MEZZO №25

Page 1

Üzeyir Hacıbəyli 135

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi Publisistik İnformasiya jurnalı

YANVAR - SENTYABR 2020/№25



BAŞ REDAKTORDAN Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar və musiqişünas Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabr (1885) tarixi ölkəmizdə ənənəvi olaraq Milli musiqi günü kimi təntənə ilə qeyd olunur. Dahi Azərbaycan bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin əsərləri dünya musiqi incilərindən hesab edilir. Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni istiqamət yaratmış və milli bəstəkarlıq məktəbinin özülünü qoymuşdur. O, Şərqdə ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi tanınmış dahi bəstəkardır. Üzeyir bəy operanın yeni növü olan muğam operalarının (“Leyli və Məcnun”, “Əsli və Kərəm” və s.), 3 musiqili komediyanın (“Arşın mal alan”, “O olmasın bu olsun”, “Ər və arvad”), klassik operanın (“Koroğlu”) həmçinin romans-qəzəl və mahnıların, kamera-instrumental əsərlərin və Azərbaycan Respublikasının Dövlət Himninin müəllifidir. O, Azərbaycan musiqisinin dərinliklərini, istiqamətlərini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas-alimdir. Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” elmi-fundamental nəzəri tədqiqat əsəri ilə musiqişünaslıqda yeni səhifə açılmışdır. Üzeyir Hacıbəyli həm də ədəbi-bədii dəyərini itirməmiş yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu dramaturqdur. O, görkəmli yenilikçi, tanınmış ziyalı, Şərqdə ilk musiqili teatrın, ilk Konservatoriyanın və not sistemi əsasında ilk Xalq çalğı alətləri orkestrinin yaradıcısı kimi Azərbaycan xalqının tarixində və mədəniyyətində dərin iz qoymuşdur. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 112 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. İlk tamaşa 1908-ci ilin yanvarında Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb. Ü.Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə nümayiş olunub. Ü.Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında “Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər ifaçıların repertuarında yer alıb. Şərqdə ilk operetta janrının yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib. Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Bəstəkarın “Sevgili canan”, “Sənsiz” romansları bugün də hər bir ifaçının repertuarında mütləq yer alır. Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünasalim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. 18 sentyabr həm də Azərbaycan Musiqili Teatrının təşəkkül və inkişafında özünəməxsus xidmət göstərmiş Müslüm Maqomayevin doğum günüdür. Ü.Hacıbəylinin ən yaxın silahdaşı olan Müslüm Maqomayev dostunun məsləhəti ilə Azərbaycana gəlmiş, bir müddət Lənkəranda müəllimlik etmiş, sonra Bakıya köçərək 1912-ci ildən ömrünün sonuna qədər opera tamaşalarına dirijorluq etmişdir. Dostu Üzeyir bəydən nümunə götürərək o da öz istedadını opera sahəsində sınağa çəkmişdir. "Şah İsmayıl" və "Nərgiz" operaları Müslüm Maqomayevin Azərbaycan mədəniyyətinə bəxş etdiyi abidədir. Müəllifin bir sıra simfonik pyesləri, fantaziyaları, mahnıları, marşları var. Bunula bərabər, Müslüm Maqomayev və Üzeyir Hacıbəyli 300-dən artıq Azərbaycan xalq mahnı və rəqslərini nota salmışlar. Üzeyir bəyin ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi, Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Ənənəvi olaraq bu günü Azərbaycan Dövlət Konservatoriyasının (indiki - Bakı Musiqi Akademiyası) önündə minlərlə insan toplaşırdı. Burada Üzeyir Hacıbəylinin adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyində bəstəkarın əsərlərini ifa edərdi. Mədəniyyət ocaqlarında, musiqi məktəblərində, xüsusilə konservatoriyamızın - indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilərdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, xüsusilə də Bakıda yaşanan siyasi böhranla əlaqədar bu ənənə bir müddət unuduldu. Daha sonra 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması qərara alınıb. Onu da mütləq qeyd etməliyik ki, o zaman Azərbaycan SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işləyən Heydər Əliyevin təşəbbüsü ilə Bakıdakı indiki Şamil Əzizbəyov 67 ünvanında yerləşən – bəstəkarın 1915-1942-ci illər ərzində yaşadığı evində bəstəkarın ev muzeyi təşkil olundu və 1975-ci ildə muzeyin təntənəli açılışı oldu. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq yaşayacaq. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Xarici tələbələrlə iş üzrə şöbə müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Böyük elmi işçi VÜQAR HÜMBƏTOV 1


BAKI MUSİQİ AKADEMİYASINDA 20 YANVAR FACİƏSİNİN 30-CU İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ANIM MƏRASİMİ KEÇİRİLİB 17 yanvar 2020-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Təhsil naziri Ceyhun Bayramov 30 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı törədilən cinayətlərdən danışaraq, 20 Yanvar hadisəsini milli tariximizin şanlı qəhrəmanlıq səhifəsi, milli birlik və vətənpərvərlik rəmzi kimi qiymətləndirib. Nazir ümummilli lider Heydər Əliyevin həmin günlərdə göstərdiyi xidmətlərdən danışıb. Ceyhun Bayramov Qanlı Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini vurğulayıb. Hər il 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlərin təşkil olunduğunu vurğulayan Təhsil naziri bu gün ümumtəhsil məktəblərində 20 Yanvar mövzusuna həsr olunmuş xüsusi dərslər keçirildiyini diqqətə çatdırıb. Nazirin sözlərinə görə, görülən işlər hər bir gəncin tarixini bilməsi, milli ruhda tərbiyə olunması, onlara vətənpərvərlik hissinin aşılanmasına xidmət edir. Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev 20 Yanvar hadisələrinin mənəvi, siyasi aspektlərindən söz açıb. Anar Rzayev xalqımızın sağalmaz yarası olan 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqilliyinə doğru yol açdığını vurğulayıb. Tədbirdə Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov və “Musiqi tarixi” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayeva görkəmli bəstəkar Arif Məlikovun 20 yanvar hadisələrinə həsr olunmuş kitabından nümunələrlə çıxış ediblər. Anım tədbirində dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Musiqi Akademiyasının "Baku Chamber Orchestra" Gənclər Kamera Orkestrinin və solistlər Arslan Növrəsli, Nicat Məsimov, Nigar Məmmədovanın ifasında kompozisiyalar, Q.Qarayev, F.Əmirov, A.Məlikov, A.Əlizadə, V.Adıgözəlov və digər bəstəkarların əsərləri səsləndirilib. Bakı Musiqi Akademiyasının Mətbuat Xidməti

2


BAKI MUSİQİ AKADEMİYASINDA XOCALI QURBANLARI ANILIB 25 fevral 2020-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin və Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Faciənin 28-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə akademiyanın prorektoru, professor Yeganə Axundova, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev, BMA-nın kafedra müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev çıxış edərək, Xocalı soyqırımının tarixindən, xalqımızın başına gətirilən müsibətlərdən və bu faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında birgə səylərin göstərilməsinin vacibliyindən danışıblar. Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer aldığını qeyd ediblər. Bu faciə, həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür. Tədbirdə Xocalı soyqırımı zamanı erməni əsirliyində 8 gün qalmış Dürdanə Ağayeva və faciənin canlı şahidi Samirə Hüseynova başlarına gətirilən müsibətlərdən danışıblar. Daha sonra BMA-nın “Bəstəkarlıq” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Aydın Əzimovun Xocalı soyqırımına həsr olunmuş H.Cavidin sözlərinə “Düşünün” müstəqil kompozisiyası video görüntülərlə təqdim edildi. Ardınca Qara Qarayevin “Laylay” (İfaçı BMA-nın “Fortepiano, orqan və klavesin” kafedrasının baş müəllimi, Beynəlxalq müsabiqələr laureatı Səbinə Bəylərbəyova), Röya Hüseynovanın “XX” (trio) (İfaçılar BMA-nın tələbələri, Beynəlxalq müsabiqələr laureatları – Səid Bağırzadə, Orxan Hüseynov, Mədinə Ağayeva), Arvo Pyartın “Trivium” (İfaçı BMA-nın magistr tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Nigar Məmmədova), Vüqar Məmmədzadənin Simli kvartet (I hissə) (İfaçılar BMA-nın tələbələri, beynəlxalq müsabiqələr laureatları Şəms Ağazadə, Orxan Hüseynov, Xədicə Mirqulamlı, Nigar Həsənli), Vasif Adıgözəlovun “Laylay” (İfaçılar Azərbaycan Milli Konservatoriyasının tələbəsi, gənclər mükafatçısı İbrahim Babayev və Səbinə Bəylərbəyova) əsərləri səsləndirildi. Mənbə: Azertag.az

3


AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINDA YAŞAYAN AZƏRBAYCANLI İCMA NÜMAYƏNDƏLƏRİ, GÖRKƏMLİ PİANOÇU FƏRHAD BƏDƏLBƏYLİ İLƏ GÖRÜŞÜB 2 may 2020-ci il tarixində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin (USACC) “Şənbə Söhbətləri” layihəsinin növbəti qonağı Azərbaycanın fortepiano sənətinin görkəmli nümayəndəsi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli olub. “Zoom” platforması üzərindən baş tutmuş görüşə ABŞ-ın müxtəlif ştatlarında – Virciniya, Merilənd, Texas, Nyu-York, Kaliforniya, Meyn, Ohayo, Massaçusets ştatları və Kolumbiya dairəsində, eləcə də Kanadada yaşayan soydaşlarımız, o cümlədən ABŞ-ın İndiana Universiteti, Çikaqoda Northwestern University, Florida Tech University və digər tanınmış universitetlərdə musiqinin müxtəlif sahələrində professor olaraq çalışan azərbaycanlılar qoşulub. Görüşdə Azərbaycan mədəniyyət və incəsənəti, Azərbaycanda maarifçilik məsələləri və sair mövzular ətrafında müzakirələr aparılıb. Fərhad Bədəlbəyli Azərbaycan musiqisinin tarixi inkişafı və hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb. Söhbət əsnasında qonaq 2007-ci ildə, hazırda erməni silahlı birləşmələrinin işğalı altında olan Azərbaycanın musiqi paytaxtı Şuşaya bir qrup Azərbaycan ziyalısı ilə səfərini xatırlayıb və öz təəssüratlarını paylaşıb. Görüş zamanı tanınmış pianoçu, hazırda ABŞ-da yaşayan Emil Əfrasiyab və xanımı Leyla Babayeva Əfrasiyab Tofiq Quliyevin “Yol ayrıcında” əsərindən bir parça ifa ediblər. Fərhad Bədəlbəyli ilə görüşə qoşulmuş soydaşlarımız tərəfindən qonağa müxtəlif mövzularda suallar ünvanlanıb, ABŞ-da Azərbaycan musiqisi və incəsənətinin təbliği ilə bağlı təkliflər irəli sürülüb. Görüşün moderatoru ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov olub. Qeyd edək ki, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin (USACC) “Şənbə Söhbətləri” layihəsinin əsas məqsədi Azərbaycanın tanınmış elm və mədəniyyət xadimlərinin ABŞ-da yaşayan azərbaycanlı icma nümayəndələrinə təqdim edilməsi və onlarla birbaşa ünsiyyətin qurulmasıdır. Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi 2000-ci ildə, iki ölkə xalqları arasında münasibətlərin təşviqi, eləcə də ABŞ-da yaşayan azərbaycanlı icmaya yönəlik layihələrin həyata keçirilməsi məqsədilə Vaşinqtonda fəaliyyət göstərən ABŞAzərbaycan Ticarət Palatası tərəfindən Palatanın nəzdində təsis edilib. Bakı Musiqi Akademiyasının Mətbuat Xidməti

LATVİYALI QONAQLAR BAKI MUSİQİ AKADEMİYASINDA 12 mart 2020-ci il tarixində Latviya Respublikasının Azərbaycandakı səfiri Dainis Qarançs və Y.Vitol adına Latviya Musiqi Akademyasının nümayəndələri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və BMA-nın “Beynəlxalq əlaqələr və tərbiyə işləri” üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova ilə görüşmüşlər. Görüşdə Latviya və Azərbaycanın klassik musiqisindən, Latviyanın Müstəqillik gününə həsr ediləcək tədbirlərdən söhbət açılmış, ikitərəfli mədəni əlaqələrin inkişafı ilə əlaqədar müqavilə imzalanmışdır. Bakı Musiqi Akademiyasının Mətbuat Xidməti

4


Unudulmayan tarix... 17 yanvar 2020-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) 20 yanvar “Ümumxalq hüzn günü” ilə əlaqədar tələbələrlə görüş keçirilmişdir. Görüşdə BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, Dekanlar, professorlar Nəzmiyyə Abbaszadə, Gülzar Mahmudova və BMA “Humanitar fənnlər” kafedrasının müdiri, professor Tərlan Quliyev, 20 yanvar faciəsinin xalqımızın tarixinə qan yaddaşı kimi yazılmasından, Azərbaycan xalqına qarşı törədilən kütləvi faciədən bəhs edərək, qanlı yanvar faciəsi haqqında tələbələrə geniş məlumat vermişlər.

26 fevral 2020-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kollektivi, professor və müəllim heyəti Xocalı Soyqırımının 28-ci il dönümü ilə əlaqədar Bakı şəhərinin Xətai rayonunda yerləşən Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, şəhid olan vətəndaşlarımızın xatirəsini yad etmişlər.

25 fevral 2020-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xocalı soyqırımı haqqında tələbələrlə görüş keçirilmişdir. Görüşdə BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, Fortepiano fakültəsinin dekanı, professor Nəzakət Rimazi, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, BMA-nın “Humanitar fənnlər” kafedrasının müdiri, professor Tərlan Quliyev Xocalı Soyqırımı zamanı soydaşlarımıza qarşı mənfur düşmənlərimiz olan ermənilər tərəfindən törədilən vəhşilik, qəddarlıq haqqında tələbələrə məlumat vermiş, şəhid olan vətəndaşlarımızın xatirəsi anılmışdır. 5


“İSLAM DÜNYASI GƏNC (20 YAŞADƏK) KLASSİK MUSİQİ İFAÇILARININ 9-CU BEYNƏLXALQ MÜSABİQƏSİ” KEÇİRİLİB Ənənələrə sadiqlik, milli ruhu yaşatmaq, müasirlik prinsiplərini təbliğ etmək gənc nəslin təlimtərbiyəsində əsas istiqamətlər toplusunu təşkil etməkdədir. Azərbaycanda ildən-ilə genişlənməkdə olan beynəlxalq əlaqələr münasibətləri dövlət səviyyəsində daima dəstəklənməkdədir. Uğurla həyata keçirilən gənclər siyasəti proqramları çərçivəsində prioritet sahələr arasında yaradıcı gənclərə diqqət və qayğı amili yüksələn xətt üzrə davam etməkdədir. Məhz yaradıcı gənclərin inkişafı və uğurları beynəlxalq müsabiqələrdə, festivallarda iştirakdan keçir. Uzun illərdir ki, “Kainat” Gənclik Mərkəzi bu istiqamətlər üzrə geniş miqyaslı fəaliyyət proqramına uyğun olaraq yaradıcı gənclərin mübadilə platformasına çevrilən beynəlxalq müsabiqələrin təşkili və keçirilməsində müəyyən uğurlar əldə etməkdədir. İri həcmli layihələrimizdən olan “İslam Dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının 9-cu Beynəlxalq müsabiqəsi” bu il mövcud durumla bağlı onlayn formatda təşkil olunmuşdur. ISESKO-nun, AR Gənclər və İdman nazirliyinin dəstəyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə ərsəyə gələn, 2020-ci ilin iyul ayından start götürmüş bu yaradıcılıq yarışmasında ilk mərhələdə 100-ə yaxın gənc istedad iştirak etmişdir. Beynəlmiləl tərkibli münsiflər heyətinin iştirakçıların video çıxışlarına baxışı finala 22 gəncin vəsiqə qazanması ilə nəticələndi. Final mərhələsində 14 ifaçı böyük qrupda, 8 istedad isə kiçik qrupda mübarizə apardı. Fortepiano və orkestr alətləri sinifləri üzrə nümunəvi çıxış edən ifaçılar münsiflər heyətininə üç əsər təqdim etmişdilər. Təşkilat komitəsinin və münsiflər heyətinin sədri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor, Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundovanın təklifi və təkidi ilə müsabiqənin ilk ilindən əsasnamədə yer almış mühüm və qürurverici məqam bu günə kimi davam etməkdədir. Belə ki, ifaçılar proqramlarına mütləq Azərbaycan bəstəkarlarının bir əsərini daxil etməlidirlər. Bu təklif gözəl bəhrə verməklə yanaşı, Azərbaycan bəstəkarların bu məzmununda dünya çapında tanınmasında və təbliğində əvəzsiz mahiyyət kəsb etməkdədir. İlk təcrübə kimi bu il onlayn variantda baş tutan Beynəlxalq müsabiqədə qalib olmuş Türkiyə, İran, Mərakeş, Misir, Türkmənistan, Tacikistan, Qazaxıstan, Özbəkistan, Rusiya Federasiyası (Başqırdıstan, Tatarıstan), Qırğızıstan, Azərbaycandan qatılan gənc istedadlar piano, orkestr alətləri üzrə 2 yaş qrupunda mübarizə aparmış və qalib olmuşdurlar. Sevindirici məqamlardan biri də bu il müsabiqədə Qran Pri mükafatına azərbaycanlı ifaçı, Bakı Musiqi Akademiyasının tələbəsi Əziz Pənah (qaboy) layiq görülüb. Müsabiqənin Münsiflər heyətinin sədri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Nərminə Quliyeva (Azərbaycan), Tacikistan Respublikasının Bəstəkarlar İttifaqının sədr müavini, bəstəkar Səngərli Həmidov (Tacikistan), Başqırdıstan Respublikasının Əməkdar incəsənət xadimi, Z.İsmagilov adına Ufa Dövlət İncəsənət və Rəssamlıq Akademiyasının nəfəs və zərb alətləri şöbəsinin müdiri, professor Fomenko Lidiya (Rusiya Federasiyası), Daşkənd şəhər 21 saylı Uşaq Musiqi və İncəsənət Məktəbinin fortepiano sinfində yüksək kateqoriyalı müəllim İrina Şevareva (Özbəkistan), Qahirə Konservatoriyasının dekanı, professor Garana Mustafa Refaat (Misir), pianoçu Maestro Marouane Benabdallah (Mərakeş Krallığı), Şəhriyar Musiqi Məktəbinin direktoru, Sadiqbağeran Şəhriyar (İran), Anadolu Universitetinin Simfonik Orkestrinin direktoru Murat Sümer (Türkiyə), Abay adına Qazax Dövlət Akademik Opera və Balet Teatrı İctimaiyyətlə əlaqələr, marketinq və auditoriya ilə əlaqələr meneceri, musiqi müəllimi Zarina Aytekova (Qazaxıstan), Qırğızıstan Mərkəzi Xalq Musiqi Alətləri Məktəbinin şöbə müdiri, Qırğızıstan Mədəniyyət Nazirliyinin Əməkdar mədəniyyət işçisi Marina Aydıralieva olmuşdur. Biz də öz növbəmizdə bütün iştirakçıları xüsusilə də qalibləri təbrik edirik yeni uğurlar arzulayırıq.

6

“Kainat”Gənclik Mərkəzinin direktoru, Təşkilat Komitəsinin sədri, Azərbaycan Jurnalistlər birliyinin üzvü RAHİB RƏSULZADƏ


BAKI MUSİQİ AKADEMİYASI PANDEMİYA ƏRƏFƏSİNDƏ “EVDƏ QAL” ŞÜARINA QOŞULUB 2020-ci ilin mart ayından etibarən Covid 19 pandemiyası səbəbindən ölkəmizdəki təhsil müəssisələrində tədris prossesi distant formada təşkil edilmişdir. Bu zaman çərçivəsində insanlarda yaranan depressiv vəziyyəti nəzərə alaraq, psixoloji dəstək üçün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəylinin təşəbüssü ilə maraqlı, virtual layihəyə start verilmişdir. BMA-nın rəsmi facebook səhifəsindən “Dünya və Azərbaycan klassik musiqisini evdən canlı dinlə” virtual layihəsini elan edərək akademiyanın professor, müəllim, məzun və tələbə heyyətinə ifa etdikləri musiqi alətində, musiqi parçasının video yazısını hazırlayaraq Beynəlxalq Əlaqələr, İctimaiyyətlə əlaqələr və Sosial məsələlər üzrə prorektorluğun elektron ünvanına göndərilməsi müraciəti edildi. Bakı Musiqi Akademiyasının bu çağırışı “Gəlin birbirimizə dəstək olaq! Bu günləri öz töhfəmizlə rəngarəng və maraqlı edək! Karantin rejimində bizimlə olun! Evdə qalaq, sağlam olaq!” şüarları ilə #evdeqal kompaniyasına dəstək vermişdir. Bu layihədə BMA-nın Beynəlxalq Əlaqələr, İctimaiyyətlə əlaqələr və Sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova, Xalq artisti professor Ramiz Quliyev, Xalq artisti, professor Ülviyyə Hacıbəyova, professor Samirə Aşumova, professor Elnarə Kəbirlinskaya, professor Gülnaz İsmayılova, dosent Nərgiz Salmanlı, Əməkdar artist, baş müəllimlər Səbinə Əsədova və İlham Nəzərov, baş müəllim Səbinə Bəylərbəyova, baş müəllim Zərif Kərimova, müəllim Ülviyyə Kazımova, müəllim Səidə Tağızadə və başqa müəllim heyəti evdə ifalar edərək video yazısı ilə layihəyə dəstək olmuşlar. Xaricdə yaşayan professor, müəllim və məzunlarımız da bu layihəyə qoşuldular. Onlardan professor Gülnarə Səfərova və yoldaşı D.Azuma (Yaponiya), dosent Tutu Aydınoğlu, məzunlarımızdan Vüqar Qurbanov, Vurğun Vəkilov, Məhərrəm Hüseynov, Azər Rza, Etibar Əsədli, Elvin Hoca Qəniyev, Ülvi Həsənli və başqaları öz maraqlı ifaları ilə bu layihədə iştirak etdilər. Bundan başqa səhifədə maraqlı duet, trio, kvartet, kvintet, digər ansambllar, xor ansamblı, kamera orkestrlərinin də iştirakı ilə hazırlanmış videolar da paylaşılmışdır. Bunlardan dirijor Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə “Gənclər Kamera Orkestri”, professor Hökümə Əliyevanın bədii rəhbərliyi ilə “Həmrəylik kamera orkestri”, baş müəllim Naala Baratelianın bədii rəhbərliyi ilə “Luminex” xor vokal ansamblı, “Clarte” clarinet quarteti də layihəyə öz maraqlı töhfələrini verdilər. Məzunlarımızdan Zəhra Bədəlbəyli, Ceyla Seyidova, Aleksey Miltıx, Georgiy İmanov, Fidan Hüseynova, Kənan Qədimov, Azər Hacıəsgərli, Vüsal Aydəmirov, Orxan Hüseynov, Vüqar Məmmədzadə, Tural Rəfael, Aytən İbrahimova, Ceyhun Əzizov, Firuzə Nəcəfova və başqaları, hal-hazırda təhsil alan tələbələrimizdən isə Mədinə Ağayeva, Səid Bağırzadə, Xəyalə Cavadvənd, Sara Amirian, Nərmin Abdullayeva, Nəriman Əmiraslanov, Günel Hacıyeva, Zərrin Əliyeva, Aytac Kara, Firuzə Bəylərova, Turanə Novruzova, Zakir Allahverdili, Nərgiz Hüseynzadə, Nadir Eyvazov, Cabir Əmirov, Gülnaz Eldarlı, Səbinə Eldarlı və başqa çox sayda iştirakçıların ifaları paylaşılmış və izləyicilər tərəfindən bəyənilmişdir. 24 mart 2020-ci ildə elan olunan 5 ay davam edən #evdeyaratbma #createathomebma hashtaqları ilə layihə müddətində paylaşılan bütün video materiallar izləyicilər tərəfindən çox böyük rəğbətlə qarşılandı və bəyənilərək dəfələrcə sosial şəbəkədə paylaşıldı. Qeyd edək ki layihənin təşkilatçısı Bakı Musiqi Akademiyasının professoru, Beynəlxalq Əlaqələr, İctimaiyyətlə əlaqələr və Sosial məsələlər üzrə prorektor Yeganə Axundova, icraçılar isə BMA-nın əməkdaşları Röya Hüseynova, Azər Hacıəsgərli olmuşdur. İstifadə olunan hashtaghlar: #evdeyaratbma #createathomebma #evdeqalsaglamqal #bmahomemusic #BMAteqdimedir #bmavirtual #bmaevdendinle #evdəqal #evdeqal #stayathome #evdekal BMA-nın informasiya və texnologiyalar üzrə mütəxəssisi RÖYA HÜSEYNOVA 7


T Ə B R İ K “Nəfəs və zərb alətləri” kafedrasının professoru, “Xalq artisti” MÜZƏFFƏR AĞAMALIZADƏ 80

“Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının professoru, “Əməkdar müəllim” İRİNA NƏCƏFƏLİYEVA 80

“Nəfəs və zərb alətləri” kafedrasının professoru, ƏLİHEYDƏR PAŞAYEV 80

Tədris məsələləri üzrə prorektor, “Əməkdar müəllim”, pedaqoji elmlər namizədi, professor NƏRMİNƏ QULİYEVA 60

“İxtisas fortepiano” kafedrasının dosenti GÜLNARƏ MİRZƏYEVA 60

8


E D İ R İ K ! “İxtisas fortepiano” kafedrasının professoru, “Əməkdar müəllim” MƏMMƏD QULİYEV 60

Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektor, “Xalq artisti”, professor YEGANƏ AXUNDOVA 60

“İxtisas fortepiano” kafedrasının professoru, “Əməkdar İncəsənət xadimi”, “Xalq artisti” ÜLVİYYƏ HACIBƏYOVA 60

“Fortepiano, orqan, klavesin kafedrası”nın dosenti ZÜLFİYYƏ KAZIMOVA 50

“Bəstəkarlıq” kafedrasının dosenti GÜLNARƏ MƏMMƏDOVA 50

“İxtisas fortepiano” kafedrasının professoru, “Əməkdar artist”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru ELNARƏ KƏBİRLİNSKAYA 50

9


BAKI MUSİQİ AKADEMİYASI COVİD-19 MÜBARİZƏSİNDƏ HƏMRƏYLİK NÜMAYİŞ ETDİRİR Məlum olduğu kimi bütün dünya qlobal pandemiya hesab olunan COVİD-19 yeni növ virusla mübarizə aparmaqda davam edir. Bu virus ölkəmizdən də yan keçməmiş, xeyli sayda insan virusa yoluxmuş və müalicəsini davam etdirməkdədir. Elə bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə COVİD-19 virusu ilə mübarizəyə Dəstək Fondu yaradılıb. Fondun məqsədi koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəylinin əmri ilə Bakı Musiqi Akademiyasının xüsusi hesabından Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10.000 (on min) manat vəsait köçürülüb. COVİD-19 pandemiyası qısa müddətdə 200-dən çox dünya ölkəsini öz cənginə almış və kütləvi insan ölümünə səbəb olmuşdur. Pandemiyanın tüğyan etdiyi bütün dövlətlərdə olduğu kimi ölkəmizdə də aztəmintlı ailələr, yaşlı insanlar dövlətin xüsusi nəzarətindədir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Koronavirus (Covid-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə Azərbaycan vətəndaşlarına dəstək olmaq məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər planı çərçivəsində “Dəyər ver” koronavirusla mübarizəyə dəstək cəmiyyəti ilə birgə BMA-nın aztəminatlı işçiləri üçün yardım proqramı həyata keçirib. Cari və ötən həftələrdə bu çətin zamanda BMA-nın bir qrup işçi heyəti yardıma ehtiyacı olan 76 həmkarına xeyriyyə məqsədilə “Dəstək qutusu” ilə yardım etmişdir.

10


2 FEVRAL GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİLƏ BAKI MUSİQİ AKADEMİYASININ TƏLƏBƏLƏRİ MÜKAFATLANDIRILIB Fevralın 2-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gəncləri Günü münasibətilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, dövlət və hökumət rəsmiləri, universitetlərin rektorları və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Mərasimdə 2019-cu ildə memarlıq, təsviri sənət, musiqi, teatr, ədəbiyyat, ictimai fəaliyyət, elm, texnika, təhsil, mədəniyyət və incəsənət sahələrində nailiyyətlər qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş istedadlı və yaradıcı, fərqlənən gənclər təltif olunublar. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının magistr tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı, vokal ifaçısı Urfan Cəfərov da “Gənclər mükafatı”na layiq görülüb. Qeyd edək ki, Urfan Cəfərov Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenlərinin mükafatçısı, Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının müdiri, professor Xuraman Qasımovanın sinfində təhsil alır.

2 Fevral “Gənclər günü” münasibətilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətində tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi, rayonun elm, mədəniyyət, təhsil, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar dəvət olunmuşlar. Mərasimdə il ərzində xüsusi fəallığı ilə seçilən bir qrup gənc rayon icra hakimiyyəti tərəfindən mükafatlandırılıb. Mükafatlandırma mərasimində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Nəfəs və zərb alətləri” kafedrasının III kurs tələbəsi, BMA-nın Tələbə Gənclər Təşkilatının sədri Səid Bağırzadə Fəxri Fərmanla təltif olunub.

BAKI MUSİQİ AKADEMİYASININ “ƏN YAXŞI” TƏLƏBƏLƏRİ MÜKAFATLANDIRILIB Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri - Natavan Quliyeva (“Xor dirijorluq” kafedrası, I kurs), Kamran Talıblı (“Nəfəs və zərb alətləri”, II kurs), Nərmin Abdullayeva (“Bəstəkarlıq” kafedrası, III kurs), Orxan Hüseynov (“Simli alətlər” kafedrası IV kurs), İslamə Abdullayeva (“Solo oxuma” kafedrası, IV kurs), Eldəniz Ələkbərzadə (“Fortepiano” kafedrası, IV kurs) 2019-cu ilin “Ən yaxşı” tələbəsi, təhsilində nəticələrinə və ixtisasında nailiyyətlərinə görə Bakı Musiqi Akademiyasının rektorluğu tərəfindən Fəxri Fərmanla təltif olunublar.

11


NƏRMİNƏ QULİYEVANIN YUBİLEYİNƏ... Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası... Onun gündəlik qayğıları və bayramları, gündəlik dərs həyatının çətinlikləri və coşqun konsert həyatı... Bütün bu mürəkkəb yaradıcılıq prosesləri BMA-nın birinci prorektoru, Azərbaycan Respublikasının “Əməkdar müəllim”i, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyevanın adı ilə sıx bağlıdır. Gözəl, eleqant, xarizmatik, həmişə daxilən mütəşəkkil, cəsarətli, fəal, ağıllı və eyni zamanda, təmkinli, ciddi – onun xarakterini bu cür “təzadlı-polifonik ahənglərlə” səciyyələndirmək olar. Onun “həyatı dinləmək və duymaq” bacarığı, ətraf gerçəkliyin hadisələrinə həssas münasibəti, insanlarda kreativliyi, yaradıcılıq damarını yüksəlmək və daha yaxşı olmaq meylini oyandıran ideyalar “yarada bilməsi” heyran edir. Düşünürəm ki, bütün bunlar istedadlı rəhbərin mühüm və qiymətli cəhətləridir. Onun, həmçinin yeniliyə açıq olmağı, ətrafında dolanan hadisələrin çevrəsinə “yeni axınla” daxil olmağı, daim irəliyə doğru can atması, həyatı öz ətrafında “qaynamağa” məcbur etməsi, hamıya məlum olan bədii hadisələrə yeni gözlə, qeyri-standart baxmaq bacarığı diqqəti cəlb edir. Onda “qüvvətli və parlaq gənclik atəşi” hiss olunur. Məhz bu “daimi atəş” və özünəməxsus xarizma ona incəsənətdə və tədris prosesində bütün mütərəqqi cəhətlərə açıq olmağa imkan verir. Nərminə Quliyeva köklü bakılı ailəsində anadan olmuşdur. 6 yaşında o, Azərbaycan Dövlət Konservatoriyasının nəzdində onillik musiqi məktəbinin hazırlıq şöbəsinə qəbul olunur. Burada o, Oqtay Abasquliyevin sinfinə təyin olunur (həmin illərdə o, pedaqoji təcrübə kafedrasında çalışırdı). O.Abasquliyevin pedaqoji təcrübə üzrə tələbəsi və bilavasitə balaca Nərminənin müəllimi Nailə İbrahimova olur, sonralar N.Quliyeva ona “sevimli ilk müəllimim” deyirdi. 1979-cu ildə məktəbi əla qiymətlərlə bitirən Nərminə, Azərbaycan Dövlət Konservatoriyasının Fortepiano fakültəsinə, o zaman hələ “İxtisas fortepiano” kafedrasının dosenti olan Oqtay Abasquliyevin sinfinə daxil olur. Artıq 1-ci kursdan N.Quliyevanın ifaçılıq fəaliyyəti Bakıda, Sumqayıtda, Aşqabadda, Saratovda, Leninqradda (indiki Sankt-Peterburq), həmçinin, Azərbaycanın rayonlarında Konservatoriyanın ən yaxşı tələbələrinin ifaçılıq təcrübəsi xəttilə təşkil olunan uğurlu konsert çıxışları ilə qeyd olunur. 1979-cu ildə o, Sumqayıt şəhərində keçirilən gənc pianoçuların Respublika müsabiqəsinin laureatı adına layiq görülür, 1983-cü ildə Birinci Respublika elmi-ifaçılıq müsabiqəsində ilk dəfə olaraq, Qara Qarayevin “Orta çətinlikdə 7 pyes”ini ifa edərək və təhlilini verərək, fəxri birinci yeri qazanır. 1980-ci illərin sonu – Nərminənin müstəqil yaradıcılıq həyatının başlanğıcı olmuşdur. Gənc pianoçu fəal surətdə həm pedaqoji, həm də konsert fəaliyyətində qüvvəsini sınayır, Konservatoriyanın Böyük zalında, Azərbaycan Dövlət Filarmoniyasında, Kirxada, R.Behbudov adına Mahnı teatrında, uşaq musiqi məktəblərində solo və konsertmeyster qismində, həmçinin Aytəkin Həsənova, İvetta Plyam, Nəzakət Rimazi, Könül Axundova və b. ilə fortepiano duetində müvəffəqiyyətlə çıxış edərək, fortepiano ifaçılığının bu mühüm sahəsini təbliğ edir. İrəli gedərək, onu da qeyd edim ki, məhz N.Quliyeva orta ixtisas musiqi məktəblərində fortepiano dueti üzrə ilk proqramın, ilk dərsliklərin, eləcə də dördəlli ifa üçün çox sayda köçürmə və işləmələrin müəllifi olmuşdur. Onun yaradıcılıq fəaliyyətinin mühüm sahələrindən biri maarifçilikdir. N.Quliyeva və onun tələbələri ilə birlikdə Azərbaycanın bir çox rayonlarında: Masallı, Astara, Neftçala, Salyan, Dəvəçi, Xaçmaz, Sumqayıt, Naxçıvanda - verdiyi parlaq konsertlər və ustad-dərslərini xatırlamaq kifayət edər. Bu başlanğıcın xeyirxah məqsədləri istedadlı uşaqların üzə çıxarılması, onlara musiqi dərslərində 12


kömək göstərilməsi, gələcəkdə Bakının orta və ali musiqi məktəblərində təhsil almaları üçün şəraitin yaradılmasından ibarətdir. Nərminə Quliyeva Respublika və Beynəlxalq səviyyəli ifaçılıq festivallarının, müsabiqələrin münsiflər heyətinə daxil olaraq, bəzən sədr kimi də dəvət olunur. Nərminə pedaqoq kimi 100-ə yaxın gənc pianoçuları yetişdirmişdir. Hər il onun özünəməxsus “ifaçılıq sənətinin yaradıcılıq laboratoriyasına” çevrilmiş sinfində pianoçuluq ustalığına yiyələnən gənc “virtuozların” sayı artır. Onun tələbələrinin beynəlxalq diplomları və laureatlığı (Babayeva Vüsalə, Məmmədova Aydan, Hacılı Ülkər, Rzayeva Həmidə, Əliyeva Sevinc, Məhərrəmova Kübra və b.) Nərminə Quliyevanın gözəl peşəkar-pedaqoq kimi Azərbaycan ifaçılıq mədəniyyətinin inkişafında necə böyük əmək sərf etdiyi faktını təsdiqləyir. Onun gənc pianoçular nəslinin yetişdirilməsi və təlim-tərbiyəsi sahəsindəki işi dövlət tərəfindən yüksək qiymətləndirilmiş və Nərminə Quliyeva Azərbaycan Republikasının “Əməkdar müəllim”i fəxri adına layiq görülmüşdür. 2007-ci ildə “Azərbaycanın uşaq musiqi məktəblərinin şagirdlərinin musiqi-estetik tərbiyəsində fortepiano ansamblının rolu və vəzifələri” mövzusunda dissertasiya işini müdafiə edərək, o, pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. N.Quliyeva SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli və pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbovla birlikdə “Fortepianoda çalmaq üçün vəsait” adlı fundamental Antologiyanı çap etdirmişdir. Bu Antologiya analoqu olmayan bir nəşrdir və özündə 21 dərsliyi birləşdirir. 2003-cü il. Nərminə Quliyevanın həyatında mühüm yaradıcılıq mərhələsidir. O, fortepiano fakültəsinin dekanı vəzifəsinə seçilir. Gözəl inzibati işçi, özünəməxsus “ideya yaradıcısı” olan və öz fəal xarakteri ilə fakültənin həyatına canlanma gətirən N.Quliyeva 2016-cı ildə BMA-nın tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunur. Onun bu vəzifəyə təyinatından sanki o qədər də çox vaxt keçməyib, ancaq nə qədər iş görülüb. Onun təşəbbüsü ilə yeni ixtisaslar – musiqi müəllimliyi, musiqi texnoloqu, estrada oxuması, musiqili teatr rejissorluğu açılmışdır ki, bunlar çox tələbatlı olmuşdur və bunun sayəsində akademiyaya sənəd verən tələbələrin sayı artmışdır. BMA-nın nəzdindəki Opera studiyası, sözün əsl mənasında canlanmışdır. Onun möhtəşəm səhnəsində 2018-ci ildə “Norma” operasının premyerası olmuşdur. Həmin tamaşa akademiyanın müəllim və tələbələrinin gücü ilə səhnəyə qoyulmuşdur. Burada, həmçinin, uşaq tamaşaları səhnələşdirilir, maraqlı konsert proqramları təşkil olunur. Bakı Musiqi Akademiyasının internet-saytı açılıb və fəaliyyət göstərir. Bu sayt qısa zamanda iki nüfuzlu müsabiqənin “Milli Net 2017” və “Netty-award 2018” müsabiqəsinin “mədəniyyət və incəsənət” sahəsində ən yaxşı sayt nominasiyası üzrə mükafatlarını qazanmışdır. Tədris prosesinin optimallaşdırılması yolunda gündəlik çətin işlə yanaşı, o, Respublika və Beynəlxalq səviyyəli müsabiqələrin, festivalların, konsertlərin, ustad-dərslərinin, yubiley tədbirlərinin təşkilində fəal iştirak edir. Məhz o, BMA-da “Sabah” qrupunun açılmasına nail olmuşdur (Ali məktəblərdə “Sabah” qruplarının təşkili Azərbaycan Təhsil Nazirliyinin təşəbbüsüdür), bu qrupun tələbələri onun dəstəyi ilə xarici ölkələrə gedərək, nüfuzlu beynəlxalq müsabiqələrin laureatı olur və vətənə şərəfli adlarla dönürlər. Nərminə xanım - vəfalı yoldaş və prinsipial insandır. Öz yaradıcılıq inamı və ədalət naminə həmişə “döyüşə” hazırdır. Eyni zamanda, o, çox xeyirxah, səmimi və həssasdır. Bütün bunların sayəsində Nərminə xanım həm tələbələr, həm də müəllim həmkarları arasında böyük nüfuz qazanmışdır. Bu oçerki yekunlaşdıraraq, mən repriza edib, yenidən BMA-ya qayıtmaq istəyirəm. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası. Bizim Alma Mater. Biz BMA haqqında, onun divarları arasında baş verən mürəkkəb yaradıcılıq proseslərindən danışarkən, onun baza və bünövrəsini, qürur və şöhrətini təşkil edən adlara müraciət edirik, onların öz yaradıcılıq, pedaqoji və ictimai-inzibati fəaliyyəti ilə Azərbaycan musiqi mədəniyyəti kontekstində akademiyanın inkişafında oynadığı rolu vurğulayırıq. Belə insanlardan biri də BMA-nın Birinci prorektoru Nərminə Quliyevadır. Onun yubileyi ilində ona möhkəm can sağlığı, yeni yaradıcılıq nailiyyətləri, ailə səadəti arzulayırıq!!! “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, Sənətşünaslıq doktoru, professor GÜLZAR MAHMUDOVA 13


CREATIVE SPARK LAYİHƏSI UĞURLA DAVAM EDİR Ali təhsil müəssisələri üçün biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək, universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək məqsədi ilə Böyük Britaniya tərəfindən maliyyələşdirilərək həyata keçirilən, 5 illik layihə olan Creative Spark proqramı çərçivəsində nəzərdə tutulan layihələr uğurla davam edir. Belə ki cari ilin 1013 fevral tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA), Böyük Britaniyanın East London Universiteti (UEL) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birlikdə qalib gəldiyi Creative Spark layihəsi çərçivəsində təlimlər UNEC-də keçirilib. Bu təlimdə təlimçilər qismində UEL-in Yaradıcı sənayelər üzrə professoru Suzanne Dixon və Mix Consulting-in direktoru, biznes məsləhətçisi Nicky Curtis çıxış ediblər. 4 gün davam edən intensiv təlimlərdə Bakı Musiqi Akademiyasının və Azərbaycan Dövlət İqtisad Universitetinin 60-a yaxın tələbəsi iştirak edib. 11 fevral tarixində təlimçilər professor Suzanne Dixon və Nicky Curtis Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova ilə görüşüblər. Görüş zamanı BMA-nın tələbələrinin biznes bacarıqlarının inkişaf etdirilməsi imkanları və bu məsələdə İngiltərənin təcrübəsinin öyrənilməsi məsələləri müzakirə edilib, universitetlər arasında əməkdaşlığın möhkəmləndirilməsi haqqında diskussiya aparılıb. Həmçinin, BMA tələbələri qonaqlar üçün kiçik konsert proqramı ilə çıxış ediblər. 12 fevral tarixində BMA-nın təşkilatçılığı ilə qonaqların və tələbələrin YARAT Müasir İncəsənət Məkanı ilə tanışlığı keçirilib. Həmçinin, səs mühəndisi, uzun illər freelancing fəaliyyəti ilə məşğul olan Hafiz İbrahimli və BMA-nın məzunu, səs mütəxəssisi, bəstəkar Azər Əsgərov tərəfindən freelancing mövzusunda tələbələrlə və qonaqlarla fikir mübadiləsi aparılıb. Təlimlərin son günündə isə 7 qrupda birləşən tələbələr layihə ideyalarını təqdim ediblər. Yaradıcılığı ilə fərqlənən BMA-nın 8 tələbəsi isə Böyük Britaniyada keçiriləcək təlimlərdə iştirak haqqı qazanıblar. Təlimin sonunda bütün tələbələrə uğurlu iştirak etdiklərinə görə sertifikat təqdim olunub. 2020-ci ilin mart ayından etibarən Covid 19 pamdemiyası səbəbindən Creative Spark proqramının növbəti təlimləri Teams proqramı ilə həyata keçirilib. Belə ki, təlimlərdə iştirak etmək üçün haqq qazanmış BMA-nın 8 tələbəsi London şəhərinin East London universitetinə səfəri nəzərdə tutulsa da, pandemiya ilə əlaqədar olaraq, təlimlər karantin şərtlərinə uyğun şəkildə online baş tutdu. 4-7 may tarixləri çərçivəsində East London Universitetinin mütəxəssisləri yaradıcı biznes ideyaları olan tələbələr üçün biznes canvas modelinin, marketing metodlarının öyrənilməsi və layihələrdə uğurlu şəkildə tətbiq edilməsi istiqamətində Microsoft Teams platforması vasitəsilə online sessiyalar təşkil edib. East London Universitetinin professorları tərəfindən seçilən BMA-nın İfaçılıq fakültəsinin tələbələri Ülkər Qüdrətli, Fərid Əli, Xəyalə Cavadvend, Məmməd Mahmudzadə və Fortepiano fakültəsinin tələbələri Mədinə Hüseynova, Vüsalə Babayeva, Zəhra Cahan Şixəliyeva, Fidan Yunus onlayn təlimlərə qoşulublar. Təlimin son günündə isə tələbələr ideyalarını təqdimatlar formasında East London Universitetinin mütəxəssislərinə təqdim ediblər. Nəticə olaraq təlimdə iştirak edən BMA-nın tələbələrinə “Big İdea” müsabiqəsində iştirak etmək üçün mentorluq dəstəyi göstərildi. 22 may tarixində "Creative Spark" layihəsi çərçivəsində keçirilən "Böyük İdeya Müsabiqəsi 2020" - də (Big Idea Challenge 2020) BMA-nın 7 tələbəsi qrup şəklində iştirak edib. "Böyük İdeya Video Müsabiqəsi 2020" Britaniya Şurasının elan etdiyi Creative Spark Ali Təhsil Müəssisəsi Proqramının əsas hissəsidir və tələbələrə, məzunlara innovativ start-uplar inkişaf etdirərək bütün dünyada ideyalarını nümayiş etmək imkanı yaradır. Müsabiqə 3 kateqoriya üzrə keçirilir: Rəqəmsal texnologiya (Digital technology); Sosial təsir (Social impact) və Yaradıcı (Creative). Hər ölkə üzrə qaliblərə ideyalarını reallaşdırmaq üçün mentorluq dəstəyi, Böyük Britaniyada Start-up proqramında iştirak haqqı və pul mükafaı təqdim olunacaq. Şərqi London Universitetinin mütəxəssisləri tərəfindən fevral və may aylarında keçirilən təlimlərdə seçilən Bakı Musiqi Akademiyasının tələbələri Xəyalə Cavadvend (İdeya - Falcon Packaging and Transporting Company); Fərid Əli və Məmməd Mahmudzadə (İdeya - Baku Records); Ülkər Qüdrətli - (İdeya - Online Music Education); Mədinə Hüseynova (İdeya - Unique Fashion Design) və Elnura Sadıqova (İdeya - Unlimited Music); Günel Tahirzadə (İdeya- Just go green) "Böyük İdeya Video Müsabiqəsi 2020"- də iştirak etmək haqqı qazanıblar. Nəticədə Fərid Əli və Məmməd Mahmudzadə (İdeya - Baku Records) Azərbaycan üzrə ölkə finalçısı oldu. Bundan əlavə, Creative Spark layihəsi çərçivəsində Bakı Musiqi Akademiyasında dekabr ayından başlayan Britaniya Şurasının onlayn İngilis dili kursu 2020-ci ilin iyul ayında uğurla tamamlanmışdır. Nəticədə BMA-nın 27 tələbəsi kursu müvəffəqiyyətlə bitirərək sertifikatlara layiq görülüblər. Bakı Musiqi Akademiyasında Creative Spark layihəsinin koordinatorları Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Yeganə Axundova və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Zülfiyyə Şəfiyevadır. BMA-nın informasiya və texnologiyalar üzrə mütəxəssisi RÖYA HÜSEYNOVA

14


GƏNCLƏR KAMERA ORKESTRİNİN NÖVBƏTİ UĞURLU KONSERTİ KEÇİRİLİB 28 fevral 2020-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında görkəmli alman bəstəkarı Lüdviq van Bethovenin 250 illiyinə həsr olunmuş konsert keçirildi. Konsertdə Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Baku Chamber Orchestranın ifasında İ.S.Baxın “Chaconne” op.32 (orkestr üçün işləməsi Üzeyir Məmmədovundur), A.Marcellonun qoboy və orkestr üçün Konsert - S.Z.799, d moll (solist: Zakir Allahverdili), L.Bethovenin 14 saylı Simli kvarteti op.131, cis moll əsərləri səsləndirildi. Konsertdə BMA-nın professor-müəllim və tələbə heyəti həmçinin qonaqlar iştirak edib. Tədbir tamaşaçıların gurultulu alqışları ilə sona çatıb.

“BEYİN QAZANMA PROQRAMI” ÇƏRÇİVƏSİNDƏ ONLİNE KONFRANS KEÇİRİLİB Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin “Beyin Qazanma Proqramı” çərçivəsində 11 iyul 2020-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası üçün “Covid-19 pandemiyası zamanı virtual sosiallaşmanın əhəmiyyəti (mədəniyyətimizin təbliği, təqdimatı və qorunması”) mövzusunda videokonfrans keçirilmişdir. “Zoom” proqramı vasitəsilə keçirilən videokonfransda BMA-nın professor və tələbə heyəti iştirak etmişlər. Qeyd edək ki, video konfransda BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova, Fəlsəfə elmləri doktoru, professor Mina Hacıyeva (moderator), Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin böyük məsləhətçisi Lalə İsgəndərova, Oman Respublikasının Sultan Qabus Universitetində fortepiano müəlliməsi və Sənətşünaslıq üzrə fəlsəfə doktoru Dr.Vüsalə Yusif məruzəçi qismində çıxış etmişlər. Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin xarici ölkələrdə yaşayan nümayəndələri də konfransda iştirak edərək, mövzu ətrafında suallar və müzakirələr aparmışlar.

BAKI MUSİQİ AKADEMİYASINDA TƏHSİL ALAN ƏCNƏBİ TƏLƏBƏLƏRLƏ ONLİNE GÖRÜŞ KEÇİRİLİB 14 iyul 2020-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova və Xarici tələbələrlə iş üzrə şöbənin əməkdaşları, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov (şöbə müdiri), Röya Hüseynova (xarici tələbələrlə iş üzrə mütəxəssis), Günel Eyvazova (beynəlxalq əlaqələr üzrə şöbənin əməkdaşı), Zülfiyə Şəfiyevanın (beynəlxalq layihələr üzrə mütəxəssis) iştirakı ilə Xarici tələbələrlə Zoom proqramı vasitəsi ilə görüş keçirilmişdir. İlin yekun iclası qismində keçirilən görüş zamanı xarici tələbələrin online şəkildə verdikləri imtahanları, onların ümumi vəziyyəti, hal-hazırda təzahür edən yeni tipli pnevmoniya Covid 19 infeksiyası ilə bağlı ümumi söhbətlər aparılmışdır. Tələbələr öz növbələrində onlara maraqlı olan və narahat edən suallar ilə müraciət ediblər. Suallar prorektor Yeganə Axundova və Xarici tələbələrlə iş üzrə şöbənin işçi heyəti tərəfindən cavablandırılıb. 15


BAKI MUSİQİ AKADEMİYASI HƏMKARLAR İTTİFAQI KOMİTƏSİ Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Nabranda yerləşən “Təhsil” istirahət mərkəzində 29 ali təhsil müəssisəsindən 100-dən artıq tələbənin qatıldığı “Tələbə həmkarlar ittifaqı komitələri könüllülük hərəkatının təməllərindən biridir” mövzusunda Qış Liderlik Məktəbi layihəsi keçirilib. Tədbirdə BMA Həmkarlar İttifaqı Komitəsinin sədri Aqil Qafulovun rəhbərliyi ilə akademiyanın dörd tələbəsi – Bəylərova Firuzə, İmanova Günel, Babayev Kənan və Talıblı Kamran iştirak ediblər. Prezident İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi ilə əlaqədar AHİK tərəfindən könüllülüyün təbliğinə töhfə vermək məqsədilə təşkil olunan tədbir 2020-ci il fevralın 10-dan 13-dək davam edib. Qış Liderlik Məktəbi çərçivəsində müxtəlif mövzularda panel müzakirələr keçirilib. Müzakirələr zamanı tələbələr könüllülüyün məqsəd və prinsipləri, ölkəmizdə gənclərin könüllü fəaliyyətə cəlb olunması sahəsində görülən işlər və könüllülüyün inkişafı məqsədilə həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlandırılıblar. Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı Qış Liderlik Məktəbinin iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Dirijorluq” fakültəsinin III kurs tələbəsi İsmayıl Pənahov və “Fortepiano” fakültəsinin IV kurs tələbəsi Elxan Niftiyev təhsil aldıqları müddətdə göstərdikləri əla nəticələrə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təqaüdə layiq görülmüşlər. 03 iyun 2020-ci il tarixində keçirilən təqdimatda tələbələrə mükafatı BMA-nın Tədris İşləri üzrə prorektoru, professor Nərminə Quliyeva təqdim etmişdir. Təqdimatda həmçinin “İfaçılıq” fakültəsinin dekanı, professor Nəzmiyyə Abbaszadə, “Fortepiano” fakültəsinin dekanı, professor Nəzakət Rimazi və BMA-nın Həmkarlar İttifaqının sədri, dosent Aqil Qafulov iştirak edərək, tələbələri təbrik edib, müvəffəqiyyətlər arzu ediblər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində “İlin peşəkar gənci” adlı müsabiqəyə yekun vurulmuşdur. Müsabiqənin nəticələrinə görə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının konsertmeysteri KəngərliNəcəfova Nərgiz Lətif qızı müsabiqənin qalibləri sırasında olmuşdur. 8 iyun 2020-ci il tarixində keçirilən tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə tərəfindən qaliblərə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edilmişdir. 16


XALQ ARTİSTİ MÜZƏFFƏR AĞAMALIZADƏNİN 80 İLLİYİNƏ HƏSR EDİLMİŞ KONSERT KEÇİRİLİB 29 yanvar 2020-ci il tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli fleyta ifaçısı, Xalq artisti, Bakı Musiqi Akademiyasının “Nəfəs və zərb alətləri” kafedrasının müəllimi, professor Müzəffər Ağamalızadənin anadan olmasının 80 illiyinə həsr edilmiş konsert keçirilib. Əvvəlcə Xalq artistinin həyat və fəaliyyəti haqqında məlumat verilib, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri vurğulanıb. Bildirilib ki, 1940-cı il yanvarın 23-də Bakıda anadan olan Müzəffər Ağamalızadə 1958–1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestrində ifaçılığa başlayıb. 1961-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, 1970-ci ildən nəfəs alətləri kvintetinin ifaçısı olub. M.Ağamalızadə 1972-ci ildən Azərbaycan Dövlət Kamera Orkestrində də çalışıb. 1975–1978-ci illərdə o, Əlcəzair Bələdiyyə (Dövlət) Konservatoriyasına ezam edilib, burada həm dərs deyib, həm də konservatoriyanın orkestrində solist kimi çalışıb. M.Ağamalızadə, həmçinin 1992–2002-ci illərdə Türkiyədə universitet orkestrində solist və pedaqoq olaraq çalışıb. Hazırda o, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında fəaliyyət göstərir. Sonra konsert proqramı təqdim olunub. Konserti Mustafa Mehmandarovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. Gənc solistlər bir çox xarici bəstəkarların əsərlərinə müraciət ediblər. Mənbə: Azertag.az

QAZAXISTAN MİLLİ KONSERVATORİYASININ MAGİSTR-TƏLƏBƏLƏRİ BAKI MUSİQİ AKADEMİYASINDA 2020-ci il fevralın 23-dən martın 3-dək Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının magistr-tələbələri növbəti dəfə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi-təcrübə keçdilər. Qeyd etmək lazımdır ki, elmi-təcrübə hər iki ali məktəb arasında 24.10.2018-ci ildə imzalanmış mübadiləyə əsasən, ildə iki dəfə keçirilir. Müxtəlif ixtisaslarda təhsil alan qazaxıstanlı tələbələr magistr dissertasiyalarını daha da zənginləşdirmək, mövzunun müxtəlif aspektlərdən araşdırılması və tətbiq edilməsində BMA-nın professormüəllimlərinin dərin biliklərindən hərtərəfli yararlandılar. Tədqiqat işləri üçün Musiqi Akademiyasının kitabxanasının not materialı və musiqi ədəbiyyatından istifadə etdilər. Onların elmi təcrübələri təkcə dissertasiya işlərinin tədqiqatı ilə kifayətlənmirdi. Qazaxıstanlı tələbələr həmçinin ixtisas dərslərində, BMA-nın tədbirlərində və konsertlərdə yaxından iştirak etdilər. 2019-2020-ci tədris ilinin II semestrində Qazaxıstan Milli Konservatoriyasından BMA-ya beş magistr tələbə ezam olunmuşdu. Təcrübənin birinci günü qonaqları prorektorlar–professorlar Nərminə Quliyeva, Yeganə Axundova, Gülnaz Abdullazadə qəbul etdilər. Onlara BMA-nın rektoru, Xalq artisti professor Fərhad Bədəlbəylinin salamlarını çatdırdılar və işlərində uğurlar arzuladılar. Elmi təcrübə keçən tələbələr həmişəki qaydada tərtib olunmuş dərs cədvəli əsasında dərslərdə iştirak etdilər və onlara ixtisaslarına uyğun elmi rəhbərlər təyin olundu. Tokmurziyeva Dinara, Maxamatdinova Tomris-insrumental ifaçılıq-fortepianoelmi rəhbər dosent Züleyxa Abdulla; Kudayberqen Aray, Sartay Samat-dirijorluq-elmi rəhbər professor Leyla MəmmədovaFərəcova; Şpeknayeva Elmira-vokal sənəti-elmi rəhbər-dosent Alyona İnyakina qazaxıstanlı tələbələrə dəyərli tövsiyyələrini verdilər. Qazaxıstanlı tələbələr tədqiqat işləri aparmaqla yanaşı həmçinin BMA-nın müəllimlərinin ixtisas dərslərində iştirak etdilər. Xalq artisti, professor Xuraman Qasımova, Əməkdar artist, baş müəllim İlham Nəzərov, professor Leyla Məmmədova-Fərəcova, dosent Firəngiz Hacıyevanın dərslərində iştirak etdilər. Qonaqlar dərslərin keyfiyyətindən, buradakı yaradıcı mühitdən, onlara yaradılan şəraitdən və xoş münasibətdən razılıqlarını bildirdilər. Magistr-tələbələr “Musiqi dünyası” jurnalının redaksiyasında oldular. Qonaqları jurnalın baş redaktoru, professor Tariyel Məmmədov qəbul edərək, onlara jurnalın fəaliyyəti, geniş xarici əlaqələri haqda məlumatlandırdı. Qazaxıstanlı tələbələr həmçinin Bakının görməli yerlərini gəzdilər, opera teatrına, muzeylərə getdilər, konsertlərdə iştirak etdilər. Elmi-təkmilləşmənin sonuncu günü Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının II kurs magisr-tələbələrinə Sertifikatlar təqdim olundu. Təqdimatda prorektorlar–N.Quliyeva, G.Abdullazdə, Y.Axundova, dekanlar-N.Abbaszadə, N.Rimazi, G.Mahmudova və “Əlavə təhsil” şöbəsinin müdiri N.Hüseynova iştirak etdilər. BMA-nın rəhbərliyi adından çıxış edən prorektor, professor N.Quliyeva tələbələrə gələcək işlərində müvəffəqiyyətlər arzuladı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent NƏRGİZ HÜSEYNOVA 17


MƏKTƏB-STUDİYANIN TARİXİNİ VƏRƏQLƏYƏRKƏN...

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Orta ixtisas musiqi məktəb-studiyasının artıq 40 yaşı tamam olur... Bu illər ərzində keşməkeşli yollar keçən məktəb bir çox nailiyyətlər əldə etdi, yeniliklərə imza atdı. Təbii ki, heç bir yeni ideya və fikir təsadüfən yaranmır. Çox vaxt həyatın özü insanda gözlənilmədən yeni bir ideyanın əmələ gəlməsinə təkan verir. Professional musiqiçilərin tərbiyəsində bilavasitə iştirak edən bir insan kimi uzun illər boyu konservatoriya məzunlarının pedaqoji fəaliyyətə başlayan zaman dərhal yüzlərcə çətinliklərlə üzləşməsi kimi acınacaqlı faktla yaxşı tanış idim. Tələbələrin hərtərəfli təcrübə keçməsini təmin etmək üçün bilavasitə konservatoriyanın nəzdində qeyri-adi tədris ocağının – məktəb-studiyanın təşkil edilməsinə böyük ehtiyac var idi. Həmin ideyanın zəruriliyinə, aktuallığına baxmayaraq, onu həyata keçirmək o qədər də asan olmadı. Çünki bu yeniliyi qəbul etməyən və onu gerçəkləşdirməyə maneçilik törədən “mühafizəkarlar”ın sayı az deyildi. Lakin bu işin başlanğıcında duran və onun zəruriyyətinə səmimi qəlbdən inam bəsləyən insanların səyi nəticəsində 1980-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində məktəb-studiya təşkil olundu. Professor E.Abbasova yazırdı: “Respublikamızda özünü yaxşı tanıtmış musiqi tədris müəssisəsi çoxdur. Elə isə bu cür, yeni tipli məktəb yaratmaq zərurəti nədən irəli gəlirdi? Təhsil illəri ərzində müxtəlif yaşlı, müxtəlif siniflərdə oxuyan uşaqlarla pedaqoji təcrübə keçməli olan tələbələrimiz əslində hazırlıq şöbəsinin uşaqları ilə ünsiyyətdə olurdular. Biz isə tələbələrin haradasa kənarda deyil, bilavasitə öz tədris müəssisəmizdə zəruri təcrübə almasını istəyirdik. Tələbələrin praktiki hazırlığı üçün konservatoriya ilə sıx əlaqəsi olan öz tədris bazamıza ehtiyac var idi. Məktəbstudiyanı yaratmaq ideyası belə meydana çıxdı”. Məktəb-studiya ilk növbədə konservatoriya tələbələrinin pedaqoji təcrübəsinin səmərəli keçirilməsi, yüksək professionallığa malik musiqi müəllimlərinin təlim-tərbiyəsinin lazımi səviyyədə qurulması və onlara tədris müəssisəsində iş perspektivinə uyğun şərait yaradılması məqsədi ilə təşkil edilmişdir. Beləliklə, illər ötdü... İndi məktəb-studiya Bakı Musiqi Akademiyasının ayrılmaz, üzvi bir hissəsinə, tədris prosesində mühüm rol oynayan bir amilə çevrilmişdir. Artıq zaman özü də bu tədris ocağının mühüm əhəmiyyətini təsdiq etmişdir. Təsadüfi deyil ki, onun 40 illik fəaliyyəti haqqında prof. F.Bədəlbəyli belə yazırdı: "Məktəbstudiya fəaliyyət göstərdiyi illər ərzində uşaqların musiqi tərbiyəsi mərkəzinə çevrilmişdir. Burada 18


gənc musiqiçi-tələbələrin pedaqoji təcrübə keçməsi, musiqi məktəbi və texnikumları müəllimlərinin ixtisasının artırılması üçün etibarlı zəmin yaradılmışdır. Eyni zamanda musiqi pedaqogikası sahəsində də böyük tədqiqat və təcrübə işi aparılır". Tədris prosesində, praktiki sahədə tətbiq olunan yeniliklər məktəb-studiya müəllimlərinin elmi-metodiki fəaliyyətində öz əksini tapırdı. Həmin illərdə məktəb-studiya müəllimləri tərəfindən tərtib olunan metodiki vəsaitlərdə, proqramlarda, elmi məqalələrdə musiqi pedaqogikası sahəsində neçə-neçə yeni söz deyilmişdir. Gündəlik tədris prosesindən yaranan elmi-metodiki axtarışlara müəllimlərlə yanaşı, təbii ki, təcrübəçi-tələbələr də cəlb olunurdular. Onlar məktəb-studiyanın Musiqi Akademiyasının müvafiq kafedraları ilə birlikdə keçirdiyi elmi-praktiki konfranslarda, seminarlarda, pedaqoji qiraətlərdə daim fəal iştirak edirdilər. Gələcəyin düşünən, savadlı mütəxəssislərinin yetişdirilməsində belə tədbirlərin əhəmiyyəti, şübhəsiz ki, misilsiz idi. Təcrübəçi-tələbələrlə aparılan eksperimental işin nəticəsində məktəb-studiyada elmi konfransların və müsabiqələrin tamamilə yeni bir növü – elmi-ifaçılıq konfransı meydana gəldi. Bu yaradıcılıq tədbirinin əsasını həm seçilmiş əsərin musiqişünaslıq və ifaçılıq baxımından məruzəçitələbə tərəfindən təhlili, həm də ifası problemi təşkil edirdi. Tədris prosesini xeyli təkmilləşdirən bu tədbirin müsbət cəhətlərindən biri də ondan ibarət idi ki, elmi-ifaçılıq konfranslarında irəli sürülmüş metodiki tövsiyələr təcrübəçi tələbələr tərəfindən bilavasitə məktəb-studiyada tətbiq olunurdu. Uşaq Musiqi Teatrının hər bir tamaşasının hansı çətinliklər bahasına səhnə üzü görməsini biz o dövrdə burada rejissor işləmiş respublikanın xalq artisti G.Güləhmədova-Martınovanın düşüncələrindən duyuruq: "O zaman bizim nə daimi səhnəmiz, nə də tamaşaların tərtibatı üçün vəsaitimiz var idi. Elə buna görə də gələcək quruluşların heç bir dəqiq planı yox idi. Bizim teatr uzun müddət fəaliyyət göstərən adi teatra bənzəmirdi. Onun tamaşalarının ömrü çox qısa idi. Gənc ifaçılar böyüyüb, teatrı tərk edirdilər. Bu zaman hər şeyi yenidən başlamağa məcbur olurduq. Lakin tamaşalarımızda iştirak edən hər bir uşaq teatra tükənməz maraq və məhəbbət hissi ilə bizdən ayrılırdı. Ən başlıcası da o idi ki, uşaq artıq dərk etməyə başlayırdı ki, teatr - düşüncə, gözəllik və böyük zəhmət deməkdir". Hal-hazırda respublikada yeganə Uşaq Musiqi Teatrının repertuarı maraqlı tamaşalarla zəngindir. Əgər onun ilk tamaşalarında (M.Krasevin "Milçək-Vizilçək", N.Qoleşanovun "Turp" operaları) gənc kollektivin öz ifaçılıq dəsti-xətti hələ o qədər də sezilmirdisə, 80-ci illərin ikinci yarısında hazırlanan 3 tamaşanı (S.İbrahimovanın "Biri var idi, biri yox idi", Ş.Çalayevin "Mauqli" və B.Brittenin "Gəlin operanı tamaşaya qoyaq) artıq cəsarətlə formaca yetkin, bədii cəhətdən dolğun səhnə əsərləri saymaq olar. Artıq bir çox ildir ki, burada açılan “Opera hazırlığı” fakultativ dərs kimi fəaliyyətdədir. Təkcə son iki-üç il ərzində tamaşaçılar “İsgəndər və çoban”, “Bremen musiqiçiləri”, “Mən səni sevirəm, Xəzər!”, “Ulduzlar enəndə”, “Buratinonun yeni sərgüzəştləri” və başqa tamaşaların premyerasında iştirak etmişlər. Sonrakı illərdə Uşaq Musiqi Teatrı əsl mənada Azərbaycan bəstəkarlarının operalarının təbliğatçısına çevrilmişdir. S.Hacıbəyovun "İsgəndər və çoban", R.Şəfəqin "Ağılsız siçan balası haqqında nağıl", L.Ümidin "Solfecio dərsi", T.Quliyevin və A.Yusifovanın "Cəmilənin albomu" tamaşaları müvəffəqiyyətlə səhnələşdirilmişdir. Maraqlı haldır ki, bu tamaşaların əksəriyyəti, o cümlədən də, S.Hacıbəyovun tələbəlik illərində yazdığı "İsgəndər və çoban" operası ilk dəfə olaraq məhz Uşaq Musiqi Teatrının təfsirində öz səhnə təcəssümünü tapmışdır. Yüksək bədii zövq, əsl peşəkarlıqla hazırlanmış bu opera tamaşaları özünün yetkinlik dövrünə qədəm basmış məktəbstudiyanın böyük uğurlarından olmuşdur. Əvvəlki illərdə olduğu kimi, məktəb-studiyanın cari fəaliyyəti də müasir musiqi gerçəkliyi üçün zəruri olan əsas tələblərə cavab verir. Məsələn, son dövrdə musiqi həyatında müşahidə olunan orkestr alətləri ifaçılarının çatışmaması probleminin aradan qaldırılması üçün məktəb-studiya müvafiq ixtisaslar üzrə şagird qəbulunu xeyli artırmışdır. Hal-hazırda bu tədris ocağında violonçel, kontrabas, fleyta, klarnet, ksilofon, arfa siniflərində neçə-neçə istedadlı şagird təhsil alır. 19


Bu isə problemin yaxın gələcəkdə müsbət həll olunmasına ümid yaradır. Artıq digər tədris ocaqlarından öz eksperimental səciyyəsi ilə seçilən məktəb-studiyada heç bir yenilik təsadüfən yaranmır. Burada təlim-tədris prosesində tətbiq olunan hər bir yeniliyin arxasında adətən məktəb-studiyanın elmi hissəsi tərəfindən aparılan gərgin elmi-metodiki fəaliyyətin izlərini görmək mümkündür. Məktəb-studiyanın iş üslubunun səciyyəvi cəhətlərindən biri ondan ibarətdir ki, burada musiqi pedaqogikası və metodikası sahəsində müxtəlif eksperimentlərin aparılması üçün münasib şərait yaradılmışdır. Metodistlərimizin və müəllimlərimizin bu istiqamətdə işi nəticəsində bir sıra elmi konfransların və pedaqoji qiraətlərin keçirilməsi, elmi-metodiki işləmələrin hazırlanması mümkün olmuşdur. Burada onu da əlavə etmək olar ki, yalnız belə bir yenilikçilik ruhu hökm sürən bir şəraitdə tamamilə yeni bir ideya, yəni gənc caz musiqisi ifaçılarının I festivalının keçirilməsi fikri meydana gələ bilərdi (1994-cü il, aprel). Həmin tədbir bir daha Azərbaycan caz sənətinin uzaq və yaxın keçmişinə nəzər salmağa, bu musiqi janrını müasir həyatın süzgəcindən keçirməyə və onunla bilavasitə bağlı olan incəsənət xadimlərimizin fikir və rəylərini öyrənməyə imkan yaratdı. Festivalın əsas məramı gənc musiqiçilər arasında caz musiqisinin ən yüksək, klassik nümunələrini təbliğ etmək, onları bu yöndə düzgün istiqamətləndirməkdən ibarət olmuşdur. Hər hansı bir tədris ocağının işinin səmərəliliyi ilk növbədə orada təhsil alan şagirdlərin müvəffəqiyyətləri ilə ölçülür. Məktəb-studiyada təhsil alan şagirdlərin sayı məhdud olsa da onların arasında şəhər, respublika və beynəlxalq müsabiqələrin qalibləri az deyil. Məktəb-studiyanın ən yaxşı məzunları həm məktəbin özündə, həm də ölkənin digər musiqi təhsil müəssisələrində işləyirlər. Onlar eyni zamanda Bakı Musiqi Akademiyasında öz təhsilini təkmilləşdirməkdədirlər. Məktəbin məzunlarından bir çoxunun adı musiqi aləminə yaxşı tanışdır: dirijorlar – Fuad İbrahimov və Mustafa Mehmandarov, violonçel ifaçısı Ruslan Biryukov belələrindəndir. Pianoçular Nərgiz Kəngərli, Fəqan Həsənli, Mələk Qocayeva, Anna Biryukova, Nigar Hüseynzadə, Firuzə Nəcəf, Tamara Xəlilova, Murad Abasov, Vüsalə Babayeva nüfuzlu beynəlxalq müsabiqələr laureatıdırlar. Bir çox illərdir ki, elmi-tədqiqat işləri üzrə araşdırma aparılır: İmina Əliyeva (“Müasir musiqi nəzəriyyəsi kontekstində Azərbaycan ladlarının intonasiya sistemi”), Məktəb-studiyanın direktor müavini Sevda Məmmədova (“Tofiq Quliyev yaradıcılığının milli xüsusiyyətləri”), elmi işçi Aytən İbrahimova (“Arif Məlikovun kamera-instrumental və kamera-vokal yaradıcılığı”) fəlsəfə doktoru üzrə dissertasiya işləri müdafiə etmişlər. Müəllimlərdən Nuranə Zeynalova, Vəfa Həmidova dissertasiya üzərində işləyirlər. Dosent Mədinə Tuayevanın Məktəb-studiyanın geniş və hərtərəfli yaradıcılıq fəaliyyətinin öyrənilməsinə həsr olunmuş “Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Məktəb-studiyasının şagirdlərinin kompleksli təlimi üzrə eksperimental işin məzmun və formaları” adlı dissertasiya işi xüsusi maraq kəsb edir. Əlamətdar haldır ki, məktəbin əsas fəaliyyət istiqamətlərindən biri – gənc nəslin milli ruhda təlimtərbiyə məsələsi cənab Prezidentin sözləri ilə həmahənglik təşkil edir. Çünki ölkənin bütün musiqi məktəblərinin proqramında özünə möhkəm yer alan erkən yaşdan etibarən Avropa lad sistemi ilə bərabər həm də Azərbaycan lad sistemi ilə tanışlıq məhz Məktəb-studiyasına məxsusdur. Bu məqsədlə Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elmi əsəri musiqi və ümumtəhsil müəssisələrinin şagirdləri üçün uyğunlaşdırılaraq dərc olunmuş (dərs vəsaitinin tərtibçisi – T.Seyidov), “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında musiqi məktəb şagirdlərinin milli lad təfəkkürünün inkişaf proqramı” (müəlliflər – F.Bədəlbəyli və T.Seyidov), İ.Əliyeva tərəfindən “Azərbaycan ladlarının və lad-intonasiyalı qavrama qabiliyyətinin öyrənilməsi üzrə praktiki təlimat”, iki hissədən ibarət “Azərbaycan ladlarının öyrənilməsi üzrə müntəxəbat” (tərtibçilər – T.Seyidov, C.Həsənova, L.Zöhrabova, A.İbrahimova) işlənib hazırlanmışdır. Müxtəlif illərdə R.Həsənova (2002) və L.Dadaşova (2015) tərəfindən Azərbaycan xalq və bəstəkar musiqisinin çoxsaylı nümunələri əsasında metodik cəhətdən yeni və daha da təkmilləşdirilmiş dərsliklər buraxılmışdır. 20


Məktəb-studiyada yeni müasir təhsil metodları müntəzəm nəşr olunan dərs vəsaitlərində öz əksini tapır. Şagirdlərin kompleksli təhsilində yaxşı nəticə əldə edilməsi, musiqi ifaçıların təhsilinin intellektuallaşdırılması, fənlərarası əlaqələrin inkişafı üçün məktəb-studiyada işlənib hazırlanmış və bu günə qədər heç bir yerdə tədris olunmayan “İfa olunan proqramın struktur və bədii təhlili” fənni daxil edilmişdir. Bütün bu yeniliklər Mədəniyyət nazirliyi tərəfindən bəyənilmiş və musiqi tədris müəssisələrində geniş tətbiq üçün tövsiyə olunmuşdur. Bakı Musiqi Akademiyasına 21 yanvar 2010-cu il tarixli rəsmi məktub (№35-9/17) bunun təsdiqidir. Məktəb-studiyada elmi-metodik işlər də səmərəli həyata keçirilir. Bütün bunlar məqsəd deyil, aramsız tədris prosesinə əlavə olub, onun təkmilləşdirilməsi üçündür. Bəstəkarlardan Qara Qarayevin (Üçsəsli fuqa, 1939), Soltan Hacıbəyovun (“İsgəndər və çoban”, 1945), Cahangir Qarayevin (fortepiano üçün sonata), Yevgeniya Perevertaylonun (Ü.Hacıbəylinin “Koroğlu” operasına uvertüranın iki fortepiano üçün konsert işləməsi) və digər müəlliflərin itmiş əlyazılarının bərpası, redaktəsi və nəşr edilməsi Məktəbstudiyaya məxsusdur. 2020-ci ildə 40 illik yubileyi münasibəti ilə musiqi təhsilinin ibtidai və orta mərhələlərində tədris olunan müxtəlif fənlər üzrə dərsliklərin yeni bir formada – kompakt proqramkonspekt şəklində işlənib nəşr edilməsi gözlənilir. Məktəb-studiyanın ötən 40 il ərzində əldə etdiyi nailiyyətlər bütün pedaqoji kollektivin və ilk növbədə burada müxtəlif illərdə tədris və elmi-metodiki işlərə məsul olan direktor müavinləri E.Mustafayeva, L.Kərimova, L.Hüseynova, K.Dadaşzadə və S.Məmmədovanın gərgin əməyinin nəticəsidir. Bizim respublikada bu illər ərzində Məktəb-studiyanın bazasında keçirilən və ölkə hüdudlarını aşan elmi-ifaçılıq müsabiqə və konfranslar da böyük rezonans doğurub. Dünya təcrübəsində analoqu olmayan elmi-ifaçılıq konfrans və müsabiqələrin məktəb-studiyada işlənib hazırlanması musiqi pedaqogikasına yaxşı məlumdur. Onun əsas mahiyyəti müxtəlif fənnlərin ayrıayrı elementlərinin vahid tam sistem şəklində birləşdirilməsi, ifaçılıq nəzəriyyəsi və təcrübəsi arasındakı əlaqələrin möhkəmləndirilməsindədir. Elmi-ifaçılıq konfrans və müsabiqələr bizim akademiyanın xüsusiyyət təşkil edən orijinal alətidir. Kompleksli təhsilin bu unikal formasının hər bir yerdə intişar tapması üçün illər boyu müntəzəm surətdə keçirilməkdədir. Belə tədbir ilk dəfə 1983-cü ildə baş tutmuşdur. Tədbirdə müxtəlif peşə sahibi olan professional musiqiçilər iştirak etmişlər. Onlardan xalq və əməkdar artistlər, professor Zöhrab Adıgözəlzadə, Lütfiyar İmanov, Rafiq Quliyev, Sərvər Qəniyev, Elmira Əliyeva, Namiq Sultanov və bir çox başqalarının adını çəkmək olar. Pianoçulardan professor Nərminə Quliyeva, professor Aida Hüseynova (ABŞ) və dosent Emil Xındrıstanski, Xalq artisti Şükür Səmədov (klarnet), Lalə Mustafazadə (Fransa), professor Töhfə Babayeva (violin), arfa ifaçısı Qənirə Hüseynova (Türkiyə) və digərləri birinci və növbəti elmi-ifaçılıq müsabiqələrinin laureatı olmuşlar. İllər ötdükcə bu elmi-yaradıcılıq müsabiqəsinin vüsəti artaraq hüdudları genişlənir və beynəlxalq miqyasa yüksəlir. 2010-cu ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qara Qarayev adına Birinci beynəlxalq elmi-ifaçılıq müsabiqə-konfrans baş tutur. 2015-ci ildə isə P.İ.Çaykovski adına Moskva konservatoriyasında Məktəb-studiyanın direktoru, professor Tərlan Seyidovun müəllif layihəsi və sədrliyi ilə Beynəlxalq elmi-ifaçılıq konfransı keçirilmişdir. Bir çox ölkənin nümayəndələri ilə yanaşı, məktəb-studiyanın müəllim və şagirdləri burada uğurla iştirak edərək, Azərbaycanda işlənib hazırlanmış, elm və incəsənətin dialoquna əsaslanan yeni təhsil metodlarını nümayiş etdirmişlər. Hal-hazırda məktəb-studiya bu illər ərzində zəngin pedaqoji, elmi-metodiki təcrübə toplayaraq özünün 40 illik yubileyini qeyd edir. Bu əlamətdar hadisə ilə əlaqədar məktəb-studiyanın müəllimləri, şagirdləri və təcrübəçi-tələbələri bir sıra yaddaqalan tədbirlər hazırlayır. Xüsusən, onlayn rejimdə Birinci Beynəlxalq “Akademik, xalq və caz musiqisi” adlı müsabiqə keçirilir. Bizim yerinə yetirdiyimiz təlim-tərbiyə prosesinin optimal effektivliyinə yönəldilən işimizin, xüsusən də reformatorluq fəaliyyətimizin hər zaman iştirakçısı olan, ona rəhbərlik edən rektor, professor Fərhad Bədəlbəyli başda olmaqla Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorluğudur. BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının direktoru, Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor TƏRLAN SEYİDOV 21


XƏBƏRLƏR 14 yanvar 2020-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) "Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:Orqanologiya və Akustika" elmi-tədqiqat laboratoriyasında Azərbaycanın qədim aləti tar haqqında elmi seminar keçirilib. Tədbir iştirakçıları tanınmış tarzən, Prezident təqaüdçüsü, Naxçıvanın Mədəniyyət işçisi, Naxçıvan, İran, Türkiyədə pedaqoji fəaliyyəti və neçə-neçə xor kollektivlərinin təşkilatçısı Əkrəm Məmmədlinin yaradıcılığına nəzər yetirdilər. Tədbiri BMA-nın elmi-yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə açdı. Tədbirdə Türkiyədən klarnet ifaçısı Anıl Çilek peşakar ifası ilə maraqlı musiqi ifalarını səsləndirdi. Musiqi ifasından sonra isə tədbir iştirakçıları qısa bir video çarxda Əkrəm Məmmədlinin yaradıcılığı ilə tanış oldular. Tədbirdə Xalq artisti Ramiz Quliyev, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev, Humanitar fənnlər kafedrasının müdiri, filologiya elmlər doktoru, professor Tərlan Quliyev, laboratoriyanın aparıcı elmi işçisi, dosent Ariz Abduləliyev, aparıcı elmi işçi Zeynal İsayev öz ürək sözləri və maraqlı çıxışları ilə tədbiri canlandırdılar. Həmçinin tədbirdə Əkrəm Məmmədlinin ifasında muğam və bəstəkar əsərləri səsləndirildi. 16 yanvar 2020-ci il tarixində Bakı Musiqi Akademiyasının elmi tədqiqat laboratoriyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş elmi seminar keçirilmişdir. Məruzəçi, elmi işçi N.Hüseynova milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsinin, xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixini bir daha, dərin ehtiram hissi ilə yada salaraq, qəhrəmanlıq səlnaməsi haqqında geniş məruzə ilə çıxış edib. Daha sonra matəm mövzulu audiovizual çarxlar nümayiş olundu. Q.Qarayev “Matəm” odası, H.Xanməmmədov “Kamança konserti”, V.Adıgözəlov “Şuşam laylay” və s. əsərlər səsləndirildi. Sonda elmi laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N.İsmayılzadə, fəlsəfə doktoru, baş elmi işçi, dosent Y.Abdullayev, elmi işçi, Ə.Əliyev və başqaları o qanlı və eyni zamanda qürur dolu illərin canlı şahidləri kimi çıxış edərək, seminar haqqında fikirlərini, həmçinin 20 yanvarla bağlı acı xatirələrini seminar iştirakçıları ilə bölüşdülər. 21 yanvar 2020-ci il tarixində Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında, aparıcı elmi işçi, "Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar" kafedrasının dosenti Ariz Abduləliyev tərəfindən seminar keçirilmişdir. Seminarda A.Abduləliyevin "Azərbaycan musiqisində milli müstəqillik mövzusu" adlı məruzəsi dinlənilmişdir. Məruzəçi bu mövzunun musiqi incəsənətində yaranmasını son 30 ildə baş vermiş ictimai, siyasi, tarixi hadisələrlə əlaqələndirmişdir. A.Abduləliyev bəstəkar yaradıcılığında milli müstəqillik ideyasını əks etdirən mövzuların təsnifatını apararaq, onların tarixi, ictimai və mənəvi əsaslarını göstərmişdir. Onun fikrincə, musiqi tarixində bəstəkarların dövrün müxtəlif hadisələrinə münasibətini əks etdirən bədii faktlar çoxdur. O cümlədən, Azərbaycan bəstəkarları milli azadlıq hərəkatına, 20 Yanvar, Qarabağ, Xocalı hadisələrinə, aprel döyüşlərinə, şəhid əsgərlərə, onların qəhrəmanlığına öz vətəndaş mövqelərini ifadə edərək, bu mövzularda əsərlər yazmışlar. Bununla da yeni tarixi dövrün - müstəqillik dövrünün musiqisində azərbaycançılıq, vətənçilik və milli müstəqillik kimi humanist ideyaların bədii tərənnümünü əks etdirən müxtəlif forma və janrlı əsərlər yaranmışdır. Bu əsərlərin məzmununda bir tərəfdən matəm kədəri və faciəvilik, qəhrəmanlıq və milli qürur, bir tərəfdən qəhrəman döyüşçülərə və şəhidlərə dərin ehtiram, bir tərəfdən də milli birlik, qələbəyə inam və vətənə sevgi hissləri tərənnüm olunur. Müəllif qeyd etmişdir ki, bu mövzularda yazılan əsərlərin ideya-tərbiyəvi əhəmiyyəti vardır və onların musiqişünaslar tərəfindən tədqiq olunması aktual vəzifələrdən biridir. Seminar Azərbaycan musiqisində milli müstəqillik mövzusu ilə bağlı yazılmış bəzi əsərlərin, mahnıların dinlənilməsi ilə davam etdirildi. 28 yanvar 2020-ci il tarixində BMA-nın elmi tədqiqat laboratoriyasında böyük elmi işçi Zeynal İsayev tərəfindən Musiqi Alətlərinin Rəqəmli İnterfeysi (MİDİ- Musical İnstrument Digital İnterface) mövzusuna həsr olunmuş elmi seminar keçirilmişdir. Seminarda Z.İsayevin "MİDİ-interfeysin əsasları” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi qeyd etmişdir ki, MİDİ-nin protokolu meydana gəldiyi gündən dünya musiqisində yeni bir səhifə açılmış, musiqi yaradıcılığında və ifaçılıqda 22


dönüş yaranmış, səs yazma və səsləndirmə, habelə musiqinin olduqca az itkilərlə ən uzaq məsafələrə ötürülməsinin forması dəyişilmişdir. Seminarda rəqəmsal qurğuların işi haqqında, MİDİ-göndərişlər, MİDİ-hadisələr, komandalar və kontrollerlər haqqında məlumatlar verilmişdir. Nəzəri hissənin ardınca praktiki işlər aparılmış, ROLAND AX-7 MİDİ – kontrolleri vasitəsilə musiqinin CUBASE səs redaktorunun sekvensoruna yazılması və orada da emalının müasir üsulları haqqında məlumatlar verilmişdir. 2 fevral 2020-ci il tarixində İsrailin Tel-Əviv şəhərinin Rusiya Mədəniyyət Mərkəzində “Qürbətdən Vətən Sədaları: İsrail-Azərbaycan” layihəsi keçirilib. Azərbaycan Gənclər Gününə təsadüf edən layihə Azərbaycan Gənclər Fondunun 13-cü qrant müsabiqəsində qalib olmuş, BMA-nın doktorantı, bəstəkar İlahə İsrafilovanın layihəsidir. Azərbaycan mədəniyyətinə və milli qəhrəmanı A.Aqarunovun əziz xatirəsinə həsr olunmuş tədbirin İsrail tərəfdən təşkilati dəstəyi “AZİZ” Beynəlxalq İsrail-Azərbaycan Assosasiyası olmuşdur. Layihə İsraildə yaşayan azərbaycanlı gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsini, həmçinin tədbir vasitəsi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə bir daha çatdırılmasını əsas məqsəd götürüb. Tədbirin rəsmi hissəsində “AZİZ” Assosiasiyasının nümayəndəsi Yana Salman, AGF Gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov, layihə rəhbəri İsrafilova İlahə, rejissor Səadət Şükürova tədbirin əhəmiyyəti haqqında çıxış etdilər. Bədii hissədə Azərbaycandan İsrailə yollanmış Bakı Musiqi Akademiyasının əməkdaşları və məzunları: AR Xalq artisti Zümrüd Məmmədova, beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli (piano), Neymət Mürsəlov (tar), İlahə İsrafilova (bəstəkar) iştirakı ilə yanaşı İsraildə təhsil alan azərbaycanlı peşəkar skripkaçılar Zərifə Alxazova və Qəmər Kərimli iştirak ediblər. Tədbirdə Ü.Hacıbəyli, Q.Qarayev, V.Adıgözəlov, F.Əlizadə həmçinin gənc bəstəkarlar İ.İsrafilova, K.Əkbərov, A.Əzizovanın əsərləri ilə yanaşı, A.Skryabin, S.Raxmaninov, İ.Shapira musiqilərindən ibarət konsert proqramı təqdim olunub. 4 fevral 2020-ci il tarixində BMA-nın elmi-tədqiqat laboratoriyasında elmi işçi Sahilə Əzizova tərəfindən XX əsr Azərbaycan ədəbiyyatının milli ruhlu tanınmış şairlərindən biri olan, dramaturq, Əməkdar İncəsənət Xadimi İslam Səfərlinin Azərbaycan mədəniyyətində rolu və yaradıcılıq uğurlarına həsr edilmiş elmi seminar keçirilmişdir. Seminarda sevimli şairin həyat və yaradıcılığına, xüsusilə də görkəmli bəstəkarlarımız ilə sıx yaradıcılıq birliyinə dair olduqca maraqlı faktlar qeyd olunmuşdur. Bildirilmişdir ki, İ.Səfərli elə bir dövrdə yaşayıb – yaratmışdır ki, bu dövr, tam mənasında, Azərbaycan mahnısının inkişafında “qızıl dövr” adlandırıla bilər. Şairin şeirlərinə bəstələnmiş - “Bakı sabahın xeyir” musiqisi E.Sabitoğlunun, “Ana” musiqisi C.Cahangirovun, “Bir könül sındırmışam”, “Dalğalar” musiqisi R.Mirişlinin, “Çıx yaşıl düzə” musiqisi A.Məlikovun və daha bir çox mahnılar uzun illərdiki dillər əzbəri olmuş və musiqi mədəniyyətimizin dəyərli inciləri sayılırlar. Bu mahnıların ifaçıları da, görkəmli sənətkarlar Rəşid Behbudov, Şövkət Ələkbərova, Flora Kərimova öz ifaları ilə bir daha mahnılara ölməzlik bəxş etmişlər. Məruzəçi S.Əzizova şairin yaradıcılığı ilə bağlı bir sıra maraqlı faktları seminar iştirakçılarına təqdim etmişdir. Daha sonra seminar audio və video nümunələrdə şairin sözlərinə bəstələnmiş müxtəlif mahnıların səsləndirilməsi ilə davam etdirilmişdir. 17 fevral 2020-ci il tarixində Bakı Musiqi Akademiyasının Böyük zalında Əməkdar İncəsənət xadimi, BMA-nın dosenti Rüfət Axundzadənin tələbələri və digər ifaçıların iştirakı ilə Əməkdar müəllim, BMA-nın professoru Ağarəsul Rəsulovun əziz xatirəsinə ithaf olunan konsert keçirilmişdir. Konsertdə Beynəlxalq müsabiqələr laureatları İsa Məmmədzadə, Turanə İsayeva, Mehman Səlimov həmçinin Elçin Abbaszadə, Süleyman Əkbərov, Timur Xindristanskiy, Vaqif Quliyev, Kamal Tapdıqov, orqanda BMA-nın baş müəllimi Səbinə Bəylərbəyova, pianoda Respublika və Beynəlxalq müsabiqələr laureatı Səma Xəlilzadə maraqlı nömrələrlə çıxış ediblər. Tamaşaçıların böyük rəğbətini qazanan konsert gurultulu alqışlarla sona çatıb. 18 fevral 2020-ci il tarixində BMA-nın elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü, bəstəkar Rüfət Ramazanovun “Moizə” əsəri Gürcüstan Respublikasının Tbilisi şəhərində, “Georgian Cellos” (“ Gürcüstan violonçelləri”) ansamblı tərəfindən ifa edilmişdir. Qeyd edək ki, “sonorika” texnikası əsasında qələmə alınmış “Moizə” əsəri, məhz “Georgian Cellos” ansamblının təklifi ilə bəstələnmişdir. Əsər böyük müvəffəqiyyətlə dinləyicilərə təqdim olunmuşdur. 23


20 fevral 2020-ci il tarixində Vyananın “Ö1” ictimai radiosunun əməkdaşları Bakı Musiqi Akademiyasının elmi tədqiqat laboratoriyasında qonaq olmuşlar. Görüşün məqsədi elmi tədqiqat laboratoriyasının iş fəaliyyəti, elmi yaradıcılıq nəaliyyətləri ilə tanış olmaq idi. Laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə qonaqları qarşılayaraq laboratoriyanın aktiv fəaliyyəti, aparılan elmi tədqiqatların istiqamətləri haqqında məlumat vermişdir. Daha sonra N.İsmayılzadə laboratoriyanın nəzdində olan qədim milli alətlərin bərpası emalatxanasında qonaqları, Azərbaycanın bir sıra qədim milli alətləri ilə əyani şəkildə tanış etmişdir. Alətlər ilə tanışlıq qonaqlarda dərin marağa səbəb olmuşdur. Daha sonra BMA-nın beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova qonaqlarla görüşüb, akademiyanın fəaliyyətindən və həyata keçirilmiş beynəlxalq layihələrdən ətraflı söz açmışdır. Həmçinin avstriyalı jurnalist, Vyana “Ö1” ictimai radiosunun əməkdaşı Rainer Elstner BMA-nın doktorantı, gənc bəstəkar İlahə İsrafilovadan müsahibə almış, Azərbaycanda müasir musiqi tendensiyaları, qadın bəstəkarların bu sahəyə marağı və onların cəmiyyətdəki statusu kimi aktual mövzulara toxunulmuş, maraqlı söhbət aparılmışdır. 22 fevral 2020-ci il tarixində Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında III Beynəlxalq “World Harmony” festivalı çərçivəsində fortepiano musiqi axşamı baş tutub. Konsertdə tanınmış rusiyalı pianoçu, bir sıra mükafatların laureatı, bir çox beynəlxalq musiqi müsabiqələrinin sədri Rüstəm Şayxutdinov, BMA-nın fortepiano kafedrasının müəllimi Ülviyyə Kazımova və beynəlxalq müsabiqələr həmçinin gənclər mükafatı laureatı, pianoçu Fəqan Həsənlinin ifasında tamaşaçılar Azərbaycan və dünya bəstəkarlarının bir-birindən dəyərli musiqilərini dinləmək imkanı qazanıblar. Həmçinin proqramda gənc bəstəkar İlahə İsrafilovanın "Dədə Qorqud" baletindən fraqmentlər ifa edilib. Konsert dinləyicilərin gurultulu alqışları ilə müşayiət olunub.

23 fevral 2020-ci il tarixində Sabunçu rayonunda fəaliyyət göstərən 47 məktəbin 9-10-11-ci siniflərində təhsil alan abituriyentlər üçün “Sabunçu gənclər evi”ndə “Ali Təhsil Müəssisələrinin Sərgisi” təşkil olundu. Sərginin keçirilməsində əsas məqsəd, sərgidə iştirak edəcək hər bir abituriyentin seçiminə uyğun təhsil ocaqları ilə tanış olmaq, həmin ali təhsil müəssisəsini seçməkdə və həmin müəssisələrin nümayəndələri ilə birbaşa ünsiyyətdə olub, bütün maraqlandıran suallarına cavab tapmağına dəstək göstərməkdir. Sərgidə Bakı Musiqi Akademiyasını, dosent Aqil Qafulov və texniki işçi Cahid Məmmədov təmsil edərək, müxtəlif disk və broşurlarla hər kəsi məlumatlandırmışlar. 27 fevral 2020-ci il tarixində Bakı Musiqi Akademiyasının (BMA) Kiçik zalında Xocalı soyqırımın 28-ci il dönümü ilə əlaqədar BMA-nın “Musiqi nəzəriyyəsi”, “Musiqi tarixi” və “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedralarının tələbələri Nərmin Səfərli, Gültən Hüseynli, Saniyə Cəbrayılova, Elvira Quliyeva, Nəzrin Məcidzadə məruzələrlə çıxış ediblər. 2 mart 2020-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında professorlar K.Neymanova, F.Əhmədbəyova, T.Əliyevanın tələbələrinin konserti keçirilib. Konsertdə Azərbaycan və dünya klassiklərinin bir-birindən maraqlı əsərləri “Kamera ansamblı” kafedrasının tələbələri – Kara Aytac, Ceyran İsayeva, Emil Əhmədzadə, Nigar Əsgərova, Murad Kərimov, Heydər Həyatov, Eldəniz Ələkbərzadə, Qəmbər Məmmədov, Fatimə Nəsirli, Əli Əmişov, Əsmər Kərimli, Leyla Zeynalova tərəfindən müvəffəqiyyətlə təqdim olunub.

4 mart 2020-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor, müəllim və tələbələri İctimai Televiziyada yayımlanan “MAG-Müasir Azərbaycan Gənci (Debat)” verilişinin qonağı oldular. Mövzusu “Müasir musiqi texnologiyaları klassik musiqiyə olan marağı nə dərəcədə artırır?” olan televiziya verilişində ekspert qismində Ü.Hacıbəyli adına BMA-nın “Bəstəkarlıq” kafedrasının müdiri, professor, Əməkdar incəsənət xadimi Aydın Əzimov, “Musiqi nəzəriyyəsi” kafedrasının professoru, Sənətşünaslıq üzrə 24


fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Elnarə Dadaşova, spiker qismində BMA-nın “Müasir texnologiyalar tədris laboratoriyası”nın müdiri, müəllim Aslan Mustafazadə, bəstəkar Azər Hacıəsgərli çıxış etdilər. Mövzu ətrafında BMAnın “Fortepiano, orqan və klavesin” kafedrasının baş müəllimi Səbinə Bəylərbəyova, “Konsertmeyster ustalığı” kafedrasının baş müəllimi Nigar Məlikova, BMA-nın mətbuat xidmətinin əməkdaşı, musiqişünas Ofelya İsgəndərova, bəstəkar Röya Hüseynova və tələbə heyəti də fikir mübadiləsi, müzakirələr apardılar. 28 aprel 2020-ci il tarixində BMA-nın elmi-tədqiqat laboratoriyasında online olaraq, aparıcı elmi işçi, dosent Ariz Abduləliyevin "Məmmədsaleh İsmayılovun elmi və pedaqoji fəaliyyəti" mövzusunda məruzəsi dinlənilmişdir. Seminarda qeyd edilmişdir ki, görkəmli musiqişünas-alim, Əməkdar incəsənət xadimi, professor M.S.İsmayılovun elmi və pedaqoji fəaliyyəti Bakı Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" (hazırda "Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar") kafedrasının fəaliyyəti və onun elmitədris nailiyyətləri ilə sıx bağlı olmuşdur, alim-pedaqoq uzun illər bu kafedraya rəhbərlik etmişdir. Seminarda görkəmli alimin məqalələri, monoqrafiyaları, dərs vəsaiti, 1930-40-cı illərdə topladığı folklor materiallarının əlyazmaları haqqında əyani məlumatlar verilmişdir. Məruzəçi prof. M.S.İsmayılovun istər ənənəvi musiqinin janrlarının öyrənilməsi, istər milli məqam nəzəriyyəsinin inkişafı və tədrisi istiqamətində elmi-nəzəri, elmimetodik yeniliklərini göstərmiş, alim-pedaqoqun musiqişünaslığın və etnomusiqişünaslığın inkişafında rolundan və əhəmiyyətindən bəhs etmişdir. Seminarda BMA-nın elmi-tədqiqat laboratoriyasının əməkdaşları, BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor G.Abdullazadə iştirak etmişdir. 30 aprel 2020-ci il tarixində BMA-nın elmi-tədqiqat laboratoriyasında, aparıcı elmi işçi, dosent Ariz Abduləliyevin “Viktor Belyayev və Azərbaycan musiqişünaslığı” adlı onlayn seminarı keçirilib. Məruzəçi XX əsrdə Azərbaycan musiqişünaslığında özünəməxsusluğu ilə seçilən, etnomusiqişünaslıqda xüsusi rolu olan, bir sıra musiqişünaslara elmi rəhbərlik edən Viktor Belyayevin yaradıcılığı haqqında çıxış edib, onun milli məqamlarımız, tar aləti haqda elmi tədqiqatların və tar alətinin səs sisteminə dair bir sıra məqalələrin müəllifi olduğunu diqqətə çatdırmışdır. Bununla yanaşı məruzəçi, Belyayevin Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyəti ilə bağlı çox dolğun və maraqlı məqamları həmçinin Üzeyir bəyin elmi-tədqiqat əsəri olan “Azərbaycan xalq musiqisinin əsasları” kitabının rəyçisi kimi Belyayevin adını çəkməyin vacibliyini qeyd etmişdir. A.Abduləliyev həmçinin Belyayevin, musiqişünaslarımız Əminə Eldarova, Elmira Abbasova və Bayram Hüseynlinin elmi-tədqiqat işlərinin rəsmi opponenti olmuş, Elmira Abbasovanın “Leyli və Məcnun operası” haqqında Azərbaycanda nəşr olunmuş yeganə monoqrafiyasının rəyçisi olduğunu diqqətə çatdırmışdır. Seminarda BMA-nın prorektoru, professor G.Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, dosent N.İsmayılzadə, laboratoriyanın əməkdaşları, müəllimlər və gənc doktorantlar iştirak ediblər.

May 2020-ci il tarixində görkəmli tarzən, AR Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli, Dövlət mükafatçısı, professor, Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi Ramiz Quliyev, İran İslam Respublikası Milli Alətlər Orkestrinin bədii rəhbəri Əli Əkbər Qurbaninin təşəbbüsü ilə görkəmli bəstəkarımız Vasif Adıgözəlovun “Layla” mahnısını adıçəkilən orkestrlə onlayn rejimdə ifa edib və musiqili rolik ərsəyə gətiriblər. Ramiz Quliyevin İranın Milli Alətlər Orkestri ilə bir neçə il əvvəl “Fəcr” festivalında birgə ifaları baş tutmuşdur. Lakin indiki çıxışlarının tam fərqli, virtual formatda çəkilməsi müasir çağırışlara tam cavab verir. 1 may 2020-ci il tarixində Astana Beynəlxalq Universitetinin dəstəyi ilə Azərbaycan və Qazaxıstan musiqiçiləri Azərbaycan Xalq mahnısı “Sarı gəlin” i ifa ediblər. Qazaxıstanın NOMAD milli alətlər qrupu və BMA-nın doktorantı və əməkdaşı İlahə İsrafilovanın birgə ifa etdiyi musiqili rolik, 1 May- Qazaxıstanda Xalqların Birliyi Günü münasibətilə hazırlanmışdır.

5 may 2020-ci il tarixində BMA-nın elmi-tədqiqat laboratoriyası onlayn rejimdə “Peşəkarlığın zirvəsində” adlanan növbəti elmi seminar, Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor, peşəkar kamança ifaçısı Arif Əsədullayevə həsr olunmuşdur. Seminarda laboratoriyanın elmi işçisi, dissertant Nigar Bayramova məruzə ilə çıxış etmişdir. O, Arif Əsədullayevin elmi və pedaqoji fəaliyyətindən danışaraq, onun zəngin ifaçılıq təcrübəsini vurğulamışdır. Arif Əsədullayevin Azərbaycanın 7 əsas muğamlarını ilk dəfə olaraq nota salınmasından bəhs etmişdir. Məruzəçi, A.Əsədullayevin müəllifi olduğu “İnstrumental muğamlar”, “7 klassik Azərbaycan muğamı” kitablarından, monoqrafiyalarından söz açdı. 25


Seminarda BMA-nın prorektoru, professor G.Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, dosent, N.İsmayılzadə və laboratoriyanın əməkdaşları onlayn rejimdə iştirak ediblər. 7 may 2020-ci il tarixində BMA-nın elmi-tədqiqat laboratoriyası, Bakı Humanitar Kollecinin müəllim kollektivinin iştirakı ilə Dahi şəxsiyyət Heydər Əliyevin doğum gününə həsr olunmuş “Əsrin Dahisi” elmi seminarını keçirmişdir. Seminarda məruzəçi sənətşünaslıq üzrə fəlsəfə doktoru, böyük elmi işçi Mehparə Rzayeva Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyəti və incəsənətinə bəxş etdiyi töhvələrdən, qayğı və diqqətindən bəhs etmişdir. Məruzəçi elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, bəstəkar Rüfət Ramazanovun “Əsrin Dahisi” simfonik poemasını təqdim edərək, əsər haqqında məlumat verdikdən sonra simfonik poemanı səsləndirmişdir. Daha sonra çıxış edən BMA-nın prorektoru, professor G.Abdullazadə və elmi-tədqiqat laboratoriyasının müdiri, dosent N.İsmayılzadə, Xalq artisti, professor R.Quliyev, Heydər Əliyevin xalqına, millətinə olan sevgi və qayğısından bəhs etmişdir. Seminarda iştirak edən Bakı Humanitar kollecinin əməkdaşları: Musiqi və dirijorluq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Xankişiyeva, müəllimlər Sara Abdullayeva, Tuqay İsmayılov, Samirə Kərimova, Gülnarə Məmmədova, Zülfiyyə Dəvəliməhəmməd, Afaq Məmmədova seminardan məmnun qaldıqlarını və gələcəkdə də bu cür elmi-praktiki seminarlarda iştirak etmək arzularını bildirdilər. 12 may 2020-ci il tarixində BMA-nın elmi-tədqiqat laboratoriyasında "Heydər Əliyev Bakı Musiqi Akademiyasının tarixində" online seminar keçirilmişdir. Seminarda aparıcı elmi işçisi, dosent Ariz Abduləliyevin “Heydər Əliyev Bakı Musiqi Akademiyasının tarixində” məruzəsi dinlənildi. Məruzəçi BMA-nın qarşıdan gələn 100-illik yubileyi ərəfəsində yeni arxiv sənədləri, əyani materaillar və slaydlar təqdim etdi. 1970-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının (BMA-nın) 50-illik yubileyi haqqında qərarın verilməsi, yubileyin mühüm təhsil və mədəniyyət hadisəsinə çevrilməsi, geniş tədbirlərin planı, ali məktəbin o dövrdə ümumittifaq səviyyəli ordenlə təltifi, professor-müəllim heyətinə fəxri adların verilməsi, konfrans və konsertlər, nəşrlər, Ü.Hacıbəylinin evmuzeyinin yaradılması, sənət xadimlərinin yubileylərinin təşkili, respublikanın musiqi əlaqələrinin genişlənməsi, BMA-nın yaradıcılıq və təcrübə mübadiləsinin fəallaşması, Opera studiyasının inşaası, müstəqillik dövründə isə istedadlı gənclərə dövlət dəstəyinin artırılması, Heydər Əliyevin BMA-da gənc laureatlarla görüşməsi və digər bu kimi faktlar Ulu Öndərin musiqi mədəniyyətimizə diqqət və qayğısı kimi qiymətləndirildi. Seminarın yekununda BMA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə, Xalq artisti, professor Ramiz Quliyev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, dissertasiya şurasının elmi katibi, dosent Həbibə Məmmədova və başqaları mövzu ətrafında fikirlərini bölüşdülər. 14 may 2020-ci il tarixində BMA-nın elmi-tədqiqat laboratoriyasında “Qeyri-səlis məntiq nəzəriyyəsi və musiqi” adlı online seminar keçirilmişdir. Məruzəçi Elmi laboratoriyanın aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, texniki və musiqi ali təhsili olan İmina Əliyeva zamanında görkəmli alim A.Mirzəcanzadənin rəhbərliyi altında əsaslı elmi hazırlıq keçmişdir. Burada, Azərbaycan əsilli fizik, akademik Lütfizadənin irəli sürdüyü nəzəriyyənin müxtəlif elm sahələrində, xüsusən də, musiqidə (bəstəkar yaradıcılığında, musiqi təhlilində, ifaçılıq pedaqogikasında) istifadə perspektivləri araşdırılmışdır. Seminarın gedişatında süni intellektin axtarış sistemləri haqqında məlumat verilmiş və müəyyən üslublu musiqini yaratmaq imkanları müxtəlif nümunələrlə nümayiş etdirilmişdir. İ.Əliyevanın seminarı maraqla dinlənilmiş, iştirakçılar tərəfindən verilən bir çox suallar cavablandırılmışdır. 19 may 2020-ci il tarixində BMA-nın elmi-tədqiqat laboratoriyasında elmi işçisi Nazlı Mustafayevanın “Avropada musiqili komediya janrlarının tarixinə bir nəzər” adlı online seminarı keçirilib. Məruzəçi çıxışında dünya və Azərbaycan mədəniyyətində yaranmış musiqili komediyalar haqqında geniş məruzə ilə çıxış etmişdir. Musiqili komediyanın çox inkişaf etmiş janrı olan operettaya XX əsrdə Leo Delib, Florimon Erve, Şarl Lekok (Fransa), İohann Ştraus, Frans fon Zuppe, Rixard Jene (Avstriya), Karl Tseller (Almaniya), XX əsrdə Andre Massaje, Lak İber (Fransa) Azərbaycan bəstəkarları Ü.Hacıbəyli, F.Əmirov, S.Rüstəmov, R.Hacıyev, S.Ələsgərov, V.Adıgözəlov, T.Bakıxanov və başqaları müraciət etmişdirlər. Seminarın sonunda iştirakçıların sualları məruzəçi tərəfindən cavablandırıldı. 26


21 may 2020-ci il tarixində BMA-nın elmi-tədqiqat laboratoriyasında aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rüqiyyə Süleymanovanın “Sənətdə Parlayan Ulduz” adlı onlayn seminarı keçirildi. Məruzəçi Azərbaycanın teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru olmuş Amaliya Pənahova haqqında geniş məruzə ilə çıxış edib. O, 1964-cü ildən ömrünün sonunadək 500-dən çox komik, faciəvi, dramatik teatr və kino sahəsində bir-birindən dəyərli obrazlar yaratmışdır. Seminarda BMA-nın prorektoru, professor G.Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, dosent N.İsmayılzadə, laboratoriyanın əməkdaşları iştirak ediblər. 28 may 2020-ci il tarixində dünyanın müxtəlif ölkələrindən olan orqan ifaçıları Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş maraqlı bir layihə ətrafında toplaşaraq, Azərbaycan Dölət Himnini ifa etmişlər. Musiqisi görkəmli bəstəkarımız Üzeyir Hacıbəyliyə, orqan aləti üçün transkripsiyası isə professor, Əməkdar incəsənət xadimi Tahirə Yaqubovaya məxsus olan milli himnimizin səsləndirildiyi layihədə Amerika Birləşmiş Ştatlarında yaşayan həmyerlimiz Cəmilə Cavadova-Spitzberg, Erik Jan Eradus (Niderland), Luca Massaglia (İtaliya), Emma Whitten (ABŞ), Damin Spritzer (ABŞ), Hans Davidsson (İsveçrə), Kalle Toivio (Finlandiya), Herman Cordan (Cənubi Afrika), Dong-ill Shin (Cənubi Koreya), Pascal Marsault (Fransa), Lan Chapoy (montaj), Beth Swanson Henkel və Al Jon Liinason (səsyazma) iştirak ediblər.

İyun 2020-ci il tarixində Bakı Musiqi Akademiyasının (BMA) elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin araşdırmalarının səmərəli nəticəsi kimi “Azərbaycan Qaytağı rəqsləri” toplusu, BMA-nın rəhbərliyinin dəstəyi nəticəsində işıq üzü görmüşdür. 1983-cü ildən günümüzə kimi Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzərək xalq rəqslərini toplayan tədqiqatçı, topluda Qaytağı rəqslərinin yaranma tarixi, onun növləri, ifa məziyyətləri, eləcə də, ritmik xüsusiyyətləri geniş təhlil olunmuş və 30 adda, “yox olmaq təhlükəsi” altında olan rəqsin not yazısı işıqlandırılmışdır. İyun 2020-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Çinin Mərkəzi Musiqi Konservatoriyasının həyata keçirdiyi “Birgə Virtual Xor” layihəsinin iştirakçısı olub. COVİD-19 pandemiyası bütün bəşəriyyət üçün qlobal problemdir. Bu gərgin zamanlarda ön cəbhədə mübarizə apararaq bizləri qoruyan tibb işçilərinə və bu xəstəlikdən əziyyət çəkən insanlara dərin hörmət və dəstək göstərmək üçün Çinin Mərkəzi Konservatoriyasının rəhbərliyi ilə virtual xor layihəsi həyata keçirilib və konservatoriyanın professoru LiXiaoBing-in bu məqsədlə bəstələdiyi “We” (“Biz”) əsərini fərqli ölkələrdən musiqiçilər ifa ediblər. Layihədə dünyanın 20 ölkəsini təmsil edən 212 tanınmış musiqiçi, 21 ölkədə fəaliyyət göstərən 27 konservatoriyadan 302 professor və tələbə iştirak edib. Bakı Musiqi Akademiyasında Beynəlxalq əlaqələr departamentinin koordinasiya etdiyi “Birgə Virtual Xor” layihəsində "Solo oxuma və opera hazırlığı" və "Dirijorluq" kafedrasının tələbələri, "Lumineux" vokal xor ansamblı və ansamblın rəhbəri, Bakı Musiqi Akademiyasının “Dirijorluq” kafedrasının baş müəllimi Naala Baratelia iştirak ediblər. 2 iyun 2020-ci il tarixində BMA-nın elmi-tədqiqat laboratoriyasında “Bakı Musiqi Akademiyasının Türkiyənin Ali təhsil ocaqları ilə elmi əməkdaşlığı” mövzusunda onlayn rejimində növbəti elmi seminarı, laboratoriyanın aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədova tərəfindən keçirilmişdir. Məruzəçi uzun illər Bakı Musiqi Akademiyası və Türkiyənin nüfuzlu elm ocaqları arasında elmi əməkdaşlığın yüksək müstəvidə keçirilməsini, ilk növbədə Ü.Hacıbəyli adına BMA-nın rektoru, SSRİ-nin və Azərbaycan Respublikasının Xalq artisti, professor F.Ş.Bədəlbəylinin, elmi işlər üzrə prorektor, Əməkdar İncəsənət Xadimi, fəlsəfə elmləri doktoru, professor G.A.Abdullazadənin elm və təhsil sahəsində nüfuzları, möhtəşəm fəaliyyətləri, əldə etdikləri naliyyətlər sahəsində baş tutmasını xüsusilə vurğuladı. H.Məmmədova BMA-nın təşkilatçılığı, iştirakı və dəstəyi ilə Türkiyədə keçirilmiş konqres və beynəlxalq konfranslarda görülən işlərin yüksək qiymətləndirilməsini qeyd etmişdir. “Uluslararası Müzik və Dans Konqresləri”, 33-cü İSME Dünya Konqresi, “İSME Legacy beynəlxalq konfransı” bilavasitə BMA-nın rəhbərliyi və yaxından iştirakı ilə bir neçə illər ərzində keçirilir. Qeyd olunan konfrans və konqreslər bir çox dövlətlərdən olan elm insanlarını birləşdirərək, dünyəvi mədəniyyətin xalqlararası bağlılığı haqqında fikirləri işıqlandırır. Keçirilən konfrans və konqreslərdə BMA-nı təmsil edən professor müəllim heyəti müxtəlif mövzularda çıxışları ilə böyük marağa səbəb olublar. Seminarın sonunda çıxış edən BMA-nın prorektoru, professor G.A.Abdullazadə, elmi laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N.İsmayılzadə, aparıcı elmi işçi, dosent A.Abduləliyev və başqaları seminar haqqında fikirlərini söylədilər, məruzəçiyə yaradıcılıq uğurları arzu etdilər. 27


04 iyun 2020-ci il tarixində Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının elmi işçisi, dissertant Bəsti Kazımovanın “Hacı Xanməmmədovun yaradıcığında milli musiqi alətlərinin istifadəsi” adlı onlayn seminarı keçirilib. Məruzəçi çıxışında XX əsr Azərbaycan bəstəkarlıq məktəbi tarixində özünəməxsus üslubu və dəst-xətti ilə seçilən Respublikanın əməkdar incəsənət xadimi, Xalq artisti, professor, Hacı Xanməmmədovun zəngin və rəngarəng yaradıcılıq irsində milli musiqi alətlərinə geniş yer verməsi və bəstəkarın bütün yaradıcılığı boyu milli alətlərə böyük maraq göstərməsi, onların potensial imkanlarından geniş istifadə edərək gələcək inkişafı üçün yeni yollar açması barədə məlumat verdi. Məruzəçi bəstəkar haqqında danışarkən onun tar və orkestr üçün 5 konsertinin, kamança ilə orkestr üçün konsertinin Azərbaycan musiqi mədəniyyəti xəzinəsinə daxil olunduğunu, eləcə də Hacı Xanməmmədov adının musiqi tariximizdə ilk növbədə tar və simfonik orkestr üçün konsertin yaradıcısı kimi qaldığını bildirdi. Seminarda BMA-nın prorektoru, f.e.d., professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Professor-məsləhətçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev, dosent Ariz Abduləliyev, məruzəçi Bəsti Kazımovaya öz dəyərli məsləhət və tövsiyyələrini verdilər. 9 iyun 2020-ci il tarixində Bakı Musiqi Akademiyasının elmi tədqiqat laboratoriyasında BMA-nın elmi işçisi Fidan Nəsirovanın onlayn seminarı keçirildi. Seminarda XX əsrin görkəmli bəstəkarı Qara Qarayevin çoxşaxəli yaradıcılığına müraciət olunaraq əsasən də səs (bas) və orkestr üçün yazdığı 3 Noktürnü (L.Xyuzun sözlərinə) işıqlandırıldı. Seminarda BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə və laboratoriyanın əməkdaşları iştirak edirdilər. Seminarın sonunda iştirakçıların sualları məruzəçi tərəfindən cavablandırıldı. 11 iyun 2020-ci il tarixində BMA-nın elmi tədqiqat laboratoriyasında “Musiqinin və səsin insan orqanizminə, psixologiyasına təsiri” adlı növbəti online seminar keçirilmişdir. Seminarı laboratoriyanın kiçik elmi işçisi Sevda İsayeva aparmışdır. Məruzəçi əvvəlcə musiqi ilə beyin arasındakı əlaqədən danışmış və bildirmişdir ki, musiqi beyinə birbaşa təsir göstərən səs dalğalarından ibarət olub orqanizmin fizioloji və psixoloji durumuna təsir edir. Səs – eyni zamanda, vibrasiyaya səbəb olub, enerji sahəsi yaradan bir enerji axınıdır ki, bu da səsin yüksəkliyindən, tezliyindən, ritmikliyindən, harmonik kompozisiyasından asılı olaraq, müsbət və mənfi yüklənməni əmələ gətirir. Məhz musiqinin bu xüsusiyyətindən istifadə edərək, daha qədim zamanlardan ondan müalicə məqsədilə, xüsusən də insan psixikasını sakitləşdirmək və stabilləşdirmək məqsədilə istifadə olunmuşdur. Müxtəlif üslublu mahnılar insanların emosional və hətta fiziki sağlamlığına müxtəlif cür təsir göstərə bilər. Musiqinin tək üslubu deyil, onun ritm və tonallığı hansı musiqi alətində ifa olunması da mühüm şərtdir. Son illər həm muğamla həm də klassik dünya musiqisi ilə yaddaş pozğunluqlarının bərpa edilməsində, həmçinin yuxusuzluqdan əziyyət çəkən insanların müalicəsində də geniş istifadə olunur. Azərbaycanda isə XX əsrin ortalarında görkəmli alim, professor İ.Topçubaşov musiqi terapiyası adlı tibbi müalicənin əsasını qoymuşdur. Seminarda video roliklər göstərilmiş, simfonik əsərlər səsləndirilmişdir. 16 iyun 2020-ci il tarixində BMA-nın elmi-tədqiqat laboratoriyasının əməkdaşları daha bir onlayn elmi seminar keçirmişdir. Məruzəçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Nərminə Bayraməlibəyli “XX əsrin ikinci yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında stilistik novasiyalar və faktura” (Arif Mirzəyevin” Orqan simfoniyası” nümunəsində) mövzusunda elmi araşdırılmaları ilə çıxış etmişdir. Elmi seminada elmi laboratoriyanın əməkdaşları iştirak etmiş, onları maraqlandıran suallar məruzəçi tərəfindən cavablandırılmışdır. 25 iyun 2020-ci il tarixində BMA-nın elmi-tədqiqat laboratoriyasında Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, kamança ifaçısı Arif Əsədullayev “Rast ailəsinə daxil olan muğamlar- Mahurü Hindi və Orta Mahur” adlı online seminarını keçirtmişdir. Məruzəçi seminarda Rast muğamının bərdaşt, mayəsini, Mahurü Hindi muğamının bərdaşt, mayəsini, Orta Mahur muğamının bərdaşt, rizən, mayə şöbələrini canlı ifa etmiş və bu haqda fikirlərini bölüşmüşdür. Sonda BMA-nın prorektoru, professor G.Abdullazadə bu mövzu və mövzunu əhatə edən bir çox məsələlər barədə fikirlərini qeyd etdi. Elmi-tədqiqat laboratoriyasının müdiri, dosent N.İsmayılzadə, BMA-nın aparıcı elmi işçisi, dosent A.Abduləliyev, böyük elmi işçi Z.İsayev və başqaları məruzə ətrafında fikir mübadiləsi aparmış onları maraqlandıran sualları səsləndirmiş, mövzunun elmi cəhətdən aktual olduğunu qeyd etdilər. 28


26 iyun 2020-ci il tarixində Bakı Musiqi Akademiyasının magistratura şöbəsinin “Fortepiano, orqan, klavesin” kafedrasının I kurs tələbəsi Şəfəq Abdullayeva Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın orqan aləti üçün işlənməsini BMA-nın böyük zalında ifa etmiş və video rolik şəklində paylaşmışdır. Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilk dəfə olaraq məhz Şəfəq Abdullayeva tərəfindən orqan aləti üçün işlənmiş və ilk ifasını da müəllif özü etmişdir. Bütün dünya əhalisi Covid-19 pandemiyasının yaratdığı məhdudiyyətlərdən əziyyət çəkdiyi bir zamanda incəsənət xadimləri musiqi mədəniyyətini təbliğ edərək, öz yaradıcılıqları və ifaları ilə xalqa dəstək verdiklərinin hər zaman şahidi oluruq. Ş.Abdullayevanın da Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr etdiyi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın orqan aləti üçün işlənməsi bu qəbildən olan mənəvi dəstəklərdən sayıla bilər. Məlumdur ki, Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra insanlarda yenilməzliyi, mərdliyi, mübarizliyi aşılayır. Məhz “Koroğlu”operasına yazılmış uvertüra Azərbaycan musiqi tarixində qəhrəmanlıq hisslərini yaşatmaqla yanaşı, həm də Üzeyir bəyin qəlbinin dərinliklərində olan arzu və istəklərinin, vətənpərvərlik hisslərinin göstəricisidir. İfaçının böyük əməyi bahasına ərsəyə gələn uvertüranın orqan aləti üçün işlənməsi və ifa olunmasında müəllimi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Tahirə Yaqubovanın dəstəyi və məsləhətləri xüsusilə vurğulanmalıdır. 23 iyul 2020-ci il tarixində BMA-nın elmi-tədqiqat laboratoriyası aparıcı elmi işçi, dosent Ariz Abduləliyevin "Muğam sənətinin bədii mədəniyyət aspektləri" adlı online elmi seminarını keçirmişdir. A.Abduləliyev məruzəsində "muğam və poeziya", "muğam və memarlıq", "muğam və rəssamlıq", "muğam və xalça" yaradıcılığında bəzi obraz, termin, struktur əlaqələrini araşdırmışdır. Seminarda BMA-nın prorektoru, professor G.Abdullazadə, laboratoriyanın müdiri, dosent N.İsmayılzadə, laboratoriyanın əməkdaşları iştirak etmiş onları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.


BAŞ REDAKTOR Sənətşünaslıq üzrə Fəlsəfə Doktoru Vüqar Hümbətov

BU NÖMRƏDƏ YAZIRLAR

Gülzar Mahmudova

Tərlan Seyidov

Röya Hüseynova

Nərgiz Hüseynova

Rahib Rəsulzadə

BİZİMLƏ ƏLAQƏ: Tel: (+99412) 493 80 00 Facebook: Baku Music Academy Email: humbatov.vugar@gmail.com Elektron jurnal: issuu.com/vugarhumbatov


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.