

Mündəricat
Kodeksin məqsədi və əhatə dairəsi........................................................................................6
Missiyamız..................................................................................................................8
Gələcəyə baxışımız................................................................................................................10 Dəyərlərimiz...................................................................................................................12
Korporativ etik və davranış prinsiplərimiz.........................................................................14
Davranış normaları, bərabərhüquqlu iş mühitinin təmin edilməsi...................................16
Öhdəliklərimiz..................................................................................................18
ADY-nin nüfuzuna qarşı məsuliyyətimiz..............................................................................21
Məxfiliyin qorunması prinsipləri..........................................................................................22
Maraqların toqquşması prinsipi..........................................................................................24
Mübahisəli məsələlərin həll edilməsi...............................................................................27
İş vaxtından kənar xidmət göstərilməsi..............................................................................29
Hədiyyələrin verilməsi və qəbuluna qarşı davranış prinsipi.............................................30
Sağlam və təhlükəsiz iş mühitinin yaradılması...................................................................32
Sosial media hesablarından istifadə...................................................................................35
Geyim üslubu........................................................................................................................36
Yazışma üslubu.....................................................................................................................38
Yekun müddəalar..................................................................................................................40

Sədrin müraciəti
Əziz həmkarlarım,
Yüksək texnologiyaların sürətlə inkişaf etdiyi dövrümüzdə çevik nəqliyyat vasitələrindən istifadə etmək, sərnişin və yük daşımalarında artan tələbatı qarşılamaq dövlətlərin qarşısında duran vacib məsələlərdən biridir. Sərnişin və yük daşımalarında dəmir yolunun strateji əhəmiyyəti yüksəkdir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti insanları, regionları və iqtisadiyyatları birləşdirir. Bu gün qlobal iqlim dəyişikliyinin qarşısını almaq, daha ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə etmək üçün dəmir yolunun inkişafı yeni yanaşma tələb edir. Biz də bu məsuliyyətimizi anlayaraq, sizinlə birlikdə yeni çağırışlara dərhal reaksiya verərək dövlətimizin bu istiqamətdəki təşəbbüslərini dəstəkləyirik.
ADY olaraq əsas məqsədimiz təhlükəsiz, etibarlı və müasir, eyni zamanda dayanıqlı nəqliyyat və buna bağlı digər müvafiq xidmətləri göstərməklə Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsinə töhfə verməkdir.
Bu məqsədlərimizə çatmaq üçün insan əməyini yüksək dəyərləndiririk. İnkişaf modelimiz isə ADY-nin uzunmüddətli, davamlı dəyərləri üzərində qurulub.
Sizinlə paylaşdığımız Korporativ Kodeks ADY-nin fəaliyyət prinsiplərini əks etdirir. Bu sənəddə məqsədlərimizi və fəaliyyətimizi dəstəkləyən qaydalar, tövsiyələr əksini tapıb. Biz əməkdaşlarımızla münasibətlərdə, tərəfdaşlarla əməkdaşlıqda dəyərlərimizə əsaslanaraq etik prinsiplərimiz çərçivəsində fəaliyyət göstəririk.
ADY-nin Korporativ Kodeksində qeyd edilən müddəaların həyata keçirilməsi üçün göstərdiyiniz səylərə və dəstəyə görə hər birinizə təşəkkür edirəm!
Hörmətlə, Rövşən Rüstəmov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri
Kodeksin məqsədi və əhatə dairəsi
Kodeksin məqsədi
Kodeksin məqsədi ADY və tabeliyində olan qurumların əməkdaşlarının tərəfdaşlar, ictimaiyyətlə və bir-biri ilə qarşılıqlı münasibətini tənzimləyərək korporativ mədəniyyət nümayiş etdirməkdir.
Kodeks ADY adından həyata keçirilən fəaliyyət zamanı verilən qərarları qanunlara və qurumun iş etikasına riayət etməklə istiqamətləndirmək məqsədi daşıyır.
Kodeksdəki qaydaların icrasına nəzarəti ADY-nin İnsan resursları departamenti, Daxili nəzarət departamenti və birbaşa rəhbər həyata keçirir.
Korporativ kodeksin pozulması müvafiq nizamintizam tədbirlərinin görülməsi, hətta əmək müqaviləsinin ləğvi ilə nəticələnə bilər.
Kodeksin əhatə dairəsi
Bu Kodeks ADY və tabeliyində olan qurumların əməkdaşlarını əhatə edir. Əməkdaşlar davranışlarında vəzifə və peşəsindən asılı olmayaraq Kodeksdə əks olunan prinsip və tələblərlə tanış olmalı, gündəlik işgüzar fəaliyyəti, verdikləri qərarları Kodeksdə əks olunan dəyərlərə əsaslanaraq icra etməlidirlər.


Gələcəyə baxışımız
Təhlükəsiz, etibarlı və müasir, eyni zamanda dayanıqlı nəqliyyat və buna bağlı digər müvafiq xidmətləri göstərməklə Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsinə töhfə veririk.

Dəyərlərimiz
ADY və tabeliyində olan qurumların rəhbərliyi və əməkdaşları olaraq aşağıdakı dəyərlər çərçivəsində fəaliyyət göstəririk.






Korporativ etik və davranış prinsiplərimiz
ADY-nin etik prinsipləri əməkdaşların riayət etməli olduğu məsuliyyətli davranış standartlarını müəyyən edir və mühüm etik məsələlərdə necə davranılması ilə bağlı doğru istiqaməti tapmağa kömək edir. ADY daxili və xarici əlaqələrdə dürüstlüyü prioritet hesab edir. Qurum bütün fəaliyyətində dürüstlüyə əsaslanan yanaşma təqdim edir.


1 2 3 4 5 6
Əməkdaşlarımızla dürüst və ədalətli davranaraq qanun və qaydalar qarşısında bərabərliyə, qarşılıqlı hörmətə əsaslanan, iş və şəxsi həyatın balansını qoruyan mühit yaratmağa çalışırıq, heç bir halda ayrı-seçkiliyə yol vermirik.
Əməkdaşların seçilməsi, vəzifələrinin yüksəldilməsi onların peşəkar bilik və bacarıqları, dəyərlərimizə uyğunluq meyarları əsasında həyata keçirilir. Bununla yanaşı, səriştələrinin inkişaf etdirilməsi istiqamətində onlara dəstək göstərilir.
Bütün əməkdaşları təhlükəsiz və sağlam iş mühiti ilə təmin edirik.
Müştəri məmnuniyyəti bizim üçün prioritetdir. Hər bir müştərimizi yüksək keyfiyyətli xidmətlərlə təmin etmək bizim borcumuzdur.
Tərəfdaşlarımıza aid məxfi məlumatları qanun və qaydalar çərçivəsində mühafizə edirik, müqavilə öhdəliklərinə riayət edirik. Biznes tərəfdaşlarımızın işgüzar nüfuzuna xələl gətirə biləcək ifadə və hərəkətlərdən imtina edirik.
Əməkdaşlar arasında bir-biri ilə qarşılıqlı davranış, hörmət, dürüstlük, düzgünlük hümanizmə və etik davranış qaydalarına əsaslanmalıdır.
Davranış normaları, bərabərhüquqlu iş mühitinin təmin edilməsi
Bərabərhüquqlu iş mühitinin təmin edilməsi və davamlı olması əsas prioritetlərimizdən biridir. Fəaliyyətimizdə Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı siyasətinə uyğun olaraq hazırlanan bütün qanunlara əməl edirik. Əməkdaşlarımız üçün sağlam, etibarlı iş mühiti yaratmaq əsas vəzifəmizdir. Münasibətlərimizdə hörmət, anlayış və etibarı əsas götürərək nailiyyətlərimizin davamlı olmasına inanırıq.

1
Bütün əməkdaşlardan iş yerində, iş proseslərində və işgüzar münasibətlərdə, həmçinin işdənkənar mühitdə ADY-nin dəyərlərini rəhbər tutmaları gözlənilir.
2 3
Kodeksdə şərh edilməyən situasiyalarda necə davranılacağı barədə tərəddüdə düşən əməkdaşın birbaşa rəhbərindən və ya etik davranışlara məsul şəxsdən (rəsmi müəyyən oldunduğu təqdirdə) məsləhət alması gözlənilir. Bütün əməkdaşların iş geyimi müəssisənin korporativ geyim qaydalarına uyğun olmalıdır.
ADY və tabeli qurumları daxilində zəruri hallar istisna olmaqla (əcnəbi vətəndaşlarla yazışma, ünsiyyət), daxili yazışmalar və danışıq Azərbaycan Respublikasının dövlət dilində aparılmalıdır.

Öhdəliklərimiz
Biz müştərilərimizə, həmkarlarımıza, tərəfdaşlarımıza, cəmiyyətə ADY adından aşağıdakı öhdəliklərimizi yerinə yetirməyə diqqət edirik.
Hüquqi məsuliyyətlərimiz
Biz ölkə daxilində və xaricində bütün fəaliyyət və əməliyyatlarımızı Azərbaycan Respublikası qanunları və beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirir, tənzimləyici qurum və təşkilatlara vaxtında düzgün, bütöv və aydın məlumatlar təqdim edirik.
Müştərilərimizə qarşı məsuliyyətlərimiz
Müştəri məmnuniyyətini əsas götürərək müştərilərimizin ehtiyac və tələblərinə ən qısa zamanda və ən doğru şəkildə cavab verən proaktiv bir yanaşma ilə işləyirik. Xidmətlərimizi vaxtında və yüksək keyfiyyətlə təqdim edirik. Müştərilərimizə hörmətlə, ədalətli, bərabər və nəzakət qaydaları çərçivəsində yanaşırıq.
Əməkdaşlarımıza qarşı məsuliyyətlərimiz
Biz əməkdaşlarımızın şəxsi hüquqlarından tam və düzgün istifadə olunmasını təmin edirik. Əməkdaşlara vicdanlı, ədalətli davranırıq və ayrı-seçkiliyə yol verilməyən, təhlükəsiz, sağlam iş mühitinə sadiqik. İşçilərimizin fərdi inkişafı üçün lazımi səyləri göstərir, onların sosial məsuliyyət yanaşması ilə uyğun ictimai fəaliyyətdə könüllü iştirak etməsinə dəstək göstərir, iş həyatı ilə şəxsi həyat arasında tarazlığa riayət edirik.
Tərəfdaşlarımıza qarşı məsuliyyətlərimiz
Tərəfdaşlarla münasibətlərimizdə davamlılığa üstünlük verərək onlar üçün dəyər yaratmaq məqsədinə xidmət edirik. Lazımsız və ya idarə edilməsi mümkün olmayan risklərdən kənar olmağa çalışırıq və davamlı gəlirliliyi hədəfləyirik. Maliyyə intizamı və hesabatlılığı çərçivəsində hərəkət edir, qurumun resurslarını və aktivlərini, iş vaxtını səmərəli, qənaətlə idarə edirik. İctimai bəyanatlarımızda, maliyyə hesabatlarımız, strategiyalarımız, investisiyalarımız və profilimiz haqqında vaxtında, dəqiq, bütöv və aydın məlumatları təqdim edirik.
Cəmiyyət və insanlıq qarşısında məsuliyyətlərimiz
Cəmiyyətimizin, insanlığın qayğısına qalaraq ətraf mühitin qorunması, təhsil və xeyriyyəçilik bizim üçün vacib məsələlərdir. İctimai mövzulara həssaslıqla yanaşırıq. İctimai maraqlara xidmət edən təşəbbüslərdə və bu məsələlərlə bağlı müvafiq tədbirlərdə iştirak etməyə çalışırıq.


• Tərəfdaşlarımız, müştərilərimiz və digər maraqlı tərəflər peşəkar səriştəmiz və dürüstlüyümüz sayəsində bizə etibar edirlər. Biz bu nüfuzu ən yüksək səviyyədə qorumağa çalışırıq.
• Xidmətlərimizi qurumun siyasəti, peşəkar standartlar, öhdəliklərimiz və etik qaydalar çərçivəsində təqdim edirik, öhdəliklərimizi yerinə yetirmək üçün lazımi fədakarlığı nümayiş etdiririk.
• Səriştəli olduğumuza və olacağımıza inandığımız sahələrdə xidmətlər göstərməyə diqqət yetiririk. İşini dəqiqlik və qanuni meyarlar üzərində quran müştərilər, biznes tərəfdaşlar və əməkdaşlarla işləməyi hədəfləyirik. Biz ictimai əxlaqa xələl gətirən, ətraf mühitə və ictimai sağlamlığa zərər verən tərəflərlə işləmirik.
• İctimai yerlərdə ADY adından nəzərdə tutulan çıxışlarda öz fikirlərimizi deyil, yalnız qurumun mövqeyini ifadə edirik.
• Mətbuatla əlaqələrimizdə və sosial media platformalarında vəzifələrimizlə bağlı və yaxud şəxsi seçimlərimizlə bağlı fikirlərimizin işlədiyimiz quruma təsir edə biləcəyi düşüncəsi ilə hərəkət edirik.
• ADY-ni risk altına qoya biləcək mürəkkəb vəziyyətlərlə qarşılaşdıqda ilk növbədə müvafiq texniki və inzibati prosedurlara əməl edərək məsul əməkdaşlarla məsləhətləşirik.
Məxfiliyin qorunması prinsipləri
İnformasiya ADY-nin missiya və məqsədlərini həyata keçirmək üçün istifadə etdiyi ən mühüm mənbələrdən biridir. Bu baxımdan məlumatlardan səmərəli istifadə etmək, düzgün paylaşmaq, bu prosesdə məlumatların məxfiliyini, bütövlüyünü və əlçatanlığını təmin etmək bütün əməkdaşlarımızın ortaq məsuliyyətidir. Aşağıdakı prinsiplər ADY üçün məxfi məlumatları müəyyənləşdirir və məxfi məlumatlarla bağlı əməkdaşların riayət etməli olduğu prinsipləri tənzimləyir.
1
ADY-nin bütün qurumlarının əməkdaşlarının fəaliyyəti zamanı əldə edilən biznes məlumatları, xidməti fəaliyyət üçün zəruri informasiyalar, maliyyə rəqəmləri, mal, vəsait və xidmətlərin satınalma qiymətləri, ictimaiyyətə açıqlanmayan və daxili qərarvermə üçün nəzərdə tutulan hesabatlar, əməkdaşların şəxsi məlumatları, əməkhaqqı məlumatları və bu xarakterli digər sənəd və məlumatlar ADY-nin xüsusi mülkiyyəti və ya kommersiya sirri kateqoriyasına daxildir. Bu məlumatların məxfiliyini təmin etmək hər bir əməkdaşın vəzifə borcudur. Bu məlumatların gəlir (fayda) əldə etmək üçün və ya hansısa bir səbəblə müəssisənin məqsədlərinə uyğun olmayan formada istifadəsi yolverilməzdir.
2
3
Kommersiya sirri hesab edilən məlumatlar qurumun əməkdaşları və tərəfdaşlar tərəfindən fəaliyyət dövründə və sonra ciddi şəkildə mühafizə edilməlidir. Bu zəmində hər hansı informasiyanın məxfi olub-olmaması barədə şübhə yaranarsa, əməkdaş məsləhət üçün birbaşa rəhbərinə müraciət etməlidir.
ADY ilə bağlı rəsmi məlumat və açıqlamaların KİV-də, internetdə, sosial şəbəkələrdə elan olunması, bəyanatların verilməsi yalnız qurumun sədrinə və onun səlahiyyət verdiyi şəxslərə aiddir.

Maraqların toqquşması prinsipi
ADY əməkdaşları olaraq, biz maraqların toqquşması kimi hallardan kənar durmağa çalışırıq. Biz
ADY adını, gücünü mənfəətimiz üçün istifadə etməkdən çəkinirik. Potensial maraqların toqquşması halında müvafiq tərəflərin maraqlarının hüquqi və etik üsullarla təhlükəsiz şəkildə qorunacağına inandığımız üsulları tətbiq edirik. Şübhə yarandıqda isə üst rəhbərliyimiz və ya İnsan resursları departamenti ilə məsləhətləşirik. Hər bir əməkdaş şirkətin mənafeyi naminə fəaliyyət göstərməli və mənafelərin toqquşmasından çəkinməlidir. Bunun üçün:

1 2 3 4 6 5
ADY və tabeliyində olan qurumların rəhbərliyi və əməkdaşları tərəfindən özlərinin və ya yaxınlarının mənafelərini üstün tutacaq, ədalətsiz mühit yaradacaq, şirkətimizə maddi və qeyri-maddi xələl gətirə biləcək hərəkət və ya hərəkətsizliyə yol verilməməlidir. Qarşılaşdığımız bütün vəziyyətlərdə ADY-nin maraqları şəxsi maraqlarımızdan üstün tutulmalıdır.
Əməkdaşlarımız iş vaxtı biznes fəaliyyəti ilə məşğul olan şirkətlərə, onların əməkdaşlarına təlim və ya konsultasiya verməməlidirlər. Əməkdaşlar müəssisəmizdəki vəzifələrindən, sahib olduqları məlumatlardan yararlanaraq özlərinə, ailə üzvlərinə və yaxınlarına aid qurumlarla iş münasibəti qurmaqdan çəkinməli, belə bir zərurət yarandıqda öz struktur rəhbərini və digər əlaqədar strukturları sövdələşmədən əvvəl bu barədə xəbərdar etməlidirlər.
Əməkdaşlar qurum adından həyata keçirilən fəaliyyətdə müəssisənin maraqlarını və prinsiplərini əsas tutmalı, bu maraqları və prinsipləri öz şəxsi mənafelərindən üstün hesab etməlidirlər.
ADY-də əməkdaşın birinci və ikinci dərəcəli qohumlarına iş təklif olunarsa, əməkdaş (məlumatlı olduğu təqdirdə) bu barədə insan resursları üzrə məsul şəxsə məlumat verməlidir.
Rəhbərlər hər hansı şəxsi münasibətlərə əsaslanaraq işgüzar keyfiyyətləri yetəri qədər olmayan əməkdaşları vəzifədə irəlilədə, onlara əsasız güzəştlər edə bilməzlər.

Mübahisəli məsələlərin həll edilməsi
1
2
3
Əməkdaş onun işinə təsir edə biləcək hər hansı iş və qeyri-iş mövzuları ilə bağlı öz rəhbəri, insan resurslarına cavabdeh əməkdaşlar və ya etik davranış üzrə məsul şəxslə müzakirə apara bilər. Bu müzakirələrdə məxfiliyə riayət edilir və məlumatlar yalnız əməkdaşın icazəsi ilə üçüncü şəxslərlə müzakirə edilə bilər.
Əməkdaş mübahisələri ilkin olaraq mübahisənin qaynaqlandığını düşündüyü şəxslərlə etik prinsiplər çərçivəsində həll etməyə çalışmalıdır. Problemin həllinin tapılmadığı və bunun nəticəsində işgüzar mühitin pozulduğu, müəssisəyə və fərdlərə zərər dəydiyi hesab edilərsə, daha yuxarı instansiyalara müraciət edilə bilər.
Mübahisələrlə bağlı əməkdaşın müraciəti bu Kodeksə zidd olmayacaq şəkildə həll edilməlidir.

İş vaxtından kənar xidmət göstərilməsi
ADY əməkdaşları iş vaxtı kənar şəxslər və ya qurumlar üçün ödənişli və ya oxşar müavinətlə xidmət göstərmirlər. Əməkdaşlar iş vaxtından kənar aşağıdakı şərtlər daxilində əlavə ödənişli fəaliyyətlə məşğul ola bilərlər:
• Bu fəaliyyət ADY və tabeliyində olan qurumlarla maraq toqquşması yaratmayacaq
• ADY-nin fəaliyyət siyasəti və iş prinsiplərinə zidd olmayacaq
• Bu fəaliyyət əməkdaşın müəssisədəki vəzifəsini yerinə yetirməsinə maneələr yaratmayacaq
Hədiyyələrin verilməsi və qəbuluna qarşı davranış
prinsipi
ADY və tabeliyində olan qurumların əməkdaşları onların qərarlarına və davranışlarına təsir edə biləcək hədiyyələr və ya imtiyazlar qəbul etmirlər. Bu təsirləri yarada biləcək üçüncü şəxslərə və təşkilatlara hədiyyə və ya fayda verməyə cəhd etmirlər. Aşağıdakılar qurumun əməkdaşları ilə onların işgüzar münasibətləri olan üçüncü şəxslər və təşkilatlar arasında mümkün hədiyyə mübadiləsini tənzimləyir, bununla bağlı tətbiq olunacaq prinsipləri müəyyən edir. ADY tərəfindən hədiyyələr müəssisənin vəsaiti hesabına, bu barədə müvafiq hesabatlarda əks etdirməklə və açıqlamaqla verilir. Qurum və onun işçiləri tərəfindən qurumun tərəf müqabilləri, rəqibləri və digər şəxslərin verdiyi hədiyyələr aşağıdakı şərtlərlə qəbul edilir:
1
2
3
Bu hədiyyələrin qəbul edilməsi
işgüzar adətlərə uyğundur və heç bir qanunvericilik müddəalarının və ya etik qaydaların pozulmasına gətirib çıxarmır.
Hədiyyələrin dəyəri Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə haqqında qanun ilə müəyyən edilir.
Hədiyyənin bağışlanması qaydaları Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə haqqında qanun ilə müəyyən edilir.
4
6 5
Hədiyyələrin alınması faktı şirkət və ya hədiyyə almış işçisi üçün öhdəlik yaratmır.
Qurum öz fəaliyyətini rüşvət və korrupsiya hallarından azad formada həyata keçirir.
Quruma təqdim edilən hədiyyələr müəssisədə (onun kitabxanasında və ya muzeyində) saxlanılır və onların inventarizasiyası Təsərrüfat departamenti tərəfindən aparılır.

Sağlam və təhlükəsiz iş mühitinin yaradılması
ADY olaraq ən böyük məqsədlərimizdən biri əməkdaşlarımız üçün sağlam və təhlükəsiz iş mühitini təmin etməkdir. Bununla bağlı müxtəlif tədbirlər planımız mövcuddur və əməyin mühafizəsi, təhlükəsizliyi çərçivəsində təlimlər həyata keçiririk. ADY-də insan həyatı prioritetdir. Təhlükəsizlik və sağlamlıq tədbirləri görülmədən heç bir işə başlamaq mümkün deyil. Müəssisə bütün işçilərin əmək hüquqlarına hörmət və qayğı ilə yanaşır, eləcə də əməkdaşların əmək hüquqlarının mövcud normativlər vasitəsilə müxtəlif sahələr üzrə təmin edilməsini təşviq edir.
1 2 3 4 5
Qəzaların, eləcə də əməkdaşların həyat və sağlamlığına zərər vuran halların qarşısının alınmasına yönəlmiş tədbirlər görür.
Mütəmadi olaraq sağlamlığın qorunması, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsinə yönəldilmiş tədbirlər görür.
Əməyin və ekologiyanın mühafizəsi sistemini təkmilləşdirir.
İnsan və ətraf mühit üçün zərərsiz texnologiyalar tətbiq edir.
Əməkdaşları qurumun fəaliyyəti ilə bağlı risklər, onların və digər şəxslərin həyat və sağlamlığına təsir edən amillər barədə məlumatlandırır.
• Əməkdaşlar ADY-nin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) üzrə qaydalarına qeyd-şərtsiz əməl etməlidirlər.
• Daxili nizam-intizam qaydaları Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi” və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin daxili intizam qaydaları”na əsasən tənzimlənir. Hər bir əməkdaş Kodeksdə göstərilən qaydalara və müddəalara riayət edərək sağlam mühitin qorunmasına dəstək göstərməlidir. Əməkdaş öz hərəkəti və fəaliyyəti ilə müəssisənin və özünün adına gələ biləcək hər hansı bir mənfi hallardan uzaq durmalıdır.
İşdə siqaret harada çəkilməlidir?
ADY-nin yerləşdiyi ofislərdə (otaqlar, dəhlizlər, mətbəxlər, sanitar qovşaqları, pilləkənlər) siqaret çəkmək qəti qadağandır. Siqaret çəkməyə yalnız bunun üçün ayrılmış xüsusi yerlərdə icazə verilir.
Qadağandır!
ADY-nin yerləşdiyi ofislərdə (otaqlar, dəhlizlər, mətbəxlər, sanitar qovşaqları, pilləkənlər) alkoqol, narkotik, eləcə də digər bihuşedici vasitələrdən və maddələrdən istifadə, bu halların təsiri altında işə gəlmək.

Sosial media hesablarından istifadə
Xüsusilə son illərdə dünyada və Azərbaycanda sosial mediadan istifadə və bu kanalların təsir gücü ilə bağlı sürətli bir böyümə tendensiyası yaşayırıq.
Fəaliyyət prinsiplərimiz və korporativ dəyərlərimizə uyğun olaraq sosial mediada aktiv təmsil olunmağı hədəf seçmişik. Şəxsi sosial media hesablarının hər kəsin şəxsi məkanı olduğunu qəbul edirik və əməkdaşlarımızın da paylaşım seçimlərinə hörmətlə yanaşırıq.
Digər tərəfdən, sosial mediadan düzgün istifadənin əldə edə biləcəyi faydalarla yanaşı, onun cəmiyyətimiz üçün yarada biləcəyi reputasiya risklərini də qəbul edirik. Ona görə də sosial şəbəkələrdə korporativ mövzularda fikir ayrılıqlarına və qeyri-müəyyənliklərə səbəb ola biləcək məzmun paylaşarkən məxfilik qaydalarını pozacaq məlumat və fotoşəkilləri yerləşdirməkdən çəkinirik. ADY adından paylaşılan hər bir kontent qurumun reputasiyası üçün önəmlidir. Əməkdaşlar sosial media paylaşımlarında çalışdıqları qurumun reputasiyası üçün məsuliyyət daşıyırlar. Sosial media paylaşımlarında həmişə hüquqi qaydalara, ADY-nin etik prinsiplərinə və müvafiq siyasətə əməl edirik.
1 2
ADY-nin reputasiyasına xələl gətirə biləcək hər hansı paylaşım və şərhlərdən kənar durmağa çalışırıq.
Əməkdaşlar ADY haqqında məxfi, dəqiqləşdirilməmiş məlumat, foto və videoları sosial mediada paylaşmağa görə məsuliyyət daşıyırlar.
3 4
ADY daxilində əməkdaşlar arasında baş verən anlaşılmazlıq və bu kimi daxili məsələlərlə bağlı sosial mediada paylaşım etməməyə çalışırıq.
Təhqir və nifrət yönümlü paylaşımlar etmirik, hər kəsin fikrinə hörmətlə yanaşırıq.
Geyim üslubu
ADY-nin Korporativ Kodeksinin düzgün həyata keçirilməsində geyim və ünsiyyət vasitələrindən doğru istifadə önəmli yerə sahibdir.
İş vaxtı əməkdaşlar üçün vahid peşəkar geyim üslubunun müəyyən edilməsi ADY-nin işgüzar nüfuz və etimadına müsbət yanaşmanın daha da möhkəmləndirilməsi, o cümlədən əməkdaşlar arasında korporativ ruhun, vahid bir komandaya mənsubiyyət hissinin gücləndirilməsinə müsbət təsir etməklə əmək məhsuldarlığının və peşəkarlığın təmin edilməsi məqsədi daşıyır. Bu prinsiplər ADY-də istifadə olunan geyim tərzlərini əks etdirir və ADY və tabeliyində olan qurumlara şamil edilir:
1
2
4 3
İş vaxtı uniforma tətbiq edilən əməkdaşlar müvafiq iş saatlarında mütləq xüsusi geyimdə olmalı, uniformanı müəyyən edilmiş qaydalara uyğun şəkildə səliqəli və qüsursuz daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalıdır.
Bütün əməkdaşların iş geyimi müəssisənin korporativ geyim qaydalarına uyğun olmalıdır.
Uniforma tətbiq edilən vəzifələr bu təlimatda “Əlavə 1” olaraq təqdim edilmişdir.
Xüsusi hallarda işin mahiyyətindən, təhlükəsizlik və sağlamlıq məsələlərindən asılı olaraq bu təlimata əlavələr tətbiq edilə bilər.

Yazışma üslubu
Həmkarlarımızla operativ ünsiyyət vasitələrindən biri də elektron məktublardır. Bu yazışmalarda aşağıdakılara diqqət edirik:
• İş fəaliyyəti zamanı əsas ünsiyyət vasitəsi olaraq elektron məktublarda sətrin boş göndərilməsi peşəkar sayılmadığı üçün həm şirkətdaxili, həm də şirkətdən kənara göndərilən elektron məktublarda mövzu sətri (başlığı) mütləq qeyd olunmalıdır.
• Çətin oxunan şrift gözlənilən cavabı gecikdirə bildiyi üçün və hamısı böyük hərflərlə (”Caps Lock” funksiyası ilə) yazılmış mətn qeyri-etik sayıldığı səbəbindən hər iki funksiyadan istifadəyə yol verilmir. İş yazışmalarında fonlardan (”background”) istifadə edilməsinə icazə verilmir, belə ki, bu, göndərilən məktubların həcmini çoxaldır. Şəxsi düşüncələri əks etdirən sloqan, şəxsi həyat devizi, sitat, ləqəblər və s. elektron imzada yazıla bilməz.
Elektron məktub hansı müddətdə cavablandırılmalıdır?
Əlavə araşdırma tələb edilmədiyi halda daxil olan elektron məktublar iki iş günündən gec olmayaraq cavablandırılmalıdır.
Əlavə araşdırma tələb edildiyi halda elektron məktubu göndərən şəxsə aralıq cavab yazılmalı, araşdırma üçün nə qədər vaxtın tələb olunduğu barədə məlumat verilməli və araşdırmadan sonra elektron məktub cavablandırılmalıdır. İşlə bağlı yazılmış bütün elektron məktublar heç bir halda cavabsız qalmamalıdır.
Yazışmada fonlardan hansı hallarda istifadə olunmalıdır?
İstisna hallarda İnsan resursları və Komunikasiya departamentləri tərəfindən göndərilən bəzi elektron məktublarda. Məsələn, ad günü təbriklərində və ya hansısa bir əyləncəli proqramın təqdim edilməsində istifadə oluna bilər.
Elektron məktubun vacib və təcili cavablandırılması lazım olduqda nə edilməlidir?
Elektron məktubu göndərən tərəf məktubu nida (!) işarəsi ilə qeyd edərsə, daxil olan elektron məktub onun çox vacib olduğunu göstərir və cavab verilməsi tələb olunanda dərhal və ya maksimum bir iş günü ərzində cavablandırılmalıdır.
Elektron məktub yazılanda hansı şrift, rəng və ölçüdən istifadə edilməlidir?
Elektron məktub yazılanda şirkət üçün qəbul edilən ümumi standart şrift(lər)dən, rəngdən və ölçülərdən istifadə edilməlidir. Daxili və xarici yazışmada istifadə olunan şrift “Arial”, şriftin rəngi standart qara, ölçüsü isə 12 olmalıdır.
Yekun
müddəalar
Əməkdaşlar Korporativ Kodekslə elan edilən norma və qaydalara riayət edilməməsinə görə əmək qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Əməkdaşlar ADY və tabeli qurumların inkişafına töhfə verə biləcək hər hansı ideya və ya təklifə sahib olduqda bu məsələni birbaşa rəhbəri ilə müzakirə edə bilərlər.
Kodeksin həyata keçirilməsi ilə əlaqədar hər hansı bir sual, təklif və ya uyğunsuzluq olarsa, öz narahatlığını səsləndirməsi və tövsiyə olunan təcrübənin göstərilməsi müsbət şəkildə qarşılanır. İşçilərə baş vermiş pozuntular haqqında elektron poçt ünvanı (müvafiq e-mail adresi aktivləşdirildiyi təqdirdə) üzərindən Korporativ Kodeksin pozulmasına dair məlumatları təqdim etmək tövsiyə olunur. Məlumatlandırma mənbəyindən asılı olmayaraq Kodeksin mümkün pozuntuları barədə ədalətli şəkildə təqdim edilən bütün rəy və təkliflər operativ, düzgün və qərəzsiz şəkildə araşdırılacaq və anonimliyi qorunacaq.
Qurum Korporativ Kodeksdə dəyişiklik etmək hüququna malikdir. Kodeksdə edilən dəyişikliklər barədə əməkdaşlar məlumatlandırılmalıdır.
