Heyvanistan

Page 15

hazırlamalı olduqlarını yaxşı başa düşürdülər. Ferma sakinləri arasında təşkilatçılıq və maarifçilik işlərinin aparılması əqli qabiliyyətləri bütün heyvanlar tərəfindən yekdilliklə qəbul olunan donuzların üzərinə düşmüşdü. Onların arasında iki cavan donuz ‐ mister Consun ətliyə vermək üçün bəslədiyi Snouboll və Napoleon xüsusilə fərqlənirdilər. Napoleon ətli‐canlı, ilk baxışdan hətta bir qədər qəddar görünüşlü Berkşir donuzu idi. O, fermada yeganə berkşirli sayılırdı. Çox danışmaqla arası yoxdu, ancaq ağlı başında olan və işini bilən donuz nüfuzu qazanmışdı. Snouboll isə xarakterinin canlılığı, alovlu natiqliyi və çətin vəziyyətlərdən çıxış yolu tapması ilə seçilirdi. Lakin Napoleonla müqayisədə xarakterində dərinlik çatışmırdı. Fermadakı qalan erkək donuzlar hələ azyaşlı idilər. Onların arasında Çığırğan adlı balaca, gombul çoşka daha çox tanınırdı. Çığırğan yupyumru yanaqları, daim qaynayan kiçik gözləri, cəld hərəkətləri və zil səsi ilə tay‐tuşlarından fərqlənirdi. O, gözəl natiq idi. Hər hansı çətin məsələnin müzakirəsi zamanı sürətlə bir küncdən o biri küncə addımlayır, aramsız titrəyən quyruğunun hərəkəti ilə sözlərinə xüsusi inandırıcılıq verirdi. Deyirdilər ki, Çığırğanın əlində qaranı ağa çevirmək heç nədir. Bu üç nəfər qoca Mayorun fikirlərini animalizm adlandırdıqları ardıcıl baxışlar sisteminə çevirdilər. Həftədə bir neçə dəfə gecə mister Cons yatandan sonra onlar anbarda gizli toplantılar keçirir və heyvanlara animalizm prinsiplərini izah edirdilər. Doğrudur, ilk vaxtlar ferma sakinlərinin kütlüyü və laqeydliyi ilə qarşılaşırdılar. Bəziləri hələ də ʺsahibimizʺ dedikləri mister Consa loyal münasibətin zəruriliyindən danışır və bu zaman ʺMister Cons bizi saxlayır. O olmasa acından ölərikʺ‐ kimi səfeh sözlər söyləyirdilər. Digərləri soruşurdular ki, ʺNiyə biz oləndən sonra baş verəcək dəyişikliklərə görə indidən əziyyət çəkməliyik?ʺ, yaxud ʺƏgər Üsyan mütləq olacaqsa, onda çalışıb‐ çılaşmamağımızın nə fərqi var?ʺ Bu düşüncələrin animalizm ruhu ilə bir araya sığmadığını izah etmək üçün donuzlar xeyli əziyyət çəkməli olurdular. Heyvanların içərisindən ən axmaq sualı isə ağ madyan‐Molli verdi. ʺÜsyandan sonra qənd olacaqmı?ʺ‐onun Snoubolla verdiyi ilk sual bu idi. ‐Yox!‐deyə Snouboll qətiyyətlə dilləndi. ‐Biz fermada şəkər istehsal etmək fikrində deyilik. Bir də, şəkərsiz də keçinə bilərsən. Ürəyin istəyən qədər ot və yulaf olacaq. ‐Bəs, mənə yalıma lent bağlayıb gəzməyə icazə veriləcək? ‐ deyə sakitləşmək bilməyən Molli ikinci sualını verdi. ‐Yoldaş, ‐ Snouboll üzünü ona çevirdi, ‐ ağlını başından çıxaran bu lentlər köləlik rəmzidir. Doğrudanmı, sən azadlığın belə alabəzək lentlərdən qat‐qat qiymətli olduğunun fərqində deyilsən? Molli onun fikri ilə razılaşdığını bildirdi. Lakin səsi o qədər də inandırıcı çıxmadı.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.