızı Mahmudova 1970-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açır. Əsl ziyalı, fədakar alim və vətənpərvər şəxsiyyət kimi formalaşmasında, sözsüz ki, onun böyüyüb boya-başa çatdığı ailəsinin böyük rolu olub. Hələ körpəlik illərindən ziyalılar əhatəsində böyüyən Gülzarın atası dövrünün hörmətli şəxsiyyətlərindən biri Azərbaycan Texniki Universitetinin kafedra müdiri, elmlər doktoru, professor Rafiq Mahmudov, anası Azərbaycan Elmlər Milli Akademiyasının baş elmi işçisi Gülarə Mahmudova, babası Tağı Badirov Yeyinti Sənayə Naziri, nənəsi Sona Badirova Azərbaycan Respublikasının baş pediatrı vəzifəsində çalışıb. Bunlarla yanaşı G.Mahmudovanın babası Tağı Badirovun çox gözəl səsi, oxumaq qabiliyyəti var idi. O, evdə dostlar əhatəsində klassik romansları böyük məharətlə ifa edirdi. Kiçik yaşlarından Gülzar Mahmudova, tez-tez babasıgildə Rauf Atakişiyev, Azər Rzayev, Qəmər Almaszadə kimi şəxsiyyətləri görür, tanıyır. Əlbətdə ki, G.Mahmudovanın belə bir yaradıcı mühitdə böyüməsi, ona gələcəkdə peşəkar mütəxəssis kimi formalaşmasına öz təsirini göstərməyə bilməzdi. İlk musiqi addımlarını 1977-ci ildə Dzerjinski adına orta ixtisas musiqi məktəbində ataraq, sənətin incəliklərini mənimsəyir. Məktəb illərindən daim fəal şagird kimi seçilərək konsert proqramlarında uğurlu çıxışları ilə yadda qalır. Fortepiano ilə yanaşı nəzəri elmlərə də sevgi ilə yanaşan G.Mahmudova məktəbi fərqlənmə diplomu ilə bitirib 1988 – ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) tarix-nəzəriyyə fakültəsinə qəbul olur. Musiqiçi, nəzəriyyəçi kimi daim öz üzərində çalışır. 1992-ci ildə tələbələrin ən yaxşı elmi işinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edilən Respublika müsabiqəsinin laureatı, 1994-cü ildə isə Üzeyir Hacıbəyov adına gənc musiqişünasların I Respublika müsabiqəsinin qaliblərindən biri olur. Azərbaycanın ən yaxşı gənc musiqiçiləri arasında “Azərbaycan gəncliyi – Azərbaycanın gələcəyi” kitabına daxil edilir. İstedadlı, nizam – intizamlı və fəal tələbə olduğuna görə təhsil ocağının rəhbərliyi onu ən yüksək Ü.Hacıbəyli adına xüsusi təqaüdə layiq görür. 1993-cü ildə ali təhsilini müvəffəqiyyətlə musiqişünas, müəllim, mühazirəçi ixtisasları üzrə fərqlənmə diplomu ilə başa vurur. Çox keçmir ki, yenidən həyat yolları onu doğma musiqi ocağımız Bakı Musiqi Akademiyasına (BMA) gətirir. Beləliklə 1995ci ildən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (İndiki BMA) “Musiqi nəzəriyyəsi” kafedrasında müəllim vəzifəsində işləməyə başlayır. Daim öz üzərində çalışan gənc mütəxəssis zamanla baş müəllim, 2001-ci ildə dosent, 2008-ci ildə professor vəzifəsinə qədər yüksəlir. Hələ gənclik illərindən daim yüksək erudisiya qabiliyyəti, fəallığı, təşkilatçılıq qabiliyyəti ilə diqqəti çəkir. 2001-ci ildən bugünədək “TarixNəzəriyyə” fakültəsinin dekanı vəzifəsini icra edir. Vəzifədə olduğu illərdə daima müəllim – tələbə heyətinin tədris prosesinin yaxşılaşdırmağı istiqamətində bir sıra mühüm işlər görür, tələbələrin musiqişünaslığa marağını artırmaq məqsədi ilə bir çox müsabiqələrin rəhbərliyi ilə şəxsən özü məşğul olur. Tarix-nəzəriyyə fakültəsində dəfələrlə maraqlı və dövrün aktual proseslərinə uyğun müsabiqələrə təşkilatçılıq edir. Onların sırasında Azərbaycan Respublikasının Müstəqillik gününə, Nizami Gəncəvi-870, Fikrət Əmirov-90, Niyazi-100, Qara Qarayev - 100, Arif Məlikov - 85 yubileylərinə, Bakı Musiqi Akademiyasının 90 illik yubileyinə, Ali təhsilməktəbləri arasında Ümummilli Lider Heydər Əliyevin 90 və 95 illik yubileylərinə, Azərbaycan Respublikasının Müstəqilliyinin 25 illik yubileyinə, “Qarabağ – Azərbaycan!” mövzusuna həsr olunmuş müsabiqələr xüsusilə diqqəti cəlb edir. 22


Azərbaycan, rus ədəbi dilinin qanunlarına yaxından bələd olan mütəxəssis Gülzar Mahmudova elmi fəaliyyətlə daim məşğul olur, mütəmadi olaraq dövrü mətbuatda məqalə və resenziyalarla çıxışlar edir. “Bakı”, “Azərbaycan gəncliyi”, “Vışka”, “Zerkalo”, “Bakinskiy raboçiy”, “İzvestiya”, “Azərbaycanskiye izvestiya”, “Exo”, “Kaspiy” qəzetləri ilə, “Musiqi dünyası”, “Harmoniya” internet jurnalı, Beynalxalq jurnallar ilə əməkdaşlıq etmişdir. Ümumilikdə 100-dən çox elmi məqalələrin müəllifidir. Onun yaradıcılıq fəaliyyətinin vacib bir tərəfini pedaqoji istiqaməti təşkil edir. Daim tələbələrin tədris prosesinin yüksəlməsini diqqət mərkəzində tutan G.Mahmudovanın bir sıra mühüm fənlər üçün tərtib etdiyi metodik tövsiyyələr, proqramlar tədris prosesində geniş istifadə olunur. Musiqinin ən çətin və maraqlı qolunu təşkil edən polifoniya və solfecio fənninin incəliklərini tədqiq edən mütəxəssis musiqi elminə bu istiqamətdə bir çox dəyərli tövhələr bəxş edir. 2009-cu ildə işıq üzü görən “Solfecio” fənni üzrə musiqi eşitmə qabiliyyətinin tərbiyəsi və inkişafı üçün dərs vəsaitinin, 2011-ci ildə isə “Polifoniya” kursunun mövzularını bütövlüklə əhatə edən Azərbaycanda ilk dərsliyin müəllifidir. Bunlardan əlavə o, “Şifahi ənənəli Azərbaycan musiqisində ostinatlıq” (Bakı, 2001), “Azərbaycan musiqisində ostinatlığın genezisi və təmayülü” (Bakı, 2006) monoqrafiyalarının müəllifi, “Qara Qarayev Oçerklər” (Bakı, 2003) kitabının tərtibçi-redaktoru, ondan çox kitabın redaktoru və rəyçisidir. Yaradıcılığında pedaqoji fəaliyyətinə böyük sevgi və xüsusi diqqətlə yanaşan G.Mahmudova 30-dan artıq bakalavr buraxılış işləri və magistrlik dissertasiyalarına uğurla rəhbərlik etmişdir. Onun rəhbərliyi altında 2 dissertant 2012-ci və 2017-ci ildə müdafiə etmişdir və hal hazırda 5 dissertasiya yazılır. Alimin axtarışlarının başlıca istiqamətini müəyyənləşdirən amillər – Azərbaycanın milli musiqisi və polifonik yaradıcılığıdır. Gülzar xanım “Şifahi ənənəli Azərbaycan musiqisində ostinatlıq prinsipləri haqqında” çətin və aktual elmi problem üzərində işləyərək, 1999-cu ildə böyük müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edir və sənətşünaslıq namizədi elmi dərəcəsini alır. Burada polifoniyaya aid bir sıra maraqlı faktlar araşdıran G.Mahmudova sonralar bu mövzunu daha ətraflı tədqiq edərək monoqrafiya formasında geniş oxucu kütləsinə təqdim edir. Uğurlu kitablar sırasına daxil olan “Şifahi ənənəli Azərbaycan musiqisində ostinatlıq” elmi monoqrafiyası 2003-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən fərqlənmə diplomu ilə təltif edilmiş və mükafatlandırılmışdır. 2007-ci ildə G.Mahmudova polifoniya mövzusuna daha geniş aspektdən yanaşaraq, doktorluq dissertasiyasını “Azərbaycan bəstəkarlarının yaradıcılığında ostinatlıq prinsipləri” mövzusunu araşdırır və onu uğurla müdafiə edərək, sənətşünaslıq doktoru elmi dərəcəsinə layiq görülür. G.Mahmudova 2002-ci ildən etibarən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. İttifaqın keçirtdiyi konfranslarda daim aktual mövzularda məruzələrlə çıxış edir. Həmçinin Beynəlxalq və Respublika elmi-tədqiqat simpoziumlarında, müxtəlif konfranslarda dəfələrlə iştirak etmişdir. G.Mahmudova Azərbaycan Dövlət Filarmoniyasında, Kapellhausda, BMA-nın böyük zalında geniş dinləyici auditoriyası qarşısında maraqlı çıxışları ilə də tanınmışdır. Bundan başqa, “Muğam aləmi” I beynəlxalq elmi simpoziumunda (2009), Qara Qarayevin 90illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransında (2008), “Наука на рубеже тысячелетий” (Rusiya, 2005), “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” III Uluslararası folklor konfransında (13-16 noyabr, Bakı, 2005), Orta Asiyada keçirilən Beynəlxalq caz festivalında (Tacikıstan, 2009) və başqa tədbirlərdə iştirak etmişdir. Gülzar xanım elmi və pedaqoji fəaliyyəti ilə yanaşı, təşkilatçılıq fəaliyyəti ilə də məşğul olur. Müxtəlif illərdə o, Ü.Hacıbəyli adına Elmi şuranın üzvü, BMA-nın nəzdində fəaliyyət göstərən İxtisaslaşmış Dissertasiya Şurasının üzvü, Tarix-nəzəriyyə fakültəsinin Elmi Şurasının sədridir. Həmçinin 2017-2019-cu illərdə Prezident yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının da üzvü olmuşdur. 2013 və 2019-cu illərdə G.Mahmudova “Qızıl Qələm”, 2019-cu ildə isə “Azərbaycan ziyalısı” media mükafatları laureatı adına layiq görülmüşdür. Gülzar xanımdan danışarkən onun yüksək insani keyfiyətlərini də qeyd etməmək qeyri-mümkündür. Elmə səmimi bağlılığı, yüksək tədqiqatçılıq məharəti, ictimai fəaliyyəti ilə cəmiyyətdə və musiqi aləmində rəğbət qazanan Gülzar Mahmudova bu gün də yorulmaz fəaliyyəti, yüksək prinsipiallığı və əsl vətəndaş mövqeyi ilə Azərbaycan musiqi elminin inkişafına xidmət edir. Hörmətli Gülzar xanım, Sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, cansağlığı, xoşbəxtlik, firavanlıq və yaradıcılığınızda uğurlar arzu edirik! Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi Nəzəriyyəsi” kafedrasının baş müəllimi GÜNEL ZEYNALLI

23


YENİ NƏŞRLƏR Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə görkəmli Azərbaycan bəstəkarı, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor, akademik Arif Cahangir oğlu Məlikova həsr olunmuş sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Oqtay qızı Baxşiyeva-İbrahimovanın “Arif Məlikov: tarix və müasirlik” adlı kitabı 2020-ci ildə çapdan çıxmışdır. Təqdim olunan kitabda bəstəkar yaradıcılığının erkən və yetkin dövrlərində meydana gəlmiş kamera-instrumental və kamera-vokal əsərlərin kompleksli təhlili və obrazlı-emosional icmalı verilir. Kitabda dünya şöhrətli bəstəkarın yaradıcılığında xüsusi yer tutan kamerainstrumental və kamera-vokal əsərlərinin sistemli təhlili aparılıb. Nəşrdə həmçinin bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş məqalələr və onunla bağlı xatirələr də yer alıb. Müəllif tərəfindən Arif Məlikovun fortepiano prelüdləri, pyesləri, “Ötəri anlar” silsiləsi, “Təzadlar” fortepiano pyesi, iki royal üçün skerso, solo violin üçün sonata, violin və fortepiano üçün skerso, Nazim Hikmətin sözlərinə üç romans silsiləsi, Almas İldırımın sözlərinə “Azərbaycan” balladası nəzərdən keçirilmişdir. Nəşrin ikinci hissəsində bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş məqalələr daxil olunub. Kitabın sonuncu bölməsində Arif Məlikovun məzunlarının ürək sözləri və xatirələrinə yer verilib. Əlavəyə bəstəkarın əsərlərinin siyahısı daxildir. İstifadə olunmuş şəkillər bəstəkarın şəxsi arxivindən götürülmüşdür. Kitab həm ixtisas-musiqiçi, həm də geniş oxucu kütləsinə ünvanlanıb. SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli tanınmış pianoçu, professor Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı haqqında kitab nəşr edilib. Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı (məqalələr, rəylər, müsahibələr, materiallar)” adlı kitabın tərtibçisi Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovdur. Kitabda Xalq artisti, tanınmış pianoçu, bəstəkar, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin professional fəaliyyətinin bir çox istiqamətləri işıqlandırılıb, həmçinin sənətkar haqqında müxtəlif illərdə qəzet və jurnallarda dərc edilmiş məqalələr, müsahibələr və digər materiallar toplanıb. Yeni nəşrin Mədəniyyət Nazirliyinin tabeliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılması nəzərdə tutulur. Azərbaycan Respublikasının Əməkdar artisti, beynəlxalq müsabiqələrin qalibi və laureatı, Bakı Musiqi Akademiyasının (BMA) baş müəllimi İlham Nəzərov haqqında “İlham Nəzərov: sərhədsiz səs...” adlı kitab işıq üzü görüb. Kitabın tərtibçisi BMA-nın Elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, elmi redaktoru BMAnın “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirovadır. İlham Nəzərov müasir vokal ifaçılıq məktəbimizin parlaq nümayəndəsidir. O, Azərbaycan vokal ifaçılığı tarixinə ilk kontratenor səs tembrinə malik ifaçı kimi daxil olub. Müğənninin kontratenor səsi ilə ifaçılığı, müxtəlif səs tembrlərindən yararlanması, geniş vokal ifaçılıq imkanları onun yaradıcılığını musiqi mədəniyyətimizdə əhəmiyyətli edən səbəblərdəndir. İ.Nəzərovun 20 illik peşəkar səhnə fəaliyyətinə (2000-2020) həsr olunmuş kitab onun bu illərdə əldə etdiyi yaradıcılıq uğurlarını əhatə edir. Burada ifaçının uşaqlıq illəri, səhnəyə gəlişi, yaradıcılığında mühüm əhəmiyyət kəsb edən məqamlar, səsinin xüsusiyyətləri, eləcə də pedaqoji fəaliyyətindən ətraflı bəhs olunur. Görkəmli musiqiçilərin – SSRİ Xalq artisti F.Bədəlbəyli, Xalq artistləri F.Əlizadə, X.Qasımova, Y.Adıgözəlov, M.Adıgözəlzadə, Rusiyanın Xalq artisti D.Bertman, avropalı tanınmış musiqiçilərdən Vinçenzo De Vivo, A.Simonişvili, R.Kabaivanska və digərlərinin İ.Nəzərov haqqında fikirlərinə də kitabda yer verilib. Həmçinin kitabda sənətkarın kontratenor və bariton kimi repertuarı, onun elmi fəaliyyəti əsaslı surətdə təqdim olunub. 24


Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayevanın “Azərbaycan vokalizlərinin səciyyəvi xüsusiyətləri” adlı monoqrafiyası çapdan çıxıb. Monoqrafiya Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələri Xalq artisti, professor, bəstəkar S.İbrahimovanın və Əməkdar İncəsənət xadimi, bəstəkar, musiqişünas, fəlsəfə elmləri doktoru professor G.Abdullazadənin vokaliz janrında qələmə aldıqları əsərlərin səciyyəvi yazı dəstixəttinin və xüsusən də musiqi dilinin melodik xüsusiyyətlərinin elmi tədqiqinə həsr edilib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr edilmiş monoqrafiyada Azərbaycan professional bəstəkarlıq məktəbinin tanınmış nümayəndələri olan Sevda İbrahimova və Gülnaz Abdullazadənin həyat və yaradıcılıqlarında mühüm əhəmiyyət kəsb edən məqamlar, zəngin vokal yaradıcılıqlarının, xüsusilə də vokaliz janrında qələmə aldıqları əsərlərin melodik xüsusiyyətlərinin araşdırılması işıqlandırılmışdır. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, pedaqoq, professor Arif Əsədullayevin uzun illərin bəhrəsi olan “Azərbaycanın klassik 12 instrumental muğamı” dərsliyi nəşr edilib. Dərslik, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə, Azərbaycan Dövlətinin ərazi bütövlüyü uğrunda döyüşən və şəhid olanların əbədi xatirəsinə ithaf olunub. Dərslikdə professor Arif Əsədullayevin uzun illər ərzində nota saldığı -“Mahur hindi”, “Qatar”, “Orta Mahur”, “Bayatı-Qacar”, “Dügah”, “Vilayəti-Dilkəş”, “Şahnaz”, “Rahab”, “Nəva”, “Dəsti”, “Bayatı-Kürd”, “Xaric segah” – instrumental muğamlar dərc olunaraq geniş musiqi ictimaiyyətinə təqdim edilmişdir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Xarici tələbələrlə iş üzrə şöbə müdiri və BMA-nın böyük elmi işçisi Vüqar Bəxtiyar oğlu Hümbətovun “Azərbaycan bəstəkarlarının yaradıcılığında tarixi mövzulu xor əsərləri (1990-2000-ci illər)” adlı monoqrafiyası çapdan çıxıb. Monoqrafiyada Azərbaycan bəstəkarlarının konkret tarixi dövrdə baş vermiş hadisələrə - Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə, 20 yanvar hadisələrinə, Xocalı faciəsinə, Qarabağın işğalına, həmçinin, tarixi şəxsiyyətlərə Ümummilli lider Heydər Əliyevə və Vətən uğrunda şəhid olmuş qəhrəman oğullara həsr olunan əsərləri tədqiqata cəlb olunmuşdur. Burada tədqiqatın materialının genişliyini qeyd etmək vacibdir, belə ki, müəllif bir neçə nəsil Azərbaycan bəstəkarlarının, o cümlədən, R.Mustafayev, O.Rəcəbov, E.Dadaşova, Y.İmanov, S.Fərəcov, C.Abbasov, R.Qədimova, L.Vaynşteyn, A.Ağasıyev və b. əsərlərinə müraciət etmiş, onların təhlilinə monoqrafiyanın müvafiq bölmələrində yer vermişdir. Kitabın Elmi redaktoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadədir. Monoqrafiya Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsinə və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanoloqiya və akustika” elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin “Ermənilərin saxtalaşdırdığı Azərbaycan xalq rəqsləri” kitabı işıq üzü görüb. Təqdim olunmuş kitabda Azərbaycanın qədim tarixə malik xalq rəqs havalarının ermənilər tərəfindən saxtalaşdırılaraq mənimsənilməsindən bəhs edilir və bu faktlar elmi dəlillərlə sübut olunur.. Kitabın Elmi redaktoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadədir.

25


TƏLƏBƏ, MƏZUN və MÜƏLLİMLƏRİMİZİN 2020-Cİ İLDƏKİ UĞURLARI 12-19 yanvar 2020-ci tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano” fakültəsinin “Sabah” qrupunun II kurs tələbələri “Ümid” İncəsənət müsabiqəsində uğurla iştirak ediblər. Belə ki, ÜLKƏR MUSAYEVA “Ansambl” üzrə I yer, RƏHİMƏ ƏHMƏDOVA isə “Solo fortepiano ifaçılığı” üzrə I yer qazanaraq, Laureat adına layiq görülüblər. İfaçıların müəllimi Xalq artisti, professor Yeganə Axundovadır. 17-24 fevral 2020-ci il tarixində keçirilən “World harmony” gənc ifaçıların III Beynəlxalq klassik və folklor musiqi müsabiqəsində Bakı Musiqi Akademiyasının tələbələri də fəal iştirak edərək, müxtəlif mükafatlara layiq görülmüşlər: “İxtisas fortepiano” fakültəsinin tələbələri NİGAR HEYDƏRLİ IV kateqoriya – II yer (müəllim: Əməkdar müəllim, professor Nərminə Quliyeva), MAKSUD MUSAZADƏ IV kateroriya – III yer (müəllim: Əməkdar müəllim, professor Tsiala Sinamdzqraşvili); “İfaçılıq” fakültəsinin Estrada sənəti ixtisasının II kurs tələbəsi SÜBHAN RÜSTƏMOV I yer (müəllim: Əməkdar artist İlham Nəzərov), “Solo oxuma” kafedrasının III kurs tələbəsi ELMİNA HƏSƏNOVA I yer (müəllim: Xalq artisti, professor Gülnaz İsmayılova), magistratura pilləsinin I kurs tələbəsi URFAN CƏFƏROV (müəllim: Xalq artisti, professor Xuraman Qasımova) I yerə layiq görülmüşlər. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Dirijorluq” kafedrasının magistr I kurs tələbəsi ƏFŞAN ƏFƏNDİYEVA (müəl.: professor Leyla Məmmədova) 02-15 mart 2020-ci il tarixində Türkiyədə online keçirilən “X Caspi Art Uluslararası Sanat Yarışması” müsabiqəsində I yeri qazanaraq, diplomla təltif olunmuşdur. Qeyd edək ki, professor LEYLA MƏMMƏDOVAya da Təşkilat Komitəsi tərəfindən Təşəkkürnamə təqdim edilib. 29-31 may 2020-ci il tarixində Barselona şəhərində rus klassik musiqisinin “Русская альборада” adlı gənc ifaçılardan ibarət V Beynəlxalq müsabiqəsi keçirilib. Fortepiano nominasiyası üzrə münsif heyətinin tərkibində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris İşləri üzrə prorektoru, Əməkdar müəllim, Pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva iştirak etmişdir. Müsabiqə çərçivəsində N.Quliyeva gənc ifaçılara ustad dərs də keçmişdir. Müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqədə iştirak edən ifaçılarımız - Fortepianosolo nominasiyası: AYGÜL RZAZADƏ (II yer), LEYLA ZEYNALOVA (Qran - Pri), 26 22


SƏBİNƏ ELDARLI (I yer), NÜŞABƏ HACIYEVA (II yer), NƏRGİZ ƏLİYEVA (I yer), NİGAR HEYDƏRLİ (I yer), FİDAN TAĞIYEVA (II yer), FATİMƏ ƏLİYEVA (I yer), FİDAN YUNUS (II yer); İnstrumental ifaçılar nominasiyası: MƏHƏMMƏDƏLİ PAŞAZADƏ (klarnet, I yer), SƏİD BAĞIRZADƏ (klarnet, I yer), ZAKİR ALLAHVERDİLİ (qoboy, Qran-Pri), NƏRGİZ HÜSEYNZADƏ (skripka, Diplom); Vokal-solo nominasiyası: ƏLİ MURADOV (II yer), ADELİN ÖZTÜRK (III yer), İnstrumental ansambl nominasiyası: RƏHİMƏ ƏHMƏDOVA və ÜLKƏR MUSAYEVA (4 Diplom); Vokal ansamblı və xorlar nominasiyası: BAKI MUSİQİ AKADEMİYASININ VOKAL-XOR ANSAMBLI (II yer). Bakı Musiqi Akademiyası Fortepiano fakültəsi “Sabah” qrupunu 3 kurs tələbəsi RƏHİMƏ ƏHMƏDOVA 2020-ci ildə bir çox müsabiqələrdə uğurla iştirak edib. Bunlardan XI Caspi Art Uluslararası Sanat yarışması (01.06.2020-15.06.2020) Türkiyə, solo I yer laureat; Konsertmeyster I yer laureat; V Beynəlxalq İncəsənət yarışı (05.07.202012.07.2020), Azərbaycan, solo II yer laureat; The I İnternational online competition “Online Harmony” (10.07.2020-15.07.2020), Gürcüstan, IV yer laureate; The XV Concours İnternational musical Adilia Alieva, (20.07.2020-30.07.2020) Fransa, diplom of finalist müsabiqələrində uğurla iştirak edib. İfaçının ixtisas müəllimi Xalq artisti, professor YEGANƏ AXUNDOVA, Konsertmeyster müəllimi GÜLNARƏ ƏHMƏDZADƏ təşkilat komitəsi tərəfindən təşəkkür diplomu ilə təltif olunublar. 10-15 iyul 2020-ci il tarixlərində keçirilən I Beynəlxalq “Online Harmony” müsabiqəsində Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının I kurs tələbəsi NAİLƏ XASIYEVA iştirak edərək II yerə layiq görülüb. İfaçının müəllimi, SSRİ Xalq artisti, professor FİDAN QASIMOVA isə təşkilat komitəsi tərəfindən diplomla təltif olunub.

10-15 iyul 2020-ci il tarixlərində keçirilmiş I Beynəlxalq “Online Harmony” müsabiqəsində Bakı Musiqi Akademiyasının “Fortepiano” kafedrasının II kurs tələbələri MƏRYƏM MƏMMƏDOVA (I yer), CƏMİLƏ ABDİNZADƏ (III yer) Laureat adına layiq görülüblər. CƏMİLƏ ABDİNZADƏ həmçinin “konsertmeyster ustalığı nominasiyası” üzrə də diplomla təltif olunub. Eyni zamanda, 20 iyul 2020-ci il tarixində CƏMİLƏ ABDİNZADƏ “TESSA MUSIC CONTEST” müsabiqəsində iştirak edərək I yerə, “konsertmeyster ustalığı nominasiyası” üzrə Qran-Pri mükafatına layiq görülüb. Qeyd edək ki, ifaçıların müəllimləri sənətşünaslıq üzrə fəlsəfə doktorları, dosent AFAQ AŞUMOVA, dosent NƏRGİZ SALMANLI həmçinin illustrator ZAKİR ALLAHVERDİLİ müsabiqələrə yüksək səviyyədə tələbə hazırladıqları üçün diplomla təltif olunublar. 27 23


20.07.2020-30.08.2020 tarixlərində onlayn şəkildə keçirilən "Южная рапсодия" Beynəlxalq müsabiqəsində Bakı Musiqi Akademiyası “İxtisas fortepiano” kafedrasının III kurs tələbəsi ƏSMƏR HÜSEYNLİ (müəllim: dosent Kəmalə Mirbabayeva) Qran pri mükafatına layiq görülmüşdür. İfaçı və müəlliməsi diplom ilə təltif olunmuşdur.

20 iyul 2020-ci il tarixində online keçirilmiş “TESSA MUSIC CONTEST” müsabiqəsində Bakı Musiqi Akademiyasının “Fortepiano” kafedrasının II kurs tələbələri NURCAN RZAYEVA (I yer) və FƏRİDƏ ABDULLAYEVA (I yer) iştirak edərək Laureat adına layiq görülüblər. İfaçıların müəllimələri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent KƏMALƏ MİRBABAYEVA müsabiqəyə yüksək səviyyədə tələbə hazırladığı üçün Diplomla təltif olunub.

2020-ci ilin avqust ayında Polşada keçirilən XVI Beynəlxalq “Mədəniyyət Karvanı” müsabiqəsində Bakı Musiqi Akademiyasının (BMA) “Nəfəs və zərb alətləri” kafedrasının tələbəsi, truba ifaçısı İSLAM ƏHMƏDBƏYOV I yerə layiq görülmüşdür. İfaçının müəllimi BMA-nın dosenti RÜFƏT AXUNDZADƏ də təşkilat komitəsi tərəfindən diplomla təltif edilmişdir. 5 sentyabr 2020-ci il tarixində İspaniyada onlayn şəkildə keçirilən "World Art Games" Beynəlxalq müsabiqəsində Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin III kurs tələbəsi ƏSMƏR HÜSEYNLİ uğurlu çıxışına görə diploma layiq görülmüşdür. İfaçının ixtisas müəllimi "İxtisas fortepiano" kafedrasının dosenti KƏMALƏ MİRBABAYEVA isə sertifikatla təltif olunmuşdur. 10.09.2020-20.10.2020 tarixləri arasında Rusiyanın Rostov şəhərində onlayn şəkildə keçirilən "АРТ-ТРАДИЦИИ" Beynəlxalq müsabiqəsində Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının II kurs tələbəsi NURCAN RZAYEVA (müəl.: dosent Kəmalə Mirbabayeva) Qran pri mükafatına, 2020-ci ilin oktyabr ayında Rusiyanın Moskva şəhərində keçirilən I Beynəlxalq "Art talents" onlayn müsabiqəsində isə II yerə layiq görülmüşdür. Münsiflər heyəti qalibi və onun müəlliməsini diplomla təltif edib. 28


2020-ci ilin oktyabr ayında Qazaxıstanın Almatı şəhərində “TESSA” VI Beynəlxalq Musiqi Müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycan, Rusiya və Qazaxıstan ifaçıları iştirak edib. Müsabiqədə ölkəmizi təmsil edən Bakı Musiqi Akademiyasının (BMA) doktorantı RÜFƏT PİRİYEV (tenor) Qran-pri mükafatını qazanıb. Rüfət Piriyev vokal ixtisası üzrə BMA-nın dosenti Svetlana Mirzəyevanın, opera-səhnə sənəti üzrə Dövlət mükafatları laureatı, Xalq artisti Gülcahan Güləhmədova-Martınovanın sinfini bitirib.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Solo oxuma və opera hazırlığı” kafedrasının müəllimi, Beynəlxalq müsabiqələr laureatı GÜLLÜBƏYİM MƏMMƏDOVA 7 dekabr 2020-ci il tarixində Qazaxıstanda təşkil olunan “Astana stars” V Beynəlxalq online festivalmüsabiqədə çıxış etmişdir. Bu festival çərçivəsində “Аяулы Астана” adlı müsabiqədə akademik vokal ifaçılığı üzrə I yerə layiq görülmüş, eləcədə münsiflər heyəti onun çıxışını yüksək dəyərləndirərək Təşəkkürnamə ilə təltif etmişlər. MƏMMƏDOVA GÜLLÜBƏYİM 15 dekabr 2020-ci il tarixdə Qazaxıstanda təşkil olunan “Astana stars” festival çərçivəsində Beynəlxalq-vokal “Bel canto” müsabiqəsində də akademik vokal ifaçılığı üzrə çıxış edərək Qran-Pri mükafatına layiq görülmüş və xüsusi Təşəkkürnamə ilə mükafatlandırılmışdır. İfaçını “Bel canto” müsabiqəsində Bakı Musiqi Akademiyasının müəllimi, konsertmeyster VÜSALƏ BABAYEVA müşayiət etmiş və Təşəkkürnamə ilə təltif olunmuşdur.

19-20 dekabr 2020-ci il tarixlərində Gürcüstanda keçirilən “L.V.Bethoven adına pianoçuların I beynəlxalq onlayn müsabiqəsi”ndə iştirak edən Bakı Musiqi Akademiyasının “Fortepiano” fakultəsinin II kurs tələbəsi ÜLKƏR MƏMMƏDOVA (müəllim: sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Züleyxa Abdulla) I yerə, “Fortepiano” fakultəsinin I kurs tələbəsi, İran İslam Respublikası vətəndaşı ARİAN GHAHRAMANİ (müəllim: Nərgiz Kəngərli) isə III yerə layiq görülmüşdür. Qeyd edək ki, dosent ZÜLEYXA ABDULLA tələbəni müsabiqəyə yüksək səviyyədə hazırladığı üçün təşkilat komitəsi tərəfindən diplomla təltif olunub.

29 23


XƏBƏRLƏR 10 noyabr 2020-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant Könül Əhmədovanın “Musiqi və rəssamlıqda satiranın “rəngləri” adlı Zoom proqramı ilə onlayn seminarı keçirildi. Könül Əhmədova Azərbaycanda kitab qrafikası sənətinin əsasını qoymuş müasir Azərbaycan satirik qrafikasının və teatr dekorasiyası janrlarının banisi Əzim Əzimzadənin 140 illiyi münasibətilə karikatura janrına ekskurs etdi. Karikatura janrının tarixi inkişafı yolu haqqında, Azərbaycanda XVIXVII əsrlərdə yaşayıb yaratmış sənətkarların yaradıcılığında satirik tərzdə yaranmış miniatürlərin həm adlarını, həm də rəsm əsərlərini təqdim etdi. Məhz bu miniatürlər sonralar Azərbaycanda karikatura janrının başlanğıcı kimi hesab edilir. Azərbaycanda karikaturanın əsası müstəqil janr kimi formalaşması XX əsrin əvvəllərində “Molla Nəsrəddin” həftəlik satirik-yumaristik jurnalının yaranması ilə qoyuldu. Bununla yanaşı jurnalın yaranması və jurnalda fəaliyyət göstərən ziyalıların adları da məruzəçi tərəfindən qeyd edildi. Xüsusən də jurnalın rəssamı Ə.Əzimzadə teatr-dekorasiya sənəti sahəsində böyük işlər görmüşdür. O, Ü.Hacıbəyli, Z.Hacıbəyov - “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşid Banu”, “Aşıq Qərib”, “Koroğlu” operalarının, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının bədii tərtibatını vermiş, geyim eskizlərini çəkmişdir. Azərbaycanda “Molla Nəsrəddin” jurnalının sevilməsi başqa bir sıra satirik formada jurnalların yaranmasına səbəb oldu. Amma “Molla Nəsrəddin” jurnalı kimi bu jurnalların fəaliyyəti o qədər də uzun çəkmədi. Məruzəçi karikatura janrının ən yeni tarixinə qədər Azərbaycanda keçirilən karikatura müsabiqələrinin təsvirini təqdim edərək, bu müsabiqələrin yaradıcısı, müsabiqələrdə tədqiqi, təbliği haqda ətraflı məlumat verdi. Dövrü mətbuatda dərc olunan məqalələrdə müsabiqələr ilə bağlı materiallar da təqdim olundu. Seminarda elmi-tədqiqat laboratoriyasının əməkdaşları iştirak edirdilər. Sonda laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, aparıcı elmi işçi, dosent Ariz Abduləliyev, böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli, elmi işçi Fidan Nəsirova öz ürək sözlərini söylədilər. Suallar isə məruzəçi tərəfindən cavablandırıldı. 17 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Mədəniyyət Nazirliyinin və ″Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr″ ictimai birliyi ilə birgə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasının alim heyəti, elm və musiqi xadimləri, tanınmış musiqişünaslarının iştirakı ilə, Azərbaycanın şimal bölgəsinin uşaq musiqi məktəblərinin müəllimləri ilə onlayn rejimdə “Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” layihəsinin ilk iclası keçirilmişdir. İclası giriş sözü ilə açıq elan edən BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə layihə çərçivəsində Azərbaycanın 30


regionlardakı uşaq musiqi məktəblərinin şagirdləri üçün - xanəndə, tar və kamança üzrə ustad dərslərinin əyani şəkildə keçirilməsinin nəzərdə tutulmasını qeyd etmişdir. Lakin hal-hazırki pandemiya ilə əlaqədar olaraq ustad dərslərinin onlayn rejimdə keçirilməsinin labüdlüyünü diqqətə çatdırmışdır. Daha sonra çıxış edən BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, f.e.d., professor Gülnaz Abdullazadə layihənin önəmliyini vurğulamış, ustad ifaçıların regionlarda yaşayan uşaq musiqi məktəblərinin müəllimlərinə, habelə, istedadlı gənclərimizə onlayn musiqili ustad dərsləri, təlimlər keçərək onların yaradıcılığına dəstək olacaqlarına əminliyini ifadə etmişdir. Elmi-tədqiqat laboratoriyasının əməkdaşları, tanınmış sənətkarlardan Xalq artisti, professor Ramiz Quliyev (tar), Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev (kamança), Xalq artisti, professor Zümrüd Məmmədova (xanəndə) ixtisas fənnlər üzrə müəllim və şagirdlərə ustad dərsləri keçəcəklər. Bu münasibətlə çıxış edən ustadlar görüləcək işlər barədə ətraflı məlumatlar verdilər və layihə çərçivəsində bütün bilik və təcrübələrini əsirgəməyəcəklərini vurğuladılar. Noyabr-dekabr 2020-ci il Azərbaycan Respublikası Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Mədəniyyət nazirliyi, “Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” İB və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ”Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:Orqanologiya və Akustika”elmitədqiqat laboratoriyası tərəfindən birgə keçirilən “Regionlarda onlayn musiqi ustad dərslərinin təşkili” (tar, kamança, xanəndə) adlı layihənin icrası noyabr-dekabr aylarında uğurla davam edir. Layihənin icrası ölkəmizin iki bölgəsində -Xaçmaz (Quba, Şabran, Qusar, Siyəzən) və Şamaxı (Ağsu, İsmayıllı, Qəbələ, Qobustan) daxil olmaqla Regional Mədəniyyət İdarələrinin təşkilatı dəstəyi sayəsində baş tutmuşdur. Adıçəkilən bölgələrin müəllimlərinin əməyi nəticəsində gələcəyimiz olan şagirdlərdə ənənəvi musiqimizə böyük həvəs və maraq vardır. Mövcud pandemiyanı nəzərə alaraq ustad dərsləri onlayn qaydada keçirilir. Ustadlarımız öz təcrübələrinə əsaslanaraq, bəstəkarlarımızın xalq çalğı alətləri üçün yazılmış konsert və pyesləri ilə yanaşı, Avropa bəstəkarlarının əsərlərinin musiqiçilər tərəfindən işləmələrində dinamik işarələr, aplikatura, pozisiya, ştrixlər kimi praktiki və nəzəri məsələlərin vacibliyini iştirakçıların nəzərinə çatdırırlar. Ustad dərslərdə Xaçmaz və Şamaxının ətraf rayonlarından olan müəllim heyəti BMA-nın rəhbərliyinə belə təşəbbüslərinə görə öz dərin minnətdarlıqlarını bildirərək, ustad musiqi dərslərinin istedadlı gənclərimizin üzə çıxmasında böyük rol oynadığını və bölgələrimizdə milli musiqi mədəniyyətimizin daha da inkişafına səbəb olacağını bildirdilər. 3 dekabr 2020-ci il tarixində Bakı Lüteran kilsəsinin keşişi Gotthard Lemke ilə Bakı Musiqi Akademiyasında görüş keçirilib. Görüşdə Gotthard Lemke, 2019-cu ildə keçirilmiş I Beynəlxalq Orqan musiqisi festivalının iştirakçısı olmuş, Almaniyalı orqan ifaçısı Günter Kennelin Bakı Musiqi Akademiyasına hədiyyə etdiyi, orqan əsərlərindən ibarət kitabları təqdim edib. Edition Breitkopf redaksiyası olan, 10 cilddən ibarət yeni nəşr olunmuş bu kitablar bütünlükdə İohann Sebastian Baxın orqan əsərlərindən ibarətdir. 31




BAŞ REDAKTOR Sənətşünaslıq üzrə Fəlsəfə Doktoru Vüqar Hümbətov


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.