Söz azadlığı

Page 1

Söz Azadlığı, İFADƏ AZADLIĞI 1. Giriş Ən geniş mənası ilə ifadə azadlığı bir düşüncənin, inancın, qənaətin, davranışın və ya duyğunun hər hansı zorakılıq olmadan bəyan edilməsi, yaxud xarici aləmə ifadə edilməsidir. Odur ki, ifadə azadlığı, azadlıqlar içində fərqli və xüsusi bir yeri tutur və aktuallığını heç vaxt itirməyir. İfadə azadlığının tək fərdlər baxımından deyil, fərdlərin formalaşdırdıqları cəmiyyət üçün də bir çox cəhətdən faydası olduğu şübhəsizdir. İfadə azadlığı yolu ilə həm fərdlər öz düşündüklərinin doğruluğunu test edə bilir, həm də fərdlərin ifadə etdiklərindən cəmiyyətin bütünü üçün faydalı olanlar toplana bilir. Ancaq bu o demək deyil ki, ifadə azadlığı sadəcə fərd və ya cəmiyyət üçün faydalıdır. İfadə azadlığı eyni zamanda insan olmanın təbii nəticəsi olaraq özünü göstərən bir haqdır, azadlıqdır. İfadə azadlığı, müstəqil bir haqq olması səbəbi ilə, həm digər fərdlərin həm də dövlətin müdaxiləsindən qoruna bilməsi üçün hüquqi qorumaların tətbiqinə ehtiyac hiss edir. Ancaq, ifadə azadlığı, "başqalarını narahat edici" bir xüsusiyyətinin olması səbəbindən hüquqi qorumaların olmasına baxmayaraq, daim müdaxilələrə məruz qala bilməkdədir. İfadə azadlığına məqsədli müdaxilələr əsas etibarilə dövlət tərəfindən edildiyi zəmanəmizdə, şəxsən dövlətlərin özlərinin müəyyən etdikləri tənzimləmələri özləri tapdalayaraq bu azadlığa müdaxilələrə hüquqi don geyindirmələri müşahidə edilməkdədir. 2. Hüququ tənzimləmələr Müasir mənada insan haqlarının o cümlədən ifadə haqqının hüquqi qorunması zəruriliyi əsas etibarı ilə ikinci dünya müharibəsindən sonra formalaşan yeni dünya düzəni içərisində öz yerini almağa başlamışdır. 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi “Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququnun” var olduğunu bəyan edir. Bu Bəyannamənin qəbulundan qısa müddət sonra, insan hüquq və azadlıqlarının ən çox pozulduğu Avropada yeni təşkilatlanmaya və bunun paralelində yeni hüquq sisteminin yaradılmasına gedildi. 1950-ci ildə Avropa Şurası tərəfindən qəbul edilən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi “Hər bir insan öz fikrini ifadə etmək hüququna malikdir. Bu hüquqa öz fikrinə tərəfdar çıxmaq, dövlət orqanları tərəfindən maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq məlumatları almaq və yaymaq azadlığı daxildir” - deməklə ilk dəfə dövlətlərarası zəmində bu hüququn üstünlüyünü qəbul etmiş oldu. 1966-cı ildə BMT “Mülki və Siyasi Hüquqların qorunmasına dair Konvensiyanı” qəbul etdi və 1971-ci ildən hüquqi qüvvəyə minən bu Konvensiyanın 19-cu maddəsində də ifadə azadlığı hüquq qorunma altına alındı. Maddəyə görə, “Hər kəsin düşünmə və ifadə etmə haqqı vardır. Bu haqq düşüncələrinə görə rahatsız edilməmək, ölkə sərhədlərinin maneəsi olmadan bilgi və düşüncələri araşdırmaq, əldə etmək və yaymaq haqqını özündə birləşdirir” . Milli hüquq baxımından ifadə azadlığı ilk dəfə 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi qoruma altına alınmışdır. Konstitusiyanın 47-ci maddəsi ifadə azadlığını “Fikir və söz azadlığı” kimi təqdim etmişdir. Maddəyə görə “Hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz”. Maddənin ifadə tərzi bir az qeyri-müəyyən olsa da, mahiyyət etibarı ilə hər kəsin ifadə azadlığının olduğu kimi anlaşıla bilir. Maddənin 3-cü hissəsində ifadə azadlığının sərhəddi göstərilmişdir: “İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir”. Beləliklə, İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqat, yaxud təbliğat ifadə azadlığı kimi təqdim edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 3-cü bəndinə əsasən “Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş


hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Bundan başqa Konstitusiyada insan hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulmamışdır. 2002-ci ildə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilən İnsan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının genişləndirilməsini nəzərdə tutan Konstitusiya Qanunu ilə bu hüquqların məhdudlaşdırılmasının əlavə “səbəbləri” ortaya çıxarılmış və Konstitusiyanın özündə nəzərdə tutulmayan yeni nüanslar sayılmışdır. Həmin Konstitusiya Qanununun 3.6-cı maddəsində “Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın ... 47-ci maddəsində göstərilən söz azadlığı, həmçinin iğtişaşların qarşısının alınması üçün; Konstitusiyanın ... 47-ci maddəsində göstərilən söz azadlığı ... həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; ...Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı və 50ci maddəsində göstərilən məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyünün mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üçün;... məhdudlaşdırıla bilər”. Bununla da, konstitusiyada nəzərdə tutulmayan yeni hüquqi səbəblərlə də ifadə azadlığının məhdudlaşdırıla biləcəyi qanuni əsas olub. 3. İfadə azadlığının praktik vəziyyəti Praktikada ifadə azadlığının vəziyyəti media azadlığının vəziyyəti ilə sıx şəkildə əlaqəlidir. Çünki, fikirlərini ifadə etməyin yolu, istənilən bir vasitədən istifadə etməklə mümkün olur. Bu isə əsasən kütləvi informasiyalar vasitəsi ilə reallaşır. Azərbaycanda son illər kütləvi informasiya vasitələri ilə bağlı vəziyyət ciddi narahatçılıq yaradır. Media azadlığına qarşı dözümsüzlük gedərək artmaqdadır. Sadəcə 2007-ci ildə mediaya və jurnalistlərə qarşı 104 məhkəmə işi qaldırılmış, bu işlərin üçdə birində jurnalistlərin həbsi tələb edilmişdir. Həmin il ərzində 9 jurnalist müxtəlif müddətlərə azadlıqdan mərhum edilmişdir. KİV-lərə və jurnalistlərə qarşı qaldırılan maddi və mənəvi təzminatın həcmi isə bir milyon manatdan çox olmuşdur. 2008-ci ildə həbsdə saxlanılan jurnalistlərin sayı 4 nəfərə düşsə də, mediaya və jurnalistlərə qarşı qaldırılan iddiaların sayı və həcmi azalmamışdır. 2009 və 2010-cu ildə diffomasiyaya görə həbs və cəzaların tətbiqi davam etmişdir. Bu onu göstərir ki, insanların özünü ifadə etməsinə toplumda bir dözümsüzlük var. Lakin bu dözümsüzlük sadəcə toplumda deyil, xüsusilə hökumətdə təmsil olunanlarda daha çoxdur. Belə ki, mediaya və jurnalistlərə qarşı qaldırılan iddiaların böyük əksəriyyəti (86%) məhz müxtəlif tənqidi fikirlərə hədəf olan məmurlar, siyasətçilər tərəfindən irəli sürülmüşdür. İfadə azadlığı sərbəst toplaşmaq hüququ ilə də sıx əlaqəlidir. İnsanlar sərbəst toplaşaraq özlərini ifadə edə bilərlər. Lakin, bu sahədə də praktik vəziyyət yaxşı deyil. Ölkədə məhkəmə çəkişmələrinin vəziyyətinə nəzər saldıqda, Avropa İnsan hüquqları məhkəməsinin Azərbaycan Respublikası hökuməti əleyhinə verdiyi qərarların mahiyyətinə baxdıqda sərbəst toplaşmaq və birləşmək hüququnun çox tez-tez pozulduğu və insanlara bu hüquqlarından istifadə etmək üçün şərait yaradılmadığı bəlli olur. Demək olar ki, 2003-cü ildən etibarən açıq kütləvi tədbirlərin keçirilməsinə ölkədə yol verilmir. İnsanların özlərini ifadə etməsi üçün ən uyğun olan şəhər meydanları rəsmi orqanlar tərəfindən kütləvi tədbirlərə bağlanmışdır. İnsanların özlərini ifadə etdikləri bir digər platforma, ölkə qanunvericiliyində kütləvi informasiya vasitəsi hesab edilən internet vasitəsi ilə fikirlərini ifadə etmək məsələsidir. Bu sahədə də təəssüf ki, vəziyyət yaxşı deyil. Hal-hazırda həbs cəzası verilərək həbsxanada cəza çəkən “Gündəlik


Azərbaycan və Realnoe Azerbaidjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevə qarşı verilən həbs cəzasının biri məhz onun internet forumundakı fikirləri olmuşdur. Bundan əlavə, internetdə bəzi siyasi proseslərə etiraz əlaməti olaraq qurulan “susmayaq.biz”, “tinsohbeti.com” internet sitələrinə giriş inzibati yollarla məhdudlaşdırılmışdır.

Avropa Məhkəməsinin Söz və İfadə azadlığı ilə bağlı (Konvensiyanın 10-cu maddəsi ilə bağlı) presedent (iş) hüququnun bəlirlədiyi meyarlar Avropa Məhkəməsi hökumətlərdən tələb edir ki, ifadə azadlığına müdaxiləni əsaslandırsınlar. Məhkəmə baxdığı işlərdə xüsusi meyarlar müəyyən edib. Müdaxiləni əsaslandırmaqdan ötrü cavabdeh hökumətlər hər bir ifadəni məhkəmənin müəyyən etdiyi bu testlərdən keçirməlidirlər. Bu meyarların xüsusi müəyyən edilmiş siyahısı və adları yoxdur. Bununla belə Məhkəmənin presedent (iş) hüququ bir sıra meyarları və prinsipləri ayırmağa və Məhkəmənin onlarla bağlı görüşlərini ifadə etməyə imkan verir. İfadənin ictimai önəmli məzmunda olması, yəni ictimai maraq doğuran məsələ ilə bağlı olması, ifadənin fakt haqqında bilgi, yoxsa qiymətləndirici mülahizə (rəy) olması, ifadənin siyasi şəxslər, dövlət qulluğunda olan şəxslər barədə, yoxsa adi şəxslər barədə olması, ifadənin siyasi və ya ictimai debatların tərkib hissəsi olması, jurnalistin vicdanlı yanılma hüququ, jurnalistin şişirtmələrdən və sərt ifadələrdən istifadə hüququ, ifadə azadlığına müdaxilənin demokratik cəmiyyətdə zəruriliyi, sıxıcı sosial ehtiyacdan irəli gəlməsi, müdaxilənin qarşıya qoyulmuş məqsədə mütənasibliyi, “doğrulugun isbatı” müdafiəsi və s Məhkəmənin presedent (iş) hüququnun formalaşdırdığı “meyarların”, “prinsiplərin” və “qaydaların” şərti adlarıdır.

1. Toplum üçün maraqlı olan və toplumun mənafeyinə yönəlik məsələlər barədə ifadələrin müdafiə dərəcəsi yüksək olmalıdır Avropa Məhkəməsi 10-cu maddə ilə bağlı baxdığı işlərdə Qanuni (legitim) ictimai maraq doğuran bütün məsələlər (o cümlədən, dövlət hakimiyyətinin bütün qolları, yerli özünüidarə orqanları, siyasət, ictimai sağlamlıq və güvənlik, qanunların yürüdülməsi və ədalət mühakiməsinin idarə olunması, istehlak maraqları və sosial maraqlar, ətraf mühit, iqtisadi məsələlər, publik səlahiyyətin verdiyi gücdən istifadə, incəsənət və mədəniyyət, eləcə də ictimai və siyasi şəxslər və dövlət rəsmiləri ilə bağlı məsələlər) barəsində ifadələrin üstün müdafiə olunduğunu qəbul edir. Bu səbəbdən də, Məhkəmə araşdırdığı bütün işlərdə ifadənin ictimai əhəmiyyət daşıyıb-daşımamasını araşdırır və qiymətləndirir. Məhkəmə mətbuatın demokratik toplumda əvəzedilməz rolunu dönə-dönə vurğulayıb. Handyside Birləşmiş Krallığa qarşı işdə (1976) Məhkəmə dedi ki: Məhkəmənin nəzarət funksiyaları onun üzərinə “demokratik toplumu” səciyyələndirən prinsiplərə böyük diqqət yetirmək vəzifəsini qoyur. İfadə azadlığı demokratik cəmiyyətin mühüm dayaqlarından, onun tərəqqisi və hər bir fərdin inkişafı üçün əsas şərtlərdən birini təşkil edir.” (Həndisayd Birləşmiş Krallığa qarşı, 1976) Məhkəmə 1986-cı ildə Lingens Avstriyaya qarşı iş üzrə və sonra baxdığı bir necə işlər üzrə qərarlarında (Şener Türkiyəyə qarşı, 2000, Toma Lüksemburqa qarşı, 2001, Dixand və başqaları Avstriyaya qarşı, 2002 və s.) hökuməti tənqid etmək azadlığını dəstəklədiyini bildirib. Məhkəmə Lingens işində dedi ki:


“Toplumun marağında olan başqa məsələlərdə olduğu kimi siyasi məsələlər barədə məlumat və ideyaları yaymaq vəzifəsi mətbuatın üzərinə düşür. Mətbuat nəinki belə məlumat və ideyaları yaymaq vəzifəsini daşıyır, həm də toplum həmin məlumat və ideyaları almaq hüququna malikdir”. (Lingens Avstriyaya qarşı, 1986) Toplumun marağında olan məsələlərlə bağlı ictimai müzakirələrin demokratik toplumda mühüm rolunu qeyd edən Məhkəmə daha sonra dedi: “Mətbuat azadlığı siyasi liderlərin ideya və yanaşmaları barədə rəylərin aşkara çıxması və formalaşması üçün toplumu ən yaxşı vasitələrdən biri ilə təmin edir. Ümumiyyətlə, siyasi debatların azadlığı Konvensiyanın ana xəttini təşkil edən demokratik cəmiyyət konsepsiyasının özəyində dayanır.” Torgeyrson İslandiyaya qarşı işində (1992) Hökumət iddia edirdi ki: ərizəçi polislərin “nüfuzunun” qorunması üçün məhkum olunub və polisə qarşı yol verilən tənqidin hüdudları yalnız siyasi nitqlər zamanı geniş ola bilər. Məhkəmə dedi ki: “Məhkəmənin siyasi müzakirə ilə toplumun marağında olan məsələlərin müzakirəsi arasında fərq qoyduğunu deməyə əsas verən hər hansı presedenti yoxdur.” Bu iş üzrə qərarında məhkəmə ərizəçinin məhkum edilməsini jurnalisti “toplumun marağında olan məsələlərə dair açıq müzakirə aparmaqdan çəkindirən” hal kimi qiymətləndirdi. Məhkəmənin düşüncəsinə görə medianın üstün mövqeyi ondan irəli gəlir ki, demokratik toplumda istər seçki prosesi ilə bağlı, istərsə də, ictimai maraq daşıyan gündəlik hadisələrlə bağlı siyasi fikrin ifadəsi mərkəzi rol oynayır. Siyasi tənqidin demokratik proseslərdə mühüm rolunu nəzərə alaraq Məhkəmə Lopez Qomes da Silva Portuqaliyaya qarşı işdə (2000) deyib ki: “Kəskin siyasi çıxışlar çox zaman şəxsi münasibətlər sahəsindən kənara çıxır. Bu cür çıxışlar siyasi etirazları və ideyaların azad müzakirəsini ifadə edir, bunlar isə demokratik cəmiyyətin təminatlarıdır.” Bartoldun Almaniyaya qarşı işi (1985) üzrə qərarında Məhkəmə bildirib ki, ictimai maraq doğuran məsələlərdə mətbuat ifadə azadlığını həyata keçirən digər şəxslərlə müqayisədə daha yüksək dərəcədə müdafiə hüququna malik olmalıdır. İctimai maraq doğuran məsələlərlə bağlı məlumat və ideyaları yaymaq mətbuatın borcudur və cəmiyyətin belə məlumatları almaq haqqı var. Əks halda mətbuat “demokratiyanın gözətçi köpəyi” vəzifəsini yerinə yetirə bilməzdi. Məhkəmə həm kommersiya, həm də mədəniyyət və incəsənət məsələləri haqqında məlumat və ideyaları yaymaq azadlığının da 10-cu maddə ilə təmin olunduğunu deyib. Lakin ictimai və siyasi məsələlərdən fərqli olaraq kommersiya məsələlərində məhkəmə hökumətlərin qiymətləndirmə sərbəstliyi hüdudlarının daha geniş olduğunu bildirib. (Bax: Markt İntern Verlag GmbH və Klaus Beyerman Almaniyaya qarşı iş, 1989) Məlumat və ideyaların azad yayılmasını demokratik cəmiyyətin mühüm komponenti adlandıran Məhkəmə mədəniyyət və incəsənət əsərlərinin məlumat və ideyaların yayılmasına böyük töhvə verdiyini deyib. Otto-Preminger İnstitutu Avstriyaya qarşı işdə (1994) Məhkəmə deyib:


“Öz yaradıcı işı vasitəsilə rəssam təkcə dünyaya şəxsi baxışlarını deyil, həm də daxilində yaşadığı cəmiyyətə baxışlarını ifadə edir. Bu baxımdan incəsənət təkcə ictimai rəyin formalaşmasına deyil, həm də ifadə edilməsinə kömək edir və müvafiq olaraq, ictimaiyyət qarşısında günün mühüm aktual problemlərini qaldıra bilər.” Yuxarıda deyilənlər ifadə azadlığı ilə bağlı işləri araşdırarkən “ictimai mənafe” testinin tətbiqinin önəmli olduğunu göstərir. İfadə azadlığı ilə bağlı bütün işlərdə ifadənin ictimai mənafedən irəli gələn məsələ ilə bağlı olması bütün hallarda onun müdafiə səviyyəsini yüksəldir. Deməli, ifadə azadlığı ilə bağlı işlərə baxarkən məhkəmələr ifadəni “ictimai mənafe” testindən keçirməlidirlər. Belə testdən keçirilmədən, yəni ifadənin ictimai maraq doğuran məsələ ilə bağlı olub-olmadığını müəyyən etmədən düzgün və ədalətli qərar çıxarmaq çətindir.

Nəticələr • İfadə azadlığı demokratik cəmiyyətin mühüm dayaqlarından, onun tərəqqisi və hər bir fərdin inkişafı üçün əsas şərtlərdən birini təşkil edir. • Toplumun mənafeyində olan başqa məsələlərdə olduğu kimi siyasi məsələlər barədə məlumat və ideyaları yaymaq vəzifəsi mətbuatın üzərinə düşür. • Mətbuat demokratik toplumda əvəzsiz rol oynadığından ictimai məsələlərlə bağlı yazılarda mətbuat azadlığı başqa azadlıqlara nisbətən daha üstün müdafiə hüququna sahib olmalıdır. • İctimai mənafe ilə bağlı məsələlərdə mətbuat ifadə azadlığını həyata keçirən digər şəxslərlə müqayisədə daha yüksək dərəcədə müdafiə hüququna sahib olmalıdır. • İfadəni “ictimai mənafe” testindən keçirmədən, yəni mövzunun toplumun maraq dairəsində olan məsələ olub-olmadığına qiymət vermədən ifadə azadlığını məhdudlaşdırmaq qərarı vermək olmaz İfadə azadlığına müdaxilə zamanı qarşı-qarşıya duran iki maraq: müdaxilədən güdülən

Seçki hüququ ifadə azadlığının tərkib hissəsi kimi Seçkilər insanların üzlərini ifadə etdikləri və siyasi tərcihlərini ortaya qoyduqları bir platformadır. Seçmə hüququ olanlar səs verərək özlərini ifadə edir, seçilmək üçün namizəd olanlar isə seçicilərin onları seçməsi üçün gələcək plan və platformalarını seçicilərinə ifadə edir, onların fikirlərini özlərinin lehinə çevirməyi hədəfləyirlər. Seçki hüququ seçki sistemini nizama salan və insanların seçim hüququnu tənzimləyən hüquq normaları sistemidir. Seçki hüququ anlayışı iki mənada, subyektiv və obyektiv mənalarda işlədilir. Obyektiv mənada seçki hüququ dövlət və yerli özünüidarəetmə orqanlarına seçkilərin keçirilməsi və referendumla bağlı münasibətləri nizamlayan hüquq normalarının bütünüdür. Bu hüquq normaları Konstitusiyada, Seçki Məcəlləsində və sair aktlarda öz əksini tapmışdır. Subyektiv mənada seçki hüququ isə ölkə vətəndaşlarının refurundumda iştirak etmək o cümlədən, dövlət və yerli özünüidarə orqanlarına seçmək və seçilmək haqqını əhatə edir. Seçki hüququ vətəndaşın dövlət və bələdiyyə orqanlarına nümayəndə seçmək (aktiv seçki hüquq) və dövlət və bələdiyyə orqanlarına seçilmək (passiv seçki hüququ) hüququndan ibarətdir.


Aktiv seçki hüququ vətəndaşın seçkili dövlət və bələdiyyə orqanları üzvlərinin seçilməsində, habelə referendumda həlledici səslə iştirak etmək hüququdur. Aktiv seçki hüququ əsas etibarilə seçki və referendumların gedişində səsvermədə iştiraka deyilir. Ancaq o, həmçinin namizədlərin irəli sürülməsində iştirak hüququ, seçki komissiyalarının yaradılmasında iştirak etməyi, seçkiqabağı təşviqat aparmağı, seçkilərin gedişini müşahidə etməyi v.s. nəzərdə tutur. Azərbaycan Respublikasının qanunverciliyi müasir dövlətlərin əksəriyyətində olduğu kimi, müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyətindən məhrum olmuş şəxslər istisna olmaqla, 18 yaşına çatmış bütün vətəndaşların aktiv seçki hüququnun olduğunu nəzərdə tutur. Passiv seçki hüququ vətəndaşın seçkidə dövlət və bələdiyyə seçilmək hüququdur. Aktiv seçki hüququndan istifadə etmək üçün yetkinlik yaşına çatmaq, fəaliyyət qabiliyyətinin olması kifayətdirsə, passiv seçki hüququndan istifadə üçün qanunvericiliklə müəyyən olunmuş senzləri gözləmək lazımdır. Xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin də Seçki Məcəlləsinə görə bəlli əsaslarda aktiv seçki hüququ var. Bu hüquq səsvermə ilə məhduddur. Seçki Məcəlləsinin 12.2-ci maddəsinə görə vətəndaşlığı olmayan şəxslər 5 ildən az olmayaraq, Azərbaycan ərazisində daimi yaşayıblarsa referendumda, Milli Məclisə seçkilərdə, Prezident seçkilərində və bələdiyyə seçkilərində səsvermələrdə iştirak edirlər. Əlbəttə bu zaman digər seçicilər üçün zəruri olan özəlliklər bu seçicilər üçün də gərəklidir. Onlar 18 yaşını tamamlamış olmalı, qanunda nəzərdə tutulan formada seçki hüququnu itirməməlidirlər. Seçki Məcəlləsinin 12.3-cü maddəsində isə xarici ölkə vətəndaşlarına bələdiyyə seçkilərində səsvermə hüququ tanınıb. Lakin bu hüququn həyata keçirilməsi üçün bəlli şərtlər nəzərdə tutulub. Xarici ölkə vətəndaşları müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşamış olmalı və onun vətəndaşı olduğu ölkənin qanunvericiliyində xarici ölkə vətəndaşlarına bələdiyyə seçkilərində səsvermə hüqüqü tanınmış olmalıdır. Demək olar ki, dünyanın bütün ölkələrində passiv seçki hüquqdan istifadə qanuun dəqiq göstərdiyi müəyyən məhdudiyyətrə malikdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə prezident seçilməyə iddiaçı 35 yaşından gənc olmamalı, ölkə əraziçsində 10 ildən artıq daimi yaşayan olmalı, ağır cinayətlərə görə məhkum edilməmiş, ali təhsilli, ikili vətəndaşlığı olmayan şəxs olmalıdır. Milli Məclisə seçilmək üçün yaş senzi 25 yaş müəyyən edilib. Yerli özünü idarə orqanları olan bələdiyyələrə seçilmək üçün isə 21 yaş müəyyən olunub. Hüquqi təminat BMT-nin insan haqlarına dair Ümumi Deklorasiyasının 21-ci maddəsində qeyd edilir: «1. Hər bir adamın öz ölkəsinin idarə olunmasında birbaşa, yaxud azad surətdə seçilmiş numayəndələr vasitəsilə iştirak etmək hüququ var. 2. Hər bir şəxs öz ölkəsində dövlət xidmətinə keçməyə hamı ilə bərabər hüquqa malikdir. 3. Hakimiyyətin əsası xalqın iradəsi olmalıdır; bu iradə öz əksini azad səsverməni təmin edən ümumi və bərabər seçki hüququ əsasında, gizli səsvermə və ya ona bərabər digər forma vasitəsilə keçirilən müntəzəm və saxtalaşdırılmayan seçkilərdə tapmalıdır». BMT tərəfindən qəbul edilən “Mülki hüquqlar və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 25-ci maddəsində; “hər bir vətəndaşın heç bir ayrı-seçkilik və əsassız məhdudiyyətlər olmadan ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə və seçicilərin iradəsinin sərbəst ifadəsini təmin edən həqiqi, müntəzəm seçkilərdə səs vermək və seçilmək hüququ və imkanı vardır”deyilir. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində seçki huququ təminat altına alınmışdır. Maddəyə görə: “Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır” . Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə və referendumda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər. Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə və referendumda iştirakı azad və könüllüdür. Seçkilərdə və ya referendumda iştirak edib-etməməyə məcbur etmək məqsədilə heç kəsin Azərbaycan Respublikası


vətəndaşına təzyiq göstərmək hüququ yoxdur və heç kəs onun iradəsini azad ifadə etməsinə mane ola bilməz. Seçki hüququnun məhdudlaşdırıldığı hallar Seçki hüququnun məhdudulaşdırıldığı hallar Konstitusiyamızın 56-cı, 85-ci, 100-cü maddələrində, Seçki Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuşdur. Fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı ilə təsdiq olunan şəxslər seçmək və seçilmək hüququndan məhrumdurlar. Bu hal istisna olmaqla vətəndaşların seçmək hüququ məhdudlaşdırıla bilməz. Vətəndaşların seçilmək hüququnun (Passiv seçki hüququ) məhdudlaşdırılmasının isə müxtəlif səbəbləri ola bilər. Məsələn yerinə yetirdiyi vəzifələrin uzlaşmaması və s. Aşağıdakı şəxslər seçilmək hüququna malik deyil:  məhkəmənin qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslər;  məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq, ağır və xüsusi ilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər;  Məcəllə ilə müəyyən edilən digər şəxslər. Aşağıdakı şəxslər tutduqları vəzifə ilə uzlaşmaması üzündən Milli Məclisin üzvü, Prezident, bələdiyyə üzvü, referendumun təşviqat qrupunun üzvü ola bilməz:  hərbi qulluqda olduqları müddətdə hərbi qulluqçular;  hakim olduqları müddətdə hakimlər;  dövlət qulluğunda olduqları müddətdə dövlət qulluqçuları;  peşəkar din fəaliyyəti ilə məşğul olduqları müddətdə din xadimləri;  ikili vətəndaşlığı qalanadək ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşları;  xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşları bu öhdəliyə xitam verilənədək.

Praktik vəziyyət verməmişdirlər. Azərbaycanın Avropa Şurasına üzv olmasından sonra üzərinə götürdüyü öhdəliyə uyğun olaraq, 2003-cü ildə seçki qanunvericiliyi yenilənmiş, lakin yenə də əsas saxtakarlıqların olduğu yer olan Seçki Komissiyalarının formalaşması prosesində Venetsiya Komissiyasının rəyi nəzərə alınmamış, İstər MSK, istər DSK-lar, istər sə də MnSK-ların formalaşmasında hakimiyyətin nəzarəti təmin edilmişdir. Bununla da, bütün seçkilərin və referendumların nəticələri “öncədən müəyyən olunmuş qaydada” yekunlaşmaqdadır. 2008-ci ilin iyun ayında seçki məcəlləsinə yenidən dəyişikliklər edilərək, seçki müddəti 120 gündən 75 günə, 2010-cu ildə isə 60 günə qədər azaldılmış, təşviqat müddəti isə daha da azaldılaraq, öncə 60 gündən 27 günə, 2010-cu ildə isə 22 günə endirilmişdir. 2003-cü ildə nəzərdə tutulan dövlət büdcəsindən maliyyələşən, yaxud təsis olunan media vasitələrində pulsuz təşviqat aparılması imkanları da 2008-ci ildə olan dəyişikliklə aradan qaldırılmış, sadəcə İctimai yayımda bu imkan saxlanmışdır. Beləliklə, ölkəyə ən geniş yayıla bilən AZTV-də və Azərbaycan radiosunda tərəflərin təşviqat imkanları əllərindən alınmışdır. Hər iki dəyişikliklə geniş siyasi müzakirələr aparılması imkanları məhdudlaşdırılmışdır. Üç mərhələli həyata keçirilən seçkilərdə\referendumda, birinci mərhələ olan imzaların toplanması və qeydə alınması, ikinci mərhələ olan təşviqatın aparılması və son mərhələ olan səsvermənin keçirilməsi və protokolların tərtib edilməsi mərhələlərinin hər birində hakimiyyəti dəstəkləməyən siyasi qüvvələr müntəzəm olaraq, icra orqanlarının, hüquq mühafizə orqanlarının haqsız müdaxilələri ilə qarşılaşır, eyni zamanda seçki komissiyalarının və məhkəmələrin problemləri örtbastır etməsi kimi hüquqa zidd əməllərlə qarşı-qarşıya qalır. Təsadüfi deyil ki, 2005-ci il parlament


seçkilərində hüquqları pozulan yüzlərlə insan daxili məhkəmələrdə ədaləti tapa bilmədikləri üçün, Avropa İnsan Hüquqları Məhkəmələrinə müraciət etmiş, indiyə qədər 40-dan çox seçki işi icraata götürülmüşdür. 2010-cu ildə Avropa İnsan hüquqları məhkəməsi bu işlərdən birinə baxmış və Bərdə seçki dairəsindən namizəd olan şəxsin hüququnun pozulduğuna qərar vermişdir. Yaxin günlərdə daha bir neçə məhkəmə işinin yekunlaşacağı gözlənilir. 2005-ci il seçkilərində kütləvi hüquqların pozulması ilə qarşılaşan müxalif güclər, 2008-ci ildə qanunvericilikdə fundamental dəyişikliklər aparılmadığı, Venetsiya Komissiyasının rəyinin nəzərə alınmadığı, ölkədə azad seçki mühitinin olmadığını əsas gətirərək seçkiləri boykot etmişdir. 2010-cu il 7 noyabr tarixinə təyin olunan Milli Məclisə seçkilər öncəsi də vəziyyət mürəkkəb və gərgin olaraq qalmaqdadır.

Media Azadlığı Giriş Azərbaycanda kütləvi informasiya vasitələrinin tənzimlənməsi sahəsində geniş qanunvericilik aktları mövcuddur. Kütləvi informasiya vasitələri, başqa bir ifadə ilə media çox geniş şaxəlidir. Media dedikdə ilk ağıla gələn televiziya, radio, qəzet və jurnallar, informasiya agentlikləri olsa da zəmanəmizdə informasiya kommunikasiya vasitələrinin sürətli inkişafı ilə bu zəncirin halqalarına internet media da əlavə olunmuşdur. Hal-hazırda internet üzərindən elektron qəzetlər, internet televiziyası, internet radiosu, elektron jurnallar və s. fəaliyyət göstərir. Media hansı formada olmasından asılı olmayaraq, onun funksiyası eynidir - cəmiyyəti bilgiləndirmək, informasiya ilə təmin etmək və eyni zamanda maarifçiliklə məşğul olmaq, ictimai nəzarət funksiyasını həyata keçirmək. Bir sözlə cəmiyyətin görən gözü, eşidən qulağı olmaq. Bu funksiyanallığını maneəsiz həyata keçirməsi məqsədi ilə, medianın azadlığına tam təminat olmalı, ölkədə bunun qanuni bazası möhkəm olmalıdır. Hüquqi təminat Azərbaycanda medianın azadlığının təminatı Azərbaycan Respublikası Konstitusiyasıdır. 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilən bu sənədin 50-ci maddəsi məlumat azadlığını və media azadlığını təminat altına almışdır. Maddənin 1-ci hissəsində “Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı” olduğu vurğulanır, 2ci hissəsində isə “Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır” –deyilir. Beləliklə, medianın funksiyasının önəmli yerini tutan informasiyaları axtarmaq, əldə etmək, ötürmək azadlığı və informasiya hazırlamaq və yaymaq azadlığı Konstitusiya ilə təminat altına alınmışdır. Bununla yanaşı, “mətbuatda dövlət senzurası qadağandır” – deyilməklə, hər hansı istisna olmadan senzuranın yolverilməzliyi qeyd edilmişdir. Konstitusiyanın bu norması kifayət qədər liberal normadır və media azadlığını qoruyan mahiyyətdədir. Bu ali sənəddə media azadlığının məhdudlaşdırılmasını nəzərdə tutan məhdudlaşdırıcı heç bir norma – heç bir maddə yoxdur. Konstitusiyanın 71-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatını tənzimləyən normada bütün hakimiyyət qollarının Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq borcu olduğu aydın şəkildə qeyd edilmiş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin heç kəs tərəfindən məhdudlaşdırılamayacağı bildirilmişdir. Bütün hüquq və azadlıqlar üçün isə, məhdudlaşdırıcı norma tək bir halda nəzərdə tutulmuşdur. Bu hal, "müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi


Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər" – deyilən 71-ci maddənin III bəndindəki haldır. Media azadlığının bu şəkildə tənzimlənməsi "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 10-cu maddəsindəki tənzimləmələrdən daha liberaldır. Təəssüf ki, 24 dekabr 2002-ci ildə Milli Məclis tərəfindən Prezidentin təşəbbüsü ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmiş, bu qanunla Konstitusiyada təsbit edilən hüquq və azadlıqlar xeyli məhdudlaşdırılmışdır. Azərbaycanda kütləvi informasiya vasitələrini tənzimləyən qanunvericilik aktlarının sırası genişdir. KİV-in fəaliyyətini tənzimləyən Qanunların başında 1999-cu ildə qəbul edilən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunu gəlir. Lakin KİV-in önəmli bir hissəsi olan Televiziya və radioların fəaliyyətinin tənzimlənməsi 2001-ci ildə bu Qanundan ayrılaraq 2002-ci ildə “Televiziya və Radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunu da qəbul edilib. 2004-cü ildə İctimai teleradionun yaradılması ideyası həyata keçirilərək “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilərək bu istiqamət ayrıca özünəməxsus tənzimləməyə tabe olmuşdur. Medianın fəaliyyətinin başlıca istiqaməti informasiyaları toplamaq, hazırlamaq və yaymaq olduğundan, informasiyaların axtarılması, toplanması, əldə edilməsi başlı-başına bir tənzimləmə tələb etdiyindən, 1998-ci ildə “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmiş və Konstitusiyanın 50-ci maddəsinin tələbi reallaşdırılmaq istənmişdir. Lakin bu qanun funksional olmadığından İnformasiyanın əldə edilməsi istiqamətində yeni qanunun qəbulu ehtiyacı yaranmış və 2005-ci ildə bu boşluq da doldurularaq “İnformasiya əldə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. İnformasiya sahəsində başqa bir tənzimlənmə “İnformasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunudur. Bu Qanun daha çox informasiya ehtiyatlarının formalaşması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi və digər bu kimi məsələləri tənzimləyir. Kütləvi informasiya vasitələrinin fəaliyyətini birbaşa tənzimləməsə də, jurnalistlərin və medianın gündəlik fəaliyyətlərində qarşılaşdıqları məsələlərin həllində əlaqəli qanunlar da vardır. Bunlar, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunu, “Müəlliflik haqqında və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu, “Azərbaycan Respublikasının Seçki Məcəlləsi”, “Reklam haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunvericilik aktlarıdır. Adları çəkilən qanunvericilik aktlarının hər birinin media ilə əlaqəli bölümlərinə aydınlıq gətirməklə bu sahənin bütün özəlliklərini göstərməyə çalışacağıq. Media azadlığının praktik vəziyyəti Ölkədə media Azadlığının vəziyyəti müstəqilliyin ilk illərində inkişaf etməyə başlasa da, 1998-ci ilə qədər siyasi dövlət senzurası mövcud olmuşdur. 1998-ci ildən sonra qismən liberallaşma müşahidə edilməyə başlamış, 2001-ci ildə mətbu orqanların təsis edilməsi üçün rəsmi qeydiyyat şərti ləğv edilərək, qəzet və jurnalların təsisi asanlaşdırılmışdır. Bunun nəticəsi olaraq rəsmi statistikaya görə qeydiyyatdan keçən qəzet və jurnalların sayı 3500 rəqəmini keçmişdir. Lakin reallıqda gündəlik və həftəlik nəşr edilən qəzetlərin sayı 30-u keçmir. Qəzetlərin əksəriyyəti dovlət qurumlarının və hakimiyyətin nəzarətində olsa da, müstəqil yaxud, müxalifyönümlü qəzetlər də fəaliyyət göstərir.


Doğrudur, müxalifyönümlü qəzetlərə reklam verilməsi qeyri-rəsmi olaraq məhdudlaşdırılsa da onlar satışdan və digər “qeyri-müəyyən mənbələrdən” maliyyələşərək, fəaliyyətlərini davam etdirir. Televiziya və radioların təsisi və fəaliyyəti isə ciddi siyasi nəzarət altındadır. Milli tezlik resurslarının məhdudluğu bəhanə edilərək ölkə üzrə yayımlanan cəmi 5 özəl televiziya kanalı fəaliyyət göstərir. Bu yayımçılar əsasən yayım prinsipləri olan balanslı, obyektiv, tərəfsiz yayım həyata keçirilməsini tələb edən hüquq normalarını müntəzəm pozaraq, təktərəfli yayımlara üstünlük verirlər. Bununla da televiziya sahəsində süni inhisar yaradılaraq, təxminən illik 30-50 milyon manatlıq qeyri-rəsmi reklam gəlirlərinin bu yayımçılara axmasına şərait yaradılır. Yayımçı olmaq istəyən müstəqil şəxslərə bu imkan verilmir. Hazırda MTRŞ-na qarşı bu məqsədlə qaldırılan məhkəmə işi davam etməkdədir. Rəsmi dövlət tənzimləməsini həyata keçirən MTRŞ-ın lisenziyalaşdırma siyasəti yoxdur, qeyri-müəyyəndir. İnternet sahəsində qismən azadlıq olsa da, bu sektorda da əsas provayderin dövlət nəzarətində olması, süni qiymət şişirdilməsinə şərait yaradır. Beləliklə, bir Azərbaycanlı Internetdən istifadə edərkən, bir rusiyalıdan, bir türkiyəlidən, bir avropalıdan bir neçə dəfə çox pul ödəməli olur. Bu isə, insanların internet kimi müasir kommunikasiya vasitəsindən istifadəsinə süni maneələr yaradir. Peşəkar jurnalistikanın vəziyyətinə gəldikdə, jurnalistlik fəaliyyəti kifayət qədər riskli peşələr içərisində sayıla bilər. Belə ki, yaxın illərdə jurnalist fəaliyyətinə görə Elmar Hüseynov öldürülmüş, onlarla jurnalist döyülmüş, oğurlanmış, fiziki və mənəvi təzyiqlərə məruz qalmış, onlarla jurnalist həbs edilmiş, həbsxanalara atılmışdır. Yüzlərlə media qurumu və jurnalistləri isə məhkəmə çəkişmələrinə cəlb edilmiş, onlardan milyon manatlarla kompensasiya tələb edilmiş, onların haqqında məhkəmə qərarları çıxarılmışdır. Maraqlıdır ki, ölkədə ümumi cinayətkarlıqla mübarizədə rəsmi statistikanın rəqəmləri olduqca yüksəkdir və təxminən 95-96% cinayətlər dərhal və ya müəyyən vaxtdan sonra açılmışdır. Lakin, nədənsə, jurnalistlərə qarşı baş verən cinayət hallarının araşdırılması və açılması zamanı bu rəqəm 3-5%-i keçmir. Bu isə öz növbəsində jurnalistlərə qarşı baş verən zorakılıq hallarının arxasında siyasi hakimiyyəti nəzarətdə saxlayan güclərin olması ehtimallarını ortaya çıxarır. Ölkədə 2007-2010-ci illər ərzində media azadlığının vəziyyəti gedərək aşağıya istiqamət götürübdür. 2007 və 2010-ci ildə İREX –in Avropanın 21 ölkəsində apardığı MEDİA Sustainablity İNDEX araşdırmasında media azadlığının vəziyyətinin Azərbaycanda pisləşməyə doğru istiqamətləndiyi görülür.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.