Heyvanistan

Page 23

Savad kursları isə heyvanlar arasında böyük uğur qazanmışdı. Payıza doğru demək olar ki, hər bir heyvan müəyyən dərəcədə savad əldə etmişdi. Donuzlar mükəmməl yazıb‐oxuyurdular. Itlər də oxumağı sürətlə öyrəndilər. Amma onları Yeddi Prinsipdən başqa heç nə maraqlandırmırdı. Müriel adlı keçi oxumağı itlərdən də yaxşı bacarırdı. Bəzən axşamlar zibillikdən tapdığı qəzet parçalarını digər heyvanlar üçün oxuyurdu. Bencamini də donuzların hər biri qədər savadlı saymaq olardı. Amma o, heç vaxt öz qabiliyyətini nümayiş etdirməyə can atmırdı. Söhbət düşəndə dodaqaltı oxumağa yararlı bir şey tapılmadığından şikayətlənirdi. Klover də əlifbanı axıra çıxmışdı, lakin hərfləri yan‐yana düzüb söz qoşa bilmirdi. Bokserin hövsələsi isə yalnız D hərfini öyrənməyə qədər çatmışdı. O, iri dırnaqları ilə tozun üzərində A, B, C, D hərflərini cızır, sonra qulaqlarını şəkləyib yalmanını çırpır, diqqətini cəmləyib sonrakı hərfi xatırlamağa çalışırdı. Bəzən Bokser novbəti E, F, G, H hərflərini də oyrənməyə müvəffəq olurdu, lakin bu zaman təccüblə əvvəl oyrəndiyi A, B, C və D‐nin yadından çıxdığını görürdü. Nəhayət o, savadını əlifbanın ilk dörd hərfi ilə məhdudlaşdırmaq qərarına gəldi. Bokser yaddaşını təzələmək üçün bu hərfləri gündə bir və ya iki dəfə toz üzərində yazırdı. Adındakı dörd hərfi öyrənəndən sonra Molli də təhsilini davam etdirməkdən boyun qaçırdı. O, kiçik budaqları hərflər şəklində düzərək adını yazır, hərflərin bəzi yerlərinə bir və ya iki gül taxır, o tərəf bu tərəfə gəzişərək yaratdığı sənət nümunəsinə heyranlıqla tamaşa edirdi. Fermadakıların çoxu isə A hərfindən o yana keçə bilmədilər. Kütbeyinlikləri ilə ad çıxarmış qoyun, ördək, toyuq kimi heyvanların isə hətta Yeddi Prinsipi əzbərləməyə də qabiliyyətlərinin çatmadığı aşkara çıxdı. Bunu görən Snouboll çox fikirləşəndən sonra Yeddi Prinsipin mahiyyətinə elə bir ciddi xələl gətirmədən onların ʺDörd ayaq yaxşıdır, iki ayaq pisdir!ʺ ifadəsi ilə əvəzlənməsini təklif etdi. Onun fikrincə, animalizm təliminin bütün mahiyyəti bu ifadədə öz əksini tapmışdı. Kim bu müdrik sözləri dərindən mənimsəsə, insanların məhvedici təsirindən həmişəlik xilas ola bilərdi. Lakin quşlar əvvəlcə ifadənin özlərinə qarşı çevrildiyini düşünüb incidilər. Çünki insanlar kimi onların da iki ayağı vardı. Snouboll isə bu fikrin yanlış olduğunu sübuta yetirərək dedi: ‐Yoldaşlar, quşların qanadları fəaliyyət orqanı deyil, hərəkət orqanıdır. Başqa sözlə desək, onların qanadları da ayaq sayılmalıdır. Insanın fərqləndirici əlaməti isə ƏL‐dir. O, məhz əlləri vasitəsi ilə özünün bütün yaramazlıqlarını həyata keçirir. Quşlar Snoubollun uzun‐uzadı danışıqlarından bir şey anlamasalar da, məsələnin mahiyyətini başa düşdülər. Xüsusi əqli qabiliyyəti ilə seçilməyən bütün heyvanlar dərhal yeni aforizmi əzbərləməyə başladılar. ʺDÖRD AYAQ YAXŞIDIR, IKI AYAQ PISDIRʺ kəlamı iri hərflərlə anbarın arxa divarına, Yeddi Prinsipdən baş tərəfdə yazıldı. Yeni kəlamın mənası nəhayət qoyunlara da çatdı


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.