"Ailə Həkimi" Jurnalı 2 - 2008

Page 54

52 uzanmış Ərəb xilafətinin tərkibinə qatıldı. Müxtəlif xalqların vahid bir dövlətə qoşulması və bir-biri ilə ünsiyyətdə olması elmlərin və mədəniyyətlərin görünməmiş inkişafına səbəb oldu. Təxminən XIV əsrin sonlarına qədər davam edən bu inkişaf prosesində Şamaxının «Məlhəm» mədrəsəsi xüsusi rola malikdir. «Məlhəm» məşhur elm və tədris mərkəzlərindən biri idi. Bu mədrəsəyə görkəmli həkim və alim Kafiyəddin Ömər İbn Osman rəhbərlik edirdi. Ərəb və fars dilini mükəmməl bilən Azərbaycan həkimləri Xilafətin Bağdad , Dəməşq, Qahirə kimi şəhərlərinə səfər edir, orada təhsil alır və işləyirdilər. Əcnəbi müəlliflərin kitabları da Azərbaycana yol tapırdı. Bu dövrdə Azərbaycanda Əbu Osman Müvəffəq əl-Hərəvinin farmakoloji ensiklopediyası yayılırdı. Dərman bitkiləri haqqında məlumat toplamaq üçün Əbu Osman bütün dünyanı gəzmiş və bir çox xalqların, o cümlədən azərbaycanlıların tibb ənənələri ilə tanış olmuşdu. Dahi Əbu Əli İbn Sina (9801037) da dəfələrə Azərbaycanda olub və buradan tibbi məlumatlar toplamışdı. O, «Qanun fit-Tibb» («Tibb qanunları») əsərində Azərbaycanın Səburxast qəsəbəsinə səfərindən bəhs edir. Eyni zamanda İbn Sina uzun müddət Azərbaycanın Həmədan şəhərində yaşamışdı və “Tibb qanunları” əsərinin böyük hissəsini orada yazmışdı. XI əsrdə yaşamış azərbaycanlı müəllif İsa ər-Raqi Tiflisi İbn Sinanın yaradıcılığı ilə maraqlanırdı və onun «Qanun fit-Tibb» («Tibb qanunları») əsərinə şərhlər yazmışdı. Böyük Azərbaycan alimi Bəhmənyar əl-Azərbaycani (vəf.1067-ci il) də İbn Sinanın tələbəsi idi. Fəlsəfəyə aid “ət-Təhsil” (“İdrak”) əsərində Bəhmənyar bir sıra tibbi mövzulara da toxunur. Müəllif Əbubəkir İbn Zəkəriyyə Razinin, Əli İbn Abbasın, Əbu Reyhan Biruninin, əl-Kindinin və Şərqin başqa böyük alimlərinin tibbi

əsərləri ilə də yaxından tanış idi. Nizami Gəncəvi və Xaqani Şirvani kimi böyük şairlərin əsərlərində də dərman vasitələri, anatomiya və müalicə üsulları haqqında yetərincə məlumat var. XIII-XIV əsrlərdə qurulmuş Elxanilər dövlətində elm çox yüksək zirvələrə çatmışdı. Azərbaycanda tibb elminin çiçəklənməsi də məhz XIII-XIV əsrlərə təsadüf edir. Çox güman ki, Azərbaycanda refleksoterapiya (iynəbatırma və dağlama) müalicə üsulu məhz bu dövrdə yayılmağa başlayıb. Bu qədim müalicə üsulunun qalıqları indinin özündə də «çildağ» adı idə yaşamaqdadır. Azərbaycan alimi Nəcməddin Əhməd Naxçıvani (vəfatı - 1253) İbn Sinanın tibb və fəlsəfə üzrə əsərlərinə şərh və haşiyələr yazmışdı. Təbriz şəhərində yaşayıb yaratmış məşhur həkim Əbu Əbdulla Məhəmməd İbn Nəmvar Təbrizi (1194-1245) «Ədvarül-həmmiyyat» («Ən mühüm dərmanlar») əsərinin müəllifidir. Başqa bir həkim, İbn Kəbir təxəllüsü ilə məşhurlaşmış Yusif İbn İsmayıl Xoyi, Azərbaycanın və ümumiyyətlə Müsəlman Şərqinin ən görkəmli əczaçılarından biri idi. Onun 1311-ci ildə yazdığı «CameyiBağdadi» (« Bağdad toplusu») əsəri bütün Şərqdə dərmanşünaslıq üzrə ən mükəmməl əsərlərdən biri sayılırdı. O dövrdə yaşamış başqa məşhur Azərbaycan təbibi Mahmud İbn İlyas «Kitabül-havi fi elmülmədavi» («Tibb elmini tam əhatə edən kitab») əsərini yazmışdı. Marağa rəsədxanasının banisi və rəhbəri Nəsirəddin Tusi (1201-1274) minerallardan və başqa təbii müalicə vasitələrindən bəhs edən “Risaleyi-tibb” (“Tibb risaləsi”) və “Cəvahirnamə” (“Qiymətli daşlar haqqında kitab”) əsərlərinin müəllifidir. Nəsirəddin Tusinin elmi məktəbinə aid alimlər də bir sıra mühüm tibb əsərləri yaratmışdılar. Bu alimlərdən biri Əbdülməcid Təbibdir. Təxminən 1275-1280-ci illərdə o, «Kitabül-müdavat» əsərini yazmışdı. Kitabda psixiatriya, nevrologiya,

seksopatologiya ilə yanaşı, tibbin bir çox başqa mövzuları da araşdırılır. Onu da qeyd edək ki, XIII-XIV əsrlərdə təkcə Cənubi Azərbaycanda 67 xəstəxana fəaliyyət göstərirdi və orada tibb və əczaçılıq elmləri üzrə peşəkar mütəxəssislər işləyirdilər. Təsadüfi deyildi ki, XIV əsrin əvvəllərində Təbrizdə “Darüş-şifa” (“Şəfa evi”) adında elmi mərkəz təsis edilmişdi. Mərkəzdə Azərbaycan alimlərilə yanaşı Çindən, Hindistandan, Suriyadan və Misirdən dəvət olunmuş mütəxəssislər də çalışırdı. “Darüş-şifa”nın kitabxanasında İrandan, Hindistandan, Misirdən, Çindən, Kritdən və başqa ölkələrdən gətirilmiş on minlərlə əlyazma kitabı vardı. Şəhərcikdə müasir universitetlərə bənzəyən ali məktəb (mədrəsə) fəaliyyət göstərirdi. Bura təbiətşünaslığı, fəlsəfəni, tarixi, tibbi, astronomiyanı, məntiqi öyrənmək üçün hər il Şərqin müxtəlif ölkələrindən 6-7 min tələbə gəlirdi. XV əsrdə Azərbaycan hökmdarı Sultan Yaqub Ağqoyunlu Təbrizdə «Xəft behişt» («Yeddi cənnət») sarayını inşa etdirmişdi. Həmin sarayda 1000 çarpayılıq xəstəxana və dünyanın hər yerindən, o cümlədən Hindistandan və Çindən gətirilmiş dərman vasitələri ilə təchiz olunmuş əczaxana (aptek) vardı. Bu xəstəxanada səriştəli təbiblər çalışırdılar. Məşhur müəlliflərdən xorasanlı Yusif Hərəvinin adını çəkmək olar. Onun “Tibbi-Yusifi” (1511) əsəri bütün Müsəlman Şərqində, o cümlədən Azərbaycanda, iki formada (şeir və nəsr variantları) əldən-ələ gəzirdi. “Tibbi-Yusifi” əsərinin əlyazmaları dünyanın bir çox fondlarında, o cümlədən Bakıdakı Əlyazmalar İnstitutunda mühafizə olunur. Səfəvilər dövründə Azərbaycanda bir sıra görkəmli təbiblər yetişdi. Yusif Qarabaği XVII əsrdə Azərbaycandan mühacirət edərək, Səmərqənddə yaşayırdı və mədrəsədə dərs deyirdi. O, İbn Sinanın “Qanun” əsərinə şərh və haşiyələr yazmışdı. Səmərqənd


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.