Hökumət, onun funksiyaları və legitimliyi haqqında “Hökumət” elə bir nəsnədir ki, onun vasitəsilə təəbələr və ya vətəndaşlar idarə edilir və yaxud yönləndirilir. Hökumətin bu və ya digər cəmiyyətdə çox mühüm funksiya daşıdığı hamı tərəfindən qəbul edilsə də, onun konkret vəzifə və funksiyaları barədə fikirlər haçalanır. Hökumətin vəzifə və funksiyaları nə qədər çox olsa da, onun özgəninkiləşdirilməyən, bütün dövlətlərin hökumətləri üçün xarakterik olan funksiyaları da var. Hökumətə çox vaxt “işlək dövlət” deyilir. Onun publik (ümumi – hamıya aid olan) huquqla nəzərdə tutulan səlahiyyətləri var və o, cəmiyyətin fövqündə dayanır. Bundan əlavə cəmiyyətlə bağlı hər bir hadisə ilə: hüquq, iqtisadiyyat, fəlsəfə, sosialoqiya, etika, politoligiya, ekologiya və s. hökumətin birbaşa əlaqəsi var. Dömokratik cəmiyyətlərdə hökumətin dörd əsas funksiyasını ayırırlar: 1) hüquq qaydanı (qanunun aliliyini) təmin etmək; 2) dövlətin əsaslarını qorumaq; 3) kollektiv mənafeyin keşiyində durmaq və onu həvəsləndirmək; 4) azad bazar mühitini kompensasiya etmək. Dövlətin əsaslarını qorumaq funksiyası sırf siyası mövzü təsiri bağışlasa da, onun məzmununa həm də vətəndaşların yemək, içmək, yataq yerinə malik olmaq kimi adi gündəlik ehtiyacların təminatı daxildir. Dövləti əgər bir qala kimi təsəvvür etsək, vətəndaş bu qalanın duruşunda yer alan bir kərpicdir. Qalanın möhkəmliyi onun kərpiclərinin keyfiyyətindən asılı olduğu kimi dövlətində də stabilliyi onun vətəndaşının həyat səviyyəsinin necəliyindən asılıdır. Axırıncının da keyfiyyətinə cavabdehliyi məhz hökumət daşıyır. Kollektiv mənafeyin keşiyində durmaq və onu həvəsləndirmək nə qədər abstrakt görünsə də, bura müdafiə, ərzaq təminatı, səhiyyə, təhsil, vergi və s çox mühüm məsələlər daxildir. Azad bazar mühitini kompensasiyası funksiyası isə hökumətdən azad bazara şərait yaratmaqla yanaşı, həm də onu ayaq üstə saxlamaq üçün tədbirlər görməyi tələb edir. Belə tədbirlərə ilk növbədə inhisarçılıqla mübarizə, vicdansız rəqabətin (üstünlüklərin) qarşısının alınması, ihtehlakçı hüquqların qorunması, təhlükəsizliyə və keyfiyyətə nəzarət və s. aiddir. Hökumət hakimiyyət xassəsinə malikdir. O, hakimiyyətin üç qolundan biridir. Bu xassə hökumətə fərdlərin davranışına təsir etmək imkanı verir və belə imkan cəmiyyət tərəfindən qəbul edilməlidir. Yalnız bu halda hökumət legitimlik qazanır. Bu mənada çoxlarının zənn etdiyi kimi “legitimlik” “qanuna uyğunluq” deyil, “cəmiyyət tərərfindən qəbul edilən” mənasında başa düşülməlidir. Yəni qanuni prosedurla formalaşmayan hökumət çoxluq tərəfindən qəbul edilirsə, o, legitim hesab edilir. Belə “qəbul etmə” “passif razılaşma” formasında da ifadə oluna bilər. Əlbəttə ayrı-ayrı fərdlər və ya qruplar hökuməti qəbul etmədiklərini bəyan edə bilər. Amma nə qədər ki, onlar çoxluq təşkil etmir, hökumət legitim olaraq qalır. Avtoritar rejimli dövlətlərdə hökumət seçki illuziyası yaratmaq fonunda təşkil edilir. Belə hökumət qeyri-qanunidir. Əgər çoxluq ya vəlvələdən, ya da zəlzələdən belə hökumətə dözürsə, onun mövcüdluğunu hətta passifcəsinə olsa belə qəbul edirsə, deməli belə qeyri-konstitutsion hökumət legitimlik qazanır. Deməli, qeyri-qanunilik hadisənin hüquqi, legitimlik isə onun faktoloji tərəfi kimi dəyərləndirilməlidir.