Ekrem Eylisli. Dash yuxular

Page 39

- Tək qalıram, doktor, tək, - Nubar arvad göynədi. Qızın biri körpə-körpə qəhr oldu, alçağın birinə vuruldu, sonra da başına nöyüt əmdərib cavan canını yandırdı. İki qızı yetim qaldı. Oğlum da gedib bir rusla evləndi, bir əlcə əppəyə döndü, onu da it apardı, odu -budu buralara üzükməyib.

- Bu evdə yaşayan ermənilər yadına gəlir, ay Nubar?

- Arakel idi də, sən mənnən də yaxşı bilirsən. Arvadı Esxinin qayadan atılmağı elə bil dünən olub. Mən ömrümdə heylə qəsəng qadın görməmişəm. Nə təhər yanıqlı oxuyurdu, ay Allah?! Həm öz dilində, həm də müsəlmanca. Səbəbkar Allah lənət eləmiş Ədif bəy idi. Onun dəstəsi Əylisə girən kimi, bədbəxt ağlını itirdi. Yadındadır də gün işaracaq çıxırdı Xişkeşenin ortasına, qayaların başına qalxıb oxuyurdu:

Allaha bax, qızışıb baş aparma,

Dəymə bizə, döymə bizi, Ədif bəy.

Biz Əylisin gülləriyik, qoparma,

Əymə bizi, qıyma bizə, Ədif bəy.

- Bəs bu həyətdə Arakeli kim öldürdü? - doktor Abasəliyev inamsız-inamsız soruşdu.

- Arakeli evdə öldürmədilər axı, doktor, - Nubar arvad məəttəl-məəttəl cavab verdi. - Arakeli əkinlikdə gürzə güdaza verdi - Əbdulalı. Bilirəm nəyə işarə eləyirsən, amma bil, bu həyətdə bir damcı da qan axıdılmayıb.

Doktor dərin düşüncəyə daldı.

- Ola bilər - dedi - yəqin səhv salıram. Biz həyətə girəndə sən kiminlə danışırdın?


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.