Intihar fərdin və cəmiyyətin özgələşməsinin əsas indikatorudur Azərbaycanı intiharlar cənginə alıb. Az qala hər gün məmləkətimizin xəbər xətti bu barədə məlumatlarla başlayır və bitir. Görünən odur ki, cəmiyyətimiz belə məlumatları yanız paylaşmaqla işini bitmiş hesab edir. Bu istiqamətdə real mənzərəni əks etdirən nə bir araşdırmaya, nə də cəmiyyətimizin narahatlığını ifadə edə biləcək bir geniş müzakirəyə rast gəlinmir. Müqayisə üçün deyim ki, yaşadığım Niderland Krallığında keçən il bir məktəblinin intiharı ölkə parlamentinin gündəliyinə çıxarılmaqla ölkə boyu geniş müzakirələrə səbəb olmuş, həmin hadisənin təkrarlanmaması üçün cəmiyyətin bütün müvafiq resursları işə salınmışdı. İntihar nədir, onun kökündə nələr dayanır, dünyada bu problemə hansı yanaşmalar var, onun qarşısını necə almaq olar, prosesdə dövlətin və vətəndaş cəmiyyətinin vəzifələri nədən ibarət olmalıdır? Bu yazıda qeyd edilən suallara cavab axtarmağa cəhd edəcəyik. İntihar nədir? İntihar şəxsin öz həyatına şüurlu şəkildə, yəni qəsdən son qoyma hadisəsinə deyilir. Buna özünüöldürmə, və yaxud elmi ədəbiyyatda beynəlxlaq termin olaraq “suisid” deyilir. Intihar üçün səbəb həmişə aydın deyil. Bu şəxsin hissi və psixi vəziyyətilə əlaqədar, və yaxud onun ətrafında baş verən sosial səbəblərin təsirindən baş verə bilər. Bəzən intihar edən öz dilindən, onu intihara məcbur edən səbəblər barədə yazılı izahat da saxlayır. Konkret intihar hadisəsi hüquqi qiymət tələb edir. Bununla istintaq orqanları məşğul olur. Amma belə hadisələr, hazırda Azərbaycanda olduğu kimi kütləvi hal alırsa, buna tək hüquqi qiymət vermək yetərli hesab edilə bilməz. Bu artıq sosial problem kimi qəbul edilir və özünüqoruma instinkti olan cəmiyyətlər bu barədə öz resurslarını mobilizə etməyə sadəcə borclu olurlar. Belə ki, intiharetmə neqativ proses olaraq cəmiyyətin bütövlükdə müvcüdluğu üçün təhlükəli hesab edilir. İntiharı fərdi akt hesab edirlər. Bəzən müəyyən dövrdə yaşama (zaman baxımından digər vaxtlarla müqayisədə), müəyyən qrupa mənsub olma (etnik, milli, dini, sosial və s.) da intiharların statistikasına təsir edən amillər hesab edilir. O da xüsusi olaraq qeyd edilməlidir ki, müasir dünyada yayılmış əksər dinlər intiharı qadağan edir. İntiharın səbəbləri Məşhür Fransa sosioloqu Durkheim özünün “Le suicide” əsərində göstərirdi ki, intiharların əsas səbəbi fərdin cəmiyyətə inteqrasiya oluna bilməməsilə bağlıdır. İnteqrasiyadan kənarda qalmanının izahı kimi Durkheim şəxsin sosial dairələrdə təmsil olunmaması (söhbət dini, siyasi, mədəni, sosial tipli təşkilatlardan gedir), qrup əlaqələrin zəifliyi, onun ailə vəziyyəti, şəxsə aidiyyəti olan siyasi proseslərdən onun kənarda qalmasını göstərirdi. Intiharın psixatrik, psixoloji, genetik, fiziki-bioloji səbəbləri ola bilər. Belə hallar insan cəmiyyətinə xasdır və dünyanın hər yerində təsadüf edilir. Onların miqyası o qədər cüzidir ki, normalda onlar barəsində xəbər xətlərində yer ayrılmır. İntiharların bu gün müşahidə edilən