yaranır. Nəm (sor) şoranların profili çox primitivdir. Səthdə adətən duz qabığı (qaysağı) yerləşir. Təsvir edilən şoranların morfoloji quruluşu üçün profilin primitivliyi, onun bütövlükdə qleyləşməsi, qonur-göyümtül duz və gipslə zəngin gilli kütlədən ibarət olması səciyyəvidir. Təpəlik (palçıq vulkanı mənşəli) şoranlar yarımtipi. Təpəli şoranlar palçıq vulkanlarının yüksək duzlu gipsli təpəli brekçiya tullantıları üzərində cənub-şərqi Şirvanda, Abşeron yarımadası və Qobustan massivində yayılmışdır. Profili çox primitivdir. Sodalı şoranlar. Sodalı şoranların tərkibində soda (Na2CO3) və natrium-bikarbonat (NaHCO3) üstünlük təşkil edir. Bu birləşmələrin təsiri ilə torpağın sukeçirmə qabiliyyəti tamamilə itir, strukturu zəifləyir. Sodalı şoranlarda mühitin reaksiyası qələvi və yüksək qələvidir (pH 8,9-9,9). Udulmuş əsasların 20-30%-i udulmuş natriumdan ibarətdir. Bu torpaqlar yüksək karbonatlıdır. Sodalı şoranlara Qarabağ düzündə, Tərtər çayının gətirmə konusunda, Həkəri və Qarqarçayın aşağı axınlarında (Arazsahili zolaqda) təsadüf olunur. Təsvir edilən torpaqlar Kür-Araz ovalığında çəmən və çəmən-boz torpaqlar fonunda mürəkkəb kompleks yaradırlar. Bataqlıq şoranları yarımtipi. Bataqlıq şoranları Kür-Araz ovalığının kasa şəkilli mikroçökəkliklərində rast gəlinir. Səthə yaxın (0,8-1,0m) yerləşən qrunt suları şorlaşmada həlledici rol oynayır. Zonadaxili torpaqlar kimi bu şoranlara çəmən və çəmən-bataqlıq torpaqları fonunda daha çox rast gəlinir. Bataqlıq şoranları üçün səthdə duz qabığının (qaysağının) olması, profilin qleyləşməsi, AO horizontunun humusla rənglənməsi səciyyəvidir. Təkrar (irriqasiya) şoranları yarımtipi. Bu yarımtipə daxil olan şoranlara əsasən Kür-Araz ovalığının suvarılan torpaqlarında rast gəlinir. Suvarmadan törəyən təkrar şorlaşma başlıca olaraq qrunt sularının səviyyəsinin yüksəlməsi ilə, suvarma sisteminin kanallarında əmələ gələn filtirasiya ilə və çox vaxt suvarmada həddindən artıq su sərf edilməsi ilə sıx əlaqədardır. Təkrar şoranlar suda asan həll olan duzların üst qatlarda daha çox toplanması və gilli tərkibə malik olması ilə səciyyələnir. Respublikamızda şoran torpaqların mənimsənilməsi duzların torpaqlardan yuyulması və mədəniləşmə tədbirlərinin aparılması ilə əlaqədardır. Zəif şorlaşmış torpaq sahələrində suvarma norma və rejiminə riayət olunmalı, sahələr hamarlanmalı, növbəti əkin sistemi tətbiq edilməli, suvarma arx və kanalları boyunca filtirasiya sularını buxarlandıran ağaclar əkilməli və s. tədbirlər həyata keçirilməlidir. Orta və şiddətli dərəcədə şorlaşmış və şoran torpaqlarda isə torpaqları su ilə yumaq tətbiq edilməlidir. Qrunt sularının səthə yaxın yerləşdiyi sahələrdə kollektor-dren şəbəkəsindən istifadə olunmalıdır. §74. Qumluqlar Respublikamızın ərazisində qumluqlar başlıca olaraq Xəzərsahili zolaqda çox da geniş olmayan ərazidə yayılmışdır. Respublikamızın Xəzərsahili zolağı şimalda Samur çayı mənsəbindən başlayaraq, cənubda Astara çayı mənsəbinə kimi 800 km-dən artıq uzunluğa malikdir. Sahil boyu qumluqların eni 500-700 m-dən bəzi yerlərdə 5-7 km-ə kimi çatır. Xəzərsahili qumların ümumi sahəsi 80 min hektara yaxın olub zəif istifadə olunur. Son illərdə Xəzərin səviyyəsinin qalxması ilə əlaqədar olaraq sahil qumluqlarının müəyyən hissəsi dəniz sularının altında qalmışdır. Qumların genezisi əsasən geoloji proseslərlə izah olunur. Aşınma məhsullarına su və küləyin təsirilə hissəciklər daha da xırdalanır və öz yerini dəyişir. Respublikamızın ərazisində yayılmış qumluq sahələr genezisinə görə dəniz, eol-göl və allüvial qruplara bölünür. Dəniz qumları Abşeron yarımadası sahillərində daha geniş təmsil olunmuşlar. Dəniz sahili boyunca uzanan sahil tirələri də həmin qumlardan təşkil olunmuşlar. Xəzərsahili bitki örtüyünü təşkil edən cil, yulğun, duzlaq çoğanı, qum dikyarpağı, qum yovşanı, vələmir, nəhəng qım, ətli qaraşoran, dəvətikanı və s. ilə yarımörtülmüş və örtülmüş qumluqlarla müqayisədə çılpaq sahələrdəki qumluqların (barxan və dyunların) hərəkəti müşahidə olunur. Lənkəran ovalığının sahilboyu zolağında maqnetit-avqit qumları yayılmışdır. Balıqqulağı ilə zəngin qumluqlar Abşeron yarımadası sahillərində daha geniş təmsil olunmuşlar. Eol-göl mənşəli qumluqlar əsasən Abşeron yarusu (layı) çöküntüləri ilə əlaqədardır və lokal şəkildə Binəqədi rayonunda rast gəlinir. Allüvial qumlar Lənkəran ovalığı və sahilboyu meylli düzənliklərdə yayılmışlar. Qumluqlarda üzvi maddələr çox az olub (0,3-0,8%), ümumi azotun, fosforun və kaliumun miqdarı da buna müvafiq olaraq, cüzi miqdar təşkil edir. Gilli qumluqlar istisna olmaqla qumluqlar əsasən şorlaşmamışdır. Qumluqlardakı karbonatların miqdarı geniş həddə (3-29%) dəyişir və başlıca olaraq ana süxurların və balıqqulağı qırıntılarının miqdarından asılı olur. Qumların sukeçirmə qabiliyyəti yüksək, suqaldırma qabiliyyəti isə zəifdir. Bu səbəbdən alt qatlarda toplanan rütubət buxarlana bilmir və nəmlik alt qatlarda saxlanır. Qumlarda torpaqəmələgəlmə prosesi üçün nisbətən əlverişli şərait yalnız bitkilərlə bərkimiş sahələrdə mövcud olur. İqlimin quraqlığı il boyu əsən güclü şimal küləkləri, qumların geniş inkişafı Xəzərsahili zolaqda külək eroziyasının intensiv inkişafına səbəb olmuşdur. Külək eroziyası özünü şiddətli küləklərin təsiri ilə qumların sovrulub aparılması və akkumulyasiyası şəklində göstərir. Xüsusilə bitki örtüyünün zəif və çılpaq olduğu sahələrdə külək eroziyasının inkişafı nəticəsində torpaqəmələgətirən ana süxurlar səthə çıxır, eləcə də sovrulmuş qum
218