Söz azadlığı

Page 9

Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər" – deyilən 71-ci maddənin III bəndindəki haldır. Media azadlığının bu şəkildə tənzimlənməsi "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 10-cu maddəsindəki tənzimləmələrdən daha liberaldır. Təəssüf ki, 24 dekabr 2002-ci ildə Milli Məclis tərəfindən Prezidentin təşəbbüsü ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmiş, bu qanunla Konstitusiyada təsbit edilən hüquq və azadlıqlar xeyli məhdudlaşdırılmışdır. Azərbaycanda kütləvi informasiya vasitələrini tənzimləyən qanunvericilik aktlarının sırası genişdir. KİV-in fəaliyyətini tənzimləyən Qanunların başında 1999-cu ildə qəbul edilən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunu gəlir. Lakin KİV-in önəmli bir hissəsi olan Televiziya və radioların fəaliyyətinin tənzimlənməsi 2001-ci ildə bu Qanundan ayrılaraq 2002-ci ildə “Televiziya və Radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunu da qəbul edilib. 2004-cü ildə İctimai teleradionun yaradılması ideyası həyata keçirilərək “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilərək bu istiqamət ayrıca özünəməxsus tənzimləməyə tabe olmuşdur. Medianın fəaliyyətinin başlıca istiqaməti informasiyaları toplamaq, hazırlamaq və yaymaq olduğundan, informasiyaların axtarılması, toplanması, əldə edilməsi başlı-başına bir tənzimləmə tələb etdiyindən, 1998-ci ildə “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmiş və Konstitusiyanın 50-ci maddəsinin tələbi reallaşdırılmaq istənmişdir. Lakin bu qanun funksional olmadığından İnformasiyanın əldə edilməsi istiqamətində yeni qanunun qəbulu ehtiyacı yaranmış və 2005-ci ildə bu boşluq da doldurularaq “İnformasiya əldə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. İnformasiya sahəsində başqa bir tənzimlənmə “İnformasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunudur. Bu Qanun daha çox informasiya ehtiyatlarının formalaşması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi və digər bu kimi məsələləri tənzimləyir. Kütləvi informasiya vasitələrinin fəaliyyətini birbaşa tənzimləməsə də, jurnalistlərin və medianın gündəlik fəaliyyətlərində qarşılaşdıqları məsələlərin həllində əlaqəli qanunlar da vardır. Bunlar, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunu, “Müəlliflik haqqında və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu, “Azərbaycan Respublikasının Seçki Məcəlləsi”, “Reklam haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunvericilik aktlarıdır. Adları çəkilən qanunvericilik aktlarının hər birinin media ilə əlaqəli bölümlərinə aydınlıq gətirməklə bu sahənin bütün özəlliklərini göstərməyə çalışacağıq. Media azadlığının praktik vəziyyəti Ölkədə media Azadlığının vəziyyəti müstəqilliyin ilk illərində inkişaf etməyə başlasa da, 1998-ci ilə qədər siyasi dövlət senzurası mövcud olmuşdur. 1998-ci ildən sonra qismən liberallaşma müşahidə edilməyə başlamış, 2001-ci ildə mətbu orqanların təsis edilməsi üçün rəsmi qeydiyyat şərti ləğv edilərək, qəzet və jurnalların təsisi asanlaşdırılmışdır. Bunun nəticəsi olaraq rəsmi statistikaya görə qeydiyyatdan keçən qəzet və jurnalların sayı 3500 rəqəmini keçmişdir. Lakin reallıqda gündəlik və həftəlik nəşr edilən qəzetlərin sayı 30-u keçmir. Qəzetlərin əksəriyyəti dovlət qurumlarının və hakimiyyətin nəzarətində olsa da, müstəqil yaxud, müxalifyönümlü qəzetlər də fəaliyyət göstərir.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.