Film Fiction #15

Page 28

40 illik rejissorluğa 5 film sığdıran, hər filminin üzərində zərgər dəqiqliyi ilə işləyən, mükəmməllik anlayışına ən çox yaxınlaşanlardan biri olan bir rejissor necə bu qədər “zibil” film çəkə bilər? Düşünmüsən ki, istəklərindən aşağı gördüyün film, bəlkə də istəkləri üstələyir? Rejissor bizi “Möcüzəyə” yaxınlaşdırır bu filmi ilə. Sadəcə bəzilərimiz bunu görməyə hazır deyil. Malikinin film fəlsəfəsinin başında duran anlayışlardan biri – “Tanrının siması, bizdən üz çevirəndə və əlimizdən nəsə alanda görünür”. Möcüzəyə yanaşmaq da bundan doğur. İnsan darıxır... Seçim qarşısında qalır. Bir qadın (Olqa Kurilenko) və onun kiçik qızı var. Bir kişi var (Ben Afflek). Qadını sevir, qızını sevir. Hər şey əladır. Film bitə bilər. Amma darıxmaq da var filmdə. İnsanın Tanrı ilə mübarizəsi var. Və bu heç də təkcə müqəddəs ata obrazında təsvir olunmur. Qəhrəmanların hər biri çox tənhadır. Çox qərarsızdır. Çox yorğundur. Və onların hər biri möcüzə gözləyir. Hətta tələb edir. Onlar ilk baxışdan axmaq kimi görünə bilərlər. Və tamaşaçı da bu axmaq obrazların nə istədiyini tapmaq istəyir film boyu. Bu isə rejissorun ideyasına aid ola bilməz. Onun qəhrəmanları həqiqəti, sevgini dərk etmiş insanlardır. Və indi bu həqiqətdə, sevgidə darıxırlar. Çünki xoşbəxt deyillər. Volfqanq Göteyə görə, “Xoşbəxt insan möcüzəyə inanmır”. “Möcüzəyə” filminin traktovkası da bu fikir üzərində qurulub. “Bir çox filmlər bizi kiçildir. Onlar bizə ilham verir, hisslərimizi döyəcləyir, kəskin hisslərlə bizi sınağa çəkir, həyatın dəyərini azaldır. Bəzi filmlər insanda həyat təcrübəsinə təəccüb hissi oyadırlar və mən hesab edirəm ki, belə filmlər bir növ duadır. Kiməsə və ya nəyəsə ünvanlanmış dua yox, hər şey və hər kəs haqqında olan dua. Mən inanıram ki, nə isə diləyən duanın heç bir mənası yoxdur. Nə olacaqsa, olacaq. Mən dənizin sahilində və ya ağacın

altında dayanarkən, gül iyləyərkən, kimisə sevərkən, ya da nə isə yaxşı bir şey edərkən edilən duaya dəyər verirəm. Bu dualar mövcudluğa dəyər verir və onu mənasız təkrarçılıqdan azad edir.” (“Ölməzdən Öncə İzləməli Olduğunuz 111 film” kitabı, Roger Ebertin “Həyat Ağacı” filminə aid yazdığı resenziyadan). “Möcüzəyə” də bu baxımdan “Həyat Ağacı”nın davamı kimi görünə bilər. Bu dəfə rejissor bizi hissləri daha dərin anlamağa dəvət edir. Filmdə qəhrəmanlar darıxır, film darıxdırır və biz də darıxırıq. Bəlkə də Maliki bizə güzgü tutur. Həyatımızı göstərir. Nələrə sahib olaraq xoşbəxt olmadığımızı, nələri itirdiyimizi, nələr hiss etdiyimizi, nələr düşündüyümüzü görürük. Amma həyatda olduğu kimi izlədiyimiz bu film də bizi dəyişmir. Uzaqbaşı yaxamızdan tutub silkələyə bilir. Bir müddət təsiri alltında saxlaya bilir. Amma Nil Ceyn və Marina arasındakı, müqəddəs ata Kuintana Tanrı ilə şübhə arasındakı seçim qarşısında vicdanının səsini dinlədiyi kimi, bizlər də çox zaman vicdanımızın səsinə qulaq asıb tənhalaşmağa üstünlük veririk. İnsan vicdanı onu möcüzədən qoparır. Əvəzinə isə rahatlıq bəxş edir. Filmin fonunda kimlərsə danışır. Onların müraciəti də naməlumdur. Bütün bu sözlər, şikayətlər, etiraflar kimə ünvanlanır? Digər obrazlara, tamaşaçıya, ya Tanrıya? Və musiqi ilə gözəl kompozisiya yaradan kamera... Kamera rəqs edir. Və çox zaman günəşin şəfəqləri ilə toqquşur, bədəndə, hərəkətlərdə gəzir. Kameranın hərəkətləri kinomatoqrafiyada müxtəlif cür qəbul olunur. Rejissor hadisələri öz gözündən çatdırır, ya obrazlarının. Malikinin filmlərində kamera nə rejissorun gözüdür, nə də obrazlarının... Bəlkə Tanrının gözüdür?

Şahin Xəlil


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.