Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları

Page 125

malik torpaqla doldurulmuş silindrə üstdən sıxışdırıb çıxaran maye axıdılır. Bundan örtü ən əlverişli vasitə etil spirti hesab edilir. Torpaq məhlulu xüsusi qablara toplanır. Ağır torpaqların susızdırma qabiliyyətini yaxşılaşdırmaqdan ötrü onları yaxşı yuyulmuş kvars qumu ilə qarışdırmaq tövsiyə olunur. Bu metodların üstün cəhəti odur ki, məhlul torpaqdan ayrıldıqdan sonra torpaqda yalnız cüzi miqdarda maye qalmış olur. Torpaqşünaslıqda torpağın maye fazasının tərkibi lizimetrik üsulla da öyrənilir. Bu metodun mahiyyəti ondan ibarətdir ki, torpağın müəyyən qatından keçirilmiş yağış və ərinti suları xüsusi qablara toplanılır. Lakin lizimetrik qurğuların mənfi cəhəti ondan ibarətdir ki, torpaq məhlulunu torpaq tam nəmlənmiş hala çatdıqdan sonra əldə etmək olur. Ona görə də torpaq məhlulunun tərkibinin dinamikası öyrənilərkən lizimetrik metodlar torpaq məhlulunun ayrılmasının digər metodları (xüsusi preslərdə məhlulun sıxılması və s.) ilə uyğunlaşdırılmalıdır. Torpaq məhlulunun bəzi xassələri su çəkiminin analizi əsasında müəyyən edilir. Lakin su çəkimi torpaq məhlulundan fərqləndiyindən onun xassə və tərkibi haqqında tam məlumat verə bilməz. Torpaq məhlulunda hidrogen və natrium ionunun konsentrasiyası, onun elektrik keçiriciliyi və oksidləşməreduksiya potensialı torpaqda bilavasitə təyin edilir. § 49. Torpaq məhlulunun tərkibi və konsentrasiyası Torpaq məhlulu torpağın bərk və qaz fazası və bitki kökləri ilə sıx qarşılıqlı əlaqədədir və ona görə də onun tərkibi və konsentrasiyası – bu qarşılıqlı təsirin əsasında duran bioloji, fiziki-kimyəvi və fiziki proseslərin nəticəsidir. Qeyd edilən proseslərin tempi və istiqaməti əhəmiyyətli dərəcədə mövsümi dəyişikliklərə məruz qaldığından torpaq məhlulunun tərkibi olduqca dinamikdir. Torpaq məhlulunun konsentrasiyası, adətən, bir litr məhlulda bir-neçə qramdan artıq olmur. Burada yalnız şorlaşmış torpaqlar istisna təşkil edir. Bu torpaqlarda həll olmuş maddələrin miqdarı on və hətta yüz qrama qədər ola bilər. Torpaq məhlulunda mineral, üzvi və üzvi-mineral maddələr ion, molekul və kolloid formalarında təmsil olunmuşdur. Bundan başqa torpaq məhlulunda həll olmuş qazlar (CO2, O2 və s.) da var. Torpaq məhlulunun tərkibində mineral birləşmələrdən həm anionlar (HCO-3, CO2-3, NO-3, NO-2, SO2-4, Cl-, H2PO-4, H2PO2-4 ), həm də kationlar (Ca2+, Mg2+, Na+, NH+4, K+, H+) ola bilər. Çox turş torpaqlarda Al3+, Fe3+, bataqlı torpaqlarda isə Fe2+ müşahidə edilir. Dəmir və alüminium torpaq məhlulunda əsasən üzvi maddələrlə sabit komplekslər şəklində birləşmələr əmələ gətirir. Torpaq məhlulunda üzvi birləşmələrdən üzvi qalıqların suda həll olan maddələri və onların parçalanma məhsulları, bitki və mikroorqanizmlərin həyat fəaliyyətinin məhsulları (üzvi turşular, şəkər, amin turşuları, spirt, fermentlər, aşı maddələr və s.), həmçinin humus maddələri var. Üzvi-mineral birləşmələr əsasən turşu təbiətli (humus turşuları, polifenollar və s.) müxtəlif üzvi maddələrin kompleks birləşmələri ilə təmsil olunmuşdur. Torpaq məhlulunun üzvi və mineral hissələrinin nisbəti müxtəlif torpaqlarda eyni deyildir. Belə ki, bataqlı, podzollu-bataqlı və xam çimli-podzollu torpaqlar üçün torpaq məhlulunda üzvi maddələrin mineral maddələrdən artıq; qara torpaqlarda bu komponentlərin təqribən bərabər; şorlaşmış torpaqlarda mineral birləşmələrin üzvi birləşmələrdən artıq olması səciyyəvidir. Şorakətləşmiş torpaqlarda da torpaq məhlulunda üzvi maddələrin miqdarı mineral maddələrdən çoxdur. Bu onun qələvi reaksiyası və udulmuş Na+ kationunun piptitləşdirmə təsiri ilə əlaqədardır. K.K.Hedroysun məlumatına görə, torpaq məhlulunun kolloid hissəsi onun 1/4 - 1/10 və daha az hissəsini təşkil edir. Kolloid-həllolmuş birləşmələrin yüksək miqdarı şorakətlərin torpaq məhlulunda müşahidə edilir. Torpaq məhlulunda ayrı-ayrı komponentlərin miqdarı eyni torpaq tipinin müxtəlif genetik horizontlarından asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir. Üzvi maddələrin torpaq məhlulunda maksimal miqdarı orqanogen və humus horizontlarında müşahidə edilir. Torpağın profili boyunca aşağı düşdükcə torpaq məhlulunda üzvi maddələrin miqdarı kəskin surətdə azalır. Qara, şabalıdı, boz və şorakətləşmiş torpaqların aşağı horizontlarında torpaq məhlulunun tərkibində mineral birləşmələrin – karbonatların, gips və asan həll olan duzların miqdarı əhəmiyyətli dərəcədə artır. Torpaq məhlulunun tərkibindəki anionlardan NO-3, SO2-4, fosfat ionlarının bitki üçün əhəmiyyəti daha böyükdür. Nitratların miqdarı torpaqda nitrifikasiya şəraiti (üzvi maddələrin zənginliyi, torpağın hidrotermik rejimi və aerasiya şəraiti) ilə müəyyən olunur. Şorlaşmaya məruz qalmamış torpaqların torpaq məhlulunda SO2-4 cüzi miqdardadır. Fosfat –ionların miqdarı daha azdır ki, bu da onların bitkilər tərəfindən mənimsənilməsi ilə izah edilir. Şorlaşmış torpaqların torpaq məhlulunda Cl-, SO2-4, Ca2+, Mg2+ və Na+ ionları daha çoxdur. Torpaq məhlulunun reaksiyası torpağın aktual və ya aktiv turşuluğunu və ya qələviliyini səciyyələndirir və torpaqda cərəyan edən kimyəvi, fiziki-kimyəvi və bioloji proseslərə, həmçinin bitkinin inkişafına böyük təsir göstərir. Torpaq məhlulunun osmotik təzyiqi bitki üçün böyük əhəmiyyət kəsb edir. Torpaq məhlulunun osmotik

125


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.
Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları by Coğrafiya kitabları - Issuu