Ekrem Eylisli. Dash yuxular

Page 62

- Yox, heylə olmaz. Prokuror pulu qoyub mənim sözümü tutmaz. Artist qətiyyətlə kağızı geri itələməklə, direktoru başa salmaq istədi ki, onun fırıldaq oyununa şərik ola bilməz. Sonra o, Camalın dərd yağan sifətinə baxdı, bu dəfə də qəlbinin dərinliklərində zülmətə bürünən, gün işığı qəhətə çıxan, üzü gülməyən, ölü, kədərli Əylisi gördü. O Əylisi ki, dağlarını itirmişdi, məbədlərini itirmişdi, o sayaq möhtəşəmliyini itirmişdi. İnsansız bomboz küçələr. Həyətlərdə son payızın ölü sükutu. Nəfəsi dayanmış ağacların üstündə bircə yarpaq da qalmayıb, yiyəsiz dağların nə sürüsü var, nə çobanı. Yalnız ala qarğalar bomboz müsəlman qəbristanlığının üstündə dövrə vurur. Bütün düşüncələri çıxılmazlığa dirənən Saday uzun düşüncələrdən sonra dedi:

- Bəlkə Babaşı tapaq?

Camal sevindi və sanki bu sözə bənd imiş kimi dirilib özünə gəldi.

- Hə! - Həyəcanla dilləndi. - Onu tapaq! Mütləq kömək edər. Vəzifəsi, adı-sanı, hörməti... - Güclü adamdı Babaş. - O, stolun arxasından qalxdı. Məni apar onun yanına. Qalanı mənlikdi.

Saday Sadıqlı Babaşın vəzifə yüksəlişindən kifayət qədər xəbərdar idi. Az müddət komsomolun Mərkəzi Komitəsində işləyəndən sonra onu Bakının böyük rayonlarından birinə icraiyyə komitəsinin sədri qoymuşdular. Rayon partiya komitəsinin birinci katibi olmuşdu, xeyli müddət nazir kürsüsündə əyləşmişdi. Axır macallarda Mərkəzi Komitənin şöbə müdiri idi. Cəmi iki ay əvvəl "Xalqsevərlər Cəmiyyəti" yaranmışdı və Babaş Ziyadov indi orda sədr vəzifəsini tuturdu.

Saday illər boyu Babaşla görüşməkdən qaçmışdı, amma indi Camalın xətrinə hər şeyə hazır idi. Ancaq o, Babaşın rəhbərlik elədiyi təşkilatın harada yerləşdiyini bilmirdi. Buna baxmayaraq tərəddüd etmədən onu axtarmağa qərar verdi. Sadayın qəti qərarı direktoru təlaşa saldı, o, stoldan aralandı, onların qabağına yeriyib, kabinetdən çıxmalarına mane olmaq istədi.

- Hara?! - Mopoş qapının ağzını kəsdirib bağırdı. - Yerliniz Babaş Ziyadovun yanına getmək fikrindəsiniz? Hövsələnizi basın. Hələ bir qoyun zəng çalaq, soruşaq. Bəlkə heç yerində deyil.

Direktorun masasının üstündə görünüşünə görə bir-birinin eyni olan üç telefon aparatı vardı daxili, şəhər və hökumət telefonu. O, telefonlardan ən mötəbərinin dəstəyini qaldırdı. Həmən dəqiqə sifəti ciddiləşdi. Aparatın əhəmiyyətini nəzərə çarpdırmaq üçün nümayişkaranə tərzdə üç dənə rəqəm yığdı. Babaş Ziyadovun səsini eşidəndə isə karıxdığını ört-basdır eləyə bilmədi.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.